Gürcüstanlı politoloq iqtidar partiyasının prezidentliyə namizədi ətrafında cəmiyyətdə niyə bu qədər mübahisə yarandığı haqda düşüncələrini paylaşır" />

Şərh: Bidzinanın seçimi və ya Gürcüstan prezident seçkilərinə yaxınlaşır

Gürcüstanlı politoloq iqtidar partiyasının prezidentliyə namizədi ətrafında cəmiyyətdə niyə bu qədər mübahisə yarandığı haqda düşüncələrini paylaşır

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili. Foto Salome Zurabişvilinin Facebook səhifəsindəndir

Oktyabr seçkiləri Gürcüstanda yalnız prezidentin birbaşa seçimlə seçildiyi (əgər konstitusiya dəyişməsə) son seçki olmayacaq. Bu, həm də ən qeyri-adi seçki olacaq.

Ən qeyri-adi olan odur ki, “Gürcü arzusu” iqtidar partiyası prezidentliyə öz namizədini irəli sürməyib. Amma eyni zamanda partiyanın tam da özününkü hesab etmədiyi namizədi olacaq.

“Arzu”nun prezident seçkilərində kimə etimad göstərəcəyini elan etməkdə niyə bu qədər ləngidiyini də anlamaq olmur. Halbuki artıq çoxdan öz favoritlərini dəstəkləməyə başlayıblar.

Bunun yeganə mümkün izahı yalnız partiya lideri Bidzina İvanişvilinin şəxsi istəyi ola bilər.

Uzun müddət sonra verdiyi ilk uzun televiziya müsahibəsində İvanişvili bəyan edib ki, onun partiyası prezident seçkilərində öz namizədini irəli sürməyəcək. Onlar ya müstəqil namizədlərdən birini dəstəkləyəcəklər, ya da ümumiyyətlə heç kimi dəstəkləməyəcəklər.

Bu bəyanat hətta İvanişvilinin tərəfdarları üçün də şok olub.

Keçmiş baş nazir gizlətmir ki, öz partiyasında da onunla razı deyillər; bəziləri hətt mətbuatda ehtiyatlı tənqidə də cəsarət edib – öz namizədini irəli sürməkdən imtina etmək partiyanın zəifliyi kimi qəbul ediləcək. Üstəlik əgər partiya müstəqil namizədi dəstəkləyəcəksə, onun “müstəqilliyinə” onsuz da heç kim inanmayacaq, – onlar deyiblər. Ən nəhayət, öz sıralarında bu qədər çox yaxşı namizəd varkən, yad adama niyə kömək edəsən ki?

Amma tərəfdaşlarının bu sadə arqumentləri İvanişvilini fikrindən döndərməyib. Komandasının üzvlərinin onun iradəsinin əksinə getməsi isə ən başından istisnadır.

İvanişvili bu bəyanatı səsləndirən kimi hamı bu “müstəqil” namizədin kim olduğunu anlayıb – Salome Zurabişvili, bir vaxtlar Mixail Saakaşvili komandasında xarici işlər naziri, daha sonra isə onun ən kəskin düşməni.

Salome Zurabişvilinin “müstəqilliyi” ilə bağlı fənddən artıq bir dəfə yararlanıblar: 2016-cı il parlament seçkilərində də o, Tbilisinin seçki dairələrindən birində müstəqil namizəd kimi qeydiyyatdan keçmişdi.

Məhz bu dairədə “Gürcü arzusu” öz namizədini irəli sürməmişdi və bütün resurslarından Zurabişvilinin dəstəklənməsi üçün istifadə etmişdi. Zurabişvili Gürcüstanın bütün majoritar məntəqələrində “Gürcü arzusu”nun bütün namizədləri kimi (birindən başqa, “Gürcü arzusu” həmin məntəqədə də sözdə müxalif namizədin qələbəsinə mane olmamışdı) seçkilərdə asanlıqla qalib olmuşdu.

Bundan başqa, iyulda Gürcüstan parlamenti Seçki Məcəlləsinə Salome Zurabişvilinin xeyrinə olan dəyişiklik qəbul edib.

