Narkotik əleyhinə reydə qarşı ikigünlük aksiyadan sonra beş əsas nəticə" />

Şərh: Gürcüstanda mədəni inqilab baş verir və bu bizə lazım olan yeganə inqilabdır

Narkotik əleyhinə reydə qarşı ikigünlük aksiyadan sonra beş əsas nəticə

İliya universitetinin professoru, politoloq Zaal Andronikaşvili narkotik əleyhinə reydlərə qarşı keçirilən iki günlük aksiyanın nəticələri haqda danışır.

Mayın 12-də parlament binasının qarşısında polisin Tbilisidəki bir neçə gecə klubunda apardığı narkotik əleyhinə reydə qarşı başlayan etiraz aksiyası başa çatıb. Minlərlə gənc polisin aşırı güc tətbiqində həddi aşmasına, insanları qorxu altına almasına, gecə klublarını bloklamasına etiraz əlaməti olaraq aksiya təşkil edib. Aksiyanın təşkilatçısı atrıq bir neçə ildir ki, Gürcüstanda narko-siyasətin liberallaşması uğrunda mübarizə aparan “Ağ küy” hərəkatı olub. Mitinqçilər əsasən baş nazir və daxili işlər nazirinin istefasını tələb  ediblər.

 

İki gün ərzində aksiya ilə paralel olaraq Rustaveli prospektində əks-aksiya da keçirilib. Ultra-millətçi qruplar hakimiyyətdən mitinqin dağıdılmasını tələb edib, əks halda bunu öz qüvvələri ilə edəcəklərini bildiriblər. Aksiya daxili işlər naziri Giorgi Qaxariyanın aksiya liderləri ilə görüşündən sonra başa çatıb. Danışıqlardan sonra o, mitinqçilərin qarşısına çıxıb və onlardan üzr istəyib. O, həmçinin narko-siyasətin yumşaldılması üçün qanunveriçilik üzərində işə başlanacağına da söz verib. Onun sözlərinə görə, mayın 12-də xüsusi əməliyyat zamanı hədsiz güc tətbiq edən polis əməkdaşları cəzalandırılacaq. Aksiya iştirakçılarının bəzi tərəfdarları bu nəticəni məğlubiyyət kimi qiymətləndirib. Onlar bildirirlər ki, mitinq təşkilatçıları nazirlə görüş zamanı daha böyük prinsipiallıq nümayiş etdirməli idilər.   

Zaal Andronikaşvilinin fikrincə, Gürcüstanda azad məkanlara hücum davam edəcək, buna görə də aksiyanın iki günü ilə bağlı konkret nəticələr çıxarmaq və labüd dərsi götürmək lazımdır. Onun çıxardığı beş əsas nəticə:

-1-

“Ağ küy” hərəkatının uzun müddətli strateji məqsədləri yoxdur (əgər dekriminallaşmanı / narkotiklərin leqallaşmasını diqqətə almasaq). Bundan çıxış edərək, aksiyada səslənən siyasi tələblər (baş nazir və daxili işlər nazirinin istefası) ən başdan qeyri-real görünürdü. Bu fonda əldə olunan nəticələr (DİN rəhbərinin üzrxahlığı və narko-siyasətin liberallaşması üzərində işə başlamaq vədi) ilk baxışdan mitinqçilərin tələblərinə uyğun görünmür, amma əslində bunları önəmsiz adlandırmaq mümkün deyil. Hökumət buraxılmış səhvi etiraf edib, üzr istəyib və danışıqlara hazır olduğunu bildirib.

-2-

Eyni zamanda əvvəlki illərin təcrübəsindən, daxili işlər naziri ilə şəxsi görüş təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, təxirə salınmış danışıqlar adətən böyük nəticələrə gətirib çıxarmır. Buna görə də, mənim fikrimcə, aksiyanın əsas nəticəsi nazirin üzr istəməsidir. Həmçinin narko-siyasətin liberallaşdırılması ilə bağlı vədlərə də xüsusi nikbinliklə yanaşmıram.

-3-

Dünən hakimiyyətin kifayət qədər maraqlı hərəkət taktikası məlum oldu. Hazırkı hakimiyyət bu taktikanı çox güman ki, gələcəkdə də istifadə edəcək: aksiyaları hüquq-mühafizəçiləri dağıtmayacaq, bununla belə “vətəndaş qarşıdurması” görüntüsünü yaratmaq, aksiya iştirakçılarını qorxutmaq və onları danışıqlara getməyə məcbur etmək məqsədilə istənilən aksiyanın qonşuluğunda əks-aksiyalar keçiriləcək. Bu günlərdə parlament binası önündə məhz bu baş verirdi. Belə vəziyyətlərdə necə davranacağını bilmək üçün bunu gələcək üçün də yadda saxlamaq lazımdır.  

-4-

İşin strateji tərəfinə keçək. Hökumət nə əldə etdi? Hökumət mürəkkəb vəziyyətdən minimal itki ilə çıxa bildi – nüfuzunu qorudu, daxili işlər naziri yaxşı danışıq aparan şəxs kimi aktivinə hal yazdırdı, vətəndaşların bir hissəsi inandı ki, hökumət doğrudan da “qarşı-qarşıya duran iki tərəf” arasında “arbitr” oldu və qan tökülməyinə imkan vermədi. Bununla belə hökumət “Basiani” klubuna hücumla öz hədəfinə çata bilmədi – klub bağlanmadı, klub həyatı davam edir, hadisələrə “qara yüzlərin” cəlb olunması isə hakimiyyətə çox baha başa gələcək.

 

Biz – mitinq iştirakçıları və onların tərəfdarları – nə qazandıq? Biz bir vacib azad məkanı qoruya bildik. Amma bu məkanı genişləndirə bilmədik. İndi biz azad məkanın “Basiani” hüdudlarını aşması üçün işə başlamalıyıq. Gürcüstanda mədəni inqilab gedir və bu bizə lazım olan yeganə inqilabdır. Bu tam dinc inqilabdır. Onun hərəkətverici qüvvəsi məhz siyasətdən uzaq olmasıdır. Hərçənd siyasi tərəfi də unutmaq olmaz.

– 5 –

Sabah nə olacaq? Azadlıq qalalarına gələcəkdə də hücumlar ediləcək, bəlkə də daha sərt formada və buna hazır olmaq lazımdır. Bircə “Ağ küy” hərəkatı ilə mədəni inqilab uzaq gedə bilməz. Kim ki, postsovet sisteminin son qalıqlarını silib atmaq istəyir hansısa minimal proqram ətrafında birləşməlidir. Konkret tələblər formalaşdırmaq və onların həyata keçirilməsi üzərində işləməyə başlamaq lazımdır.


More on JAMnews