Məhbus əvəzində sanksiya güzəşti: Usmanov siyahıdan çıxarıldı, Əliyev Fransa vətəndaşını əfv etdi
Əliyev Fransa vətəndaşını əfv etdi
İlham Əliyev sentyabrın 23-də casusluğa görə 10 il həbsə məhkum edilmiş Fransa vətəndaşı Martin Ryanı əfv edib.
Bir gün əvvəl Avropa İttifaqı Fransanın təkidi ilə rusiyalı-özbəkistanlı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasına razılaşıb. “Financial Times”ın diplomatik mənbələrə əsaslanan məlumatına görə, bu iki qərar Bakı ilə Paris arasında məhbusların azad edilməsinə dair sövdələşmənin hissələridir.
İllərlə Ermənistan, Qarabağ və Fransanın dənizaşırı əraziləri üzərindən qarşıdurma yaşayan iki paytaxt konkret maraqlar ətrafında razılığa gəlib: Paris vətəndaşının azadlığına nail olur, Bakı isə müdafiə etdiyi milyarderin üzərindən Avropa sanksiyalarının götürülməsini əldə edir.
Onillik həbsdən əfvə
Əfv sərəncamında adı Ryan Martin Riçard kimi göstərilən Fransa vətəndaşı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, 2023-cü il dekabrın 4-də saxlanılmış, 2026-cı il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 il həbsə məhkum olunmuşdu.
“Merkorama” şirkətinin rəhbəri Ryan Azərbaycan tərəfinin ittihamına görə, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi üçün hərbi və digər məlumatlar toplamalı idi. Paris bu ittihamları rədd edib. Fransa Xarici İşlər Nazirliyi iyulun 30-da apellyasiya instansiyasının hökmü qüvvədə saxlamasını pisləyərək məhkumluğu özbaşına qərar adlandırmış və onun dərhal azad edilməsini istəmişdi.
Beləliklə, iyulda məhkəmənin qüvvədə saxladığı onillik cəzanın icrası sentyabrda prezidentin siyasi qərarı ilə dayandırılıb. Ryanın taleyində həlledici dönüş məhkəmə prosesində deyil, sanksiyalar üzrə diplomatik danışıqlarda baş verib.
Paris Usmanov üçün nə etdi?
“Financial Times” sentyabrın 14-də yazmışdı ki, Fransa Azərbaycanda saxlanılan vətəndaşlarının azad edilməsi müqabilində Usmanovun siyahıdan çıxarılması üçün Aİ daxilində çalışır. Paris və Bratislava onun sanksiyalardan kənarda saxlanılmasını tələb edərək məhdudiyyətlərin 12 aylıq uzadılmasına veto qoymuşdu. Danışıqlar üçün əvvəlcə birhəftəlik möhlət əldə edilmişdi.
Sentyabrın 22-də kompromis qəbul olundu: Usmanovla yanaşı Mixail Fridman da siyahıdan çıxarıldı, qalan fərdi sanksiyalar isə əvvəlki altıaylıq dövr əvəzinə 36 ay uzadıldı. Usmanov üçün qərar aktivlərin dondurulması və Aİ-yə səfər qadağasının götürülməsi deməkdir.
Bu mexanizm Bakının tələbini Avropa siyasətinə daşımağa imkan verdi. Aİ üzvü olmayan Azərbaycan sanksiya qərarına səs verə bilməzdi. Fransanın öz vətəndaşlarını geri qaytarmaq marağı isə Parisin həmin güzəşti ittifaq daxilində müdafiə etməsinə şərait yaratdı.
Usmanov Bakı üçün niyə əhəmiyyətlidir?
Usmanovun müdafiəsi Azərbaycanın son günlərdə başladığı təşəbbüs deyil.
