"Ermənistanı müstəqilliyindən məhrum etmək üçün növbəti cəhdə hazırlıq gedir" – Paşinyan
Paşinyan: Ermənistanda sabitliyi pozmağa çalışırlar
“Tariximizdə ilk dəfədir ki, “metropoliya” bizi özünə cəlb etmir, əksinə, sanki “sizi özümüzdən uzaqlaşdıracağıq” deyir”, – Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında iştirakının mümkün dayandırılması ilə bağlı hesabatı şərh edərkən bildirib.
Həftəlik brifinqində o vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində imzalanmış sənədlərə əsasən, üzv dövlətlərin başqa bir ölkəni təşkilatdan çıxarmaq səlahiyyəti yoxdur. Bu məqam hesabatda da qeyd olunub.
Bununla yanaşı, Paşinyan Rusiyanın himayəsi altında fəaliyyət göstərən digər təşkilatla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müqayisə aparıb.
“KTMT çərçivəsində belə bir imkan mövcuddur. Aİİ və KTMT-nin üzvləri mahiyyət etibarilə eyni dövlətlər olduğuna görə sual yaranır: bəs niyə Ermənistanı KTMT-dən çıxarmırlar?” – Paşinyan sual edib.
Baş nazirin sözlərinə görə, Rusiyanın son aylarda Ermənistana qarşı tətbiq etdiyi məhdudiyyətlər həm Ermənistan daxilində, həm də ölkə xaricində müəyyən dairələrin gözlədiyi nəticəni verməyib. Söhbət Ermənistan istehsalı olan əksər ərzaq və digər məhsulların Rusiyaya ixracına qoyulan qadağadan gedir. Paşinyanın sözlərinə görə, bu addım nə iqtisadi, nə də siyasi baxımdan gözlənilən nəticəni verib.
Baş nazir Rusiyanın iqtisadi təzyiqlərini ölkədaxili siyasi qeyri-sabitlik yaratmaq və Ermənistanı müstəqilliyindən məhrum etmək cəhdi kimi qiymətləndirir.
Jurnalistlər ondan Ermənistanda sabitliyi pozmağa çalışan tərəfin məhz Rusiya olub-olmadığını dəqiqləşdirməsini istəyiblər.
“Mən tam konkret dedim: Rusiya Federasiyasındakı müəyyən dairələr, bəli. Məgər bu, sizin üçün yenilikdir?” – deyə o cavab verib.
Bununla yanaşı, Paşinyan əmindir ki, Ermənistan “kifayət qədər dayanıqlıdır və bu vəziyyətin də öhdəsindən gələcək”.
Aşağıda brifinqdə bu mövzu ilə bağlı səsləndirilən əsas fikirlər təqdim olunur.
- Real risklər, yoxsa boş hədələr? Medvedevin Ermənistanın “ukraynalaşdırılması” ilə bağlı bəyanatına reaksiya
- Ermənistanda Rusiyaya ixrac məhdudiyyətlərinə necə reaksiya verirlər: fermerlərin fikirləri, statistik məlumatlar
- Rusiya məhdudiyyətlərindən sonra Ermənistan malları hara ixrac olunur?
“Yaşayarıq, görərik”: Avrasiya Hökumətlərarası Şurasının hesabatı haqqında
Ermənistanlı jurnalistlər Avrasiya Hökumətlərarası Şurasının ekspertlərinin proqnozlaşdırdığı kimi, Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə iqtisadiyyatın fəlakətli dərəcədə geriləməsi ehtimalı barədə Paşinyanın fikrini öyrənmək istəyiblər.
“Yaşayarıq, görərik. Bizim əsas prioritetimiz Ermənistanın davamlı inkişafı, müstəqilliyimizin və suverenliyimizin qorunması, əlaqələrimizin şaxələndirilməsidir. Biz bu yolla gedəcəyik”, – deyə baş nazir cavab verib.
Onun fikrincə, həm Ermənistanda, həm də ölkə xaricində yaranmış vəziyyətdən, Ermənistan-Rusiya münasibətlərindəki problemlərdən istifadə edərək ölkədə siyasi qeyri-sabitlik yaratmağa, eləcə də dövlətin müstəqilliyini faktiki olaraq aradan qaldırmağa çalışan qüvvələr var.
Baş nazir hansı qüvvələri nəzərdə tutduğunu dəqiqləşdirməyib. Lakin qeyd edib ki, son üç ildə buna bir neçə dəfə cəhd göstərilib. O, ilk növbədə, 2023-cü ildə Qarabağda baş verən hadisələri, xüsusilə də Rusiya sülhməramlılarının iştirakı şəraitində bütün erməni əhalisinin öz doğma yurdlarını tərk etməsini xatırladıb.
“Məqsəd insan axınını Ermənistana yönəltmək idi. Paralel olaraq, məlum dairələrdən siyasi hakimiyyətin dəyişdirilməsi ilə bağlı çağırışlar səslənirdi”, – deyə o bildirib.
Paşinyan ikinci cəhdin 2026-cı il parlament seçkiləri zamanı baş verdiyini düşünür. Görünür, o, bu halda Ermənistana qarşı hibrid hücumları, Rusiyada yaşayan ermənilərin seçkilərdə Rusiyayönlü qüvvələrə səs verməsi üçün ölkəyə gətirilməsi cəhdlərini nəzərdə tutur.
