Rəy: Gürcüstandakı prezident seçkilərinin sayəsində nələri bildik?
Arxada qalan prezident seçkiləri “Gürcü arzusu” koalisiyasının “Vahid Milli Hərəkat”a qalib gəlib, onu hakimiyyətdən uzaqlaşdırdığı 2012-ci ildən sonra ən rəqabətli və gərgin seçkilər oldu.
İkinci turda Salome Zurabişvili təxminən 60 faiz səs toplayıb, birinci turda isə o, ikinci yerə çıxan, müxalifətin “Güc birlikdədir” koalisiyasının (“Vahid Milli Hərəkat” başda olmaqla) namizədi Qriqol Vaşadzeyə yaxın olub.
Bu, ilk növbədə, panikada olduğunu biruzə verən hakim partiya üçün sürpriz oldu. Müxalifətin isə qələbəyə real ümidi yarandı.
Zurabişvili nəyin hesabına qalib gəlib?
İkinci turda seçkilərə gələn seçicilərin sayı təxminən 20 faiz artıb — seçicilərin iştirak göstəricisi 46,7%-dən 56,24 faizə qədər yüksəlib.
Belə çıxır ki, yeni seçicilərin mütləq əksəriyyəti Zurabişvilini dəstəkləyib. Niyə? Bunun iki izah variantı var.
Birincisi, “Gürcü arzusu” Qriqol Vaşadzenin qələbə perspektivindən seçiciləri Mixail Saakaşvilinin qayıtması və iğtişaşların başlaması ilə qorxutmaq üçün istifadə etdi. Hətta deputatlardan biri Vaşadzenin qələbə çalacağı təqdirdə vətəndaş müharibəsinin başlanacağını da dedi.
Kampaniya hər iki tərəfdən neqativ olub və partiyalar bir-biri ilə dünyanın sonuna gətirəcək ssenarilər uydurmaqla yarışıblar. Görünür, “Gürcü arzusu”nun ssenarisi daha inandırıcı olub.
•Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir?
•Şərh: Bidzinanın seçimi və ya Gürcüstan prezident seçkilərinə yaxınlaşır
•Gürcüstan beşinci prezidentini seçir. Bu seçkilər barədə bilməli olduğumuz hər şey
Bundan başqa, qarşıda məğlubiyyət perspektivi görünəndə, “Gürcü arzusu” əvvəlcə özünə rəva bilmədiyi addımlara əl atdı.
Pozuntular bütün kampaniya boyu olub, bununla belə, seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilərin qiymətlərinə görə, seçkilərin iki turu arasında seçki prosesinin standartları əhəmiyyətli dərəcədə aşağı düşub:
bu, “Gürcü arzusu”nun hakimiyyəti boyu ən pis göstərici olub.
İkinci tura doqquz gün qalmış baş nazir 600 min vətəndaşın özəl banklara olan borclarının silinməsi ilə bağlı planlarını açıqlayıb.
Sonradan da izah edilib ki, bu borcları “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə məxsus “Kartu” bankı almalı (alınma məbləği deyilmir), daha sonra isə “sıfırlamalıdır”.
Müxalifət və müşahidəçilər bu addımı seçici səslərinin açıq-aşkar satın alınması kimi dəyərləndirib, hökumət buna cavab olaraq çiyinlərini çəkməklə kifayətlənib.
Müşahidəçilər də bir çox büdcə təşkilatı işçilərinə sistemli şəkildə təzyiq göstərmə hallarından danışıblar:
hesabatlara əsasən, onlar hakimiyyətdən olan namizədi dəstəkləmədikləri halda işdən qovulacaqları ilə hədələniblər.
Seçki məntəqələrindən kənarda hakim partiyanın koordinatorları seçicilərin iştirak edib-etmədiyini diqqətlə yoxlayır, sonra da onları maşına dəvət edirdilər, bunun göstərdikləri sədaqətə görə müəyyən məbləğlə mükafatlandırılmaları üçün edildiyi güman edilir.
Ola bilsin, məhz bu metodlar hakim partiyanın favoritinə qələbə bəxş etdi. Amma bunu dəqiq sübut etmək mümkün deyil.
