Beslan terror aktının 22-ci ildönümü: istintaq nə qədər irəliləyib və qurbanlar nəyə nail ola biliblər?
Beslanda terror aktı
Beslanda baş verən və Şimali Osetiyanın müasir tarixinin ən faciəli səhifələrindən biri olan terror aktından 22 il ötür.
Respublikada anım tədbirləri keçirilir, lakin həmin gün əslində nə baş verdiyinə dair hələ də tam aydınlıq yoxdur.
“Cəhənnəmdə üç gün”: Terror aktının xronikası
2004-cü il sentyabrın 1-də terrorçular Beslandakı 1 saylı məktəbin şagird və müəllimlərini, o cümlədən birinci sinif şagirdlərini, onların valideynlərini və yanlarında olan körpələri girov götürüblər.
İlk saatlarda terrorçular bütün yetkin kişiləri güllələyiblər. Digər girovları isə üç gün məktəbin idman zalında saxlayıb, onlara su verməyib və siyasi tələblər, o cümlədən “qoşunların Çeçenistandan çıxarılması” tələbini irəli sürüblər.
Terrorçular həmçinin Şimali Osetiyanın o vaxtkı prezidenti Aleksandr Dzasoxovun, İnquşetiya prezidenti Murat Zyazikovun, MDB-nin icraçı katibi və Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Vladimir Ruşaylonun onların yanına gəlməsini tələb ediblər. Onlardan heç biri bu tələbi yerinə yetirməyib.
Şimali Osetiya hakimiyyəti girovların azad edilməsi üçün danışıqlar aparmağa çalışsa da, nəticə əldə olunmayıb. Sentyabrın 2-də İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşev terrorçuların inquş qruplaşması ilə razılığa gələ bilib. Onu idman zalına buraxıblar və o, oradan körpələri ilə birlikdə 20-yə yaxın qadını çıxarıb.
Üçüncü gün günorta saatlarında idman zalında iki partlayış baş verib.
Girovların bir qisminin ifadələrinə və rəsmi versiyaya görə, terrorçuların divarlar boyunca yerləşdirdiyi partlayıcı qurğulardan biri partlayıb. İdman zalında yanğın başlayıb, terrorçular girovları güllələməyə başlayıblar.
Qeyri-rəsmi versiyaya görə isə partlayışa və yanğına kənardan müdaxilə, məktəb binasına “Şmel” qumbaraatanından açılan atəş səbəb olub.
Şimali Osetiya və ümumilikdə Rusiya hakimiyyəti bu versiyanı obyektiv hesab etməsə də, onun ətrafında mübahisələr indiyədək davam edir. Partlayış zamanı qonşu yaşayış məntəqəsində hücum planını məşq edən FTX xüsusi təyinatlıları təcili olaraq Beslana çağırılıb. Terrorçularla döyüş başlayıb və nəticədə girovların böyük hissəsi azad edilib.
Lakin itkilər yenə də çox böyük olub. Terror aktı nəticəsində 334 nəfər həlak olub: 314 girov və FTX, DİN və FHN-in 20 əməkdaşı. 783 girov yaralanıb.
Rəsmi versiyaya görə, terrorçuların sayı 32 nəfər olub və onların hamısı zərərsizləşdirilib. Yalnız Nurpaşa Kulayev sağ ələ keçirilib və ömürlük həbs cəzasına məhkum edilib.
Lakin terror aktından dərhal sonra açılan cinayət işi indiyədək yekunlaşdırılmayıb. Qurbanların yaxınları hakimiyyətin rəsmi versiyası ilə razılaşmayaraq “obyektiv və ədalətli araşdırma” tələb ediblər. Bəzi girovların ifadələrinə görə, terrorçuların sayı 32 nəfərdən çox olub və onların bir qismi qaça bilib.
Həmçinin cinayətkarların məktəb binasında əvvəlcədən silah anbarları hazırladığı və terrorçuların bir qisminin daha əvvəl təmir işləri aparan fəhlə adı ilə binaya daxil olduğu iddia edilib.

22 il sonra
2026-cı il sentyabrın 1-də “Beslan anaları” ictimai təşkilatı ənənəvi illik mətbuat konfransını keçirib.
Təşkilatın rəhbəri Susanna Dudiyeva cinayət işinin istintaqında müəyyən irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, bu, iki il əvvəl terror aktının 20-ci ildönümü ərəfəsində Beslana səfər edən Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra mümkün olub. Dudiyevanın sözlərinə görə, Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müvafiq tapşırıqlar verib.
Dudiyeva mətbuat konfransında bildirib ki, istintaq terrorçuların sayının həqiqətən də 32 nəfərdən çox olduğunu müəyyən edib. Cinayət işi isə zərərsizləşdirilən terrorçuların hamısının şəxsiyyəti müəyyən edilmədiyi üçün hələ də yekunlaşdırılmayıb. Xüsusilə onlardan birinin, Səudiyyə Ərəbistanı vətəndaşının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Səudiyyə Ərəbistanı hakimiyyəti bu məsələdə Rusiyanın istintaq orqanlarına yardım göstərmir.
Mətbuat konfransının əsas mövzularından biri keçmiş girovların sağlamlıq vəziyyəti olub. “Beslan anaları” komitəsi terror aktı qurbanlarının və onların yaxınlarının mütəmadi olaraq sosial və tibbi yardım almasına nail olub. Terror aktından zərər çəkənlərin kompleks reabilitasiyası proqramının müddəti 2030-cu ilədək uzadılıb. Onların müalicəsinə ayrılan vəsait də artırılıb.
“Sanatoriya-kurort reabilitasiyasının, deyərdim ki, uğurla həyata keçirildiyini söyləmək olar. Müəyyən problemlər, bəzi nüanslar var, amma bunların hamısı həll edilə bilən məsələlərdir. Hazırda keçmiş girovların terror aktından sonra doğulan uşaqlarının da reabilitasiya proqramından yararlanması çox sevindiricidir. Rusiyada baş vermiş digər terror aktlarının qurbanlarının demək olar ki, heç birinə belə reabilitasiya imkanı yaradılmayıb”, – Susanna Dudiyeva bildirib.
Qurbanların rəsmi hüquqi statusu məsələsi hələ də aktual olaraq qalır. Müvafiq qanunun qəbulu zərərçəkənlərə, hətta onların övladlarına dəstək göstərilməsi üçün prinsipial olaraq yeni imkanlar yaradacaq.
“Beslan anaları” təşkilatının üzvlərindən biri Elvira Tuayeva bildirir ki, onlar təkcə Beslan terror aktının deyil, Rusiya Federasiyasında indiyədək baş vermiş bütün terror aktlarının qurbanları haqqında qanunun qəbuluna nail olmaq üçün səylərini davam etdirəcəklər.
Beslanda terror aktı