Fransada yaşayan azərbaycanlı fəal: “Məni və Bakıda yaşayan atamı hədələyirlər”
Xaricdə yaşayan fəal təhdid edilib
Fransada yaşayan azərbaycanlı ictimai fəal Ramazan Tağıyev sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə aldığı təhdidlərin davam etdiyini, son mesajlarda Bakıda yaşayan atasının da hədəfə alındığını bildirib.
“Atamın Bakıda harada olduğunu bildiyini dedi”
Tağıyevin “Camnyus”a dediyinə görə, sentyabrın 3-də “Roma” ləqəbi ilə tanınan Rəşad adlı şəxs ona yenidən yazaraq döymək və öldürməklə hədələyib. Həmin şəxs hazırda Fransanın Tuluza şəhərində olduğunu və onu tapacağını bildirib.
Tağıyev deyir ki, bu dəfə təhdidlər onun Bakıda yaşayan atasına da yönəlib:
“Rəşad atamın Bakıda harada olduğunu bildiyini və onun tapılıb döyülməsini təmin edəcəyini yazdı. Atama qarşı yönəlmiş bu təhdid məni xüsusilə narahat edir. Bu, təhdidlərin artıq yalnız mənə deyil, ailə üzvlərimə də yayıldığını göstərir”.
Təhdidlər mart ayında başlayıb
İctimai fəalın sözlərinə görə, təhdidlər 2026-cı ilin martından, sosial media hesablarında Azərbaycan hökumətini, hökumət layihələrini və tanınmış ictimai şəxsləri tənqid edən paylaşımlarından sonra başlayıb.
Həmin dövrdə ona müxtəlif naməlum nömrələrdən zənglər edilib və təhdid mesajları göndərilib.
Tağıyev bildirir ki, vəziyyət may ayında adam öldürməkdə təqsirli bilindiyi üçün hazırda həbsdə olan azərbaycanlı meyxanaçı Rəşad Dağlı haqqında tənqidi paylaşımından sonra daha da gərginləşib.
Onun sözlərinə görə, Tuluzada yaşayan və kriminal mühitlə əlaqəli olduqlarını bildirdiyi şəxslər onu tapıb “cavabını verəcəkləri” ilə hədələyiblər.
Təhlükəsizliyindən narahat olan Tağıyev bundan sonra Tuluza şəhərini tərk edib.
Feysbuk hesabı kütləvi şikayətlərdən sonra bağlanıb
Tağıyevin sözlərinə görə, avqustda “Cavan TV” layihəsi və bloqerlər barədə silsilə paylaşımlarından sonra onun feysbuk profili kütləvi şəkildə şikayət edilib və nəticədə bağlanıb.
O, sosial media hesablarına qarşı hücumlarla aldığı təhdidlərin eyni dövrdə baş verməsini ictimai fəaliyyəti ilə əlaqələndirir.
“Cavan TV” nədir və Tağıyev onu niyə tənqid edib?
“Cavan TV” dövlət dəstəyi alan “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin gənc auditoriyaya yönəlmiş media layihəsidir. Hərəkatın ayrı-ayrı layihələri Azərbaycan Gənclər Fondu, eləcə də Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilir.
“Cavan TV” ictimai əhəmiyyətli hadisələri manipulyativ üsullarla təqdim etməsi ilə tanınır. Platforma əhəmiyyətli problemləri, məsələn, Bakının güclü yağışlardan sonra su altında qalması və geniş ictimai narazılıq yaradan digər hadisələr zamanı diqqəti dövlət qurumlarının məsuliyyətindən yayındıran, insanların qəzəbini yumşaldan və müzakirəni ikinci dərəcəli istiqamətlərə yönəldən məzmunlar hazırlayır və paylaşır.
Ramazan Tağıyevin “Cavan TV”nin fəaliyyətinə dair qiymətləndirməsi də bu qəbildəndir.
Kriminal əlaqələr barədə iddialar
Tağıyev onu təhdid edən Rəşad adlı şəxsin keçmişi və kriminal mühitlə mümkün əlaqələri barədə məlumatları onun özündən aldığını deyir.
Fəalın sözlərinə görə, həmin şəxs Fransada iki dəfə həbsdə olduğunu və kriminal çevrələrlə əlaqələrinin mövcudluğunu da özü deyib.
Tağıyev həmçinin iddia edir ki, Rəşad Fransada yaşayan azərbaycanlı bloqer Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunan bəzi şəxslərin onun evində qaldığını söyləyib.
Fəalın sözlərinə görə, Rəşad Almaniyada bir kişinin bıçaqlandığı hadisədən sonra Tuluzaya gəldiyini də ona özü bildirib və Tağıyevi “eyni aqibətlə” hədələyib.
Fransa polisinə müraciət edib
Ramazan Tağıyev təhdidlərlə əlaqədar Fransa polisinə müraciət etdiyini deyir. Onun sözlərinə görə, Fransa hüquq-mühafizə orqanları fakt üzrə araşdırmaya başlayıb və təhdid edən şəxsin yerini müəyyənləşdirib.
“Camnyus” Tağıyevin səsləndirdiyi iddiaları Fransa hüquq-mühafizə orqanlarından müstəqil şəkildə təsdiqləyə bilməyib. Barəsində iddialar səsləndirilən şəxsin mövqeyi də məlum deyil.
Xaricdə yaşayan fəal təhdid edilib