Alman fondları Gürcüstanı tərk edir: Berlinlə Tbilisi arasındakı münasibətlərdə böhran nə deməkdir?
Almaniya fondları Gürcüstanı tərk edir
Gürcüstanda iyirmi ildən artıq fəaliyyət göstərən iki Almaniya fondu, Konrad Adenauer Fondu və Fridrix Naumann Fondu fəaliyyətini dayandırıb.
Buna səbəb “Qrantlar haqqında” qanun olub. Qanuna əsasən, xarici fondların Gürcüstanda fəaliyyət göstərməsi üçün hökumətin icazəsi tələb olunur. Adıçəkilən fondlar bu icazəni ala bilmədikləri üçün ölkəni tərk etdiklərini açıqlayıblar.
Daha iki Almaniya fondu, Henrix Böll Fondu və Fridrix Ebert Fondu isə fasilədən sonra fəaliyyətini bərpa edib. Ən azından, hələlik.
- Aİ Gürcüstanla bağlı siyasətinə yenidən baxmaq imkanını nəzərdən keçirəcək. Yanvarda nə dəyişəcək?
- Gürcüstanda partiyalara qadağa: Məhkəmə oktyabrın 21-də hakimiyyətin müxalifətə qarşı iddiasına baxmağa başlayacaq
- 14 il hakimiyyətdə: ekspertlər “Gürcü Arzusu”nun hakimiyyəti dövrünü necə qiymətləndirirlər?
Almaniya fondlarının üzləşdiyi problemlər Gürcüstanda yalnız bu təşkilatların fəaliyyəti ilə bağlı məsələ kimi deyil, repressiv qanunvericiliyin növbəti nəticəsi və Gürcüstan-Almaniya münasibətlərinin dalana dirənməsinin bariz nümunəsi kimi qiymətləndirilir.
Almaniya Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdən etibarən ona dəstək verən və ölkənin uğurlarında maraqlı olan ilk dövlətlərdən biri olub. Lakin son bir neçə ildə Gürcüstanla Almaniya arasında münasibətlər getdikcə pisləşir.
Böhran xüsusilə 2024-cü ildə daha da dərinləşib. Gürcüstan hakimiyyətinin Avropaya inteqrasiya prosesini dayandırmaq qərarı, repressiv qanunlar qəbul etməsi və etiraz aksiyalarını dağıtması Almaniya hökumətinin sərt tənqidinə səbəb olub.
Gürcüstan hakimiyyəti bu tənqidlərə Almaniyanın səfirini və bütövlükdə ölkəni qaralamaqla cavab verib. Buna cavab olaraq Almaniya hakim “Gürcü Arzusu” partiyasının bəzi nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib. Həmçinin Gürcüstan hökuməti ilə birgə həyata keçirilməsi planlaşdırılan 237 milyon avro dəyərində inkişaf layihələri dayandırılıb.
Almaniya Gürcüstan üçün sadəcə tərəfdaş ölkə deyil. Nəzərə almaq lazımdır ki, Almaniya Avropa İttifaqının ən mühüm siyasi aktorlarından biridir, Gürcüstan isə hələ də Aİ üzvlüyünə namizəd ölkə statusunu saxlayır. Buna görə də Gürcüstan-Almaniya münasibətlərinin pisləşməsi təkcə diplomatik fikir ayrılıqları ilə məhdudlaşmır.
Almaniya fondları Gürcüstanda hansı fəaliyyətlə məşğul olublar?
Almaniyanın hər dörd fondu 2000-ci illərin əvvəllərindən Gürcüstanda fəaliyyət göstərib. Onların məqsədi ölkənin demokratik inkişafına dəstək vermək və vətəndaş cəmiyyətini gücləndirmək olub. Fondlar dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, gənclər, tədqiqatçılar, qadınlar və azlıq qrupları ilə əməkdaşlıq ediblər. Onların fəaliyyəti bir çox sahəni əhatə edib. Ölkədə onlarla layihə həyata keçirilib və yüzlərlə insan bu layihələrdən faydalanıb.
Filologiya elmləri doktoru Dea Metreveli uzun illər dövlətə məxsus “Kitab Mərkəzi”nə rəhbərlik edib. Onun sözlərinə görə, Almaniya fondlarının köməyi olmasaydı, məsələn, nüfuzlu Frankfurt Kitab Sərgisində iştirak etmək çox çətin olardı. Gürcüstanın və gürcü müəlliflərinin vaxtilə bu sərgidə iştirakı böyük nailiyyətə çevrilmişdi:
“2018-ci ildə bu sərgiyə hazırlaşarkən həmin fondlar artıq bizim iştirakımız üçün zəmin yaratmışdılar. Onlar müxtəlif tədbirlərin təşkilində bizə kömək edirdilər. Bu böyük uğurun əldə olunmasında həmin fondlarla əməkdaşlığımızın mühüm rolu olub”, – deyə Dea Metreveli xatırlayır.
