Qeyri-hökumət sektorunda hesab edirlər ki, seçicilərin satın alınması göz qabağındadır və bununla prokurorluq məşğul olmalıdır" />

Borcların ləğv olunması nə deməkdir və kimə aid ediləcək? “Gürcü arzusu”nun təşəbbüsü haqda ən mühüm bilgilər

Qeyri-hökumət sektorunda hesab edirlər ki, seçicilərin satın alınması göz qabağındadır və bununla prokurorluq məşğul olmalıdır

REUTERS/ David Mdzinarişvili

Gürcüstanın banklara və digər maliyyə institutlarına borcu olan və bu səbəbdən “qara siyahıya” daxil edilən 600 minə yaxın vətəndaşı bu borclardan azad ediləcək. Gürcüstan hakimiyyəti prezident seçkilərinin ikinci turuna 9 gün qalmış belə qərar qəbul edib.

“İnqilabi” qərar haqda seçicilərə şəxsən baş nazir Mamuka Baxtadze məlumat verib.

• 28 noyabrda Gürcüstan prezidentini seçəcək. Bu seçki haqda bilməli olduğunuz hər şey

• Niyə gürcüstanlı siyasətçilər banklarla mübarizə aparır?

• Bidzina İvanişvili landşaftı necə dəyişir? Qara dəniz sahilindən reportaj

Baş nazirin sözlərinə görə, hakimiyyətin silmək istədiyi vətəndaşların ümumi borcu təxminən milyard yarım lari təşkil edir və bu borcun ödənməsinə krçmiş baş nazir və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişviliyə məxsus “Kartu” fondu yardım göstərəcək.   

Oktyabrın 28-də Gürcüstanda prezident seçkilərinin birinci turunda prezidenti seçmək mümkün olmayıb. İkinci tur noyabrın 28-ə təyin edilib.

 

Birinci turda səslər hakimiyyətyönlü namizəd Salome Zurabişvili və Birləşmiş müxalifətin lideri Qriqol Vaşadze arasında demək olar ki, bərabər bölünüb – müvafiq olaraq, 38,64 faiz və 37,73 faiz.

Baş nazir Baxtadze çıxışı zamanı vurğulayıb ki, borcların ləğv edilməsi təşəbbüsü məhz Bidzina İvanişvilidən gəlib.

Borcların ləğv edilməsi prosesi nə zaman başlayacaq və kimlərə aid ediləcək?

Artıq bəzi detallar məlumdur – Mamuka Baxtadzenin bildirdiyi kimi borcların silinməsi dekabrın 15-dən başlayacaq, dekabrın 31-də başa çatacaq.

Baxtadzenin sözlərinə görə, “qara siyahıya” təxminən 700 min nəfər Gürcüstan vətəndaşı daxil edilib. Buna görə də bu insanlar tam mənada iqtisadi fəaliyyət göstərə bilmirlər. Borcların əsas hissəsi, 95 faizi və ya 600 min nəfər borclunun ödəyəcəyi məbləğ 2 min larini aşmır. Hakimiyyətin təşəbbüsü məhz onları əhatə edəcək. Yəni 2 min larini aşmayan borcluların borcu ləğv ediləcək.

Brifinqdə baş nazir bildirib ki, yalnız banklar qarşısındakı yox, həm də onlayn kredit verən təşkilatlar və digər maliyyə institutları qarşısında borclananların da borcları qapadılacaq.

Hərçənd daha sonra maliyyə naziri İvane Maçavariani məlumat verib ki, hakimiyyətin təşəbbüsü ilə bütün maliyyə institutları razılaşmayıb. Məsələn, borcların ləğv edilməsinin ən iri onlayn kredit şirkətlərindən biri olan “Vivus”un kreditorlarına aidiyyatı olmayacaq. “Vivus” hakimiyyətin təklif etdiyi borcların bağlanması sxemindən imtina edib.

Baxtadzenin sözlərinə görə, qeyd olunan 600 min insandan təxminən 150 min nəfəri sosial cəhətdən müdafiə olunmamış təbəqəyə aiddir, on minlərlə insan isə məhdud imkan sahinbləridir, onlar kiçik bank borclarının öhdəsindən gələ bilməyiblər.

Baş nazir bəyan edib ki, yenə də əhalinin sələmçilərə olan borcları ciddi problem olaraq qalır, bu istiqamətdə də fəal iş aparılacaq və ümid etmək gərəkdir ki, nəticə uğurlu olacaq.

Bidzina İvanişvili, “Kartu” fondu və UNICEF-ə təşəkkür

Mamuka Baxtadze borcların ləğv edilməsini “yüz minlərlə ailənin ağır yükünü yüngülləşdirəcək mühüm qərar” adlandırıb.

Onun sözlərinə görə, problemin mövcudluğu barədə ilk olaraq Bidzina İvanişvilinin özü söz açıb, hələ yazda, siyasətə qayıtmaq qərarı qəbul etdiyi zaman.

