Sığınacaqdakı heyvanları xilas etmək: Gürcüstanda sahibsiz itlərin taleyi niyə yenidən gündəmə gəlib?
Gürcüstanda sahibsiz itlər
Gürcüstanın Qori şəhərindəki bələdiyyə sığınacağında onlarla bala itin dar və çirkli volyerdə saxlanıldığını göstərən görüntülər ictimai hiddətə və etirazlara səbəb olub. Heyvan hüquqları müdafiəçiləri sığınacaqdan yüzlərlə heyvanı çıxarıblar. Onların sözlərinə görə, bu heyvanların çoxu xəstə olub.
Lakin Qoridə baş verənlər Gürcüstanda sahibsiz itlərlə bağlı uzun illərdir davam edən münaqişənin yalnız bir epizodudur. Dövlət proqramları niyə problemi həll etmir, tutulan heyvanlar hara yoxa çıxır və onların taleyinə görə kim məsuliyyət daşıyır?
Bir volyerdə onlarla it
Cümə axşamı axşam saatlarında Gürcüstan mediası Qori şəhərindəki bələdiyyə it sığınacağından görüntülər yayıb. Telefonla çəkilmiş qısa videoda döşəməsi yaş olan çirkli volyer görünür. Onun sahəsi, ehtimal ki, beş-yeddi kvadratmetrdən çox deyil.
Volyerdə onlarla bala it bir-birinin üstünə yığılmış vəziyyətdədir. Küçüklər bir-birinə sığınır, bir-birinin başının üstündən keçirlər. Görüntülərdən onların çirkli olduğu, bəzilərinin islandığı, bəzilərinin isə həddindən artıq arıq olduğu görünür. Aydındır ki, belə şəraitdə saxlanılmaq heyvanlara əzab verir və onlarla humanist rəftar prinsiplərinə uyğun gəlmir.

Az sonra sığınacaq özü də açıqlama ilə çıxış edib. Regional Sahibsiz Heyvanların İdarə Olunması Agentliyinin Facebook səhifəsində yayımlanan bəyanata görə, sığınacaqda planlı təmizlik işləri aparılıb və məhz bu səbəbdən bütün küçüklər bir volyerə toplanıb.
Fəallar isə bu açıqlamanı bəhanə hesab ediblər. Onlar bildiriblər ki, hətta həqiqətən də təmizlik işləri aparılsa belə, bu, heyvanların əziyyət çəkməsinə və təhlükəyə məruz qalmasına səbəb olmamalıdır.
Etiraz aksiyası və heyvanların təxliyəsi
Qoridən yayılan görüntülər heyvan hüquqları müdafiəçilərinin, fəalların, heyvansevərlərin və baş verənlərə biganə qalmayan insanların hiddətinə səbəb olub. Video sosial şəbəkələrdə sürətlə yayılıb və qısa müddət sonra istifadəçilər həmin sığınacağın qarşısında etiraz aksiyası keçirməyi planlaşdırıblar.
Qoridə etiraz aksiyası ertəsi gün, oktyabrın 16-da, cümə günü keçirilib. Aksiya səs-küylü keçib və insidentsiz ötüşməyib. Məsələn, sığınacaq əməkdaşlarından birinin etiraz iştirakçısına hücum etdiyi barədə məlumat yayılıb.
Bununla belə, etirazçılar küçüklərin əksəriyyətinin sığınacaqdan çıxarılmasına nail olublar. Müxtəlif məlumatlara görə, Qoridəki sığınacaqdan ümumilikdə 100-dən 300-ə qədər heyvan aparılıb. İanə toplanmasına və heyvanlar üçün təcili yeni sahiblərin axtarışına başlanılıb. Bir sıra baytarlıq klinikaları da yardım kampaniyasına qoşularaq xilas edilən heyvanlara pulsuz xidmət göstərməyə hazır olduqlarını bildiriblər.
