Ermənistan hakimiyyəti fövqəladə vəziyyət rejimini yumşaldır – daha çox müəssisə iş başına qayıda bilər
Ermənistanın fövqəladə vəziyyət komendantlığı artıq ikinci dəfədir ki, işini bərpa edə biləcək biznes sahələrinin siyahısını genişləndirir. Vilayətlər arasında nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır.
Amma insanların azad hərəkətinə qoyulan məhdudiyyət qüvvədə qalır, şəhər və kəndlərin daxilində ictimai nəqaliyyatın işi də hələ bərpa edilmir.
Koronavirus epidemiyası ilə əlaqədar olaraq martın 16-da fövqəladə vəziyyət elan edildiyi zaman bu sərt məhdudiyyətlər tətbiq olunub.
Aprelin 14-də komendantlıq emal sənayesi üzrə çalışan müəssisələrin, inşaatçıların və mühəndislərin işə qayıtmasına icazə verib. Bundan sonra Ermənistanda yoluxmaların sayı artıb. Ölkənin müxtəlif regionlarında ayrı-ayrı yaşayış məntəqələri karantinə bağlanmağa başlayıb.
Aprelin 23-ə qədər Ermənistanda koronavirusa yoluxanların sayı 50 nəfər artaraq 1523 nəfərə çatıb. Sağalanların sayı isə 659 nəfər olub. Epidemiya başlanandan tibb işçiləri əlavə xroniki xəstəlikləri olan 24 pasiyentin həyatını xilas edə bilməyib.
Bütün təfərrüatlar – hansı məhdudiyyətlər və niyə qaldırılacaq, harada ciddi karantin tətbiq edilib, səhiyyə naziri nə deyir?
Onlayn operalar, konsertlər və həkimlərin rəqsi. Ermənistan sakinləri karantində necə əylənir?
Hansı məhdudiyyətlər aradan qaldırılır?
Ermənistanın şose yollarında nəzarət-buraxılış məntəqələri və regionlar arasında hərəkət məhdudiyyəti ləğv edilir.
Bu məhdudiyyətin əvəzinə daxili epidemiya müşahidə olunan ayrı-ayrı şəhər və kəndlərin giriş və çıxışlarına ciddi nəzarət ediləcək.
Bu haqda aprelin 23-də hökumətin iclasında fövqəladə vəziyyət komendantı, baş nazirin müavini Tiqran Avinyan deyib.
Həmçinin bəzi biznes fəaliyyətləri üzərindən də məhdudiyyətlər götürülür: poliqrafiya sənayesi, daş emalı, metal konstruksiyaların istehsalı və maşın təmiri. Daşınmaz əmlak bazarı ilə əlaqədar olan qurumlar işə başlayacaq. Mobil və internet rabitə operatorlarına xidmət göstərən ofislər bəzi məhdudiyyətlərlə açılacaq.
On gün əvvəl artıq emal sənayesinə aid müəssisələrin işinə icazə verilmişdi. Tütün məmulatları, sement, gips, əhəng, metal konstruksiyaların istehsalı və onların yığılması üçün detalları təchiz edən müəssisələr işə düşmüşdü. Müvəqqəti qadağan edilən fəaliyyət növləri siyahısından demək olar ki, bütün inşaat sahəsi çıxarılıb.
Komendant insanların iş başına qayıda biləcək fəaliyyət sahələri siyahısının daha da genişlənəcəyini istisna etməyib.
Biznesə niyə işləməyə icazə verilir?
Bu, maliyyə naziri Atom Cancuqazyanın sözlərindən aydın olur:
“Virusla mübarizə çərçivəsində məhdudiyyətlərə görə ÜDM-nin real artımına 2-2,4 faizə qədər mənfi təsir özünü göstərə bilər”, – o deyib.
Hökumət ili minus iki faizlik iqtisadi enişlə yekunlaşdıracağını proqnozlaşdırır və borc olaraq daha yarım milyon dollar cəlb etmək istəyir ki, bu nəticələri kompensasiya etsin.
“ÜDM-nin gözlənilən həcmini nəzərə alaraq bizim dövlət borcumuz 60 faizə qədər artacaq, halbuki 2019-cu ildə bizim dövlət borcumuz ümumdaxili məhsulun 50 faizi qədər idi”, – maliyyə naziri deyib.
Regionlarda karantin
Aprelin 13-də komendantlığın elan etdiyi ilk yumşalmanın səhəri günü Ararat vilayətində Noraşen kəndinin karantin altına alındığı haqda məlumat yayılıb.
Ermənistanın digər regionunda – Şirakda Maralik şəhər xəstəxanasında doqquz tibb işçisinin koronavirusa yoluxduğu təsdiqlənib.
Aprelin 18-də komendantlığın qərarı ilə Maralikdə və Şirak vilayətinin digər yaşayış məntəqəsi Dzorakapda karantin rejimi tətbiq edilib. Rejim aprelin 25-ə qədər davam etməlidir.
Aprelin 11-ə qədər bircə yoluxma halının belə olmadığı Geqarkunit vilayətində hazırda 47 xəstə var. Üstəlik vilayət qubernatorunun sözlərinə görə, onlardan 12 nəfəri xəstəxana, 9 nəfəri isə poliklinika əməkdaşıdır.
Geqarkunit vilayətində koronavirusun yayılma ocağı Vardenis şəhəri elan olunub. Komendantlıq aprelin 28-ə qədər buraya giriş və çıxışları məhdudlaşdırıb.
Bütün bu yaşayış məntəqələrində karantin tətbiq edilir, nəzarət-buraxılış postları təşkil olunur.
Səhiyyə naziri nə deyir?
Nazir hesab edir ki, bəzi iqtisadi fəaliyyət növlərinə icazə verildiyini nəzərə alaraq koronavirusun yayılmasının qarşısını almaq üçün bütün tədbirləri davam etdirmək lazımdır:
“Rahatlaşmaq və sayıqlığı itirmək üçün səbəb yoxdur… Xəstəxanada yerlərin olması ilə bağlı bizdə yüklənmə yoxdur – hələlik kifayət edir… Bizim hələ hamını xəstəxanaya, çox yüngül xəstələri isə mehmanxanalara yerləşdirmək imkanımız var”, – nazir deyib.
Hazırda xəstəxanalarda ümumilikdə 840 nəfər müalicə alır. 10 nəfərin vəziyyəti hədsiz ağır kimi dəyərləndirilir:
“Təxminən 230 nəfərdə ağciyərlər iltihablanıb. 5 nəfər ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub, onlardan bir nəfər 27 yaşlı gəncdir, amma ağır xroniki xəstəliyi var. Həkimlər onun vəziyyətini stabilləşdirmək üçün əllərindən gələni edirlər, xilas ediləcəyinə dair ümid var”.