Sentyabrın 18-də “Reuters”ə danışan yüksəkvəzifəli Azərbaycan diplomatı Bakının digər Türk Dövlətləri Təşkilatı üzvləri ilə birlikdə 2023-cü ilin noyabrından 2025-ci ilin martınadək ABŞ və Avropa liderlərinə onun lehinə məktublar göndərdiyini bildirib. Diplomat Usmanovu Qərblə Mərkəzi Asiya və türk dünyası arasında əlaqələrə töhfə verən xeyriyyəçi kimi təqdim edib.
Həmin diplomat Fransaya təzyiq göstərilməsi barədə xəbərləri rədd edib. Fransa XİN-in sözçüsü isə məsələnin milli təhlükəsizliklə bağlı olduğunu deyərək detalları açıqlamayıb.
“Euronews” sentyabrın 21-də razılaşmada Özbəkistanın da rolunu göstərmiş, Usmanovun siyahıdan çıxarılması qarşılığında Azərbaycandakı iki Fransa vətəndaşının azad ediləcəyini və Əliyevin əfv verəcəyini yazmışdı. Ertəsi gün sanksiya qərarı, daha sonra Ryanın əfvi həmin xəbərdə təsvir edilən ardıcıllıqla baş verdi.
Qarabağdan Yeni Kaledoniyaya uzanan qarşıdurma
Bu anlaşmanın siyasi çəkisi Bakı-Paris münasibətlərinin son illərdəki fonunda daha aydın görünür. Fransa Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını tənqid edir, Ermənistanla müdafiə əməkdaşlığını genişləndirirdi. Bakı isə Parisin İrəvana hərbi dəstəyini regiondakı qüvvələr nisbətinə müdaxilə kimi təqdim edirdi.
Azərbaycan qarşıdurmanı Fransanın özünün həssas olduğu ərazilərə də daşıdı. 2023-cü ildə yaradılan Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya, Fransa Polineziyası, Martinika və digər ərazilərin müstəqillik tərəfdarlarını bir araya gətirən tədbirlər təşkil etdi. Azərbaycanın siyasi qurumları ilə bu hərəkatlar arasında əlaqələr quruldu.
2024-cü ilin mayında Yeni Kaledoniyada iğtişaşlar başlayanda Fransa Bakını müdaxilədə ittiham etdi; Azərbaycan bunu rədd etdi. Yerli böhranın kökündə seçki qaydalarının dəyişdirilməsi və yerli kanak əhalisinin siyasi təsirini itirmək qorxusu dayanırdı. Bununla belə, böhran Bakı ilə Parisin qarşılıqlı ittihamları üçün yeni meydana çevrildi.
İndiki sövdələşmə həmin ziddiyyətlərin həllindən daha çox, tərəflərin onları kənara qoyaraq konkret nəticə almaq istəyini göstərir. Paris üçün vətəndaşının azadlığı, Bakı üçün isə uzun müddətdir dəstəklədiyi Usmanovla bağlı qərar prioritetə çevrildi.
Güzəştin Avropa üçün qiyməti
Razılaşmanın siyasi xərcini yalnız Fransa daşımır. Ukrayna rəhbərliyi oliqarxların siyahıdan çıxarılmasına etiraz edib. Aİ daxilində də milli maraqlar naminə ümumi sanksiya siyasətindən istisnalar yaradılmasının təhlükəli presedent olması barədə narahatlıq yaranıb.
Hadisələrin siyasi nəticəsi budur: Bakıdakı məhbusun azadlığı Rusiyaya qarşı Avropa sanksiyalarının müzakirə predmetinə çevrildi. Fransa öz vətəndaşı üçün nəticə əldə etdi, Azərbaycan isə Aİ-nin ən nüfuzlu üzvlərindən birini dəstəklədiyi milyarderin müdafiəsinə cəlb etdi. Bu, münasibətlərdə etimadın bərpasından çox, qarşılıqlı təzyiqin konkret güzəştlərə çevrildiyi diplomatiyadır.
Əliyev Fransa vətəndaşını əfv etdi