Mədənlərdə təhlükəsizliklə bağlı problemlər uzun illərdir ki, həll olunmur " />

Tkibuli – Gürcüstanın ölümə öyrəşən şəhəri

Mədənlərdə təhlükəsizliklə bağlı problemlər uzun illərdir ki, həll olunmur

Bu mətn 2018-ci il aprelin əvvəlində, Gürcüstanın Tkibuli şəhərindəki Mindeli adına mədənində tunelin yan divarlarının çökdüyü və nəticədə altı fəhlənin həlak olduğu zaman dərc olunub.

Bir neçə həftədən sonra Tkibulidən yenidən həyəcanlı xəbər gəlib – iyunun 3-də iki fəhlə daş kömür çıxarılan karxanada həlak olub.

Qərbi Gürcüstanın dağarında yerləşən Tkibuli şəhərciyinin girişində ilk nəzərə çarpan böyük terrikonlar  – filiz tullantılarından yaranan dağlardır. Kömür mədənləri burada əsas gəzməli yer və yerli əhalinin əsas iş yeridir. Son ildə hələ sovet dövründən qalma Tkibuli mədənlərində bədbəxt hadisə üzündən 11 nəfər həlak olub. Bundan əvvəl heç vaxt bu müddət ərzində bu qədər adam həlak olmamışdı. Buna baxmayaraq, heç kim bu riskli və həyat üçün təhlükəli işdən imtina etmir. Yeganə alternativ başqa şəhərlərdə və ya xaricdə iş axtarmaqdır. 

“Bütün şəhər göz yaşları içində idi”

5 aprel səhər saat 5-də Mindeli adına mədənin yaxınlığında yerləşən evlərin sakinləri güclü səsdən oyandı.

Gənc mədənçi İrakli Kirkitadze həmin gün 4-cü növbədə işləyirdi. O xatırlayır ki, partlayışın gücü onu üç metrlik hündürlükdən yerə atıb, 15 metr kənara tullamışdı. “Mən son gücümü toplayıb, telefona qədər süründüm və kömək çağırmaq üçün dispetçerə zəng vurdum”, – İrakli xatırlayır.

Həmin gecə şaxtada 6 mədənçi həlak olub. Ölənlərin cəsədləri səhər saat 11-də yuxarı çıxarılıb. Həlak olan ən cavan mədənçi Pavle Qamezardaşvilinin 25 yaşı varıydı.

Aprelin 5-də altı mədənçinin həlak olduğu Mindeli adına mədənə giriş Foto: David Pipia, JAMnews

“Bütün şəhər bura toplaşmışdı. Hamının gözləri yaşla dolu idi”, – Həmkarlar İttifaqı fəalı Qaqa İsakadze danışır.

Qəzanın səbəbi hələlik açıqlanmayıb. Rəsmi versiya –  “dağ zərbəsi” –süxurun hasilatı zamanı layın dağılmasıdır. Amma bəzi şaxtaçılar bu versiya ilə razılaşmır. “Dağ zərbəsi iz buraxmalıydı, tunel dağılmalıydı, amma bu olmadı. Bu versiya məsuliyyətdən boyun qaçırmaq üçün hamını qane edir”, – şaxtaçılardan biri bizə deyir.

Pavle Qamezardaşvili aprelin 5-də dördüncü növbədə işləyirdi. Səhər onu qardaşı Mirza əvəz etməliydi. Qamezardaşvililərin üçüncü qardaşı da şaxtada çalışır.  Atası Quram Qamezardaşvili də zədə almayana qədər, 20 il şaxtada çalışıb.

Məhz atası zədə aldıqdan sonra 18 yaşlı Pavle ailəyə kömək etmək üçün məktəbi atıb, mədəndə işləmək qərarına gəlir. Tkibulinin bir çox sakinləri kimi o da öz gələcəyini mədənlə bağlayırdı – yerli peşə məktəbinə daxil olub və təhsilini bitirdiksən sonra, növbə rəisi olmaq istəyirdi.

Aprelin 5-də digər həlak olanların 28-dən 60-a qədər yaşı olub. Çoxu da ailəni dolandıran yeganə adam olub.

