Vaşinqtonun Cənubi Qafqaz planı: Azərbaycanla strateji tərəfdaşlığın fonunda nə dayanır?
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı
1 iyunda başlayan Bakı Enerji Həftəsi enerji gündəmi ilə yanaşı, Azərbaycan-ABŞ münasibətlərində yeni siyasi dinamikanı göstərən diplomatik epizodlarla da yadda qalıb.
31-ci Bakı Enerji Forumu Qafqazın əsas enerji platformalarından biri sayılan Bakı Enerji Həftəsinin mərkəzi tədbirlərindən idi. Prezident İlham Əliyev bu forumu “qlobal enerji məsələləri” üzrə nüfuzlu platforma kimi təqdim edib.
O, tədbir çərçivəsində ABŞ Dövlət Departamentinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi dövlət katibi Keyleb Orrun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bundan bir neçə saat əvvəl isə Əliyev Donald Trampa Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılmasının uzadılması ilə bağlı memorandumun xatirə nüsxəsinə görə təşəkkür etmişdi.
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.https://t.co/T7xZ4tbQdX pic.twitter.com/WliUPWYTSS
— İlham Əliyev (@azpresident) June 1, 2026
Müşahidəçilər hesab edir ki, bu ardıcıllıq Bakı ilə Vaşinqton arasında münasibətlərin yalnız enerji əməkdaşlığı çərçivəsində izah olunmadığını göstərir.
Enerji forumu ABŞ rəsmisinin səfəri üçün uyğun diplomatik fon yaradıb. 907-ci düzəlişlə bağlı jest isə tərəflərin siyasi yaxınlaşmanı açıq şəkildə nümayiş etdirmək istədiyini göstərib. Başqa sözlə, 1 iyunda baş verənlər Azərbaycan-ABŞ münasibətlərində enerji, iqtisadiyyat və təhlükəsizlik gündəmlərinin getdikcə daha vahid strateji çərçivədə birləşdiyini nümayiş etdirir.
Bəs, Bakı ilə Vaşinqton arasında həqiqətən yeni mərhələ başlayır, yoxsa bu, yalnız münasibətlərin keçici istiləşməsidir?
İndiki mənzərə göstərir ki, münasibətlər siyasi bəyanatlara məhdudlaşmır. ABŞ-Azərbaycan gündəliyi artıq enerji əməkdaşlığından daha genişdir: sülh prosesi, Orta Dəhliz, kritik minerallar, rəqəmsal infrastruktur, süni intellekt, müdafiə və dəniz təhlükəsizliyi kimi mövzular da münasibətlər çərçivəsinə daxildir.
2025-dən başlanan yeni dinamika
Bu yaxınlaşmanın əsası 2025-ci ilin avqustunda Vaşinqtonda qoyulub. 8 avqust 2025-də İlham Əliyev və Donald Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün işçi qrupun yaradılmasına dair memorandum imzalayıblar. Bu mərhələ eyni zamanda Ermənistan-Azərbaycan normallaşmasının ABŞ patronajı altında yeni formata keçidinin göstəricisi idi.
Növbəti sıçrayış bu ilin 10 fevralında baş tutub. Həmin gün Bakıda ABŞ-nin vitse-prezidenti J.D. Vens və İlham Əliyev Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Əliyev bunu münasibətlərin “tamamilə yeni mərhələsi” kimi təqdim edib.
Vance isə tərəfdaşlığın enerji təhlükəsizliyi, təhlükəsizlik əməkdaşlığı, nəqliyyat bağlantıları və müdafiə satışları üçün institusional çərçivə yaradacağını deyib. Xartiyanın özündə illik görüşlər, layihələr üzrə “yol xəritələri”nin hazırlanması, Orta Dəhliz, enerji, rəqəmsal infrastruktur, kritik minerallar, ticarət və investisiya platformalarının yaradılması nəzərdə tutulur.
Başqa sözlə, Keyleb Orrun Bakıya gəlişi Vaşinqton sammiti və Vensin səfəri ilə başlanan xəttin davamı idi. Dövlət Departamentinin mayın 28-də yayımladığı Azərbaycanın Müstəqillin Günü münasibətilə təbrikində də ABŞ münasibətlərin son bir ildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığı vurğulanıb.
907-ci düzəliş ətrafında mesajlar
Keyleb Orrun Bakıya səfərinin formal motivi Bakı Enerji Həftəsi idi. Prezident Administrasiyasının məlumatına görə, Əliyev Orra tədbirin açılışında iştirakına görə təşəkkür edib, Trampın tədbirə məktub göndərməsini yüksək qiymətləndirib və ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçiriləcəyini vurğulayıb. Orr isə Tramp və dövlət katibi Marko Rubionun salamlarını çatdırıb və ABŞ-nin tədbirə verdiyi önəmi qeyd edib.
Əsas məqam ondan ibarətdir ki, Bakı Enerji Həftəsi bu dəfə yalnız enerji və investisiya gündəmi ilə məhdudlaşmadı. Rəsmi Bakı forumu Vaşinqtonla artan siyasi uyğunlaşmanı göstərən diplomatik platformaya çevirdi.