“Hazırda üçüncü cəhdə hazırlıq gedir. Bu, indi geniş müzakirə olunan hansısa “gizli plan”ın bir hissəsidir”, – deyə o bildirib.
Son vaxtlar Ermənistanda hakimiyyətin dəyişdirilməsinə dair “gizli plan” haqqında Rusiyayönlü müxalif “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan açıq danışır. O, müxalifətin seçkilərdə məğlubiyyətdən sonra hakimiyyəti devirmək üçün hansı addımları atmaq niyyətində olduğu barədə sualı bu şəkildə cavablandırır.
Baş nazirin qiymətləndirməsinə görə, mübarizənin iqtisadi deyil, siyasi tərəfi ön plandadır:
“Məqsəd Ermənistanda daxili siyasi qeyri-sabitlik yaratmaqdır. Bunun nəticəsində Ermənistan dövləti üzərində nəzarəti ələ keçirmək niyyətindədirlər. Yəni söhbət Ermənistanı müstəqilliyindən məhrum etməkdən gedir. Əvvəlcə faktiki, daha sonra isə hüquqi baxımdan”.
O, əlavə edib ki, son onilliklərdə baş verən hadisələr də məhz bu məqsədə nail olmağa yönəlib.
“Apokalipsis olmayacaq”: Rusiya qazının qiymətinin artırılması haqqında
Paşinyan qazın qiymətinin artmayacağına dair heç bir zəmanətin olmadığını vurğulayıb. Bununla yanaşı, son səkkiz ildə qazın qiymətinin ən azı iki dəfə artırıldığını bildirib:
“Qazın qiyməti əvvəllər də artıb. Sadəcə, sizin bundan xəbəriniz olmayıb. Qiymət 2019-cu ildə, daha sonra isə dəqiq xatırlamıram, 2022-ci, yoxsa 2023-cü ildə artırılıb. Məsələ burasındadır ki, Ermənistanda çalışan, əlavə dəyər yaradan və qanunla müəyyən edilmiş vergiləri ödəyən vətəndaşların sayəsində Ermənistan hökuməti bu artımın əhali tərəfindən hiss olunmamasını təmin edə bilib”.
Bununla belə, baş nazir əmindir ki, Aİİ nümayəndələrinin xəbərdarlıq etdiyi kimi, qazın qiyməti hətta 69 faiz artsa belə, Ermənistan iqtisadiyyatını “apokalipsis” gözləmir:
“Apokalipsisdən danışanlar sadəcə olaraq iqtisadiyyatdan baş çıxarmırlar. Bunu açıq şəkildə bəyan edirəm”.
Baş nazirin qeyd etdiyi kimi, 2018, 2019 və 2020-ci illərdə də “apokalipsis proqnozlaşdırılırdı”. Lakin Paşinyanın sözlərinə görə, bütün bu illər ərzində Ermənistan iqtisadiyyatı, əksinə, artım nümayiş etdirib.
“Tarixdən heç nəyi silmək mümkün deyil”: Rusiya ilə münasibətlər haqqında
Putinlə ünsiyyətindən və Ermənistan-Rusiya münasibətlərindən danışan Paşinyan bu münasibətlərin həmişə müsbət olduğunu və bundan sonra da belə qalacağını vurğulayıb. Bununla yanaşı, bildirib ki, bu, Ermənistanın tarixindən 2020, 2021 və 2023-cü illərdə baş verən hadisələri sadəcə silməyin mümkün olduğu anlamına gəlmir:
“Bu o demək deyil ki, pulunu ödədiyimiz, lakin bizə çatdırılmayan silahlarla bağlı fakt tariximizdən yox olacaq və ya 2022-ci ilin sentyabrı tarixdən silinəcək. 2022-ci ilin sentyabrında (Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə daxil olduğu vaxt) KTMT Ermənistan qarşısında müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədi. Bu isə son dərəcə ciddi nəticələrə səbəb oldu”.
Baş nazirin gəldiyi nəticə birmənalıdır: silah, qaz və hətta ərik tədarükündə bir ölkədən asılılıq dövlət üçün təhlükə yaradır:
“Bu təhlükəni aradan qaldırmaq üçün çalışmaq lazımdır. Biz Ermənistanın müstəqillik səviyyəsini artırırıq. Bunu qəsdən edirikmi? Belə deyək, bəli. Biz məqsədyönlü şəkildə, hətta demək olar ki, inadla Ermənistan Respublikasının müstəqilliyini və suverenliyini gücləndiririk”.
Paşinyan bu mövzudakı çıxışını “mövcud vəziyyətin çoxlarının düşündüyündən daha ciddi olduğunu” bildirməklə yekunlaşdırıb. Onun sözlərinə görə, təhlükə altında olan Ermənistanın müstəqilliyi və dövlətçiliyidir.
“Biz tarixdən dərs çıxarmalıyıq”, – deyə o əlavə edib.
Paşinyan: Ermənistanda sabitliyin pozmağa çalışırlar