“Biz birlikdə rəqs edirik və öz azadlığımız uğrunda mübarizə aparırıq” – Tbilisidə narkosiyasətin yumşaldılması tələbilə keçirilən aksiyadan bir il ötdü" />

Şərh: Gürcüstanda gənclərin müxtəlif qrupları arasında mental uçurum var

“Biz birlikdə rəqs edirik və öz azadlığımız uğrunda mübarizə aparırıq” – Tbilisidə narkosiyasətin yumşaldılması tələbilə keçirilən aksiyadan bir il ötdü

Tbilisidə “Parlament qarşısında azadlıq naminə rəqslər” adı almış gənclərin məşhur iki günlük aksiyasından bir il ötdü.

12-13 may 2018-ci ildə minlərlə insan parlament qarşısına gələrək, Tbilisinin iki gecə klubunda narkotik alverçiləri və istifadəçilərini üzə çıxaqmaq məqsədilə keçirilən reydlər zamanı polisin sərgilədiyi aqressiyaya etiraz etmişdi. Həmin vaxt onlarla insan döyülmüşdü. Aksiya iştirakçıları bildirmişdi ki, onların məqsədi yalnız narkosiyasətin liberallaşması deyil, həm də azad cəmiyyətin mühafizəsidir. “Biz birlikdə rəqs edirik və birlikdə öz azadlığımız uğrunda mübarizə aparırıq” – bu sözlər iki günlük aksiyanın əsas şüarına çevrilmişdi. Gənclər parlament qarşısındakı meydanda elektro-musiqi səsləndirib, rəngli tüstü buraxıb və saatlarla rəqs etmişdi.

 

Mayın 13-də eyni yerdə əks aksiya da başlamışdı. Ultra-millətçi qruplaşmalar hakimiyyətdən mitinqi dağıtmağı tələb edir və hücum etməklə təhdid edirdilər.

 

Aksiya daxili işlər naziri Giorgi Qaxariyanın etirazçıların liderləri ilə görüşündən sonra başa çatmışdı. Daha sonra o, mitinqçilərin qarşısına çıxaraq üzrxahlıq edib və narkosiyasətin yumşaldılması üçün qanunvericilik dəyişiklikləri üzərində işə başlayacağına söz vermişdi.

Tbilisinin gecə klublarında polisin keçirdiyi xüsusi əməliyyatlara qarşı etiraz aksiyası narkosiyasət, insan haqları və polis özbaşınalığı çərçivəsindən kənara çıxan problemləri üzə çıxardı.

Mayın 14-nə keçən gecə Rustaveli prospektində iki Gürcüstan üz-üzə gəldi. Daha doğrusu onun bir-birindən kəskin şəkildə fərqlənən iki gələcəyi.

Gənc aksiya iştirakçıları hər tərəfdən özlərini millətçi adlandıran və parlament qarşısına toplaşan “liberast və pedarat”lara qarşı  fiziki güc tətbiq etmək niyyətini gizlətməyən gənclər tərəfindən mühasirəyə alındı. Aqressiv kütlə mütəmadi olaraq polis kordonlarını yarmağa çalışırdı, nəticədə daxili işlər naziriylə danışıqlardan sonra polis parlament qarşısında toplaşan aksiya iştirakçılarını avtobuslara mindirib, ərazidən uzaqlaşdırdı.

Kim kimə qarşı idi?

Şərh: Gürcüstanda mədəni inqilab baş verir və bu bizə lazım olan yeganə inqilabdır

Tbilisidə ağır gecə. Polis eyni zamanda üç gecə klubunda xüsusi əməliyyat keçirib

Belə bir təəssürat yaranır ki, Gürcüstan cəmiyyətinin böyük hissəsi 12 may tarixində kimin və nə üçün etiraz etdiyini elə də anlamadı. Çoxları düşündü ki, aksiyanın məqsədi polis tərəfindən həbs olunan narkotik satıcılarını müdafiə etmək və narkotiklərin qanuniləşdirilməsidir.

Əslində isə etirazçıların dediklərinə görə, etirazın əsas motivi xüsusi təyinatlıların Tbilisinin gecə klublarına reyd zamanı əsassız zorakılığı və insan haqlarının pozuntusu idi. Etirazçılara neqativ münasibəti qəribə geyimli qeyri-adekvat insanların sosial şəbəkələrdə yayılan videosu artırdı.

Amma onu da qeyd etmək lazımdır ki, Tbilisidə gecə klublarının daimi müştəriləri heç də nəşəxorlar və narkomanlar deyil. Onların böyük əksəriyyəti 30 yaşdan aşağı, əsasən qərb təhsilli gənclərdir. Onlar bank işçiləri, dövlət məmurları, ümumiyyətlə Gürcüstanın yaranmaqda olan orta təbəqəsidir. Onlar xarici dilləri bilən, dünyanı gəzən, öz sahələrində tələb olunan mütəxəssislərdir. Onlar üçün isə ağır iş həftəsindən sonra kluba getmək ən yaxşı istirahət və asudə vaxt keçirmək üçün vasitədir.

Bu təbəqə üçün polisin gecə klubuna soxulmağı əsl Apokalipsis oldu. Öz təbiəti ilə Gürcüstanın siyasətdən kənarda olan orta təbəqəsi onların siyasətdən və eyni zamanda ətraf reallıqdan gizləndikləri dünyalarına soxulmalarına dözmədi. Amma nəticədə reallıqdan qaçmaq alınmadı.

Şərti barrikadanın o biri tərəfində  eyni anda adı heç bir yerdə hallanmayan bir neçə sağ qrup peyda oldu. Özlərini “Qara köynəklilər”, hansısa “dəstə”lər, “vətəndaş qvardiyası” adlandıran gənclər, 90-cı illərin əvvəllərinin sayaqlaması və əks-sədası kimi səslənirdi.