Lakin həmin günün əsas siyasi siqnalı 907-ci düzəliş ətrafında verildi. Əliyev 1 iyunda sosial mediada Donald Trampa təşəkkür edərək bildirib ki, ABŞ prezidenti ona 907-ci düzəlişin tətbiqinin uzadılması haqqında memorandumun şəxsi qeydi ilə birlikdə xatirə nüsxəsini göndərib.
Bu jestin əhəmiyyəti yalnız simvolik məna ilə məhdudlaşmır. Keyleb Orrla görüşdə İlham Əliyev 907-ci düzəlişi “ədalətsiz” adlandırıb və onun indiki Azərbaycan-ABŞ münasibətlərinin xarakterinə uyğun gəlmədiyini bildirib. Bakı üçün əsas məsələ bu məhdudiyyətin siyasi mənasıdır: 907-ci düzəliş uzun illər Vaşinqtonun Azərbaycana etimadsızlığının rəmzi kimi qəbul olunub.
Vaşinqton tərəfdən isə məsələ daha mürəkkəbdir. 907-ci düzəlişin tam ləğvi Ağ Evin təkbaşına qərarı ilə deyil, Konqresdə siyasi razılaşma ilə mümkündür. Bu düzəliş praktiki baxımdan ABŞ siyasətini ciddi şəkildə məhdudlaşdırmasa da, Bakı üçün güclü simvolik maneə olaraq qalır.
Buna görə də memorandumun xatirə nüsxəsinin Əliyevə göndərilməsi Ağ Evin Bakıya verdiyi siyasi siqnal hesab edilir: Vaşinqton 907-ci düzəlişi artıq yalnız təzyiq aləti kimi deyil, Azərbaycanla yaxınlaşma prosesində müzakirə predmeti kimi görür.
Bakı Vaşinqton üçün niyə daha vacib oldu?
Strateji tərəfdaşlığın dərinləşməsində enerji hələ də mərkəzi sütundur, amma bu sütun artıq tək deyil. ABŞ səfirliyinin dərc etdiyi Xartiya mətninə görə tərəflər Orta Dəhliz boyunca enerji, nəqliyyat və rəqəmsal infrastruktur əməkdaşlığını genişləndirməyi, enerji və nəqliyyat sektorlarına dövlət və özəl sərmayəni səfərbər etməyi, Azərbaycanla neft, qaz və elektrik sahəsində əməkdaşlığı artırmağı, kritik mineralların tranzitini və süni intellekt sahəsində tərəfdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Səfirliyin müvəqqəti işlər vəkili Eymi Karlon da 2026 prioritetlərini “inteqrasiya”, “iki istiqamətli ticarət və investisiya” və “süni intellekt və kibertəhlükəsizlik” kimi sıralamışdı. Azərbaycanın İqtisadiyyat Nazirliyi isə mayın sonunda ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcəyini elan etmişdi.
Bu gündəm ABŞ-ninn Azərbaycana baxışının dəyişdiyini göstərir. Vaşinqton üçün Bakı artıq yalnız karbohidrogen ixracatçısı deyil. O, həm Avropa enerji təhlükəsizliyi üçün ehtiyat qapı, həm Orta Dəhliz üzərində logistika düyünü, həm də Rusiya və İranı kənarda qoyan daha geniş geoiqtisadi şəbəkənin hissəsi kimi nəzərdən keçirilir. ABŞ səfirliyinin Ələt Azad İqtisadi Zonası və Bakı limanı ilə bağlı aprel ayında səsləndirdiyi fikirlər də bu gedişatı təsdiqləyirdi.
İnsan haqları “ayağa dolaşır”
Geosiyasi baxımdan çıxan əsas nəticə ABŞ-nin Cənubi Qafqazı “periferiya” deyil, tranzit, təhlükəsizlik və rəqabət məkanı kimi gördüyünü nümayiş etdirməsidir.
Eyni zamanda, bu yaxınlaşmanın zəif yeri insan haqlarıdır. Azərbaycanda media, müxalifət və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər daha da dərinləşib.
ABŞ Dövlət Departamentinin son insan haqları hesabatında da əsassız həbslər, ifadə azadlığına ciddi məhdudiyyətlər və jurnalistlərin təqibi olunduğu qeyd olunur. Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı “AbzasMedia işi” üzrə hökmləri məhkəmə sisteminin sərbəst jurnalistikanı susdurmaq üçün “silahlandırılması” kimi xarakterizə edib.
Bunlara görə Vaşinqtonda daha dərin strateji tərəfdaşlığı müdafiə edənlər belə bunu siyasi məhbus və saxlanılanlar mövzusundan ayırmırlar. Əgər Bakı bu vətəndaş cəmiyyətinə qarşı təzyiqləri yumşaltmasa, 907-ci düzəlişin tam ləğvi və ya müdafiə əməkdaşlığının genişlənməsi Konqresdə yenə həssas mövzu olaraq qalacaq.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı