Fəallar əmək təhlükəsizliyinin təmin olunması tələbi ilə aksiya keçirməyi planlaşdırırlar " />

Tbilisidə inşaatda iki fəhlə həlak olub

Fəallar əmək təhlükəsizliyinin təmin olunması tələbi ilə aksiya keçirməyi planlaşdırırlar

Martın 31-də Tbilisinin mərkəzində Çavçavadze prospektində təməl möhkəmləndirmə işləri zamanı iki fəhlə torpaq altında qalıb. Hər ikisi həlak olub. Çiaturalı 26 yaşlı David Abesadzenin meyitini xilasedicilər təxminən 20.00-da torpaq altından çıxara biliblər. 40 yaşlı Edvard Varişovun axtarışları təxminən 8 saat uzanıb.

Gürcüstan Səhiyyə Nazirliyinin əmək şəraitinin təftişi departamentinin rəhbəri Beka Peradze bildirib ki, inşa olunan obyektə ilkin baxış zamanı təhlükəsizlik qaydalarının pozulması halı aşkarlanmayıb. Onun sözlərinə görə, “tikinti meydançasında kustar üsulla hazırlanmış mexanizmlər, həmçinin dərhal gözə dəyən çəpərlənməmiş boşluqlar aşkarlanıb”. Amma məhz bu amillərin torpaq çökməsinə səbəb olduğunu demək ən azı tezdir.

Hazırda obyektdə işlər dayandırılıb.

Tkibuli – ölümlərlə barışmış şəhər

“Qəzəb boğur”. İş yerində zədələnən insanların hekayələri

Obyektin inşasını həyata keçirən “Transmşeni” şirkəti həlak olanların ailələrinə başsağlığı verib. Həmçinin bildirib ki, təməlin bərkidilməsi işini bilavasitə podratçı şirkət həyata keçirirmiş. Müvafiq olaraq, məhz həmin şirkət işçilərin təhlükəsizliyinə görə cavabdeh olub. İqtisadiyyat naziri Giorgi Kobuliya hadisə ilə bağlı bildirib ki, torpaq çökməsinin səbəbi mütləq müəyyən edilməlidir.

“Vəziyyət detallı nəzərdən keçiriləcək. Biz belə faciələrin qarşısını almaq üçün mütləq lazımı tədbirlər görəcəyik”, – nazir deyib.

Faciəvi statistika

Bu hadisədən əvvəl Tbilisidə inşaatların birində üç fəhlə yüksəklikdən yıxılıb. Onlardan ikisi həlak olub. Həmin faciə martın 16-da baş verib. Bir qədər də əvvəl fevralda Tbilisidə eyni səbəbdən bir adam həlak olub.

2019-cu ildə iş yerində həlak olanlara dair statistika hələ məlum deyil.

2018-ci ildə göstəricilər belə idi: 199 nəfər iş yerində zədə alıb, 59 nəfər həlak olub. 2011-ci ildən 2018-ci ilə qədər 8 il müddətində 1081 nəfər işdə zədə alıb, 376 nəfər həlak olub.

İş yerində insanların zədə alması ilə bağlı adətən “təhlükəsizlik normalarının pozulması nəticəsində sağlamlığa ziyan dəyməsi və ya ölünlə nəticələnməsini” nəzərdə tutan 240-cı maddə ilə cinayət işi qaldırılır. 2017-ci ildə rayon məhkəmələlərində 34 nəfər, 2018-ci ilin 11 ayı ərzində isə 32 nəfər bu maddə ilə məhkum edilib.

Hakimiyyət nə edir?

2018-ci il martın 7-də Gürcüstan parlamenti əmək təhlükəsizliyi haqda qanun qəbul edib. Yeni qanuna əsasən, əmək müfəttişlərinin mandatı əvvəl olduğu kimi yalnız yüksək riskli sahələri yox, bütün sahələri əhatə edir. Müfəttşlik departamentinə də obyektləri istənilən vaxt yoxlamaq səlahiyyəti verilib. Bu yeni dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. Parlamentin səhiyyə və sosial məsələlər komitəsinin sədri Akaki Zoidze deyir ki, hələlik qanunun effektivliyi haqda danışmaq tezdir. Sistemin uğurla işləməsi üçün zaman lazımdır.

“Müfəttişlərin sayını artırmaq lazımdır. Bu gün onların sayı cəmi 40 nəfərdir. Amma 90-a yaxın olmalıdır”, – Akaki Zoidze deyir.

“Kədərlənməmək üçün mübarizə aparmaq lazımdır”

Baş verən faciə ilə bağlı aprelin 1-də dövlət dəftərxanası yanında “Kədərlənməmək üçün mübarizə aparmaq lazımdır” adlı aksiya keçirilib. Aksiya iştirakçıları hökumətdən iş yerlərində təhlükəsizlik normalarının təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb ediblər.

“Dövlət bizi müdafiə etmir, buna görə də bizim birləşib, birbaşa mübarizəyə başlamaqdan başqa çarəmiz qalmır! Dövlət yalnız Avropa İttifaqının tapşırığı ilə insanların qayğısını çəkməli deyil. Dövlətin prioriteti insan olmalıdır! Elə bu gün əmək müfəttişlərini yoxlamalar üçün lazım olan mandatla təmin etməyi tələb edirik”, – aksiya iştirakçısı bəyan edib.


More on JAMnews