Gürcüstan ombudsmeninin məlumatına görə, təhlükəsizlik normalarına riayət olunmaması səbəbindən son beş il ərzində iş yerlərində 270 nəfər həlak olub " />

“Məni qəzəb boğur”. Gürcüstan – iş yerlərində zərər çəkən insanların hekayələri

Gürcüstan ombudsmeninin məlumatına görə, təhlükəsizlik normalarına riayət olunmaması səbəbindən son beş il ərzində iş yerlərində 270 nəfər həlak olub

Gürcüstan xalq müvəkkilinin məlumatına görə, iş təhlükəsizliyi normalarının pozulması səbəbindən son beş il ərzində ölkədə 270 nəfər həlak olub. Həmrəylik Şəbəkəsinin məlumatına görə isə 2011-2017-ci illərdə eyni səbəbdən iş yerlərində 1209 nəfər həlak olub ya da əlil olub.

Birləşmiş Həmkarlar İttifaqlarının məlumatına görə, təkcə 2017-ci ildə iş prosesində 41 nəfər ölüb, 66 nəfər zərər çəkib.

“Fəhlələrlə həmrəylik” aksiyası. Nümayişçilər əmək üzrə müfəttişliyin yaradılmasını və təhlükəsizlik normalarına riayət olunmasını tələb edirlər. Onlar ölən fəhlələrin xatirəsinə parlamentin qarşısında karton fiqurlar düzüblər. 13 fevral, 2018-ci il

Artıq neçə ildir ki, müxtəlif təşkilatlar və hərəkatlar Gürcüstanda əmək təhlükəsizliyi normalarının sərtləşdirilməsini tələb edirlər. Əmək üzrə müfəttişliyin yaradılması Gürcüstanın Avropa İttifaqı qarşısında öhdəliklərindən biridir, bu, Gürcüstanın Aİ ilə assosiasiya müqaviləsinin mahiyyətindən çıxır.

Hakimiyyət əmək qanunvericiliyinə düzəlişlərin edilməsinin zərurətini inkar etmir, amma proses müxtəlif səbəblərdən ləngiyir. Əmək təhlükəsizliyinə həsr olunmuş qanun layihəsi parlamentə baxılması üçün hələ 1 iyun 2017-ci il tarixində daxil edilib. Bu sənəd 9 may 2017-ci il tarixində Tkibuli mədənində dörd metr hündürlüyündən lift qopandan sonra işlənib hazırlanıb.  

Qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarları hesab edirlər ki, hakimiyyət tərəfindən irəli sürülən qanun layihəsi işə götürənlərə qarşı olduqca loyaldır və hətta minimal təhlükəsizlik standartlarına cavab vermir. Əmək münasibətlərinin sərtləşdirilməsinə qarşı çıxanlar isə hesab edirlər ki, əmək üzrə müfəttişliklər əsasən formal xarakter daşıyır və reallıqda heç nəyi dəyişməyəcəklər. Yeganə çıxış yolunu onlar iqtisadiyyatın inkişafında görürlər ki, bu da normal iş şəraitinin təmin edilməsinə gətirib çıxaracaq.

JAMnews iş yerlərində zərər çəkən  bir neçə nəfərlə söhbət edib. Onların hekayələri bir-birinə çox oxşayır.

______________________________

David Melkadze, 61 yaş, Xaraqauli

Dəmir yolunda iş zamanı dağılan tunelin qalıqları altında qalıb

“Yanvarın 22-də tikinti meşələri sökülməliydi. Qayda üzrə bu zaman planlı partlayış həyata keçirilir, bütün fəhlələr tuneli tərk etməlidir. Ancaq partlayışdan 45 dəqiqə sonra fəhlələr qayıda və müxtəlif qırıntılar və tikinti zibilinin çıxarılmasına başlaya bilərlər. Amma qayda üzrə heç vaxt işləməyiblər. Bizə partlayışla bağlı xəbərdarlıq verildi, biz də təhlükəsiz görünən yerə çəkildik, əllərimizlə qulaqlarımızı tutduq, ağzımızı açdıq – belə etmək lazımdır, çünki partlayış vaxtı dəhşətli təzyiq yaranır. Partlayışdan dərhal sonra iş başına qayıtdıq. Bu zaman da tam gözlənilməz şəkildə daha bir partlayış baş verdi, tunelin bir hissəsi dağıldı, biz də – üç fəhlə – dağıntıların altında qaldıq. Mənim ancaq sol əlim onların altından çıxırdı. Ağrıdan qışqırdığımı xatırlayıram. Sol əlim, altı qabırğam qırılmışdı, beyin silkələnməsi, döş qəfəsinin travması, çiynimdə açıq yara. Mənimlə dağıntıların altında qalan iki oğlanın onurğa ilə problemi var. Xilas olmağımız möcüzə oldu.

Bu vaxta qədər də travmalar alırdım, amma bu qədər ciddi yox. Ancaq avqustun əvvəlində işə qayıda bildim. Buna qədər də kənddə təsərrüfatla məşğuluydum. Dəmir yolunda işləmək çətindir, iş şəraiti çox ağırdır. Yağış, qar, soyuq, palçıq – fərq etməz, işləmək lazımdır. Bir dəfə ayağımın üstünə dəmir parça saldım – dizə qədər palçığıydı, hərəkət etmək çətiniydi. Xaşuri şəhər xəstəxanasında mənə doqquz günlük bülleten düzəltdilər. Amma bülleten üzrə bu pulu da mənə ödəmək istəmirdilər! Vaxt uzadırdılar, bir ay sonra göndərməyə söz verirdilər.