Qanun pozuntuları və yeni risklər
Həmin gün axşam saatlarında fəallar jurnalistlərə bildiriblər ki, heyvanların çoxunda ağır virus xəstəliyi aşkarlanıb, ən zəif küçüklər isə hələ yolda olarkən tələf olub. Fəalların sözlərinə görə, sığınacaqdan çıxarılan heyvanlar böyük iştahla yeyib və su içiblər. Onların fikrincə, bu, sığınacaqda heyvanların kifayət qədər su və yemlə təmin olunmadığını göstərir.
Digər pozuntular arasında karantin şəraitinin olmaması, bala itlərin haradan gətirildiyini müəyyən etməyə imkan verən sənədlərin mövcud olmaması, soyuq və dəhşətli antisanitariya şəraiti göstərilib. Belə ki, eyni volyerdə xəstə və sağlam heyvanlarla yanaşı, ölmüş itlərin qalıqları da olub.
Müzakirələrə qoşulan baytar həkimlər daha bir problemə diqqət çəkiblər. Onların fikrincə, Qoridəki sığınacaqda heyvanların saxlanma qaydalarına əməl edilməməsi Tbilisi və digər şəhərlərdə itlər arasında virus epidemiyalarına səbəb ola bilər.
Bu barədə, məsələn, baytar həkim Mariam Çxikvişvili də yazıb. O, Qoridən çıxarılan küçüklərin müalicəsinin mümkün qədər xüsusi ayrılmış, sanitariya normalarına riayət etməyə imkan verən ərazidə təşkil olunmasına çağırıb:
“Küçükləri klinikadan klinikaya daşımaq qətiyyən məqsədəuyğun deyil. Bu, mutasiyaya uğramış virusların yayılmasına şərait yarada bilər. Ən azı əsas epizootoloji qaydalara əməl etmək lazımdır: yoluxmuş küçükləri bir yerdən başqa yerə daşımamaq, həm ev heyvanlarını, həm də sahibsiz heyvanları təhlükəyə atmamaq. Belə hallar üçün səthlərin hərtərəfli təmizlənməsi və dezinfeksiyasının mümkün olduğu təcrid olunmuş məkan lazımdır”, – deyə Çxikvişvili bildirib.
O xatırladıb ki, əvvəllər Tbilisidə də oxşar problemlə üzləşiblər. Baytar həkimin sözlərinə görə, şəhərdəki sığınacaqdan ağır xəstəliklərin yayıldığı hallar olub.
Pis reputasiya
Gürcüstan cəmiyyətində sahibsiz heyvanlar və onlara münasibətlə bağlı müzakirələr yenidən qızışıb. Lakin ölkənin onilliklərdir həll edə bilmədiyi bu kəskin problemdən danışmazdan əvvəl Qoridəki sığınacaqdan yayılan görüntülərin ictimaiyyətdə niyə bu qədər güclü reaksiya doğurduğunu izah etmək lazımdır.
Kənardan elə görünə bilər ki, insanların sarsılmasına səbəb gözlənilməz mənzərə ilə qarşılaşmalarıdır. Sanki hamı sığınacağın bütün standartlara uyğun fəaliyyət göstərdiyini düşünürdü, amma bunun əksi üzə çıxıb. Əslində isə vəziyyət tamamilə fərqlidir. Qoridəki sığınacaq haqqında çoxdan narahatedici söz-söhbətlər dolaşırdı və yayımlanan videolar bu şübhələri daha da gücləndirib.
Fəallar illərdir heyvanların pis şəraitdə saxlanılmasından və əməkdaşların onlarla qəddar rəftarından danışırdılar. Bu ilin yazında isə sığınacaq hətta itlərin kütləvi şəkildə məhv edilməsində ittiham olunub.
Aprel ayında sosial şəbəkələrdə Qoridəki sığınacağın krematoriyasından gecə saatlarında tüstü qalxdığını göstərən görüntülər yayılıb. Videonun müəllifi krematoriyanın bütün gecə işlədiyini və ərazidə güclü yanıq qoxusu hiss olunduğunu iddia edib.
