Bakıda itkin düşmüş şəxslərə dair konfrans: "Ermənistan Azərbaycanın DNT təklifinə cavab verməyib"
Qarabağ müharibəsində itkin düşənlər
Bakıda itkin düşmüş şəxslər məsələsinə dair beynəlxalq konfrans: Azərbaycan 2000-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını Ermənistana təhvil verib, Ermənistanla birgə məlumat bazası yaradılması təşəbbüsü irəli sürülüb.
İyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllinə müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycanın Dövlət Əsir, Girov və İtkin Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyası tərəfindən Beynəlxalq İtkin Düşmüş Şəxslər Komissiyası (ICMP) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Konfransda ICMP-nin baş direktoru Katrin Bomberger iştirak edərək, çıxış edib.
Bomberger Bakı ilə Yerevan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayıb və bu prosesin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın müvafiq qanunvericiliyin müasirləşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib.
Bomberger beynəlxalq hüquqa əsasən dövlətlərin itkin düşmüş şəxslərin taleyini araşdırmaq, ailələrin həqiqəti bilmək, ədalət və kompensasiya hüququnu təmin etmək öhdəliyini xatırladıb. O, ailələrin, xüsusilə qadın və uşaqların prosesdə fəal iştirakının vacibliyini qeyd edib və ICMP-nin Azərbaycanla Ermənistan arasında məsələnin həllinə vasitəçilik etməyə hazır olduğunu bildirib.
Ermənistanla əməkdaşlıq məsələsi
Konfrans çərçivəsində və sonrası verilən açıqlamalarda əhatəsində Azərbaycan rəsmiləri Ermənistanla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər, lakin qarşılıqlı addımların çatışmazlığına diqqət çəkiblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov Azərbaycanın “bütün dünya ilə əməkdaşlığa açıq” olduğunu və “erməni tərəfi ilə bu sahədə əməkdaşlığa hazır” olduğunu vurğulayıb. Eyni zamanda qeyd edib ki, Ermənistan hələ də əlavə məlumat təqdim etməyib.
Dövlət Komissiyasının İşçi qrupunun üzvü Ceyhun Rzayev bildirib ki, 2025-ci ilin fevralında erməni həmkarları ilə ilk görüş keçirilib:
“Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı müvafiq məlumatları qarşı tərəfə təqdim edib. Eyni zamanda, erməni əsilli itkin şəxslərin taleyinin aydınlaşdırılmasına kömək məqsədilə Azərbaycan onların ailə üzvlərindən götürülmüş DNT profillərinin Azərbaycana təqdim olunmasını təklif edib. Sonrakı dövrdə qarşı tərəflə əlaqələr onlayn və telefon vasitəsilə davam etdirilib.
Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı müvafiq siyahıları və məlumatları qarşı tərəfə təqdim edib. Qarşı tərəf təqdim olunan materialları araşdıracağını və Azərbaycan tərəfinə müvafiq məlumat verəcəyini bildirsə də, indiyədək hər hansı məlumat təqdim edilməyib”.
Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov isə 2027-ci ildə ixtisaslaşmış yeraltı radar müşahidə sistemlərinin alınmasının planlaşdırıldığını açıqlayıb. Bu, axtarış işlərinin daha sürətli, səmərəli və dəqiq aparılmasına yönəlmiş texniki addım kimi təqdim olunur.
Beynəlxalq diqqətin artırılması və əməkdaşlığa açıqlıq
Azərbaycan rəsmiləri tədbiri ölkənin uzunmüddətli səylərinin davamı kimi qiymətləndiriblər. Konfransın əsas çıxışçılarından olan Şərafət Həsənov çıxışında və sonrakı şərhlərində Azərbaycanın mövqeyini ifadə edib.