Niyə bu seçkiləri birdən birə bu qədər əhəmiyyətli oldu?
Nəzərə alsaq ki, 2010 və 2017-ci illərdə konstitusiyaya edilən düzəlişlərə əsasən, prezident sırf formal fiqura çevrilir, bu gərginlik paradoksal görünürdü. Və ümumiyyətlə bu, son prezident seçkiləri idi.
Əslində isə biz 2020-ci il parlament seçkilərinin məşqini gördük. Son bir il ərzində “Gürcü arzusu”na etibar əməlli-başlı azalıb.
Bidzina İvanişvilinin may ayında partiya sədri postunu tutaraq, siyasətə qayıtması ilə bağlı qərarı bu böhranın dolayı yolla etirafı idi.
O əvvəllər də Gürcüstanın qeyri-rəsmi lideri sayılıb, özü isə bunu inkar edib və işlərin çox da pis getmədiyi halda siyasətə qayıtmasının mümkünlüyü rədd edib.
•“Birləşmiş müxalifət” Gürcüstanda prezident seçkilərinin nəticələrini tanımır və küçələrə çıxı
•Beynəlxalq müşahidəçilər: seçkilər rəqabətli olub, amma ədalətli keçməyib
Prezident seçkilərində məğlubiyyət “Gürcü arzusu” hakimiyyətinin sonunun başlanğıcı kimi qəbul edilə bilərdi: bu, müxalifətə qələbə dalğasını yəhərləmək imkanı verərdi və hakim partiyanın daxilində ziddiyyətləri dərinləşdirərdi.
Hələlik “Gürcü arzusu” bu cür ssenaridən qaça bildi. Amma seçkilər onun fundamental zəifliyini göstərdi.
İstifadə etdiyi metodlar onu hələlik özünün əsas rəqibi olan “Vahid Milli Hərəkat”la müqayisədə malik olduğu mənəvi kapitalın son qalıqlarından məhrum etdi.
Bundan başqa, parlament seçkilərində “Gürcü arzusu”nun başqa rəqibləri də olacaq və ona “Ya biz, ya da Mişa (Saakaşvili)” şüarından istifadə etmək daha çətin olacaq.
Müxalifətin qələbə çalması mümkündürmü?
Amma baş verənlərdən başqa bir nəticə də çıxarmaq olar: “Gürcü arzusu” bu dəfə qalib gəlibsə, 2020-ci ildə də həmin metodlardan istifadə edərək, uda bilər.
Burada biz Gürcüstan siyasətinin ən vacib ümumi sualının üstünə gəlib çıxırıq: hakimiyyətin bütün rıçaqları bir partiyanın əlində olanda müxalifət seçkilər yolu ilə hakimiyyətə gəlməyə prinsipial olaraq ümid edə bilərmi? Hətta onun hakim partiyadan xeyli daha populyar olduğu halda?
Mixail Saakaşvili hakimiyyətinin son illərində bir çoxları bu cür imkana şübhə ilə baxırdı: məhz buna görə də 2012-ci il seçkilərində “Gürcü arzusu”nun qələbəsi bu qədər gözlənilməz oldu.
Amma bu, fərqli vəziyyət idi: hakimiyyətin əlində olan “administrativ resurs” Bidzina İvanişvilinin böyük şəxsi var-dövləti hesabına balanslaşdırılıb.
Aydın məsələ idi ki, bu amil olmadan o vaxtkı müxalifətin heç bir şansı yoxuydu. İndi isə həm administrativ resurs, həm də var-dövlət eyni əldədir və Gürcüstanda onları balanslaşdırmaq üçün İvanişviliyə bənzər başqa bir fiqur yoxdur.
Birinci turdan sonra ümid yarandı ki, müxalifət hətta qeyri-bərabər mübarizədə də qələbəyə nail olacaq. İndi bədbinlik yenidən qayıdıb.
Gürcüstan kimi yoxsul ölkədə hakim partiya təhlükə altında olanda, hökumət və baş oliqarx həmişə bir neçə yüz min adamı qorxudasatın ala və seçkilərin taleyini öz xeyrinə dəyişə bilər.