Məcəllənin köhnə versiyasına görə, Gürcüstandan başqa digər ölkənin vətəndaşı olan şəxslərin prezident seçkilərində namizəd kimi iştirak etməsi qadağan idi. Bu səbəbdən həm də Fransa vətəndaşı olan Zurabişvili namizədliyini irəli sürə bilmirdi, Fransa vətəndaşlığından imtina proseduru isə çox vaxt apara bilərdi.

Məcəlləyə edilən yeni dəyişikliyə əsasən, namizədin qeydiyyat müddəti başlayana qədər digər ölkənin vətəndaşlığından imtina prosesini başlatması yetərlidir. Bu düzəliş heç şübhəsiz Zurabişvili üçün nəzərdə tutulmşdu – ona mütləq bu seçkilərdə iştirak etmək şansı verilməli idi.

İvanişvilinin niyə öz seçimini məhz Zurabişvili üzərində saxladığı haqda fikir yürütmək mənasızdır – o sadəcə belə istəyib.

Biz İvanişvilinin lazım bildiyi zaman öz qərarlarını necə izah etdiyinə bələdik.

Məsələn, keçmiş köməkçisi İrakli Qaribaşvilini baş nazir təyin etdiyi zaman o xatırlatmışdı ki, Qaribaşvili onun yanında işlədikdə fransızlardan çox yaxşı qiymətə vertolyot almaqla öz bacarığını nümayiş etdirib.

Prezident kürsüsünə ixtisasca filosof olan Georgi Marqvelaşvilini təqdim edərkən İvanişvilinin arqumentlərindən biri kimi onunla fəlsəfi söhbətlər etməyin xoş olduğu göstərilmişdi.

Zurabişvili məsələsində də hansısa şəxsi bir səbəb mövcuddur – bəlkə sadəcə Fransa İvanişvilinin çox xoşuna gəlir, axı Zurabişvilinin ikinci vətəndaşlığı Fransaya aiddir. Bəlkə fransız diplomatı Gürcüstanın “mərasim xarakterli” prezidenti kimi görmək ideyası onun xoşuna gəlir. Bəlkə də başqa hansısa səbəb var.

İstənilən halda bir şey aydındır – Zurabişvilini populyarlığına görə seçməyiblər. O, yekəxana ali cəmiyyət düşkünü kimi tanınır və insanlarda onunla ünsiyyət həvəsini qırmaqda pərgardır.

2005-ci ildə Saakaşvili onu tutduğu xarici işlər naziri vəzifəsindən “azad edəndə” çoxları Zurabişvilini qurban və müxalifəti birləşdirən yeni fiqur kimi qəbul etdi. Amma onun öz partiyasını yaratmaq cəhdi boşa çıxdı.

Fransada yaşayan gürcü emiqrantların övladı olaraq doğma dilini normal öyrənə bilməməsini də Gürcüstanın gələcək rəhbərinin güclü tərəfi saymaq olmaz.

2008-ci ildə müharibənin əvvəlində o, Mixail Saakaşvilini günahlandırarkən və Putinin verdiyi mesajlara uyğun bəyanatlar səsləndirərkən heç vaxt Saakaşvilini sevməyən insanlar da ona qarşı qəzəblənmişdi. Hətta “Gürcü arzusu” da özünü onun mövqeyindən kənarda tutmağa çalışmışdı (nəticədə o öz ifadələrinə bir qədər düzəliş verəndən sonra “Gürcü arzusu” onun mövqeyini məqbul hesab etmişdi).

Göründüyü kimi İvanişvili şübhə etmir ki, dəstəklədiyi istənilən şəxs mütləq qalib olacaq. Bəlkə də o haqlıdır.

Daha maraqlı sual başqa məsələdə gizlənir – namizədin “müstəqillik” əfsanəsi İvanişvilinin nəyinə lazımdır? Axı aydındır ki, heç kim buna onsuz da inanmayacaq.