Şərafət Həsənov vurğulayıb ki, Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün səylərini davam etdirir. O, 2023-cü ildən etibarən Bakıda bu mövzuda bir neçə beynəlxalq tədbir keçirildiyini, əvvəlki konfransların nəticələrinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası səviyyəsində rəsmi sənəd kimi yayıldığını qeyd edib. Həsənov bildirib ki, cari konfransın müzakirələri beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Azərbaycan tərəfi ICMP-ni itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası sahəsində ixtisaslaşmış əsas beynəlxalq təşkilat kimi qiymətləndirir. Həsənov ICMP ilə məqsədyönlü, davamlı və səmərəli əməkdaşlığın itkin vətəndaşların taleyinin aydınlaşdırılmasına yeni imkanlar açacağına ümid etdiyini ifadə edib.
2000-dən çox erməni hərbi qulluqçusunun qalıqları təhvil verilib
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov 2020-ci ilin noyabrından bu günə qədər döyüş meydanlarından tapılan 2000-dən çox erməni hərbi qulluqçusunun qalıqlarının Ermənistana təhvil verildiyini açıqlayıb.
Məmmədov bu addımların humanizm prinsiplərinə əsaslandığını, qisas ruhundan uzaq olduğunu və itkin düşmüş şəxslər məsələsinin həllinin davamlı sülhün vacib komponenti olduğunu vurğulayıb. Axtarış işlərinin çətin hava şəraitində və yüksək mina təhlükəsi altında aparıldığını qeyd edən nazir müavini, Azərbaycanın beynəlxalq humanitar hüquq normalarına (1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollar) sadiq qaldığını bildirib.
Bu açıqlama konfrans iştirakçıları tərəfindən humanitar jest kimi qiymətləndirilib. Bildirilib ki, hər bir qaytarılmış qalıq ailələr üçün uzun illər davam edən qeyri-müəyyənliyə son qoymaq imkanı yaradır. Eyni zamanda, bu addımın etimad quruculuğu tədbiri kimi sülh prosesinə töhfə verdiyi qeyd edilib.
Konfransda Azərbaycan tərəfi öz itkin düşmüş şəxsləri barədə də aktual məlumat verib: 30 iyun 2026-cı il tarixinə qədər Dövlət Komissiyası tərəfindən 4010 nəfər itkin düşmüş kimi qeydə alınıb. Onlardan 3228-i hərbi qulluqçu, 782-si mülki şəxsdir (o cümlədən 71 azyaşlı, 288 qadın və 319 yaşlı). Hazırda təxminən 3683 nəfərin taleyi hələ də müəyyən edilməyib.
Konfidensial məlumatvermə mexanizmi
Konfrans çərçivəsində yeni təşəbbüs olan Ermənistan və Azərbaycan arasında itkin düşmüş şəxslər üzrə birgə məlumat bazasının yaradılması elan edilib.
Katrin Bomberger çıxışında bunları deyib:
“Bu, keçmiş Yuqoslaviya kontekstində yaratdığımız modeldir. Münaqişədən illər keçsə də, həmin region ölkələrinin hökumətləri itkin düşmüş şəxslər üzrə birgə işçi qrupu yaradıb, həll olunmamış işləri əhatə edən ortaq məlumat bazası formalaşdırıb və bu baza vasitəsilə məlumat mübadiləsi aparırlar.
Ümid edirik ki, eyni nəticələrə bu baza vasitəsilə də nail olunacaq. Bu, əməkdaşlığın təmin edilməsi və sülhün qurulması üçün vacib alətlərdən biridir”.
Yeni mexanizmə əsasən, hər iki ölkənin vətəndaşları itkin düşmüş şəxslər və mümkün dəfn yerləri barədə məlumatı konfidensial şəkildə təqdim edə biləcəklər. ICMP tərəfindən hazırlanan İnformasiya Məlumatlarının İdarə Edilməsi Sistemi mövcud verilənləri birləşdirəcək. Bu, məlumat mübadiləsini asanlaşdıracaq və ailələrin haqqı olan həqiqəti öyrənmək imkanını genişləndirəcək.
Qarabağ müharibəsində itkin düşənlər