TRİPP - Azərbaycanın Naxçıvan ilə bağlantısı reallaşacaqmı?
Azərbaycanın Naxçıvan ilə bağlantısı
Cənubi Qafqazda uzun illərdir dalana dirənmiş nəqliyyat və siyasi blokadaları yarmaq iddiası ilə ortaya çıxan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRİPP) təşəbbüsü ilk baxışda region üçün yeni geoiqtisadi imkanlar vəd edir.
Lakin bu layihə eyni zamanda İran-ABŞ qarşıdurmasının kölgəsində ciddi təhlükəsizlik və maliyyə riskləri ilə üz-üzədir. Bu isə TRİPP-i potensial “dönüş nöqtəsi” olmaqdan çox, hələlik böyük geosiyasi sualların mərkəzinə çevirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 15-də bildirib ki, ölkə artıq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRİPP) layihəsinin icra mərhələsinə daxil olur və Vaşinqton, İrəvan, Bakı üçün regional kommunikasiyaların açılması hələ də prioritetdir.
Bu xəttin siyasi əsası 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış birgə bəyannamədə qoyulub. Sənəddə Azərbaycanın əsas ərazisini Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək “maneəsiz bağlantı”, eyni zamanda Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasının qorunması təsbit edilib.
Yanvarın 13-də açıqlanan ABŞ-Ermənistan icra çərçivəsi isə TRİPP-i Ermənistan ərazisində multimodal tranzit layihəsi, həm də Trans-Xəzər Ticarət Marşrutunun, yəni Orta Dəhlizin bir hissəsi kimi rəsmiləşdirib.
Vaşinqtonun sürətləndirdiyi dinamika
“Carnegie Europe” təşkilatından Tomas de Vaal “AzadlıqRadiosu”na verdiyi müsahibəsində deyir ki, münaqişə davam etdiyi müddətdə ABŞ personalının tədqiqat, təhlükəsizlik və ya nəzarət məqsədilə İran sərhədinə yaxın ərazilərdə yerləşdirilməsi çətin olacaq. Bu isə layihənin praktik mərhələyə nə qədər tez keçə biləcəyi ilə bağlı ciddi suallar yaradır.
O deyir ki, TRİPP-in ilk mərhələsində həqiqətən müsbət dinamika yaranmışdı, yanvardakı icra çərçivəsi və fevralda vitse-prezident JD Vensin regiona səfəri razılaşmaya əlavə impuls verdi.
Artıq 30 ildən çox müddətdən sonra erməni və azərbaycanlı rəsmilər eyni regional sülh vizyonundan danışmağa başlayıblar. Ermənistanda yeni hərbi eskalasiya qorxusu zəifləyib, Bakının rəsmi ritorikası nisbətən yumşalıb. Üstəlik, 2025-ci ilin sonu ilə 2026-cı ilin martı arasında Azərbaycan Gürcüstan üzərindən Ermənistana yanacaq göndərib.
De Vaalın baxışında bu, TRIPP-in hələ rels çəkilməmişdən əvvəl siyasi dividend istehsal etdiyini göstərir. Bakı, İrəvan və Vaşinqton dəmir yolunun 2028-ci ilə – Trampın ikinci müddətinin sonuna qədər tamamlanmasını siyasi hədəf kimi görürlər.
Bu mənzərədə ABŞ-nin yanaşmasının fərqli cəhəti ondadır ki, Vaşinqton sülhü abstrakt diplomatik formul kimi deyil, ölçülə bilən infrastruktur və biznes paketi kimi qurmağa çalışır.
Ağ Ev 2025-ci il sazişini ticarət, tranzit, enerji və texnologiya imkanları açan dönüş nöqtəsi kimi təqdim edib. Dövlət Departamenti isə yanvar sənədində layihənin Ermənistanın suverenliyinə toxunmadan ölkəni “biznesə açdığını” vurğulayıb.
Bunun üstünlüyü odur ki, siyasi razılaşma konkret təqvim və kapital məntiqi qazanır. Zəif yeri isə odur ki, TRIPP-in uğuru həddən artıq dərəcədə bir administrasiyanın diqqətinə və geosiyasi resurslarına bağlanır.
İran müharibəsinin gətirdiyi reallıq
De Vaalın vurğuladığı iki əsas əngəl məhz İran-ABŞ müharibəsi ilə bağlıdır.
