Trampın kürəkəninin gizli maliyyə əlaqələri: Azərbaycan bankından 750 milyon dollar köçürülüb
Kuşnerin Azərbaycan bankı ilə əlaqələri
ABŞ prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin çıxış imkanı olduğu iddia edilən gizli bank hesabına yüz milyonlarla dolların Azərbaycan üzərindən köçürüldüyü barədə məlumat yayılıb.
“Vanity Fair” jurnalında dərc olunan araşdırmaya görə, Niderland kəşfiyyatı Kuşnerin telefonunu izləyərkən Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bir hesaba Azərbaycan bankından böyük məbləğdə vəsait göndərildiyini müəyyənləşdirib.
Bu barədə amerikalı araşdırmaçı jurnalist Metyu Koulun 22 oktyabrda yayılan materialında məlumat verilib. Yazı müəllifin “Princes and Thieves” (“Şahzadələr və oğrular”) adlı yeni kitabından bir hissədir.
Araşdırmada söhbət təxminən 750 milyon dollarlıq bir hesabdan və Azərbaycan vasitəsilə İsrailə göndərildiyi iddia olunan əlavə 1 milyard dollardan gedir. Müəllif bu maliyyə əməliyyatlarını ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail arasında aparılan qeyri-rəsmi diplomatik danışıqlarla əlaqələndirir.
Lakin vəsaitin Azərbaycan dövlətinə məxsus olduğuna, yaxud Azərbaycan hakimiyyətinin bu əməliyyatları təşkil etdiyinə dair sübut təqdim olunmayıb. Pul köçürmələrinin həyata keçirildiyi iddia edilən Azərbaycan bankının adı da açıqlanmayıb.
Niderland kəşfiyyatı Kuşnerin telefonuna necə daxil olub?
Metyu Koulun araşdırmasına əsasən, Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) 2017-ci ilin sonlarında Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli kibercinayətkarın vasitəsilə Kuşnerin telefonundan əldə edilmiş məlumatlara çıxış qazanıb.
Niderland kəşfiyyatçıları əvvəlcə Rusiya hərbi kəşfiyyatının serverlərində Kuşnerin iPhone telefonunun ekran görüntülərini aşkarlayıblar. Daha sonra həmin texniki zəiflikdən istifadə edərək 2018-ci ilin əvvəllərində onun telefonunun ekranını izləməyə nail olublar.
Kəşfiyyatçıların diqqətini Kuşnerin BƏƏ-dəki bank hesabına daxil olması çəkib. Araşdırmaya görə, həmin hesab daha əvvəl Azərbaycan bankından yüz milyonlarla dollar qəbul edib.
Niderland kəşfiyyatı ilkin mərhələdə köçürməni həyata keçirən bank hesabının Azərbaycan hökuməti ilə əlaqəli ola biləcəyini ehtimal edib. Bununla belə, materialda belə bir əlaqəni təsdiqləyən bank sənədləri açıqlanmayıb.
750 milyon dollar və Azərbaycan bankının mümkün vasitəçi rolu
Araşdırmada şərti olaraq “Alpha” adlandırılan hesab BƏƏ-nin ən böyük maliyyə qurumlarından biri olan “First Abu Dhabi Bank”da yerləşib.
Müəllifin məlumatına görə, 2017-ci ildən başlayaraq Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyi bu hesaba təxminən 750 milyon dollar yönəldib. Vəsaitin qeyri-rəsmi xarici siyasət təşəbbüslərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu iddia olunur.
Hesabın hüquqi sahibi Kuşner olmayıb. O, BƏƏ hökumətinin maliyyələşdirdiyi “Watani Al Emarat” xeyriyyə təşkilatına məxsus olub. Lakin araşdırmada Kuşnerin həmin hesab üzrə səlahiyyətli imza sahibi olduğu, yəni müəyyən bank əməliyyatlarını həyata keçirmək imkanına malik olduğu bildirilir.
Materialın Azərbaycanla bağlı ən diqqətçəkən hissəsi məhz pulun hərəkət mexanizmidir.
Koulun yazdığına görə, Niderland kəşfiyyatının izlədiyi hesab üzrə vəsaitin hamısı Azərbaycan bankından ABŞ dolları ilə göndərilib.
Müəllif iddia edir ki, bəzi Azərbaycan bankları Səudiyyə Ərəbistanı rialı və BƏƏ dirhəmi ilə daxil olan böyük məbləğləri 6-7 faiz komissiya müqabilində dollar ekvivalentində xaricə köçürmək üçün vasitəçilik ediblər.
Təsvir olunan mexanizmə əsasən, müştəri vəsaiti Azərbaycan bankına yerli valyutada göndərib, bank isə başqa daxili hesabdan istifadə etməklə müvafiq dollar məbləğini xaricdəki alıcıya köçürüb. Müəllif belə əməliyyatların pulun ilkin mənbəyini müəyyənləşdirməyi çətinləşdirə bildiyini qeyd edir.
İsrailə göndərildiyi iddia olunan əlavə 1 milyard dollar
Araşdırmada Azərbaycan üzərindən aparıldığı bildirilən ikinci böyük maliyyə əməliyyatından da bəhs olunur.
