İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Avropa, ABŞ, Fransa, Rusiya və regional məsələlərə dair bəyanatlar səsləndirib
İlham Əliyev Şuşa Forumu
Prezident İlham Əliyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusundakı IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib.
O, Azərbaycanın Avropa Şurasından tam çıxmağı nəzərdən keçirdiyini, ABŞ ilə münasibətlərin pik səviyyədə olduğunu və 907-ci düzəlişin ləğv olunmalı olduğunu bəyan edib.
Dövlət başçısı həmçinin Avropaya qaz təchizatının artırılması, Fransa ilə münasibətlər, Rusiya ilə normallaşmış əlaqələr və Cənubi Qafqazın geosiyasi rəqabətdən azad sülh regionuna çevrilməsi zərurəti barədə də vacib mövqelər səsləndirib.
“AŞPA-dan getməyi nəzərdən keçiririk”
Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir. O, bu barədə ətraflı izah verib:
“Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Mən vaxtilə, 2001-ci ildə ölkə parlamentinin üzvü olanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edirdim. İki il orada çalışdım, həmin illər ərzində 4 sessiya keçirildi. Bu mənim üçün xoşagəlməz hadisə idi.
Biz 2023-cü ildə öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər.
2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altında qoydular və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi, əks təqdirdə daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi”.
İlham Əliyev əlavə edib ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir:
“Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq, həmin təsisatdan getməyimizi nəzərdən keçiririk.
Avropa Şurasının Baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq.
Həmin parlamentdə Azərbaycanın ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirilir. Bu da tamamilə qəbuledilməzdir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tam şəkildə Avropa Şurasından çıxsa, ölkədə heç kəs bunu hiss etməyəcək və bəlkə də daha yaxşı olacaq.
O, həmçinin Avropa İttifaqının (Aİ) sabiq Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətlərinin yaxşılaşmağa başladığını vurğulayıb. Prezident qeyd edib ki, Borrelin dövründə münasibətlər demək olar ki, tam uçuruma gedirdi, amma indi vəziyyət dəyişib:
“O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Biz xüsusilə qarşılıqlı şəkildə münasibətlərin yenidən başlanmasına böyük bir ehtiyac olduğunu gördük.
Bu ilin bir neçə ay ərzində Brüsseldən Azərbaycana bir sıra səfərlər həyata keçirildi. Martda Aİ Şurasının sədri Antonio Koşta gəldi, daha sonra Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, iyulda isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gəldi. Onların ictimai şərhlərində və mənim bəyanatlarımda da görə bilərsiniz ki, hər iki tərəf əməkdaşlıq səviyyəsindən razıdır”.
Prezident İlham Əliyev Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqların getdiyini də bildirib. O deyib:
“Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq.
Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı müraciətlər var”.
ABŞ ilə münasibətlər və 907-ci düzəliş
Prezident İlham Əliyev Azərbaycanın ABŞ-dən maliyyə yardımı və digər dəstək almasını qadağan edən 907-ci düzəlişin ermənipərəst senatorlar tərəfindən irəli sürülmüş olduğunu deyib. O bildirib ki, bu ədalətsiz addım idi və Bayden də onlardan biri olub:
“Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi”.
İlham Əliyev əlavə edib ki, 907-ci düzəliş artıq tamamilə köhnəlib və ləğv edilməlidir:
“Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb…
Əfsuslar olsun ki, Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı, həm də Azərbaycan üçün faydalı olacaq”.
Prezident Azərbaycan-ABŞ münasibətlərinin hazırda pik səviyyədə olduğunu vurğulayıb. O, Donald Trampı sülhsevər və sülhü gətirə biləcək insan kimi xarakterizə edib və qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Bütün məhdudiyyətlər aradan qaldırılıb və bu, ikitərəfli münasibətlərin ruhunu əks etdirir.
Fransa ilə münasibətlər və kolonial siyasət
Prezident İlham Əliyev kolonial siyasətin tənqidinin Azərbaycanın Fransa ilə ikitərəfli münasibətlərinə aidiyyatı olmadığını bəyan edib:
“Bunun bizim Fransa ilə ikitərəfli münasibətlərimizə heç bir aidiyyatı yoxdur. Ümid edirəm ki, mənim mesajım düzgün qəbul ediləcək və Parisdə də bu eşidiləcək. Çünki bu gün biz Fransa ilə münasibətlərimizin normallaşmasına çalışırıq.
Onlar bizi tənqid edir, biz onları tənqid edirik. Bu hücum deyil, bu işçi münasibətlərdir. İki suveren ölkə arasında. Hər iki ölkə bərabərdir”.
Rusiya və Ukrayna məsələləri
Prezident İlham Əliyev Azərbaycan və Rusiya münasibətlərinin normallaşdığını və müsbət dinamikaya malik olduğunu söyləyib:
“Mən deyərdim ki, münasibətlər tamamilə normallaşıb. Təmaslar müxtəlif səviyyələrdə həyata keçirilir: hökumətlər arasında, hökumətlərarası komissiyaların həmsədrləri xətti ilə, Xarici İşlər nazirlikləri xətti ilə, eləcə də prezidentlərin administrasiyaları tərəfindən. Buna görə də, düşünürəm ki, bu baxımdan hər şey yaxşı gedir və biz buna şadıq”.
Prezident Azərbaycanın hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və dəstəkləyəcəyini bəyan edib. O, Ukraynaya verdiyi tövsiyəni təsdiqləyib və humanist mövqeyini ifadə edib.
Dövlət başçısı Azərbaycanın təcrübəsini misal çəkərək qeyd edib ki, xalqın iradəsini sındırmaq olmaz və Azərbaycan Ukraynaya səmimi şəkildə yardım edir.
Beynəlxalq əməkdaşlıq və Cənubi Qafqaz
Prezident İlham Əliyev Cənubi Qafqazın sülh regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olması lazım gəldiyini də deyib:
“Ən başlıcası, regionla əməkdaşlıq etmək istəyən hər kəs, ilk növbədə, ondan çıxış etməlidir ki, Cənubi Qafqaz sülh, qarşılıqlı fəaliyyət regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır”.
O, regionun son illərdə köklü şəkildə dəyişdiyini, İkinci Qarabağ müharibəsinin təkan verdiyini və yeni yanaşmaların lazım olduğunu vurğulayıb.
Prezident Azərbaycanın geosiyasi intriqalara cəlb olunmasına imkan vermədiyini və qonşuların da eyni şeyi etməli olduğunu bildirib.
İlham Əliyev Şuşa Forumu