İlia Dövlət Universitetinin müəllimi Giorgi Butikaşvili 12 il Konrad Adenauer Fondunun Cənubi Qafqaz nümayəndəliyində proqram meneceri vəzifəsində çalışıb.
O, məsələn, yalnız bu fondun dəstəyi sayəsində həyata keçirilməsi mümkün olan birgə gürcü-abxaz layihələrini və dini konfessiyalar arasında dialoqu xatırlayır. Onun sözlərinə görə, bütün bu layihələrdə Gürcüstanın dövlət qurumları da iştirak edib:
“Məsələn, abxazlarla birgə layihələr başlayanda hər şey Barışıq Nazirliyi ilə razılaşdırılırdı. Bütün işlər dövlət strategiyasına uyğun planlaşdırılırdı. Almaniya öz maraqlarını irəli sürmürdü, Gürcüstan dövlətinin maraqlarına uyğun layihələr həyata keçirirdi. Dövlətin çatışmayan resurslarını Almaniya hökuməti təmin edirdi”.
Dea Metreveli də abxazlarla bağlı konkret bir layihəni xatırlayır. Söhbət müasir gürcü və abxaz qadın yazıçıların əsərlərindən ibarət, gürcü və abxaz dillərində nəşr olunmuş birgə topludan gedir. Bu, Adenauer Fondunun dəstəyi ilə həyata keçirilən son layihələrdən biri olub:
“Təsəvvür edin, bir kitabda dörd müasir gürcü qadın yazıçının və Suxumidə yaşayan dörd abxaz qadın yazıçının əsərləri bir araya gətirilib. Onlar bir il ərzində birlikdə çalışıblar, nəşrin konsepsiyasını birgə müzakirə ediblər və dostlaşıblar”.
“Postsovet Keçmişinin Tədqiqi Laboratoriyası” (SOVLAB) da uzun illər ərzində müxtəlif dövrlərdə Almaniyanın hər dörd fondu ilə əməkdaşlıq edib. Təşkilatın tədqiqatçısı, tarixçi İrakli Xvadaqiani bildirir ki, bu fondların köməyi ilə sovet-rus işğalı və terroru, çoxsaylı insanların taleyi haqqında bir sıra nəşrlər hazırlaya biliblər:
“Əslində, 2012-ci ildən etibarən dövlət passiv-aqressiv mövqe tuturdu. Onun tarixi yaddaş siyasəti sahəsində heç bir gündəliyi yox idi. Əksinə, Rusiya dezinformasiyasına qapılar taybatay açılmışdı. Daha sonra, 2010-cu illərin sonlarından etibarən aqressiv mərhələyə keçdilər: bizə, vətəndaş cəmiyyətinə hücumlar başladı, arxivlər bağlandı. Belə şəraitdə biz faktiki olaraq yalnız bu fondların sayəsində fəaliyyət göstərə bilirdik”.
Xvadaqianinin sözlərinə görə, bu fondlar Rusiya rejiminin tarixi yaddaş, müasir tarixin tədqiqi və tədrisi sahələrində yaratdığı boşluğu doldurur və onun mənfi təsirlərini aradan qaldırmağa çalışırdılar. Almaniyalı tərəfdaşların dəstəyi və köməyi olmasaydı, bütün bunlar mümkün olmazdı.
Bu fondların ölkə daxilindəki fəaliyyətindən əlavə, Almaniya hökumətinin dəstəyi ilə Gürcüstandan yüzlərlə gənc Almaniyada ali təhsil alıb. Onlardan biri də “Media Advokasiyası Koalisiyası”nın sədri Mamuka Andquladzedir. O, Almaniyanın DAAD proqramının maliyyə dəstəyi sayəsində bu ölkədə media hüququ üzrə doktorluq dərəcəsi alıb:
“Almaniyada təhsil almaq imkanının yaranması mənim üçün çox vacib idi. Çox sayda gənc də belə bir fürsət əldə etmişdi. Bəs sonra bu biliklər hara gedirdi? Ölkəmizə qayıdırdı. Sən təhsil alıb geri dönürsən ki, öz ölkəndə daha yaxşı institutlar, daha yaxşı məhkəmə sistemi qurmağa, daha yaxşı seçkilərin keçirilməsinə töhfə verəsən”.
Niyə fondların problemi təkcə fondların problemi deyil?
Gürcüstanın keçmiş müdafiə naziri, hazırda isə “Vətəndaş İdeyası” təşkilatının rəhbəri Tina Xidaşeli hesab edir ki, Almaniya fondlarının üzləşdiyi problemi yalnız repressiv qanunvericiliyin nəticəsi kimi qiymətləndirmək düzgün deyil.
Onun fikrincə, bu, Gürcüstanla Almaniya arasında münasibətlərin pisləşməsinin ilk bariz nümunəsidir. Xidaşeli bildirir ki, Almaniya tarixən, hələ XX əsrin əvvəllərindən Gürcüstan dövlətinin inkişafında mühüm dayaq rolunu oynayıb. Gürcüstanın dövlətçilik sistemi məhz Almaniya qanunvericiliyi, hüquq sistemi və institusional quruluşu əsasında formalaşıb. Bütün nəsillərdən olan gürcü siyasətçilər Almaniya ilə münasibətlərə xüsusi əhəmiyyət veriblər. İndi isə tamamilə fərqli, müstəsna vəziyyət yaranıb.