Müxalifət onlara bunu etməyə imkan verməmək üçün nə dərəcədə güclü olmalıdır? Bu sual havada qalır.
Müxalifət düşərgəsində işlər necədir?
Məğlubiyyətinə baxmayaraq, seçkilərin nəticələri müəyyən mənada VMH ətrafında birləşən müxalifət üçün qələbə oldu. Onlar partiyanın tərəfdarlar özəyindən kənarda öz dəstəyini genişləndirə bilməməsi ilə bağlı geniş yayılmış fikri təkzib etdilər.
Vaşadzenin leyinə əslində VMH-dən əlini üzən bir çox adam səs verib.
Bəli, belə də demək olar ki, onlar ilk növbədə, hakim partiyaya qarşı çıxış ediblər. Amma istənilən halda insanlar VMY-ni başqa müxalif qüvvələrdən daha üstün tutublar.
“Birləşmiş müxalifət” bu uğuru daha da inkişaf elətdirə biləcəkmi?
Onun fərz edilən lideri Mixail Saakaşvili onun həm əsas resursu, həm də əsas əyləci olaraq qalır. Çox güman ki, koalisiya daxilində artıq müəyyən gərginlik yaranıb.
Exit poll-lar Zurabişvilinin qələbə çaldığını göstərən kimi, Saakaşvili xalqı seçkilərin nəticələrini tanımamağa və vətəndaş itaətsizliyi elan etməyə çağırıb.
Əvvəlcə Qriqol Vaşadze onunla razılaşmayaraq bildirdi ki, bu, sadəcə bir insanın fikridir və koalisiya ümumi mövqeyini göstərməlidir.
Növbəti gün isə koalisiya seçkilərin oğurlandığını və dekabrın 2-də növbədənkənar parlament seçkiləri tələbi ilə etiraz aksiyası keçirəcəyini bildirdi.
Bu taktika onlara xeyir gətirəcəkmi, yoxsa əksinə, yüksəlməkdə olan siyasi qüvvəyə ziyan edəcək? İndiki mərhələdə ikinci fərziyyə daha inandırıcı görünür.
Seçkilərin nəticələri daha bir populyar fikri şübhə altına qoydu.
“Şuaçı” (yəni orta mövqe tutan insanlar) hesab edirlər ki, Saakaşvili həddən artıq “zəhərlidir”, buna görə də onun partiyası heç vaxt udmayacaq və irəliləyiş nə VMH, nə də “Gürcü arzusu” ilə bağlı olmayan “üçüncü qüvvə”nin köməyi ilə mümkün olacaq. Biz azı beş ildir ki, bunu eşidirik.
Bu müddət ərzində biz “üçüncü qüvvə” statusuna bir neçə namizəd görmüşük, amma heç biri xüsusilə inandırıcı olmayıb.
Bu mənada hələlik “Avropa Gürcüstanı” partiyası (MHP-ni 2017-ci ilin əvvəllərində tərk edən liderlər tərəfindən yaradılan) daha uğurlu görünür.
Onun lideri David Bakradze birinci turda 11 faiz toplayaraq, nisbətən yaxşı, bununla belə, o qədər də hiss olunacaq nəticə göstərmədi. Amma bu partiya yenə də MHP-dən ayrıldığına görə, bir çox “şuaçılar” onu o qədər də “üçüncü” qüvvə saymır.
Öz kampaniyasını “Gürcü arzusu” və MHP-nin eyni dərəcədə pis olması üzərində quran keçmiş parlament sədri David Usupaşvili isə iki faizdən bir qədər çox səs toplayıb.
Beləliklə də müxalifət düşərgəsində vəziyyət bir qədər qarışıqdı ki, bu da İvanişvilini ümidləndirməlidir. Bununla belə, son illərin Gürcüstan tarixi bizə onu öyrədib ki, seçkilərə qalmış iki il ərzində çox şey dəyişə bilər. Hələlik isə deyə bilərik ki, status-kvo saxlanılsa da bir qədər sarsılıb.
Giya Nodia, “Qafqazın sülh, demokratiya və inkişaf institutu”nun sərdi