Gürcüstanın yeni prezidenti Salome Zurabişvili kimdir
Gürcüstanda iki turda – birincisi oktyabrın 28-də, ikincisi isə noyabrın 28-də – keçirilmiş prezident seçkiləri başa çatdı.
Bunda Zurabişvilinin müxalif rəqibindən daha çox, seçicilərin hakimiyyəti cəzalandırmaq istəyi daha çox rol oynayıb, – ekspertlər belə hesab edirlər.
Bundan başqa, insanlar ümumilikdə oliqarx İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” iqtidarından narazıdır, problem həm də şəxsən Bidzina İvanişvilinin seçdiyi namizəddə idi.
Seçkiqabağı kampaniyanın özəlliyi onda idi ki, hökumətyönlü namizədə qarşı yalnız müxalifət yox, hətta bəzi hakimiyyət tərəfdarları da çıxırdı.
Salome Zurabişvilinin namizədliyinə qarşı böyük kampaniya davam edirdi və bu kampaniyada yalnız onun siyasi opponentləri yox, “Gürcü arzusu”na loyal olan başqa seçicilər də iştirak edirdi. Sosial şəbəkələrdə insanlar bir-birini istənilən namizədə səs versələr də, ona səs verməməyə çağırırdılar.
• Gürcüstan prezidentini seçir – sonuncu dəfə ümumxalq səsverməsi ilə
• Gürcüstanı idarə edən adam nələr dedi?
İndi artıq prezident seçkilərinin birinci turunun nəticələri bəlliykən, JAMnews-un sentyabrda dərc olunmuş, Salome Zurabişvilinin kimliyindən və nə üçün çoxlarının onu sevməməsindən bəhs edən məqaləsini yeniləmək qərarına gəldik.
___________________
Beynəlxalq dəhlizlərdən müxalifətçilərin barrikadalarına qədər
Onun Gürcüstan siyasətində karyerası 2004–cü ildə başlayıb, həmin vaxt Zurabişvili o vaxtkı prezident Mixail Saakaşvilinin dəvəti ilə Gürcüstanın xarici işlər naziri olub.
Həmin vaxt Salome Zurabişvili adını Gürcüstanda demək olar ki, heç kim tanımırdı.
Zurabişvili Parisdə anadan olub, böyüyüb, həyatının böyük hissəsini də burada keçirib. 1921-ci ildə Gürcüstandan qaçan siyasi mühacirlərin nəvəsi olan Zurabişvili uzun illər Fransa XİN-də diplomat işləyib.
2003-cü ildə o, Fransanın Gürcüstanda səfiri təyin olunub, artıq bir neçə ay sonra, Gürcüstanda qızıl gül inqilabı baş tutanda isə gənc lider Saakaşvili 52 yaşlı fransalı xanımı öz hökumətində xarici işlər naziri təyin edib.
Elə o vaxt da fransız pasportunu özündə saxlayan Zurabişvili Gürcüstan vətəndaşlığı da alır.
Onun təyinatı vaxtı Saakaşvili deyib ki, “Gürcüstanda bu səviyyəli diplomat hələ olmayıb”. Xarici işlər naziri postunda öz əsas xidməti olaraq Zurabişvili danışıqlar prosesinə töhfəsini və Rusiya bazalarının Gürcüstan ərazisindən çıxarılması barədə razılaşmanın əldə edilməsini göstərir. Rusiya hərbi bazalarının Gürcüstanı tərk etməsi haqqında sənəddə məhz onun imzası durur.
Amma Saakaşvili ilə Zurabişvilinin siyasi dostluğu çox çəkməyib.
Artıq 2005-ci il oktyabrında vəzifədən uzaqlaşdırılımış Zurabişvili minlərlə insanın toplaşdığı mitinqdə əlində meqafon Saakaşvilinin “sülalə diktaturası”ndan danışırdı.