Giorgi Butikaşvili üçün bu, Gürcüstanda avtokratiyanı gücləndirmək cəhdinin açıq təsdiqidir:
“Xarici fondların ləğvi həm Rusiyada, həm Belarusda, həm də Azərbaycanda hakimiyyətin avtokratiyanı tam möhkəmləndirmək qərarına gəldiyi zaman son mərhələ olub. Bu, avtokratik rejimlərə xas əlamətdir”, – deyə Butikaşvili vurğulayır.
Berlinlə münasibətlərdəki gərginlik Tbilisi üçün nə deməkdir?
İrakli Xvadaqianinin qiymətləndirməsinə görə, Almaniya ilə münasibətlərdəki böhran Gürcüstanın dəmir pərdə arxasında qalması deməkdir:
“Bu, Rusiyanın, o cümlədən sovet dövründə apardığı imperialist və aqressiv siyasətin davamıdır. Onun təsir dairəsi, öz ərazisi hesab etdiyi məkan, Rusiya isə Avrasiyanın böyük hissəsinə məhz belə baxır, dəmir pərdə arxasında qalmalıdır. Heç bir xarici təsir, heç bir əlaqə, heç bir əməkdaşlıq olmamalıdır”.
Tina Xidaşeli isə Almaniyanın “Gürcü Arzusu” hökumətinin xüsusi hədəfi olduğunu düşünmür. O xatırladır ki, hakimiyyət digər Avropa ölkələrinə qarşı da oxşar ritorikadan istifadə edib. Bununla belə, Xidaşeli bu vəziyyəti təhlükəli siqnal hesab edir.
“Biz Böyük Yeddiliyin üzvü olan bir ölkədən danışırıq. İqtisadi baxımdan və ya istənilən digər göstəriciyə görə ən güclü ölkədən. Bundan əlavə, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra Almaniya Aİ-nin ən mühüm siyasi aktoruna çevrilib. Avropa siyasətinə gəldikdə isə dünya miqyasında ən nüfuzlu ölkədir”, – deyə Xidaşeli bildirir.
O xatırladır ki, 2008-ci ildə Almaniya Gürcüstanın NATO-ya inteqrasiya prosesini əngəlləyib. Buna görə də Gürcüstanın dövlət siyasətinin hər zaman Berlinlə yaxşı münasibətlər qurmağa və onları inkişaf etdirməyə yönəlməsi məntiqli və təbii olub:
“Almaniyanın vetosu, Almaniyanın müqaviməti o deməkdir ki, bizim nəinki hər hansı genişlənmə dalğasına qoşulmaq, hətta Avropa İttifaqı və ya NATO ilə ciddi münasibətlər qurmaq şansımız belə yoxdur”.
Bununla yanaşı, Gürcüstan-Almaniya münasibətləri Gürcüstanın yüksəkvəzifəli rəsmilərinin təhsil və peşəkar karyeralarının məhz Almaniya ilə bağlı olduğu bir dövrdə dalana dirənib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 2003-2020-ci illərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətində (GTZ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GIZ) çalışıb, o cümlədən Gürcüstan komandasına rəhbərlik edib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Düsseldorf şəhərindəki Henrix Heyne Universitetində hüquq üzrə doktorluq dərəcəsi alıb.
“Gürcü Arzusu”nun digər üzvü, parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze də Almaniyada məhz Konrad Adenauer Fondunun təqaüdü ilə təhsil alıb. O, 2003-cü ildə bu fondun maliyyə dəstəyi sayəsində Hannover Universitetində Avropa araşdırmaları üzrə magistr dərəcəsi alıb.
Tina Xidaşeli Gürcüstan hökuməti üzvlərinin Almaniya ilə əlaqələrini hazırkı problemlərin əsas səbəbi hesab edir:
“(“Gürcü Arzusu”nun təsisçisi) Bidzina İvanişvili onlardan Almaniya ilə bağlı məsələləri yoluna qoymağı, problemləri ört-basdır etməyi tələb edirdi. Lakin onlar bunu bacarmadılar. Nəticədə bu vəziyyət aqressiv ritorikaya çevrildi”, – deyə Xidaşeli hesab edir.
O əlavə edir ki, Gürcüstan Avropa İttifaqı və ya NATO ilə bağlı hər hansı irəliləyiş əldə etmək istəyirsə, Berlinin Tbilisinin tərəfində olması son dərəcə vacibdir. Əks halda, bu, mümkün deyil. Lakin Xidaşelinin fikrincə, “Gürcü Arzusu”nun istədiyi də məhz budur:
“Onların məqsədi elə budur: Avropaya inteqrasiya imkanını əldən vermək və sonra hər şeyi elə təqdim etmək ki, guya bunda onların heç bir günahı yoxdur”.
Almaniya fondları Gürcüstanı tərk edir