Mümkün cavablardan biri onun bir daha prezidentin mərasim mövqeli olduğunu vurğulamaq və iqtidar partiyasının bu mövqeyə marağını azaltmaq istəyi (hərçənd, əlbəttə ki, o buna məna verir) ola bilər.  

Prezident institutuna qarşı açıq hörmətsizlikdən başqa bu cür yanaşma demokratik sistemin ruhuna ziddir – ölkənin siyasi kursuna görə cavabdeh olan partiya xalq seçkilərində iştirakdan yayınır. “Gürcü arzusu” nümayəndələrinin onların istənilən namizədinin qalib ola biləcəyi haqda bəyanatları da durumu dəyişmir.

Göründüyü kimi İvanişvili öz partiyası ilə gələcək prezident arasında formal məsafəni saxlamağa çalışır.

Bunun səbəblərindən biri keçmiş təcrübələrdən əldə olunan dərslər ola bilər – o yüksək dövlət vəzifəsinə təyin etdiyi bütün şəxslərdə qısa müddətdə yanılıb. Burada həm baş nazirlər İrakli Qaribaşvili və Georgi Kvirikaşvilini, həm də prezident Marqvelaşvilini nəzərdə tutmaq mümkündür.

Bu qədər məyusluq onu pis vəziyyətdə qoyur – insanlar belə nəticə çıxara bilərlər ki, problem təbəələrini doğru seçə bilməyən ölkənin real liderindədir.

Xalqın seçdiyi prezidentlə bağlı məsələdə vəziyyət daha drammatikdir, çünki prezidenti baş nazirdən fərqli olaraq işdən azad etmək mümkün deyil. Beş illik müddətin bitməsini gözləmək lazımdır. Buna görə də prezidenti real olaraq nəzarətdə saxlaya bilmədiyi şəraitdə onun ən başdan saxta “müstəqilliyi” müəyyən psixoloji rahatlıq yarada bilər.

Bilirəm ki, bu izahım çoxlarını  təmin etməyəcək – xalq daha mürəkkəb versiyalara alışıb. Amma İvanişvilinin bu cür fəndlərə həqiqətən də önəm verdiyi haqda düşünmək lazımdır. Nəhayət, onun 2013-cü ildə istefaya getməsindən sonra heç kim inanmadı ki, İvanişvili həqiqətən də ölkənin idarəçiliyini əldən verib, amma o israrla bunun əksini bildirirdi.

Partiyanın kimi dəstəkləyəcəyini sentyabrın 9-da namizədlərin qeydiyyat müddəti bitənə qədər rəsmən elan etməməsi çox güman ki, bu fiksiyanın qorunmasına xidmət edir.

Son bəyanatı etməzdən əvvəl “Arzu” nümayəndələri başqa bir qeydiyyatdan keçmiş namizədlə – 81 yaşlı kinorejissor Giorgi Şengelaya ilə də görüşüblər. Bununla görünür ki, onlar dəstəkləyəcəkləri namizədi ciddi müzakirələrdən sonra seçdikləri görüntüsünü yaratmağa çalışıblar.

Həddən artıq çox ehtimal irəli sürdüyüm və bunun qeyri-peşəkarca olduğu üçün ola bilər ki, tənqidə məruz qalım. Niyə biz sadəcə deyilənə inanmayaq? – bəlkə “Arzu” həqiqətən də son ana qədər tərəddüd edirmiş və həqiqətən də Şengelayanın namizədliyini nəzərdən keçirirmiş?

Ola bilər, amma bu, iqtidar partiyasının atdığı addımları daha da anlaşılmaz hala gətirir.

Əsas problem ondadır ki, Gürcüstanda demək olar ki, hər şey düşüncələrini heç kimlə bölüşməyən bir nəfərin iradəsindən asılıdır. Buna görə də Bidzinanın düşüncələrini ehtimal etmək milli idman növü halına gəlib və zaman-zaman bu yarışlara qoşulmamaq mümkün deyil.

Qia Nodia, “Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun” sədri

 

 

 

 

 

Facebook Comments

More on JAMnews