İsrailin erməni soyqırımını tanıması yönündə verdiyi qərar region siyasətini təsirləndirə bilər?
İsrailin erməni soyqırımını tanıması
İsrail Nazirlər Kabinetinin 28 iyunda 1915-ci il Osmanlı hadisələrini erməni soyqırımı kimi tanıyan qətnamə layihəsini yekdilliklə təsdiqləməsi təkcə Yaxın Şərq diplomatiyasında yox, Cənubi Qafqaz kontekstində də həssas rezonans doğurub.
Xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə qəbul edilmiş sənəd hələ Knessetin təsdiqindən keçməlidir, ancaq kabinet səviyyəsində bu addımın özü İsrailin illərlə ehtiyatlı saxladığı xəttdə ciddi dönüş kimi görünür. Saar bunu “mənəvi və tarixi borc” adlandırıb.
Bu dönüşün arxa planı da mühümdür. İsrail uzun illər ərzində həm Türkiyə ilə münasibətləri pozmamaq, həm də daha geniş geosiyasi hesablamalar səbəbindən rəsmi tanımadan yayınmışdı.
Tədqiqatçı Eldad Ben Aharon İsrailin bu mövqeyinin onilliklər boyu xarici siyasət mülahizələri ilə, o cümlədən Türkiyə və sonrakı dövrdə Azərbaycan faktorları ilə formalaşdığını deyir. Başqa sözlə, bugünkü qərar həm də regional güc münasibətlərinin dəyişdiyi bir məqamda verilmiş siyasi siqnaldır.
Azərbatycanlı ekspertlər isə bu qərarı Azərbaycanın Yaxın Şərqdən uzaqlaşması, seçki jesti və Türkiyəyə haqsızlıq kimi qiymətləndirirlər.
Bakının və Ankaranın reaksiyası
Azərbaycan Xarici İşlər Nazirliyi 29 iyun tarixli şərhində qərarın “ciddi narahatlıq doğurduğunu” bildirib.
Rəsmi Bakının mövqeyinə görə, “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması” və “mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi” qəbuledilməzdir.
Bəyanatda vurğulanır ki, “bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir” və regionda davamlı sülh səylərinə mane olur. Azərbaycan İsraili qərara yenidən baxmağa çağırıb və özünün “tarixi həqiqətlərin müdafiəsi” xəttini davam etdirəcəyini bildirib.
Türkiyənin reaksiyası daha sərt və daha geniş siyasi çərçivədə ifadə olunub.
Türkiyə Xarici İşlər Nazirliyi 28 iyun tarixli bəyanatında İsrail hökumətinin bu qərarla “öz cinayətlərini ört-basdır etməyə” çalışdığını deyib və addımı “hüquqi və tarixi faktları nəzərə almayan” siyasi qərar kimi təqdim edib.
Bu ton, Ankara ilə Bakı arasında mövzuya yanaşmada əsas uyğunluğu göstərir: hər iki paytaxt qərarı tarixi debatın hüquqi-siyasi alətə çevrilməsi kimi oxuyur. Lakin Ankara bunu eyni zamanda Qəzza müharibəsi və İsrailə beynəlxalq nüfuzu kontekstinə bağlayır.
Bu uyğunluq təsadüfi deyil. Azərbaycan XİN-in öz məlumat bazasında Türkiyə münasibətləri “hərtərəfli strateji müttəfiqlik”, “bir millət, iki dövlət” fəlsəfəsi və Şuşa Bəyannaməsi ilə institusionallaşmış ittifaq kimi təsvir olunur.
2021-ci il Şuşa Bəyannaməsi də tərəflərin xarici siyasətdə koordinasiyasını, regional sabitlik və təhlükəsizlik məsələlərində ortaq mövqeni ayrıca vurğulayır. Deməli, Bakı-Ankara tandeminin bu məsələdə paralel çıxışı daha geniş müttəfiqlik mexanizminin təbii davamıdır.
Azərbaycanda nə danışılır?

Respublikaçı Alternativ Partiyasının keçmiş sədri İlqar Məmmədov sosial media hesabında yazıb ki, İsrailin Türkiyəyə qarşı atdığı addımdan sonra, İsrail İran istiqamətində nəyəsə əl atarsa, bu işində o, Azərbaycana mümkün ortaq kimi çətin baxa bilə:
“Azərbaycanın Türkiyə ilə sıx müttəfiqliyi diplomatiya ehtiyacından deyil, milyonların istəyindən doğur. Ümimiyyətlə, son zamanlar ölkəmiz hər mənada çox yaxınşərqləşmişdi, indi ta Avropa qitəmizə qayıdaq.”

Politoloq Şahin Cəfərli isə “narahatlığa ehtiyac olmadığını” deyir:
“İsraildə seçki ərəfəsidir və Netanyahunun bu cür oyunlara ehtiyacı yaranıb. Türkiyədə seçki yaxınlaşanda Rəis (Türkiyə Prezidenti Ərdoğanı nəzərdə tutur – red.) də lazımi sərtlikdə cavab verəcək.
Fundamental olaraq iki tərəf arasında həllolunmaz problem yoxdur. Türkiyə İsrailin mövcudluğunu nəinki tanıyır və qəbul edir, hətta Orta Şərqin dizaynının bəzən aktiv, bəzən də passiv iştirakçısıdır.
Sadəcə olaraq, “dizayner” (ABŞ) bu prosesin gedişatında bəzən İsraili önə çıxarır və ya onun “başından böyük” işlərə imza atmasına göz yumur, bu isə Türkiyənin narahatlığına səbəb olur; bəzən isə ABŞ Türkiyəni önə çıxarır və ya onun bölgədəki aktivliyinə göz yumur, bu da öz növbəsində İsrailin narahatlığına səbəb olur. Vaşinqton öz regional ortaqları arasında bu tip balans siyasətinə “soyuq müharibə”dən bəri davam edir. Bu, Türkiyə-Yunanıstan münasibətlərinə də aiddir.

Politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında Azərbaycanın bu qərarı pisləməkdən başqa seçimi olmadığını yazıb:
“İsrail hökumətinin “erməni soyqırımını” tanıyaraq parlamentin təsdiqinə göndərməsinin Türkiyəyə zərəri olmayacaq. Bir sıra dövlətin parlamenti “oxşar qərarlar” veriblər, bu nəyi dəyişib ki? İsrail hökuməti Türkiyə ilə münasibətlərin gərginliyi fonunda ədalətsiz qərar qəbul edib.
İsrail bu qərarıyla ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın Baş naziri Nikol Paşinyana ayı xidməti göstərib. Ermənistanın Baş naziri “erməni soyqırımı” mövzusunu erməni cəmiyyətinə unutdurmağa çalışarkən, İsrail Paşinyanı devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirib.
İsrail hökuməti bu qərarıyla tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb. Türkiyənin strateji müttəfiqi kimi Azərbaycan Tel-Əvivin “erməni soyqırımı” qərarını pisləmək məcburiyyətindədir. Əlbəttə, bu “tanınmanın” heç bir təsir gücü yoxdur və bir müddət sonra digərləri kimi unudulacaq, sadəcə indiki şəraitdə bu “qərar” bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq”.
Tarixi yaddaşın fərqli oxunuşları
1915-ci il hadisələri ətrafında əsas ziddiyyət köhnədir, amma hər yeni tanıma qərarı onu yenidən aktuallaşdırır. Erməni tərəfi, eləcə də çoxsaylı tarixçilər və beynəlxalq institutlar bu hadisələri soyqırımı kimi qiymətləndirir; ABŞ Holokost Memorial Muzeyi bu anlayışı açıq şəkildə işlədir və hadisələri XX əsrin ilk soyqırımı kimi xarakterizə edir.
Türkiyə isə “soyqırımı” terminini rədd edir, müharibə şəraitində bütün xalqların ağır itkilər verdiyini, məsələnin siyasiləşdirildiyini və tarixçilər tərəfindən araşdırılmalı olduğunu bildirir. Azərbaycanın rəsmi xətti də bu ikinci yanaşmaya yaxındır.
İsrailin daxilində isə bu məsələ həmişə yalnız tarix mübahisəsi olmayıb. Burada Holokostun İsrail siyasi kimliyindəki yeri, Türkiyə ilə münasibətlər, eləcə də regiondakı tərəfdaşlıqlar illərlə qərarverməni ləngidib.
Ben Aharonun tədqiqatı göstərir ki, İsraildə tanıma ətrafındakı debatlar normativ yaddaş siyasəti ilə geosiyasi maraqların toqquşduğu sahə olub. Bu baxımdan verilmiş qərar həm də onu göstərir ki, İsrail üçün çəkindirmə yaradan amillər əvvəlki qədər məhdudlaşdırıcı deyil.
Sülh prosesi və digər reaksiyalar
Bu böhran Cənubi Qafqazda həssas bir mərhələyə düşür. Azərbaycan və Ermənistan 2025-ci ilin martında sülh sazişinin tam mətnini razılaşdırıb, həmin ilin avqustunda Vaşinqtonda 17 maddəlik sazişi paraflayıb və sülhə sadiqlik barədə birgə bəyannamə imzalayıblar. Lakin yekun imza və ratifikasiya hələ də tamamlanmayıb. NATO da ötən həftə regionun sabitliyi üçün sülh prosesində “növbəti addımları” alqışladığını bildirib. Yəni indi hər bir simvolik gərginlik, birbaşa danışıqlar masasını dağıtmasa da, onsuz da kövrək olan siyasi fonu mürəkkəbləşdirə bilər.
Azərbaycan parlamentində bu mövzuda tipik yanaşma artıq formalaşıb. Məsələn, deputat Vüqar İskəndərov azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqlarını Ermənistanın azərbaycanlılara qarşı zorakılığının sübutu kimi təqdim etmişdi; deputat Azər Badamov isə Xocalı faciəsinin beynəlxalq aləmdə həm soyqırımı, həm də beynəlxalq cinayət kimi tanıdılması üçün “informasiya müharibəsinin” davam etdirilməli olduğunu vurğulamışdı. Bu mövqelər göstərir ki, rəsmi Bakı üçün tarix məsələsi həm də hazırkı diplomatik legitimlik mübarizəsinin hissəsidir.
Ekspert yanaşmaları isə daha nüanslıdır. Siyasi təhlilçi Fərhad Məmmədov may ayında bildirmişdi ki, Bakı-Yerevan sülh prosesi region üçün yeni imkanlar açır və burada addımların ardıcıllığı xüsusi əhəmiyyət daşıyır. Bu baxışdan, İsrailin addımı sülh prosesinin hüquqi məzmununu dəyişmir, amma onun ətrafındakı siyasi atmosferi ağırlaşdıra bilər.
Digər tərəfdən, Eldad Ben Aharonun təhlili xatırladır ki, İsrailin mövqeyi həmişə geosiyasi amillərlə bağlı olub. Deməli, Bakı ilə münasibətlərdə də əsas məsələ strateji maraqların nə dərəcədə üstün gələcəyidir.
İsrailin erməni soyqırımını tanıması