Onun müxalifətçi kimi siyasi karyerasını uğurlu adlandırmaq olmaz. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib.
2010-cu ildə Zurabişvili təkcə özünün “Gürcüstanın yolu” partiyasının sədri vəzifəsini deyil, həm də siyasəti və ümumiyyətlə Gürcüstanı tərk etdi.
2010-ci ildə Zurabişvili İvanişvilinin Saakaşviliyə qarşı “Gürcü arzusu” koalisiyasını dəstəkləsə də, o vaxt onun üzvü olmadı.
Bu, Zurabişvilinin ilk Gürcüstan prezidenti olmaq cəhdi deyil. O, 2013-cü ildə də prezident seçkilərində iştirak etmək istədi, amma o vaxt ikili vətəndaşlığa görə onu qeydiyyata almaqdan imtina etdilər.
Bu gün Zurabişvili Gürcüstan parlamenti deputatıdır. Ora o, “Gürcü arzusu”nun ciddi dəstəyi ilə düşüb.
2016-cı il parlament seçkilərində o, Tbilisinin majoritar dairələrindən birindən müstəqil deputat kimi namizədliyini irəli sürüb. Hakim partiya qəsdən bu dairədə öz namizədini irəli sürməyib, bütün administrativ resurslarını Zurabişvilinin dəstəyinə yönləndirib.
Avqust müharibəsini kim başlayıb?
Son bir ay ərzində “Facebook”un gürcüdilli seqmentində tez-tez Zurabişviliyə səs verməməyə çağıran statuslara, həm də Zurabişvilinin üstündən qırmızı xətt çəkilən fotosunun altından “Müharibəni Rusiya başlayıb” yazılı avatarlara rast gəlmək olar.
Zurabişvilinin namizədliyinə qarşı bu cür kütləvi kampaniyaya səbəb onun 2008-ci il avqust müharibəsi ilə bağlı dedikləri olub.
Hələ seçkiqabağı kampaniyasının əvvəlində jurnalistin avqust müharibəsi ilə bağlı sualını cavablandırarkən Zurabişvili deyib ki, “Rusiya Gürcüstana qarşı müharibəyə hələ yüz il əvvəl başlayıb”, amma 2008-ci il avqust ayında məhz “Gürcüstan Rusiyanın təxribatına uyaraq, münaqişənin yeni mərhələsinə təkan verib”.
“Hərbi vəziyyətin bu hissəsini Gürcüstan başlayıb. Bu, məlumdur və bu, hamı üçün Avropa İttifaqının da təsdiqlədiyi rəsmi versiyadır”, – deyə o bildirib.
Hakim partiya tərəfindən dəstəklənən prezidentliyə namizəddən bu cür bəyanat cəmiyətdə narazılığa səbəb olub.
Bundan başqa saytda: Şərh: Bidzinanın seçimi və ya Gürcüstan prezident seçkilərinə yaxınlaşır
Salome Zurabişvilinin bəyanatı təkcə müxalifətin deyil, həm də hakim partiyanın bir çox nümayəndəsinin və cəmiyyətin liberal hissəsinin xoşuna gəlmədi.
Sonradan o izah etməyə çalışıdı ki, 2008-ci ildə təcavüzkar rolunda Rusiya çıxış edib, amma Saakaşvili təxribata uyub və Rusiya bundan Gürcüstana qarşı müharibəyə başlamaq üçün bəhanə kimi istifadə edib.
“Biz öz əhalimizi bombalamışıq, buna da heç bir prezidentin haqqı yoxdur. Növbəti gün biz necə deyə bilərdik ki, bu ölkənin bütövlüyünü istəyirik? Mən bu ölkənin bütövlüyünü istəyirəm və istəmirəm ki, hər hansı prezident öz ərazisini və öz vətəndaşlarını bombalasın”, – deyə o bildirib və bununla da öz opponentlərini və ictimaiyyət nümayəndələrini bir az da hirsləndirib.