Baxtadze İvanişviliyə məxsus fonda da minnətdarlığını bildirib: “Xüsusi minnətdarlığımı “Kartu” fonduna bildirimək istəyirəm, onun dəstəyi olmadan bu mühüm təşəbbüsü reallaşdırmaq mümkün olmazdı”.

Qəbul olunmuş qərarın mühümlüyünü əsaslandırarkən Baxtadze BMT-nin Uşaq Fondunun – UNICEF-in son tədqiqatındakı göstəricilərə əsaslanıb:

“UNICEF-in tədqiqatı borcların həddən artıq çoxluğu və yoxsulluq arasındakı birbaşa əlaqəni, həmçinin bir çox Gürcüstan ailələri üçün borc yükünün ağırlığının uşaqların və yeniyetmələrin inkişafına da mənfi təsir göstərdiyini nümayiş etdirir”, – Baxtadze bildirib.

“Bank və qeyri-bank sektoru hakimiyyətin planı ilə razılaşır”

Baxtadzenin sözlərinə görə, hakimiyyət borcların ləğvi ilə bağlı qərar qəbul edənə qədər həm bank, həm də qeyri-bank çevrələrinin nümayəndələri ilə davamlı və mürəkkəb  danışıqlar aparılıb.

“Danışıqlarda iştirak edənlərin böyük hissəsi, o cümlədən də borcların hasil edilməsi bürosu adlandırılan qurumlar böyük sosial məsuliyyət nümayiş etdirərək təklif olunmuş fəaliyyət planı ilə razılaşıb ki, bu da ən nəhayətdə yüz minlərlə ailənin ağır vəziyyətini yüngülləşdirəcək planı qəbul etməyə imkan verib”, – baş nazir bəyan edib.

Birləşmiş müxalifət: “Hakimiyyət bizim təşəbbüsümüzü mənimsəyib”

Əgər qeyri-hökumət sektoru və ekspertlər hakimiyyətin qərarını populizm adlandırıb, seçiciləri satın almaq cəhdi kimi dəyərləndiriblərsə, aparıcı müxalif partiyaların hakimiyyətə qarşı iddiaları başqa yöndədir. “Güc birlikdədir” [“Güc birlikdədir” eks-prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyasının rəhbərliyi altında yaradılmış müxalif alyansdır, prezident seçkiləri ərəfəsində ətrafında 10-a yaxın xırda müxalif partiya birləşib – JAM-news] birləşmiş müxalifətin qərargahından bildirblər ki, hakim partiya əhalinin vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlər sırasında onların nəzərdən keçirdiyi bu təşəbbüsü mənimsəyib.

“Biz artıq çoxdan belə təşəbbüs üzərində çalışırıq və milli iqtisadiyyatın staqnasiyası haqda danışırıq. İqtisadiyyat bizim nəzərimizcə, məhz iqtisadi cəhətdən fəal olan insanları müflisləşdirdiyi və borc bataqlığına sürüklədiyi yanlış dövlət siyasəti üzündən inkişaf etmir”, – müxalif namizəd Qriqol Vaşadzenin seçki qərargahının rəhbəri Giorgi Vaşadze deyib.

O hesab edir ki, hakimiyyət borcların silinməsi qərarını prezident seçkilərinin ikinci turunda məğlub olmaq qorxusundan qəbul edib.

“Bu, seçicilərin satın alınmasıdır və bununla prokurorluq maraqlanmalıdır”

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatının nümayəndəsi Levan Natroşvilinin dəyərləndirməsinə görə, hakimiyyətin “qara siyahıdakı” şəxslərin borclarını ləğv  etmək təşəbbüsü seçiciləri satın almaq elementi daşıyır və bu məsələ ilə prokurorluq məşğul olmalıdır.

Digər nüfuzlu təşkilatlar da bu yanaşmanı dəstəkləyir. “Gürcüstan qanunvericiliyinə əsasən, seçki dövründə bu cür addımlar yolverilməzdir. Biz artıq bilirik ki, borcları “Kartu” fondu ödəyəcək… Bunun açıq-aşkar motivasiya olduğu faktdır. Üstəlik, söhbət o qədər çox insandan gedir ki, hakimiyyətin addımları seçkilərin nəticələrini bəri başdan bəlli edə bilər”, – Levan Natroşvili deyib.

Müxalif “Avropa Gürcüstanı” partiyasının üzvü Oto Kaxidze də bu fikirdədir. O öz Facebook səhifəsində bunları yazıb:

“Seçicilərin satın alınması da yox, kütləvi şəkildə əbləh yerinə qoyulması baş verir. Səxavətli dayı sadəcə səs qazanmaq üçün milyard yarım pul ödəməyə hazırdır, əlbəttə, əgər bu səsləri ala bisə, söhbətə dekabrın 16-dan başlayarıq. Yəni “stullar səhər, pul isə  axşam” – dahi kombinator zamanında bu fənddən yararlanmağa çalışıb”, – Kaxidze yazır.


More on JAMnews