Mənəsə dərman üçün pul lazımıydı. Travma o qədər də ağır deyildi, sadəcə yeriməkdə çətinlik çəkirdim. Doqquz gün sonra işə qayıtdım.  Şərait ağırdır – ventilyasiya yoxdur, normal işıq yoxdur, yüksək gərginlikli kabellər palçığın içindədir. Palçıq da elədir ki, yerimək  mümkün deyil. Tikinti meşələrinə ancaq traktorla getmək olur, başqa cür mümkün deyil. Partlayışdan sonra obyektin yoxlanılması həyata keçirilməlidir, amma bunu heç kim etmir. Bir nəfər möcizəylə sağ qaldı, siqareti yandırıb çıxdı, içəridə qalsaydı sağ qalması mümkün deyildi.   

İndi Tbilisidə müalicə alıram. Həkimlər kəndə belə buraxmır. Orada şərait yoxdur, təcili yardım maşını çağırmaq problemdir, ona görə də orada xilaskarlarım yoxdur. Tbilisidə mənzil kirayələməyə məcburam. On gün xəstəxanada qaldım. Əməliyyatla reanimasiyanı sığorta pulu ödədi. Xəstəxanada qalmağımın daha dörd gününü “Çin dəmir yolunun 23-cü sahəsi” şirkəti ödəyib.  

İşdə günə 25 lari alırdım. Ailəmi dolandırmaq üçün hər gün işləyirdim. Ay yarım oğlum da mənimlə işlədi, sonra qovdum onu, ona görə narahatıydım, iş şəraiti bax, bu cürdür. İndi də qəzəb məni boğur. Hamısını tutmaq lazımdır. Görüm, mənimlə necə davranacaqlar, necə kömək edəcəklər. Strasburqa belə müraciət etməyə hazıram. İşə götürənlərə bağışlamayacam bunu”.

Manuçar Melkadze, 28 yaş, Xaraqauli, metal məmulatları sexində işləyir

“Bir dəfə tuneldə böyük bir parça qopdu, traktor da sonra onu güclə çıxardı. Dağıntıdan bir neçə dəqiqə əvvəl xoşbəxtlikdən tuneldən çıxmışdıq, asanca ölə bilərdik. Dağıntı da boruların düzgün quraşdırılmadığından baş verdi. Rəhbərliyə şikayət etdik ki, bu cür şəraitdə işləmək mümkün deyil. Digər fəhlələr də bizi dəstəklədi –  bərkidici işlər həyata keçirilənə qədər tunelə girməkdən imtina etdilər. Bizə qulaq assalar da heç bir iş görmədilər. Mən də işdən çıxdım, özümü öldürəsi deyiləm ki. Başqalara qaldı – Gürcüstanda işsizlikdir, neynəsinlər?  Ölkənin hər yerində vəziyyət ağırdır, amma Xaraqauli rayonu yenə də pis mənada fərqlənir”.   

Tamaz Talaxadze, 53 yaş, Xaraqauli, Nebodziri kəndi

Dəmir yolu magistralının tikintisində işləyərkən tunel dağılır, o da dağıntıların altında qalır

“29 iyul 2017-ci il tarixində yeddindi tunelin bərkidilməsində işləyərkən travma aldım. Planlı partlayış idi, sonra da traktoru tunelə sürdülər ki, dağıntıları çəkib çıxarsın, daha sonra da biz tunelə girdik.  Həmişəki işimizi görürdük ki, tunelin bir hissəsi dağıldı. Mən tikinti meşələrindən aşağı düşdüm, daşların altında qaldım. Bir qulağımdan kar oldum, onurğam zədələnib, başımdan zədə almışam. İşləyə bilmirəm, ağır yük qaldırmaq olmaz, heç qaldıra bilmərəm də”.

Tamaz Talaxadzenin nəvəsi

Xəstəxanada qalmağımı sığorta ödədi, amma bu gün də müalicə almalıyam. İşə götürəndən kompensasiya olaraq 20 min lari aldım. Əvvəllər elektrovozda işləyirdim, amma ixtisara düşdüm. Tunelin tikintisində 2016-cı ilin dekabr ayında işləməyə başlamışam. Maaş iş üzrədir, orta hesabla ayda 600 lari çıxır. Zəng edib, işə çağırırdılar, bir saat ərzində özümü işə çatdırmalıydım. Oğlum da mənimlə işləyirdi. Bütün kəndimiz orada işləyir”.

Cumber Kençoşvili, 49 yaş, Çiatura, Tabaqrebi kəndi

Sereteli mədənində “Georgian manganum”da işləyərkən biləyini itirib

“18 may 2013-cü il tarixində kapsula əlimdə partladı, biləyimi itirdim. Əməliyyat pulunu trest ödədi. Mədənçi dostlarım da əllərindən gələn köməyi etdilər. Həmkarlar İttifaqı üç yüz lari ayırdı. Hökumətdən heç nə almamışam. Heç kim demədi, mənə nə düşür, nə tələb edə bilərəm.

Beləliklə də dörd uşaq atası olan mən əlil oldum, indi də yüz lari alıram, üstəlik də ailəmiz yoxsul ailə kimi 270 lari yardım alır. Bu da bütün gəlirimiz – 370 lari”.

Facebook Comments

More on JAMnews