Azərbaycanda bütün QHT-lər yenidən qeydiyyatdan keçməli olacaq: hansı yeni qaydalar gözlənilir?
QHT-lərin yenidən qeydiyyatı
Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları (QHT), həmçinin xarici QHT-lərin filial və nümayəndəlikləri yenidən dövlət qeydiyyatından keçməli olacaq. Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulur. Layihə Milli Məclisin 17 və 18 noyabr iclaslarının gündəliyinə daxil edilib.
Qanun qüvvəyə minəndən sonra təşkilatların nizamnamələrini yeni tələblərə uyğunlaşdırıb müraciət etmək üçün cəmi 30 günü olacaq. Müraciət etməyən və ya qeydiyyatdan imtina alan təşkilatın fəaliyyəti dayandırılacaq, sonra isə onun ləğvi üçün məhkəməyə müraciət ediləcək.
Azərbaycanda QHT qanunvericiliyi son on ildə dəfələrlə sərtləşdirilib.
Bəs, yenidən qeydiyyat təşkilatlar üçün nəyi dəyişir və onların taleyini kim həll edəcək?
Layihədə nə var?
Yenidən qeydiyyat. Qanun qüvvəyə minənədək qeydiyyatdan keçmiş yerli QHT-lər 30 gün ərzində “müvafiq icra hakimiyyəti orqanına” müraciət etməlidir. Sazişinin müddəti bitmiş və ya sazişi olmayan xarici QHT filialları da eyni müddətdə saziş bağlamalı və ya onu uzatmalıdır.
Yeni nizamnamə tələbləri. Nizamnamədə daxili maliyyə nəzarəti qaydaları, nəzarət orqanları və terrorçuluğun maliyyələşdirilməsi riskini azaltmaq üçün tədbirlər yazılmalıdır. QHT-lərin növləri müəyyən ediləcək və hər təşkilat yalnız bir növdə yaradıla biləcək.
Fondlar üçün kapital on dəfə artır. Hazırda fondun nizamnamə kapitalı ən azı 10 min manat olmalıdır. Layihəyə görə, bu məbləğ 100 min manata qaldırılır.
Məhkəməsiz dayandırma. Layihədə ən çox diqqət çəkən dəyişiklik budur. Hazırkı qanuna görə, QHT-nin fəaliyyətini məhkəmə dayandırır. Layihəyə görə isə icra hakimiyyəti orqanı bunu məhkəməyə getmədən, bir ilədək müddətə edə biləcək. Bunun üçün əsaslar bunlardır:
- təşkilat fəaliyyətində şəffaflığı təmin etmir;
- korrupsiyaya, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tələbləri yerinə yetirmir;
- rəhbərin səlahiyyət müddəti bitəndən sonra üç ay ərzində reyestrdə dəyişiklik etmir;
- xarici QHT filialının sazişinin müddəti bitib.
Ləğv üçün yeni əsaslar. İndi məhkəmə QHT-ni əsasən bir il ərzində ikidən çox yazılı xəbərdarlıqdan sonra ləğv edə bilir. Layihə buna yeni əsaslar əlavə edir: “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” yaratmaq, üç il ardıcıl ümumi yığıncaq çağırmamaq, üç ildən çox fəaliyyət göstərməmək, nizamnamədəki məqsədlərə uyğun işləməmək.
“Şəffaflıq” və “təhdid”i kim müəyyən edəcək?
Layihədə “şəffaflığı təmin etməmək” və “dövlətin maraqlarına təhdid” kimi geniş ifadələr var. Onların konkret meyarları açıqlanmayıb. Əvvəllər məhkəmənin verdiyi qərarı layihə qəbul olunsa, təşkilatları qeydiyyata alan və onlara nəzarət edən icra orqanının özü verə biləcək.
“Müsavat” qəzetinə danışan hüquqşünas Nərmin Əhmədli 30 günlük müddətin bir çox QHT üçün kifayət etmədiyini deyib. Onun fikrincə, nizamnaməni yeniləmək daxili maliyyə nəzarəti qaydalarının hazırlanmasını tələb edir, bu da vaxt aparır. Hüquqşünas Bəxtiyar Hacıyev isə tələbin qanun qüvvəyə minənədək qeydiyyatdan keçmiş bütün ictimai birliklərə və fondlara aid olduğunu xatırladıb.
Fondlar üçün kapitalın 100 min manata qaldırılması kiçik təşəbbüslərin fond kimi qeydiyyatdan keçməsini praktiki olaraq çətinləşdirir. Müqayisə üçün: bu məbləğ ölkədə orta aylıq əməkhaqqının təxminən 85 mislinə bərabərdir.
Əvvəlki sərtləşmələr
Bu, QHT qanunvericiliyinin ilk sərtləşdirilməsi deyil. 2014-cü ilin fevralında prezident İlham Əliyev 50-yə yaxın dəyişikliyi imzalamışdı. Onlarla qeydiyyatdan keçməmiş qrant müqavilələri üzrə bank əməliyyatları qadağan edilmiş, xarici QHT filiallarına rəhbərliyin Azərbaycan vətəndaşı olması tələbi qoyulmuş, cərimələr artırılmışdı. O vaxt QHT Forumunun sədri Qubad İbadoğlu dəyişikliklərin vətəndaş cəmiyyətinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracağını demişdi. ABŞ, Aİ və Britaniya diplomatları da narahatlıq bildirmişdi.
2025-ci ilin iyulunda isə xarici maliyyə hesabına göstərilən xidmətlərə dair müqavilələrin qeydiyyatı ilə bağlı yeni tələblər və cərimələr qəbul edilib. “Human Rights Watch” insan haqları təşkilatı 2024-cü il hesabatında hökuməti QHT qanununu Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə uyğun yenidən işləməyə çağırmışdı.
“Qrant işi” fonunda
Layihə QHT-lərə qarşı cinayət işinin davam etdiyi dövrə təsadüf edir. Baş Prokurorluq 2014-cü ildə açılan və 2022-ci ildə dayandırılan “qrant işi”ni 2025-ci ilin fevralında yenidən başladıb. “Amnesty International” insan haqları təşkilatına görə, o vaxtdan bəri ən azı 50 vətəndaş cəmiyyəti nümayəndəsi şahid və ya şübhəli kimi dindirilib.
Gəncə Regional İctimai Mərkəzinin rəhbəri Asəf Əhmədov 8 il, “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüsünün rəhbəri Zamin Zəkiyev 7 il 3 ay həbs cəzası alıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı üçün prokuror 9 il həbs istəyib, onun işi üzrə növbəti məhkəmə iclası noyabrın 19-dadır. Təqsirləndirilənlər ittihamları rədd edir və fəaliyyətlərinin qanuni olduğunu deyirlər.
Layihənin müəllifi və qeydiyyatı hansı icra orqanının aparacağı hələlik açıqlanmayıb. Rəsmi qurumlar dəyişikliklərin məqsədi barədə hələlik açıqlama verməyib.
QHT-lərin yenidən qeydiyyatı