Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının sərhədi keçərək ölkə ərazisinə daxil olduğunu təsdiqləyib. Qurumun oktyabrın 22-də yaydığı məlumata görə, həmin şəxs yolunu azmış çobandır.
Rəsmi açıqlamada bildirilib ki, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb. Aparılan yoxlamalar nəticəsində onun yolunu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının ölkəsinə qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Ermənistan mediası oktyabrın 19-dan etibarən azərbaycanlı çobanın sərhədi keçərək hərbi polisə aparılması barədə məlumatlar yayıb. Bəzi xəbərlərdə onun ağ bayraqla sərhədi keçdiyi də iddia olunub.
Azərbaycan Dövlət Sərhəd Xidməti isə oktyabrın 21-də yerli medianın sorğusuna cavab olaraq qurumun nəzarətində olan ərazidə belə hadisənin baş vermədiyini açıqlayıb.
Hadisə oktyabrın 1-də azərbaycanlı hərbçi Nəsimi Musayevin Ermənistanda saxlanılmasından sonra baş verib. Ermənistan istintaqının versiyasına görə, Musayev Sünik vilayətinin Şaki kəndində yaşayış evinə daxil olaraq atəş açıb və bir qadını yaralayıb.
Onun barəsində cinayət işi başlanıb. Ermənistanın baş naziri Nikol Paşinyan hərbçinin bu ölkədə mühakimə olunacağını bildirib. Paşinyanın sözlərinə görə, Azərbaycan Musayevin təhvil verilməsi üçün rəsmi müraciət etməyib. Baş nazir həmçinin Bakı və Yerevanın hərbçilərlə bağlı məsələləri digər hadisələrdən ayrıca nəzərdən keçirmək barədə razılığa gəldiyini deyib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə çobanla bağlı xəbərləri şərh edərkən sərhədin hər iki tərəfində insanların yolunu azaraq qonşu ölkənin ərazisinə keçə biləcəyini bildirib. Nazir belə halların konstruktiv şəkildə həllinin vacibliyini vurğulayıb.