Müəllifin mənbələrinə görə, BƏƏ rəhbəri Məhəmməd bin Zayed 2018-ci ilin yazına qədər Kuşner üçün nəzərdə tutulduğu iddia edilən təxminən 1 milyard dolları Azərbaycan vasitəsilə İsrailə göndərib.
Koulun “Beta” adlandırdığı ikinci hesabın İsrail Mərkəzi Bankında yerləşdiyi bildirilir.
Məqalədə İsrailin Baş naziri Benyamin Netanyahunun bu hesabdan mümkün köçürmələr barədə məlumatlandırılmalı olduğu iddia edilir. Bunun üçün Kuşnerlə Netanyahu arasında ABŞ-nin İsraildəki keçmiş səfiri Devid Fridmanın vasitəçilik etdiyi bildirilir.
Fridman iddiaları qəti şəkildə rədd edib. Kuşnerin vəkili də müştərisinin sözügedən hesablardan xəbərsiz olduğunu, belə hesablarla heç bir əlaqəsinin olmadığını və qanunları pozmadığını bildirib.
Kuşnerin maliyyə münasibətləri daha əvvəl də araşdırılıb
Yeni iddialar Kuşnerin Körfəz ölkələri ilə kommersiya əlaqələrinin ABŞ-də müzakirə olunduğu bir dövrə təsadüf edib.
2026-cı ilin martında ABŞ senatoru Ron Uayden və Nümayəndələr Palatasının üzvü Robert Qarsiya Kuşnerin diplomatik fəaliyyətini davam etdirərkən xarici dövlətlərdən öz investisiya şirkəti üçün vəsait cəlb etməsi ilə bağlı araşdırma başladıb.
Konqres üzvləri Kuşnerin rəhbərlik etdiyi “Affinity Partners” şirkətinin Yaxın Şərq dövlətlərindən aldığı investisiyaların onun ABŞ xarici siyasətindəki roluna mümkün təsirinin araşdırılmasını tələb ediblər.
“The New Yorker” jurnalının sentyabrda yayımladığı araşdırmada isə Səudiyyə Ərəbistanının dövlət investisiya fondunun Kuşnerin şirkətinə 2021-ci ildə 2 milyard dollar ayırdığı göstərilib. BƏƏ və Qətər də həmin şirkətə investisiya yatırıb.
Bu, “Vanity Fair”in haqqında yazdığı, 2017-2018-ci illərə aid olduğu iddia edilən gizli bank əməliyyatlarından ayrı maliyyə münasibətləridir.
Bu il oktyabrın 1-də CNN də Kuşnerin şirkətinin İsrailin “Phoenix Financial” maliyyə qurumuna investisiyaları barədə araşdırma yayımlayıb. CNN-in təhlilinə görə, “Phoenix Financial” İsrail ordusuna avadanlıq tədarük edən ən azı doqquz şirkətə sərmayə yatırıb.
CNN Kuşnerin diplomatik qərarlarının bu investisiyalara birbaşa təsir etdiyini göstərən sübut tapmadığını bildirib. Kuşnerin vəkili də onun həmin şirkətlərin investisiya qərarlarında iştirak etmədiyini açıqlayıb.
Kuşner oktyabrın 8-də öz internet saytında “The New Yorker”in daha əvvəlki məqaləsinə geniş cavab verərək diplomatik fəaliyyətindən şəxsi maliyyə qazancı üçün istifadə etməsi barədə ittihamları rədd edib.
Azərbaycan bankları daha əvvəl hansı araşdırmalarda hallanıb?
Azərbaycanın beynəlxalq maliyyə əməliyyatlarında rolu əvvəllər də jurnalist araşdırmalarının mövzusu olub.
2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) və tərəfdaşları “Azərbaycan pulyuyan maşını” adlı geniş araşdırma dərc ediblər.
Araşdırma 2012-2014-cü illər ərzində müxtəlif şirkətlər və bank hesabları vasitəsilə təxminən 2,9 milyard dolların hərəkətini sənədləşdirib.
OCCRP-nin məlumatına görə, həmin vəsaitin təxminən 1,4 milyard dolları Azərbaycan Beynəlxalq Bankında hesabı olan “Baktelekom” MMC adlı şirkət vasitəsilə köçürülüb.
Bu araşdırma Azərbaycanla əlaqəli maliyyə şəbəkələrinin beynəlxalq əməliyyatlarda rolunu göstərsə də, həmin sxemlə Kuşnerin yeni açıqlanan hesabları arasında təsdiqlənmiş əlaqə yoxdur.
Digər tərəfdən, Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə MONEYVAL Komitəsi 2026-cı ilin yanvarında Azərbaycanın bu sahədə irəliləyiş əldə etdiyini açıqlayıb.
Komitə maliyyə köçürmələrinə nəzarət, hüquqi şəxslərin faktiki sahiblərinin müəyyənləşdirilməsi və bank nəzarəti daxil olmaqla yeddi istiqamətdə Azərbaycanın uyğunluq qiymətləndirməsini yüksəldib. Bununla belə, ölkə gücləndirilmiş monitorinq altında saxlanılıb.
Kuşnerin Azərbaycan bankı ilə əlaqələri