Gürcüstanın keçmiş və hazırkı baş nazirləri arasındakı qarşıdurma haqqında konfliktoloqun rəyi
Qaribaşvili və Kobaxidze arasında münaqişə
Münaqişələr üzrə ekspert Paata Zakareişvilinin fikrincə, Gürcüstanın hakim komandasında keçmiş baş nazir İrakli Qaribaşviliyə hazırkı baş nazir İrakli Kobaxidzeyə nisbətən daha çox rəğbət bəslənilir. Zakareişvili həbsdə olan Qaribaşvilinin fəallığını və son vaxtlar yaydığı məktubları məhz öz gücünə olan bu inamla əlaqələndirir.
Zakareişvili hesab edir ki, Qaribaşvili, ola bilsin, Kobaxidzenin növbəti seçkilərdə məğlub ola biləcəyinə inanıb. Kobaxidze isə, öz növbəsində, hətta həbsdə olan keçmiş baş nazirin ondan daha böyük siyasi təsirə malik olduğunu görüb.
Lakin münaqişələr üzrə ekspertin fikrincə, Qaribaşvili məktublarında mövqeyini daha konkret ifadə etməlidir.
Sentyabrın 1-də İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb. O, məktubunda hökumət nümayəndələrini keçmiş hüquq müdafiəçisi Lazare Corbenadzenin ölüm şəraiti ilə bağlı suallara cavab verməyə çağırıb.
Sentyabrın 3-də isə Corbenadzenin ölümü ilə bağlı işin istintaqı çərçivəsində hüquq-mühafizə orqanları İrakli Qaribaşvilini həbsxanada dindiriblər. Prokurorluğun bəyanatına görə, Qaribaşvilinin Corbenadzenin ölüm şəraiti ilə bağlı açıq şəkildə səsləndirdiyi şübhələrin faktiki əsası yoxdur və keçmiş baş nazir istintaqa yeni, mühüm sübutlar təqdim edə bilməyib.

Paata Zakareişvili: “İrakli Qaribaşvilinin məktublarında daha çox fakt olmalıdır, hər şey konkretləşdirilməli, soyadlar göstərilməlidir. Lazare Corbenadzedən söhbət gedəndə o, açıq şəkildə dedi ki, Corbenadze intihar etməyib, öldürülüb. Deməli, Qaribaşvili nəsə bilir və bu işi sona çatdırmaq istəyir. Amma bunu sübut edə bilməsə, məsələ gözdən salınacaq.
Ancaq son məktublar getdikcə daha çox tostları xatırladır. Görünür, məktublarının təsir doğurması onun xoşuna gəlib. Məsələn, regional inkişaf naziri Mamuka Mdinaradze siyasətdən gedib. Düzdür, bu, məktublara görə yox, Mdinaradzenin Qaribaşvilini susdura bilməməsi, onu cilovlaya bilməməsi səbəbindən baş verib.
Mən dərindən əminəm ki, Kobaxidze-Mdinaradze səviyyəsində 2028-ci il parlament seçkilərinədək Qaribaşvili “klanını” məhv etmək qərarı verilmişdi. Birdən məlum oldu ki, Qaribaşvili tək deyil və onun siyasi baxımdan məhv edilməsi o qədər də asan məsələ deyil. Qaribaşvili hakim “Gürcü Arzusu” partiyasında ona Kobaxidzedən daha çox rəğbət bəsləndiyi barədə siqnal aldı. O, gücünü hiss etdi və indi bu dalğadan yararlanmaq istəyir. Qaribaşvili başa düşdü ki, qarşıdakı seçkilərdə Kobaxidzenin məğlubiyyəti mümkündür.
Qaribaşvili hakim partiyanın qurucusu Bidzina İvanişvilinin qərarına tabe oldu, həbsxanaya getdi və birdən məlum oldu ki, bu da Kobaxidze və Mdinaradze üçün kifayət etməyib. Qaribaşvili hiss edir ki, Kobaxidze və Mdinaradze ondan qorxurlar. Unutmayaq ki, bu vaxt “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze kölgədə qalır və hər şeyi, hətta Ukraynadakı hadisələri də izləyir. O, görür ki, İrakli Kobaxidze çox zəifdir və seçkilər ərəfəsində Qaribaşvili bütün komandanı öz ardınca apara bilər.
Kobaxidze hətta həbsdə olan Qaribaşvilinin ondan daha güclü olduğunu anlayıb. Qaribaşvilinin regionlarda çoxlu tərəfdarı var. Siyasi fiqur kimi zəifdir, amma o, “özüm də yeyirəm, sizə də yeməyə verirəm” prinsipi ilə çox güclü, köhnə tipli korrupsiya sistemi yaradıb.
İrakli Kobaxidze artıq “silinib”, onun silahdaşları yoxdur. Buna görə də bu gün baş verə biləcək hadisə, yəni onun istefası daha sonra, yəqin ki, 2028-ci ilə yaxın baş verəcək. Əlbəttə, Bidzina İvanişvili növbədənkənar seçkilərə getməsə”.
Qaribaşvili və Kobaxidze arasında münaqişə