Gürcüstanda azərbaycanlı toyu – təntənəli mərasimdən və ağ gəlinlikdən əvvəl nələr baş verir?" />

Əllərdə xınalı hərflər

Gürcüstanda azərbaycanlı toyu – təntənəli mərasimdən və ağ gəlinlikdən əvvəl nələr baş verir?

Bu, Gürcüstanda azərbaycanlı toyu haqqında multimedia hekayəsidir. Amma təmtəraqlı günün özü haqqında deyil. Çünki ənənəvi olaraq azərbaycanlı toyları təmtəraqlı nikah günündən iki gün əvvəl başlayır. Toy günündə ağ gəlinlik mütləq elementdirsə, ona qədər al-əlvan rənglər bayramı olur. 

Qədim xınayaxdı mərasimi “Gürcüstan azərbaycanlıları” icmasında bu yaxınlarda, hardasa bir neçə il əvvəl bərpa olunub. Və o dərəcədə populyarlaşıb ki, çoxları tərəfindən artıq mütləq ənənə kimi qəbul edilir.

Təbii boya olan xına saflığı simvolizə edir, onu təzə bəylə gəlinin əllərinə çəkirlər ki, onların birgə həyatı da xınanın özü kimi saf və parlaq olsun.

Bu gün gəlin qədim vaxtlarda olduğu kimi bəzənir. Ənənəvi milli paltar geyinir.  

1

Xınayaxdıya həm bəyin, həm də gəlinin gənc rəfiqələri və qız qohumları yığışır. Və ancaq mərasimin sonuna yaxın kişilər gəlir.

“Gənclərin bu yeni adətdən çox xoşu gəlir. Hamıya çox maraqlıdır ki, gəlin milli paltarda necə görünəcək, bu məsələ  xınayaxdıdan bir neçə ay əvvəl müzakirə olunur”, – bu tədbirin iştirakçılarından biri olan xanım deyir.

2

Xınayaxdı günü bayram şənliyi kimi başlayır. Gənclər bayram süfrəsi açır, qızlar milli və milli olmayan musiqi sədaları altında rəqs edirlər.

Şənliyin ortasında vacib bir məqam başlayır. Ərə getmək istəyən qızlar gəlinin fatasını başlarına taxırlar. Belə bir deyim var ki, bu, tezliklə sevgili tapmağa və nikahda xoşbəxt olmağa kömək edir. 

3

Başında fata ilə selfi çəkdirəndən sonra hamı bəy tərəfindən qonaqların gəlişinə hazırlaşır. Onda da xınayaxdı mərasimi başlayır. 

Xına və şirniyyatı bəy tərəfinin qohumları gətirir. Bəyin bacısı varsa, gəlinin biləklərinə və ovuclarının içinə xına yaxmaq vəzifəsini öz üzərinə götürür.

Vacib bir məqam – bir ovucun içinə bəyin, o biri ovucun içinə də gəlinin adının baş hərfi yazılır.

4

Sonra da bütün qonaqlar əllərinin üstünə xına ilə istədikləri naxışları çəkirlər. Xınanın rəngi dəridə üç həftədən çox qalır.

Əllərdə naxışlar və hərflər quruyandan sonra tədbirin növbəti və son mərasimi başlayır.

Gəlini mərkəzdə əyləşdirirlər. Musiqi sədaları altında rəfiqələri gəlinin ətrafında rəqs edir və onu mütəəssir edən, ağlamağa məcbur edən sözlər pıçıldayırlar.

Gəlinin rəfiqəsi Türkan danışır ki, onun qulağına: “Cəmi iki gün sonra ata evini tərk edəcəksən”, – sözlərini pıçıldadı və məhz bu sözlərdən sonra gəlinin gözləri doldu.

Bundan sonra da artıq axşam düşür və qonaqlara bəylə onun dostları qoşulur.

  • Gürcüstanda təxminən 300 min azərbaycanlı yaşayır, bu ölkənin ikinci ən böyük icmasıdır (gürcülərdən sonra).
  • Azərbaycanlıların əsasən kompakt yaşadığı ərazi Kvemo Kartli regionudur.

More on JAMnews