Müxalifət və etirazçılar bildirirlər ki, bu qruplaşmalar hakimiyyət tərəfindən idarə olunur. Bu, bəlkə də belədir, bəlkə də yox. Amma mühüm olan bu deyil, mühüm olan etirazçılara qarşı olan düşərgələrin bir-birinə qarşı reaksiyasıdır.

Aksiyalara qarşı çıxanların nöqteyi-nəzərindən, parlament qarşısına toplaşanlar yad, sırıdılmış bir mədəniyyətin nümayəndələri, gürcü ənənələri və dəyərlərinə hörmət etməyənlərdir. Hansı ki, lazım olan kimi geyinmir və özlərini lazım gələn kimi aparmırlar. Və onları cəzasız qalsalar, Gürcüstan onların zərərli təsirindən məhv olacaq.

Aksiya iştirakçıları üçün isə “kreativ sinif”dən savayı, gənclərin başqa bir kateqoriyasının da mövcud olması əsl sürpriz oldu. Bu, təhsil və tay-tuş sarıdan bəxti gətirməyənlərdir. Həyat haqqında bilikləri əsasın pravoslav keşişlərinin danışdıqlarından alanlardır, bu keşişlərin əksəriyyəti də açıq şəkildə bildirir ki, Qərbdən Gürcüstana ancaq şər və əxlaqsızlıq gəlir, əsl xilaskar isə eyni dindən olan qardaş Rusiyadır.

Onların əksəriyyəti heç vaxt klubda olmayıblar, amma orada “narkomanlar” və “homoseksualların” əyləndiyindən əmindirlər. Və onlar uğurlu təbliğat və manipulasiya sayəsində özlərindən az da olsa fərqlənənlərə nifrət edirlər (düzdür, kuklaları idarə edənlər aqressiyanın Rusiya və Kremlə yönəlməməsinə diqqət edirlər, bu kateqoriyadan olanlar onların ünvanına demək olar ki, pis heç nə demirlər).

Yəni Gürcüstanın klub əhli özü üçün cəmiyyətin “liberalist”lərə nifrət edən və onları cəzalandırmağa hazır olan ikinci hissəsini kəşf etdi. Və mənim müşahidələrimə görə, nifrət edənlər ən çox aşağı ixtisaslı sənət sahibləri və işsizlərdir. Beləliklə, bu qarşıdurmanın həm də sosial siması var.

Polisin Tbilisidə gecə klublarına reydinə qarşı etiraz aksiyası Foto: Levan Mikadze, JAMnews

Rustaveli prospektində millətçilərin aksiyası 14 may 2018-ci il REUTERS/David Mdzinarishvili

Məncə, Gürcüstan cəmiyyəti keçmiş SSRİ ölkələri arasında (Baltikyanı ölkələri istisna etsək) özü bunun fərqində olmasa da, ən qərb yönümlüdür. Sadəcə insanlar artıq alışıblar ki, ölkədə az-çox azad media var, əvvəldən nəticəsi bəlli olmayan seçkilərə alışıblar, öz fikrini açıq şəkildə bildirməyə və onu nümayişlərdə həbs olunma qorxusu olmadan dəstəkləməsinə öyrəşib.

Keçmiş hökumət 2004-2012-ci illərdə Gürcüstan vətəndaşlarını kütləvi korrupsiya və cinayətkarlıqdan çəkindirdi və az-çox qanunlara hörmət etməyə məcbur etdi. Amma görünən odur ki, cəmiyyətə dözümlülük və tolerantlıq aşılamağa vaxt çatmadı.

Görünür, Gürcüstanın sürətli qərbləşməsi, hələ də cəmiyyətin böyük hissəsinin beyinlərində möhkəm oturan totalitar təfəkkür fonunda nəticədə bu cür münaqişəyə gətirib çıxarmaya bilməzdi.  

14 may hadisələrinin göstərdiyi kimi, mühafizəkar Gürcüstanın idarə olunan kütlələri obyektiv olmayan dar düşüncəsi və bütün yad və anlaşılmayan şeylərə aqressiyası ilə Gürcüstanda bütün post-sovet illəri ərzində əldə olunan həmin o tərəqqiyə ciddi təhdiddir.

Buna baxmayaraq, münaqişənin aydın geosiyasi ölçüləri var – Gürcüstanın qərbləşmiş orta sinfi Rusiya ilə hər hansı bir əlaqədə olmağı təsəvvür belə edə bilmir. Onlar ora səfər etmir, oranı tanımır və istəmir, onların dostları və qrup yoldaşları Rusiyada deyil, Avropa və ABŞ-dadır.

Digər tərəfdən, təhsilsiz və özünü realizə edə bilməyən gənclər “konservativ”,  “eyni dindən olan böyük qardaş”ın ağuşuna çağıran təbliğatçıların asan ovuna çevirilir.

Mən Gürcüstanda belə qütbləşmə və belə mental uçurum olduğunu xatırlamıram, hətta bir-birinə güllə atan, kimsə düzgün geyinmədiyinə və ya görünmədiyinə görə döyüldüyü 90-larda belə. Onların hamısı bir mühitdə böyümüş, amma fərqli fikirləri olan insanlarıydı.

İndi isə bir ərazidə mövcud olan, amma indiyə qədər demək olar ki, bir-birilə əlaqəsi olmayan dünyalar arasında müharibəni müşahidə edirik. Bu, bəlkə də heç bir başqa post-sovet ölkəsində yoxdur.  

Facebook Comments

More on JAMnews