Heyvan hüquqları müdafiəçiləri sığınacaqda itlərin, o cümlədən diri heyvanların kütləvi şəkildə məhv edildiyindən şübhələniblər. Lakin heyvanların diri-diri yandırıldığını təsdiqləyən heç bir inandırıcı sübut təqdim olunmayıb və bu ittihamlar rəsmi təsdiqini tapmayıb.
Beləliklə, oktyabr qalmaqalı Qoridəki sığınacağın ictimaiyyətin diqqət mərkəzinə düşdüyü ilk hadisə deyil. Üstəlik, Qoridə baş verənlər Gürcüstanda, demək olar ki, bütün 2026-cı il ərzində davam edən dövlətlə heyvan hüquqları müdafiəçiləri arasındakı daha genişmiqyaslı münaqişənin bir hissəsinə çevrilib.
Sahibsiz itlər hara yoxa çıxır?
2026-cı ilin yazında Gürcüstanın müxtəlif şəhərlərində sahibsiz itlərin kütləvi tutulmasına qarşı etiraz aksiyaları başlayıb. Buna heyvanların, o cümlədən sterilizasiya və peyvənd olunmuş, həmçinin himayədarları olan itlərin yoxa çıxması barədə çoxsaylı məlumatlar səbəb olub. Himayədar dedikdə küçə heyvanlarını evlərinə aparmasalar da, onları müntəzəm yemləyən, müalicə etdirən və qayğılarına qalan insanlar nəzərdə tutulur.
JAMnews-un mayın 23 də dərc etdiyi materialda Gürcüstanın müxtəlif şəhərlərində yaşayan, himayə etdikləri heyvanların taleyini öyrənməyə və onların geri qaytarılmasına çalışan insanların hekayələrindən bəhs olunub. Nəşrə müsahibə verən fəallar heyvanların öyrəşdikləri yerlərdən aparılaraq yemək və su tapa bilməyəcəkləri ərazilərə buraxılmasından narahat olduqlarını bildiriblər. Onların fikrincə, bu, heyvanları faktiki olaraq ölümə məhkum etmək deməkdir.
Hakimiyyət itlərin kütləvi şəkildə məhv edilməsi ilə bağlı ittihamları qətiyyətlə rədd edir. Rəsmi mövqeyə görə, heyvanların tutulması onların populyasiyasının idarə olunması üzrə dövlət proqramı çərçivəsində həyata keçirilir. Proqram baytarlıq müayinəsini, sterilizasiyanı, peyvəndləməni və daha sonra heyvanların yaşadıqları mühitə qaytarılmasını nəzərdə tutur. Lakin fəallar iddia edirlər ki, əvvəllər sterilizasiya olunmuş itlər də daxil olmaqla, bütün heyvanlar tutulub aparılır.
Burada əsas ziddiyyətlərdən biri ortaya çıxır. Proqramın qaydalarına əsasən, heyvanların hər yerə qaytarılmasına icazə verilmir. Xüsusilə məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin, bazarların və ictimai iaşə obyektlərinin yaxınlığındakı ərazilərlə bağlı məhdudiyyətlər mövcuddur.
Halbuki küçə itləri əsasən mağazaların, bazarların və kafelərin yaxınlığında yaşayırlar. Tbilisi kimi şəhərlərdə isə məktəb, poliklinika və ya mağazanın olmadığı küçə tapmaq ümumiyyətlə çətindir. Nəticədə sual yaranır: tutulduqları yerə buraxılmasına icazə verilməyən itlər məhz hara qaytarılır? Heyvanlar sığınacaqdan aparıldıqdan sonra onların taleyinə kim nəzarət edir?
JAMnews-a danışan heyvan hüquqları müdafiəçilərinin sözlərinə görə, tutulan hər bir heyvanın sonrakı taleyini izləməyə imkan verən şəffaf və əlçatan sistemin yaradılmasına hələ də nail ola bilməyiblər.