Mədənlər və şəhər

Tkibuli Tbilisidən 230 kilometr qərbdə yerləşir. Sovet vaxtı Abxaziyada yerləşən Tkvarceliylə yanaşı, Tkibuli Gürcüstanda daş kömür hasilatının mərkəzi idi. Burada kömürün hasilatına hələ XIX əsrdən başlanılıb. Sovet İttifaqı illərində burada 4 mədən işləyib. Yerli sakinlər xatırlayır ki, o vaxtlar burada həyat qaynayırdı – mədənlərdən başqa şəhərdə limonad istehsal edən fabrik, tikiş sexləri və sakinləri iş yerləriylə təmin edən verən başqa müəssisələr də varıydı.

Tkibuli, Gürcüstan, aprel 2018-ci il Foto: David Pipia, JAMnews

SSRİ dağıldıqdan sonra mədənlər dayanır və fəaliyyətini ancaq 2006-cı ildə bərpa edir. 4 mədəndən yalnız ikisi – Mindeli və Dzidziquri adına mədənlər qalır. Onlar “Gürcüstan Sənayə Qrupu” (GIG) holdinqinə daxil olan “Saknaxşiri” şirkətinə məxsusdur.

Və bu iki mədən sovet dövrü ilə müqayisədə çox kiçik yüklə çalışır. Amma bu cür kiçik dövriyyə belə Gürcüstanın başqa regionları kimi xroniki işsizlikdən əziyyət çəkən bu şəhərə hiss olunan rahatlıq gətirir. Şaxtalar 1500 iş yeri yaradıb və çoxları öz ailələrini dolandırmaq imkanı qazanıb.

İldən ilə şəhər boşalır – SSRİ dövründə olan 22 min sakindən əhalinin siyahıya alınmasına görə 2014-cü ildə 10 mindən az qalıb. Bunu adi gözlə də görmək olar – küçələrdə adamlar və maşınlar azdır. Evlərdə bir çox mənzillər boşdur, bir çox pəncərə şüşəsizdir. Kilsədən başqa heç bir yeni bina gözə dəymir. Köhnə tikintilər də çoxdan boşalıb.

Tkibuli, Gürcüstan, aprel 2018-ci il. Foto: David Pipia JAMnews

Şəhərdə yeganə, daha çox sovet yeməkxanasını xatırladan kafenin qarşısında sükan arxasında müştəri gözləyən Dato adlı orta yaşlı kişi də şaxtaçı işləyir. Onun üçün taksi əlavə qazanc mənbəyidir.

O Sovet İttifaqı illərində mədənçilərin necə yaxşı yaşamağından danışır. “Stalinin vaxtında mədənçiləri müharibəyə aparmırdılar. SSRİ vaxtında 50 yaşında pensiyaya çıxırdılar, indi isə 65 yaşlılar belə işləyir. Gecə növbəsində iş üçün daha çox pul ödəyirdilər, 13-cü maaş, mükafatlar varıydı. O vaxt əməyə qiymət verirdilər”, – Dato deyir.

Deyəsən, SSRİ-nin xiffətini mədənçilər şəhərinin yaşlı nəslinin nümayəndələrinin hamısı çəkir.

Lizi Çelidze və Saba Qabriçidze SSRİ-ni xatırlamırlar. Onlar 10-cu sinifdə oxuyur, və öz gələcəklərini doğma şəhərlərində görmürlər. Lizi biznesin idarə edilməsi, Saba isə beynəlxalq əlaqələr fakültəsinə daxil olmaq istəyir, “Biz öz şəhərimizi və insanlarımızı sevirik, biz burada doğulub böyümüşük, amma burada yaşamaq darıxdırıcıdır”, – Lizi izah edir.  

“Sabah qayıtmaya da bilərəm”

Tkibuli şəhəri Google-da bütün dillərdə əsasən  mədəndə baş verən qəza və bədbəxt hadisələri ilə məşhurdur.

2007-ci ildən 2018-ci ilə qədər şəhərdə işdə alınan zədələrdən 32 nəfər həlak olub, onlardan 11-i son bir il ərzində ölüb.

Hər bədbəxt hadisədən sonra eyni şey baş verir – media və sosial şəbəkələrdə şaxtaçıların təhlükəsizlik qaydalarının pozulduğu şəraitdə çalışmağı haqqında çox sayda yazılar yazılır. Hüquq müdafiəçiləri və həmkarlar ittifaqları həyəcan təbili çalır, tələbə hərəkatları aksiyalara başlayır, hökumət və şirkətlərdən işçilərin təhlükəsizliyinin təmin edilməsini tələb edirlər.

Amma ildən ilə demək olar ki, heç nə dəyişmir.