Birincisi təhlükəsizlikdir: TRİPP xətti Mehri boyunca Araz çayı və Ermənistan-İran sərhədi yaxınlığından keçir, buna görə amerikalı mütəxəssislərin sahəyə çıxması, texniki araşdırmalar aparması və işə nəzarət etməsi müharibə şəraitində son dərəcə risklidir.
İkincisi maliyyədir: ABŞ rəsmilərinin Karnegiyə (Carnegie) dediyinə görə, 2025-ci ilin sonuna qədər təxminən 400 milyon dollar səfərbər edilib, amma bu yalnız başlanğıc tranşıdır. Daha iri dövlət-özəl maliyyə paketi hələ qurulur. De Vaalın dediyi kimi, “çayın o tayında İran dayanarkən” özəl investor cəlb etmək xeyli çətinləşir.
Martın 5-də Naxçıvan aeroportuna dron zərbəsi, dörd nəfərin yaralanması və ABŞ-nin öz personalına bölgəyə getməmək barədə xəbərdarlığı bu təhlükənin praktik olduğunu da göstərib. Aprelin 21-də ABŞ və İran arasında atəşkəsin yenidən uzadılması xəbəri isə riskin azalmadığını, sadəcə dondurulduğunu göstərir.
İranın mövqeyi də birmənalı deyil. “Karnegi”nin təhlilinə görə, müharibədən öncə Tehran status-kvonu qorumağa və həm beynəlxalq tranzitdə, həm də Naxçıvan-Azərbaycan əlaqəsində öz rolunu saxlamağa çalışırdı. TRIPP elan olunandan sonra isə İran daxilində parçalanma dərinləşib: təhlükəsizlik bloku layihəni açıq şəkildə “türk” və ya “NATO xətti” kimi görərək hədələr səsləndirib. İqtisadi və nəqliyyat bloku isə Ermənistan yurisdiksiyası altında dəmir yolunun, xüsusən Culfa üzərindən İranı Cənubi Qafqaza yenidən bağlayacağı təqdirdə, müəyyən fayda verə biləcəyini düşünüb.
De Vaalın işarə etdiyi məqam budur ki, Tehran üçün layihəni tam dayandırmaq şərt deyil; bir-iki zərbə və ya sərhədboyu qeyri-sabitlik görüntüsü yaratmaq belə TRİPP-in risk qiymətini yüksəltməyə bəs edər. Müharibənin uzanması, sərt xəttin güclənməsi və ya daxili qarışıqlıq – hər üç senari eyni nəticəyə aparır: investorlar və podratçılar daha ehtiyatlı davranacaq.
Moskvanın gözləmə oyunu və alternativ marşrutlar
Rusiya bu mərhələdə açıq sabotajdan daha çox, “bütün qapıları açıq saxlamaq” strategiyası seçib.
De Vaalın sözlərinə görə, TRİPP işləsə, Moskva ondan istifadə etmək və amerikalılarla əməkdaşlıq etmək istəyəcək. Problem yaranarsa, İranla münasibətlərini üstünlük kimi təqdim edib yenidən “bizə arxalana bilərsiniz” mesajı verəcək.
“Karnegi”nin məqaləsində göstərilir ki, Kreml artıq tam bloklama xəttindən çox, yenidən kalibrləmə xəttinə keçir və Ermənistan dəmir yolları üzərindəki mövcud konsessiya vasitəsilə hələ də təsir rıçaqlarını saxlayır. Başqa sözlə, Rusiya TRİPP-in qarşısında divar yox, onun yanında ehtiyat çıxış qapısı olmağa çalışır.
Son günlərdəki Bakı-Moskva yaxınlaşması da bu məntiqlə üst-üstə düşür.
Alternativlər isə kifayət qədərdir. Gürcüstan hələ də regionun əsas tranzit qapısıdır və limanlar, magistrallar, BTQ dəmir yolu böyük yük axınını daşıyır. TRIPP bu “defolt marşrut” statusuna meydan oxuyacaq, amma onu dərhal əvəz etməyəcək.
Avropa Komissiyasının 2026-cı il bağlantı araşdırması yeni Ermənistan xəttinin BTQ ilə müqayisədə səyahət müddətini 25 faizə qədər azalda biləcəyini göstərir. Bununla yanaşı, Türkiyə və Azərbaycan Naxçıvandan Qarsa çıxan 224 kilometrlik Kars-Dilucu dəmir yolunu da irəli aparır. Bu xəttin təxmini dəyəri 2,4 milyard avrodur və 2030-a tamamlanması nəzərdə tutulur.