Sayı bilinməyən heyvanlar
Gürcüstanda sahibsiz itlərin dəqiq sayı məlum deyil. Problem onilliklərdir mövcud olsa da, ölkə üzrə vahid və etibarlı statistika hələ də yoxdur.
Nisbətən etibarlı məlumatlar yalnız Tbilisi üzrə mövcuddur. Paytaxtda sahibsiz heyvanların sayını bələdiyyənin Heyvanların Monitorinqi Agentliyi izləyir. JAMnews-un istinad etdiyi agentlik məlumatlarına əsasən, 2025-ci ildə Gürcüstan paytaxtında təxminən 29 676 sahibsiz it olub.
Heyvan hüquqları müdafiəçilərinin hesablamalarına görə, Gürcüstanda sahibsiz heyvanların ümumi sayı yüz minlərlə ola bilər. Lakin ölkə miqyasında müstəqil sayım aparılmadığından bu rəqəmi təsdiqləmək hələlik mümkün deyil.
Problemin miqyası cəmiyyətin ona münasibətində də özünü göstərir. CRRC Georgia təşkilatının Milli Demokratiya İnstitutu (NDI) üçün 2023-cü ilin oktyabrında keçirdiyi sorğuya əsasən, respondentlərin 22 faizi sahibsiz heyvanları əsas ictimai problemlərdən biri hesab edib.
Bu, təəccüblü deyil. Küçə itləri Gürcüstan şəhərlərinin gündəlik mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Onlara mağazaların, bazarların, avtobus dayanacaqlarının yaxınlığında, yaşayış binalarının həyətlərində və turistlərin sıx olduğu ərazilərdə rast gəlmək mümkündür. Bir çox itin qulağında xüsusi birka var. Bu, onların qeydiyyatdan keçdiyini və müvafiq baytarlıq prosedurlarından keçirildiyini göstərir. Yerli sakinlər və turistlər bu heyvanları yemləyirlər.
Lakin insanlarla heyvanların dinc yanaşı yaşaması heç də həmişə mümkün olmur. Gürcüstanda itlərin insanlara hücum etməsi barədə mütəmadi məlumatlar yayılır. Quduzluğun yayılması riski də ictimai səhiyyə üçün problem olaraq qalır. Buna görə sahibsiz itlərin sayının məhdudlaşdırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi tələblərinin real əsasları var.
Bununla belə, heyvanların sadəcə küçələrdən yığışdırılması onların sayının davamlı artması problemini həll etmir. Ev itlərinin çoxalmasına nəzarət edilmədikcə və arzuolunmaz bala itlər küçəyə atıldıqca, tutularaq aparılan heyvanların yerində yeniləri peyda olur.
Yeni qanunlar, köhnə problemlər
2025-ci ildə Gürcüstan parlamenti ev heyvanlarının saxlanılması, qeydiyyatı və çoxalmasına nəzarət üçün vahid hüquqi baza yaratmağı nəzərdə tutan qanun qəbul edib. 2026-cı ilin fevralında isə hökumət itlərin həddindən artıq çoxalmasının qarşısını almaq üçün xüsusi proqram təsdiqləyib.
Proqramın əsasını CNVR kimi tanınan metod təşkil edir. Bu metod heyvanların tutulmasını, sterilizasiyasını, peyvəndlənməsini və əvvəlki yaşayış mühitinə qaytarılmasını nəzərdə tutur. Bu yanaşma Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) tövsiyələrində də əksini tapıb. Düzgün tətbiq edildikdə bu metod heyvanları kütləvi şəkildə məhv etmədən onların sayını tədricən azaltmağa imkan verir.
Lakin əsas məsələ hər bir mərhələnin necə həyata keçirilməsidir. Sterilizasiya heyvan populyasiyasının əhəmiyyətli hissəsini əhatə etməli, peyvəndləmə xəstəliklərin yayılmasının qarşısını almalı, heyvanların başqa yerə aparılması və geri qaytarılması isə onların rifahı və insanların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilməlidir.