Tkibulidə peşə məktəbindəki sinfin divarında mədənçilərin xilas edilməsi üzrə təlimat Foto: David Pipia, JAMnews

Tkibulidə son kütləvi çıxışlar 2016-cı ildə baş verib. Mindən çox tətil edən şaxtaçı əmək haqlarının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Mədənçilər hər gün yerin altında 9 mərtəbəli evin hündürlüyünə bərabər  dərinlikdə on kilometrlərlə yol getdiklərini danışır. Və tez-tez qida, xüsusi geyim və duş kabinələri ilə problem yaşadıqlarını deyirlər. Bəziləri hətta bildirir ki, rəhbərlik növbə vaxtı onları çöldən qıfılla bağlayıb.   

İki il öncəki tətil maaşların 5-7 faiz artması ilə nəticələndi. Mədənçilər də iş yerlərinə qayıtdı, axı çoxları üçün bu, ailəni dolandırmağın yeganə yoludur.  İndi şaxtalarda orta əmək haqqı 800 lariyə yaxındır (330 dollar). Amma bəzi işçi kateqoriyası cəmi 350 lari maaş alır (150 dollara yaxın ).

Tətildən sonra şirkət şaxtalarda trosları, zəncirləri və rels yollarını dəyişdi, “Sadəcə gözlə görünən və nisbətən çox xərc tələb etməyən yerləri düzəltdilər. Əslində isə işçilərin təhlükəsizliyi yaxşılaşmadı ”, – Gürcüstanın mədən və kimya sənayesi işçiləri həmkarlar ittifaqının prezidenti Tamaz Dolaberidze deyir.

O, təhlükəsizlik qaydalarına riayət edilməmə nümunəsi kimi şaxtaçıların metan partlayışından həlak olmağını göstərir. Dolbaridze hesab edir ki, mədənlər metan və dəm qazının konsentrasiyasını ölçən cihazlarla təchiz olunsaydı bundan qaçmaq olardı.  

Həmkarlar İttifaqı rəhbəri daha bir problem kimi iş cədvəli və maaşın hesablanması sistemini qeyd edir – həm şaxtaçılar, həm də rəhbərlik  daha az vaxt ərzində mümkün qədər çox kömür çıxarmaq istəyir ki, bu da adətən riskləri artırır.

Səhiyyə və sosial müdafiə nazirliyi nəzdində 2015-ci ildə yaradılmış Gürcüstanın əmək şəraitinin yoxlanılması departamenti 2016 və 2017-ci illərdə Dzidziquri və Mindeli adına şaxtalarda yoxlama keçirib.

Qurumun rəyinə görə, mədənçilər burada sağlamlıq və həyat üçü təhlükəli olan şəraitdə çalışırlar.

“Saknaxşiri” şirkətinə məxsus müəssisələrdə işçilər ləyaqətlərinin alçaldıldığı mühitdə işləyir, öz işlərini qorxu amili altında, ekstremal şəraitdə görürlər”, – müfəttişliyin hesabatında deyilir.

Arabaların dayandırılması üçün əsasən taxtadan istifadə olunur, tunellərdə şaxtanı saxlayan taxtalar zədələnib və hər an uça bilər, uça biləcək yerlər hasarlanmayıb. Bundan əlavə müfəttişlik yüksəkgərginlikli elektrostansiyada insanların kaskasız, əlcəksiz, rezin çəkməsiz işlədiyini üzə çıxarıb. Hətta tunellərdən biri epidemiya riski yaradan nəcis kütləsi ilə dolu idi. Mədənçilərin çoxunda qoruyucu vasitələrdən istifadə etməmələri səbəbindən eşitmə problemi var və s.

Amma qanuna görə, əmək müfəttişliyi sadəcə əmək şəraitini yoxlayaraq, tövsiyələr vermək səlahiyyətinə malikdir. Nə isə dəyişə və ya cərimə yaza bilməz.  

Mədənçilərin özləri bizimlə problemlər barədə danışarkən mümkün qədər ehtiyatlı davranırlar. Adlarının çəkməməyi xahiş edrilər. “Batumidə beş ulduzlu mehmanxana yandı, əslində isə hər şey yüksək səviyyədə olmalıydı. 11 nəfər həlak oldu (keçən ilin noyabr ayında “Leoqrand” mehmanxanasındakı yanğın nəzərdə tutulur – red.). 60 illik şaxtada belə şeylərin baş verməyi niyə təəccüb doğurmalıdır?”, – onlardan biri bizə deyir.  