Ermənistan tərəfi isə daha inklüziv variant kimi Gümrü-Qars və qısa müddətdə bərpası mümkün görünən Yerasx–Sədərək hissəsini önə çəkir.
TRİPP-in əsas üstünlüyü “tək marşrut” olması deyil. Onun əsas üstünlüyü Bakı üçün Gürcüstan və İran asılılığını azaltması, Ermənistan üçün isə blokadanı yarmaq imkanı yaratmasıdır.
Seçki ili, maliyyə sualı və geosiyasi fon
Bəs 42 kilometrlik Sünik-Naxçıvan dəmir yolu üçün pul tapmaq realdırmı?
Texniki mənada – bəli, geosiyasi mənada – hələ yox.
Bu yolun 43 kilometrlik seqmentinin dəyəri 250-400 milyon dollar aralığında hesablanır. Bu isə o deməkdir ki, tək rels hissəsi maliyyələşdirilməsi mümkünsüz meqa-layihə deyil.
Problem ondan ibarətdir ki, TRİPP yalnız rels deyil: təhlükəsizlik, sığorta, sərhəd idarəçiliyi, Naxçıvan daxilində xəttin yenilənməsi, Türkiyə bağlantısı və paralel avtomobil yolu kimi bahalı əlavələr paketin ümumi qiymətini yüksəldir.
Ermənistanın maliyyə naziri daha geniş “Sülh kəsişməsi” gündəminin bəzi hissələrini 400-500 milyon dollar civarında qiymətləndirib. Bununla belə, potensial kapital kanalları mövcuddur: Aİ öz Qlobal Keçid (Global Gateway) gündəliyi ilə Orta Dəhlizə yatırım axtarır.
Dünya Bankı və digər çoxtərəfli institutlar Türkiyənin Orta Dəhliz dəmir yollarına yüz milyonlarla dollar yönəldir. Paşinyan isə Ermənistan dəmir yolu konsessiyası üçün Qazaxıstan, BƏƏ və Qətər kimi üçüncü tərəf variantlarını səsləndirib.
Yəni pulun tapılması mümkündür, amma yalnız siyasi risk aşağı düşərsə.
Bu fonda iyunun 7-də keçiriləcək Ermənistan parlament seçkiləri TRİPP-in iqtisadi yox, siyasi sınağına çevrilir.
De Vaal bu səsverməni ölkənin gələcək geosiyasi kursu üzrə referendum kimi təsvir edir. Onun fikrincə, Paşinyan seçkiyə “Real Ermənistan” tezisi ilə gedir: açıq sərhədlər, Rusiya asılılığının azalması, Azərbaycan və Türkiyə ilə normallaşma. Amma o, həm Rusiyanın, həm də diasporun sərt müqaviməti ilə üz-üzədir və Qərbin yardımına ehtiyac duyur.
“Azərbaycan güclü Paşinyan istəyirmi?” sualına de Vaalın cavabı dolayı, amma aydındır: Bakı Paşinyana açıq dayaq vermir, sülh sazişinin Ermənistana daha çox xeyir gətirəcəyini düşünür və konstitusiya təzyiqini artırmaqla onun manevr imkanını daraldır.
Deməli, Bakıya Paşinyanın qalib gəlməsindən çox, imza atan və icra edə bilən tərəfdaş lazımdır.
TRİPP-in gələcəyi də elə bu nöqtədə İran müharibəsinin gedişindən asılı olur: atəşkəs sabitləşsə, layihə relsə çevrilə bilər. Münaqişə uzansa, TRIPP daha çox siyasi simvol, Gürcüstan, Türkiyə-Naxçıvan xətti və Rusiya isə daha real ehtiyat variant kimi qalacaq.
Cənubi Qafqaz üçün isə əsas geosiyasi nəticə budur: layihə baş tutsa, Rusiya və İranın tranzit monopoliyasını zəiflədəcək, ABŞ-nin rolunu artıracaq. Bu, həm də Aİ-ni oyuna qayıtmağa məcbur edəcək. Əgər baş tutmasa, region bir daha “sülh pəncərəsi”nin təhlükəsizlik riski qarşısında necə daraldığını görəcək.
Azərbaycanın Naxçıvan ilə bağlantısı