“Facebook”da yazırdılar:
“Bizim öz ölkəsini müharibəyə başlamaqda ittiham edən və Kremlin mesajlarını təkrar edən prezidentimiz olacaq”.
“O, Putin və Medvedevin dediklərini sözbəsöz təkrar edir”.
“Necə Gürcüstan müharibəyə başlayıb? Məgər biz tanklarla Voronejə yaxınlaşmışıq?”
“Hətta bu cür olsaydı belə, məgər prezidentliyə namizəd belə danışmalıdı? Bu sözlərdən sonra o, beynəlxalq arenada necə danışacaq və ölkənin maraqlarını necə müdafiə edəcək?”
Daha kəskin reaksiya da oldu. 31 yaşlı gürcü rejissor Vaxo Cacanidze özünün yeni “Nəticə” filmini Vimeo video hostinqində yerləşdirib və “Facebook”da filminə linki təqdim edərkən qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində Salome Zurabişvilinin namizədliyinə səs vermək niyyətində olanlara öz filminə baxmağa qadağan edir.
Zurabişviliyə qarşı kampaniyaya kilsə də qoşulub, kilsənin siyasi proseslərə təsir etmək cəhdləri və öz böyük nüfuzundan istifadə etməsi nadir hal deyil.
Bir neçə ruhani ibadət vaxtı dindarları Zurabişviliyə səs verməməyə çağırıblar. Düzdür, kilsənin narazılığa səbəb Zurabişvilinin müharibə ilə bağlı bəyanatlarından daha çox Gürcüstanda dərman preparatlarının hazırlanması üçün ixrac məqsədilə marixuana yetişdirmək ideyasını dəstəkləməsi olub.
Bundan başqa saytda: Gürcüstan Pravoslav Kilsəsi hökumətin marixuana istehsalı haqda qanun layihəsinin qarşısını alıb
“Zurabişvilinin müharibə ilə bağlı bəyanatları düşünülmüş idisə, onda onun Gürcüstanın düşməni olduğunu demək mümkündür. Yox, əgər bu, düşünülməmiş bəyanatlar idisə, onda nəsə deməkdən əvvəl fikirləşməyən prezident bizim nəyimizə gərəkdir?” – Tbilisi Dövlət Universitetinin professoru, politoloq Lado Papava sual edir.
Ədliyyə Şurası üzvü, hüquqşünas Ana Dolidze hesab edir ki, Zurabişvili prezident olacağı halda onun müharibə ilə bağlı bəyanatları Gürcüstan üçün beynəlxalq arenada pis nəticələrə gətirəcək:
“Biz on ildən çoxdur ki, Rusiya təcavüzünün qurbanı olan gürcü əhalisinin maraqlarını müdafiə etmək üçün Haaqa və Strasburqdakı beynəlxalq məhkəmələrdə işləyirik – bu, milli maraqlarımıza böyük zərbədir. Bütün bunları prezident olandan sonra da təkrar etsə bu, harakiri olacaq. Onu prezident postunda buraxmaq olmaz”.
Zurabişvili niyə namizəd kimi seçilib?
Salome Zurabişvili seçki siyahısında müstəqil namizəd kimi durur, amma həm müxalifət, həm də siyasi şərhçilər hesab edirlər ki, onun müstəqilliyi sırf simvolik xarakter daşıyır.
Onun siyasi fiqurasında gözə dəyən ilk məqam Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı açıq qərəzidir.
Bu da artıq altı ildir ki, Gürcüstanda kimin baş nazir, kimin prezident olacağına təkbaşına qərar verən Bidzina İvanişvili üçün heç də ikinci dərəcəli müsbət cəhət deyil.
Əvvəlcə hakim partiyanın daxilində Zurabişvili namizədliyinin dəstəklənməsi ilə bağlı tam razılıq olmayıb. Amma məhz keçmiş baş nazir İvanişvilinin qərarı ilə hakim partiya sonda onun namizədliyini dəstəkləyib.
Zurabişvili onun şəxsi seçimidir.
“Zurabişvilinin müstəqil namizəd kimi təqdim edilməsi “Gürcü arzusu” tərəfindən çox tragikomik addımdır. Biz illərdir Zurabişvilini müşahidə edirik, onun hakim partiya üzvü olmadığına baxmayaraq, onun ən öndəgedən və aqressiv fəallarından biridir. Axı insanlar da bunu görür”, — analitik Giya Xuxaşvili deyir.
Onun fikrincə, hakim partiya üçün əsası “Milli hərəkat”dan [Saakaşvilinin partiyası] olan namizədin qələbə çalmasına imkan verməməkdir.
Bundan başqa saytda: Gürcüstan prezidentinin seçkiləri barədə hər şey. Əsas namizədlər kimdir? Qısaca
“Gürcü arzusu”nun daxilində “Milli hərəkat”dan olan namizədə sözsüz qalib gələ biləcək namizəd yoxuydu, buna görə də “Arzu” Zurabişvilini dəstəkləməyə məcburdur”, – Xuxaşvili belə hesab edir.
Bundan başqa eksperlərin fikrincə əminliklə demək olar ki, Zurabişvili keçmiş prezident Saakaşvilini əfv edəcək və ona vətənə qayıtmağa imkan verəcək prezident olmayacaq ki, bu da İvanişvili üçün çox vacibdir.
Politoloq Xatuna Laqazidze hesab edir ki, Zurabişvilini məhz müxalif siyasi spektrində sevilmədiyi üçün seçiblər:
“Prezidentin nominal fiqur olmasına baxmayaraq, onun potensial olaraq 2020–ci il parlament seçkilərində də müxalifəti birləşdirə biləcək və hakimiyyətə qarşı çıxmağa cəhd edəcək əls xalq liderinə çevrilmək şansı olacaq.
“Gürcü arzusu”na belə bir ssenari lazımdırmı? Əlbəttə, yox. Məhz buna görə də İvanişvili prezident roluna həyatında heç vaxt xalq lideri ola bilməyəcək və xüsusən də müxalifəti birləşdirməyə bacarmayacaq bir fiquru seçib”— Laqazidze belə hesab edir.
“Parisin hündürlüyündən”
Ona qarşı başlayan ciddi kampaniyaya baxmayaraq, Zurabişvili prezident seçkilərində favorit sayılır, MSK-nın siyahısına görə, seçkilərdə 46 namizəd iştirak edir ki, onların da əksəriyyəti heç kimin tanımadığı şəxslərdir.
Zurabişvili tez-tez özünün mühacir köklərindən və məşhur əcdadlarından danışır. Öz köklərini o, seçkiqabağı kampaniyasının əsas mesajlarından birinə çevirib.
Gürcü dilində pis danışır. Bəzən onu hətta anlamaq çətin olur.
Görüşlərindən birində o, mühacirlərə müraciət edib:
“Qayıdın. Və öz gürcü dilinizdən utanmayın. Bax, məsələn, mən, öz gürcü dilimlə tezliklə prezident olacam”.
Əl-əlvan bəzək əşyaları olan və eleqant geyimli 66 yaşlı qadın haqqında danışarkən, bir çox gürcü ekspertləri və jurnalistləri ilk növbədə onun xalq lideri deyil, daha çox “insanlara yuxarıdan aşağı baxan siyasətçi” olduğunu qeyd edirlər.
Müsahibələrindən birində jurnalistin “Niyə siz bizimlə sanki yuxarıdan, Parisin hündürlüyündən aşağı danışırsız” sualına o, aşağıdakı cavabı verib:
“Yəqin ona görə ki, bəli, prezident xalqla olmalıdır, amma o yenə də xalqdan yuxarıdır”