“Mən sabah şaxtaya düşəndə oradan qayıtmaya biləcəyimi çox gözəl bilirəm. Mən bu riski başa düşürəm, amma bu riskə uyğun da maaş tələb edirəm”, – başqa birisi deyir.

Tkibulidə şaxtaçıların ailələrinin yaşadığı keçmiş yataqxana binası. Foto: David Pipia, JAMnews  

Lina Qvinianidze İnsan Haqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzi” qeyri-hökumət təşkilatında sosial hüquqlar proqramının direktorudur. O deyir ki, bir çox mədənçinin müasir təhlükəsizlik standartları haqqında məlumatı belə yoxdur, ona görə də onlar indiki vəziyyəti normal hesab edir. Bundan əlavə, insanlar öz yeganə iş yerlərini itirməkdən qorxurlar və problemlər haqda danışmamağa çalışırlar.  

Qeyri-hökumət təşkilatı Gürcüstanda iş yerlərində təhlükəsizlik vəziyyəti ilə bağlı qonşuluq siyasəti üzrə Avropa komissarı İohansen Hanna xüsusi məktub yazıb.

Aldığı cavabda isə avrokomissar qeyd edir ki, Avropa İttifaqı Gürcüstandakı vəziyyətdən xəbərdardır və vəziyyətlə bağlı hökumətdən ölkənin əmək məcəlləsinə dəyişiklik edilməsini tələb edib.

Məktubda qeyd olunur: “Gürcüstanda indiki vəziyyət əmək təhlükəsizliyi haqqında qanun kimi Gürcüstanın öz  üzərinə götürdüyü (Aİ ilə əməkdaşlıq sazişi çərçivəsində -red.) və Gürcüstan qanunvericiliyinin Aİ standartlarına yaxınlaşmasını nəzərdə tutan öhdəliklərə cavab vermir”.

“Saknaxşiri” şirkətində bildirirlər ki, 2017-ci ilin ikinci yarısından müəssisənin tam texniki təchizatı üçün hər şey edilib,  bu da təhlükəsizlik səviyyəsini qaldırmalıdır.

Şirkət məsuliyyətdən qaçmadığını bildirir – hər zaman zərərçəkənlərin müalicəsi, həlak olanların dəfn xərclərini ödədiyini, həmçinin onların uşaqlarını işlə təmin etdiyini və onların təhsil xərclərini ödədiyini bildirir.

Tkibuli, Gürcüstan, aprel 2018-ci il. Foto: David Pipia, JAMnews

Alternativ yol köçməkdir

30 yaşlı mədənçi Çiora Kirkitadze Gürcüstana bir neçə günlük –  aprelin 5-də həlak olmuş əmisinin dəfninə və həmin uçqunda yaralanan qardaşını ziyarət etməyə gəlib. Sonra da geri, Polşaya dönəcək, bir neçə ay əvvəl burada mədəndə işə düzəldib. Ondan əvvəl isə 11 il Tkibuli şaxtasında çalışıb.

“Polşada mənim müdiriyyətim mədəndə əmimin həlak olduğunu və qardaşımın yaralandığını öyrəndikdə, özləri mənə bilet alıb, Gürcüstana yola saldılar”, – Çiora deyir.

Yeni iş yerindəki şəraitdən çox razıdır, maaşı min avroya yaxındır, bundan əlavə yemək və qalmaq yeri ödənilir. Şaxtada iş günü 6 saatdır, yolu nəzərə alsaq 8 saat.

Çiora deyir ki, mədənlərdə texnologiya və təhlükəsizlik şəraiti baxımından Polşa və Gürcüstan arasında yerlə göy qədər fərq var. “Orada mən özümü insan hiss etdim. Burada insan həyatı bir vaqon kömür qiymətində deyil”, – o deyir.

Çiora artıq işini itirməkdən qorxmur, ona görə də Tkibuli mədənlərindəki vəziyyətlə bağlı daha ürəkli danışır: “Əmək müfəttişliyinin bizə kömək edəcəyi nağıl idi. Elə olurdu ki, əmək müfəttişliyindən əvvəlcə zəng gəlirdi, şirkət də əl-ayağa düşürdü, boltları bərkidi, qaydalara görə girilməsi qadağan olan yerləri taxta ilə bağlayırdı… Müfəttişlik gedən kimi taxtaları söküb, bizi təhlükəli yerlərə işləməyə göndərirdilər. Getməsəydin işdən qovurdular”.

Facebook Comments