Gürcüstandakı heyvan hüquqları müdafiəçilərinin çoxsaylı iradları da məhz bu tədbirlərin praktik icrası ilə bağlıdır. Onlar dövlət qurumlarını şəffaflığın olmamasında, heyvanlarla qəddar rəftarda, sığınacaqlarda saxlanma qaydalarının pozulmasında və heyvanların sonrakı taleyinə lazımi nəzarətin təmin edilməməsində ittiham edirlər.
Ümumilikdə dövlət siyasətinin effektivliyi də az sual doğurmur. Problemin həlli üçün əvvəllər də cəhdlər göstərilib. Uzun illər ərzində hakimiyyət regionlarda sahibsiz heyvanların sterilizasiyası kampaniyalarının keçirilməsi üçün müntəzəm tenderlər elan edib. Lakin problemin hələ də geniş miqyasda qalmasına əsasən, bu proqramların nəzərəçarpacaq nəticə vermədiyini söyləmək olar.
Heyvan hüquqları müdafiəçilərinin sözlərinə görə, sahibsiz itlərin sterilizasiyası ilə bağlı işlərin əhəmiyyətli hissəsi hələ də ayrı-ayrı şəxslərin üzərinə düşür. Əməliyyatların xərcini heyvanların himayədarları və könüllülər ödəyirlər. Bu işdə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, eləcə də sterilizasiya kampaniyaları keçirmək üçün Avropa ölkələrindən Gürcüstana gələn könüllülər iştirak edirlər. Fəalların müşahidələrinə görə, dövlət proqramları ehtiyac duyulandan xeyli az heyvanı əhatə edir və onların icra keyfiyyəti də narazılıq doğurur.
“İti buraxmaq”: sahibsiz heyvanlar haradan yaranır?
Digər ciddi problem heyvan sahiblərinin özlərinin məsuliyyətsiz davranışıdır. Gürcüstanda hətta “iti buraxmaq” kimi geniş yayılmış ifadə mövcuddur. Bu ifadənin arxasında çox vaxt artıq ehtiyac duyulmayan heyvanı evdən uzağa aparıb meşədə və ya yol kənarında atmaq qərarı dayanır.
Kənd yerlərində buna, məsələn, itin ev quşlarını ovlaması və ya başqa şəkildə “pis davranması” səbəb ola bilər.
Xüsusilə çox diqqət və fiziki aktivlik tələb edən enerjili cinslər, eləcə də sahibinin gözləntilərini doğrultmayan ov itləri daha həssas vəziyyətdədir. Bununla yanaşı, heyvanların çoxaldılmasına effektiv nəzarət praktiki olaraq mövcud deyil.
Halbuki bu cür hallarla mübarizə üçün qanunvericilik bazası artıq yaradılıb. 2025-ci ildə qəbul edilmiş “Ev heyvanları haqqında” qanun sahiblərin heyvanlarını küçəyə atmasını birbaşa qadağan edir və belə halların qarşısını almağa da xidmət edən məcburi qeydiyyatı nəzərdə tutur.
Qanun həmçinin itlərin çoxaldılmasına məhdudiyyətlər tətbiq edir. 2026-cı ilin iyulundan etibarən isə ölkədə bir sıra it cinslərinin çoxaldılmasına üçillik moratorium qüvvədədir.
Bu normaların praktikada nə dərəcədə effektiv işlədiyini Qoridəki sığınacaqdan yayılan görüntülərə əsasən də qiymətləndirmək olar. Qanunlara həqiqətən əməl edilsəydi, yəqin ki, həmin sığınacağa düşən küçüklərin çoxu, eləcə də Gürcüstan yollarının kənarlarında rast gəlinən yüzlərlə arıq və tərk edilmiş heyvan heç vaxt küçəyə düşməzdi.
Diana Petriaşvili, Mediaşəbəkə
Gürcüstanda sahibsiz itlər