İran hicablı qızları təhsilə dəvət edir, Bakı isə İranda azərbaycanlılara ana dilində məktəb olmadığını bildirir
İran hicablı qızları təhsilə dəvət edir
İranın azərbaycanlı hicablı qızlara təhsil təklifinə Bakı etiraz edib. Azərbaycan Elm və Təhsil Nazirliyi bu çağırışı daxili işlərə müdaxilə adlandırıb və Tehrana öz ölkəsində yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil ala bilmədiyini xatırladıb.
Azərbaycandakı məktəblərdə hicab qadağaları ilə başlayan mübahisə İran və Azərbaycan rəsmilərinin bir-birinin təhsil siyasətini tənqid etməsinə səbəb olub.
Universitetlərə dəvət məktəbliləri də əhatə edib
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf oktyabrın 22-də videomüraciət yayaraq azərbaycanlı qızları İran universitetlərində oxumağa çağırıb. Nazir müraciətini Azərbyacanda təhsil almaq üçün hicabdan imtina etməyə məcbur edilən qızlara ünvanlayıb.
Oktyabrın 25-də İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif də təşəbbüsə qoşulub. O, səhiyyə və təhsil nazirlərini, həmçinin İslami Azad Universitetinin rəhbərini azərbaycanlı şagird və tələbələrin qəbuluna şərait yaratmağa çağırıb. Beləliklə, ilkin olaraq universitet təhsili barədə səslənən təklif məktəbliləri də əhatə edib.
Bu çağırışlarda qəbulun konkret şərtləri açıqlanmır. Təhsilin hansı müəssisələrdə və hansı dildə aparılacağı, xərcləri kimin ödəyəcəyi, azyaşlı şagirdlərin valideynləri ilə necə yerləşdiriləcəyi barədə məlumat verilmir.
Bakı Tehrana azərbaycanlıların ana dili məsələsini xatırladır
Azərbaycan Elm və Təhsil Nazirliyi oktyabrın 26-da İran nazirinin çıxışına cavab verib. Nazirlik Azərbaycanın təhsil siyasətinə müdaxiləni qəbuledilməz sayıb və İran rəsmilərini “öz ölkələrindəki problemlərlə məşğul olmağa” çağırıb.
Bəyanatın əsas iradı konkretdir: nazirliyin bildirdiyinə görə, İranda Azərbaycan dilində tədris aparan məktəb yoxdur, universitetlərdə də bu dildə təhsil verilmir. Bakı bunu İranda yaşayan azərbaycanlıların onilliklərdir ana dillərində təhsil almaq imkanından məhrum edilməsi kimi qiymətləndirir.
Bakı qonşu ölkənin azərbaycanlı qızların təhsil hüququnu müdafiə etməsinə qarşı İrandakı azərbaycanlıların dil hüquqlarını dilləndirir.
Dəvət olunan şagirdlərin təhsil dili isə ayrıca praktik məsələdir. Xarici ölkədə başqa dildə oxumaq mümkündür, lakin bunun üçün dil hazırlığı və uyğunlaşma şəraiti lazım ola bilər. Açıqlanan təklifdə bu imkanların necə təmin ediləcəyi göstərilmir.
Azərbaycanda hicab mübahisəsi necə başladı?
Mübahisənin indiki mərhələsi Nazirlər Kabinetinin sentyabrın 21-də məktəbli geyimi qaydalarına etdiyi dəyişiklikdən sonra başlayıb. Qərar “məktəbli formasının vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərinə” icazə vermir. Hicabın adı ayrıca çəkilməsə də, sonradan məktəblərdə baş örtüklü qızların dərsə buraxılmadığı barədə şikayətlər yayılıb.
Bakı və regionlardakı bir sıra məktəblərində, eləcə də bölgələrdə şagird və valideyn etirazları yaşanmışdı. Bəzi şagirdlər hicablı sinif yoldaşlarına dəstək olaraq dərsə girməkdən imtina etmişdilər.
Etirazlar polis müdaxiləsi ilə də müşayiət olunub. Daxili İşlər Nazirliyi oktyabrın 12-də geyim qaydalarının tətbiqi ətrafındakı hadisələrlə bağlı 37 nəfərin saxlanıldığını və cinayət işi açıldığını bildirib. Nazirlik həmin şəxsləri ictimai asayişi pozmaqda ittiham edib. Daha sonra Bakının “28 May” metrostansiyası önündə etiraz edən 200 nəfər şəxsin saxlanıldı, bəziləri barədə cinayət işi açıldığı deyilmişdi.
Təhsil mübahisəsi siyasi söz dalaşına çevrilir
İran rəsmiləri təkliflərini hicablı qızların təhsilini davam etdirməsinə yardım kimi təqdim edirlər. Lakin dəvətin məhz Azərbaycandakı məhdudiyyətlərlə əlaqələndirilməsi ona siyasi məna da verir: Tehran Bakının təhsil siyasətini açıq şəkildə tənqid edir və həmin siyasətdən narazı ailələrə müraciət edir.
Azərbaycanın cavabı da qəbul şərtlərindən daha çox bu siyasi məzmuna yönəlib. Nazirlik şagirdlərin İrana getməsi prosedurunu müzakirə etmək əvəzinə, müdaxilə ittihamını və İrandakı azərbaycanlıların Azərbaycan dilində təhsil ala bilməməsini önə çəkir.
Bununla belə, qarşılıqlı iradlar iki ayrı problemi həll etmir. İrandakı azərbaycanlıların öz dillərində təhsil imkanlarının məhdudluğu Azərbaycanda hicablı şagirdlərin dərsə buraxılmaması şikayətlərinə cavab vermir. İranın dəvəti də həmin uşaqların öz məktəblərində təhsilini davam etdirə bilməməsi məsələsini aradan qaldırmır.
İran hicablı qızları təhsilə dəvət edir