Keçmiş Gürcüstan prezidentinin karyerasında əsas böhranlar " />

Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual

Keçmiş Gürcüstan prezidentinin karyerasında əsas böhranlar

Gürcüstan cəmiyyətini qütbləşdirən seçkiqabağı situasiyada yenə də Mixail Saakaşvilinin adı fəal şəkildə hallandırılır. Onun yaratdığı “Milli Hərəkat” bu gün ölkədə liderlik edir və onun namizədi Qriqol Vaşadze prezident seçilərinin ikinci turuna çıxıb. Ehtimal olunur ki, ikinci tur 2018-ci il dekabrın 2-ə qədər baş tutacaq. 

Saakaşvili haqda sorğularda tez-tez səsləndirilən altı sualın cavabını təqdim edirik. O cümlədən də 11 il əvvəl – 2007-ci il noyabrın 7-də Mixail Saakaşvili Gürcüstan prezidenti olduğu zaman mitinqin dağıdılması haqda sualın cavabını.

__________________

Əhalinin bir hissəsi üçün Gürcüstanın hazırda Ukraynada etiraz aksiyaları təşkil edən üçüncü prezidenti hələ də kriminaldan və korrupsiyadan azad olunmuş yeni Gürcüstanın simvolu və Putin Rusiyası ilə mübarizənin qəhrəmanı olaraq qalır.

Gürcüstanda Saakaşvili tərəfdarları onu postsovet məkanının ən xarizmatik lideri və qərbyönlü islahatların memarı sayır. Saakaşvilinin az sayda olmayan düşmənləri üçün isə o, populist, avtoritarizmə meylli, təkbaşına qərarlar verən və hakimiyyətdən başqa heç nəylə maraqlanmayan insandır.

Saakaşvili öz siyasi bioqrafiyasında çox sayda böhranlı vəziyyətdən keçib və heç də hamısından uğurla çıxmayıb.

• WHO IS Mr. Saakaşvili Odessada

• 9 ukraynalı JAMnews-a Saakaşvili haqda düşündüyünü danışıb

• Gürcüstanın erməni şəhərində siyahıda olmayan Saakaşviliyə necə səs veriblər?

1. Qızılgül inqilabı – Saakaşvili hakimiyyətə necə gəldi?

Saakaşvili siyasi karyerasına 1995-ci ildə, lideri o vaxtkı prezident Eduard Şevarnadze olan hakim “Gürcüstan vətəndaşları birliyi” partiyasından parlamentə seçilərək başlayıb. Saakaşvili siyasət naminə Nyu-Yorkda hüquq şirkətindəki işindən ayrılıb. Parlamentdə o, hakim partiyanın “islahatçı qanad”ının liderlərində biri olub. 2000-ci ildə ədliyyə naziri təyin edilərək, kabinetin ən gənc üzvü olub (33 yaş). Nazir olarkən rüşvətlə mübarizənin zəruriliyindən dəfələrlə söz açıb. Bir dəfə hökumət iclasında öz iş yoldaşlarının dəbdəbəli saraylarının fotolarını nümayiş etdirərək, qalmaqala səbəb olub.

Saakaşvili 2001-ci ilin sentyabr ayında Şevarnadze və onun hökumətini korrupsiya ilə mübarizə istəməməkdə ittiham edərək, istefa verib. O, yeni “Vahid milli hərəkat” partiyasının yaradıldığını, öz əsas məqsədi kimi isə məhz rüşvətlə mübarizəni elan edib. 2002-ci ildə onun partiyası Tbilisidə yerli seçkilərdə qalib gəlib və Saakaşvili şəhər sovetinə başçılıq edib.

Mixail Saakaşvili parlamentin binası qarısında öz tərəfdarları ilə, 23 noyabr 2003-cü il. REUTERS/Gleb Garanich

Saakaşvilinin tərəfdarları parlamentin iclas zalında ,23 noyabr 2003-cü il. REUTERS/ David Mdzinarishvili

2003-cü ilin noyabr ayında minlərlə insan parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdı. O vaxt özünün “Vahid milli hərəkat” partiyasına başçılıq edən Mixail Saakaşvili etiraz dalğasının başında olan üç siyasi liderdən biri oldu. Parlamentin keçmiş spikerləri Zurab Jvaniya və Nino Burcanadze o vaxt Saakaşvilidən daha təcrübəli və nüfuzlu müxalifətçi siyasətçilər idilər. Bununla belə, küçədəki insanlar “Mişa” qışqırırdılar.

Məhz Saakaşvili noyabrın 23-də, həlledici anda saxtalaşdırma nəticəsində seçilmiş yeni qanunverici orqanın sessiyanın başlamasına mane olmaq məqsədilə parlamentə edilən yürüşə başçılıq etdi. Digər liderlər onun arxasınca getmədi. Risk böyüküydü – parlamenti xüsusi təyinatlı polislər mühafizə edirdi, tribunadan isə çoxsaylı mühafizəçilərlə əhatə olunan Şevarnadze çıxış edirdi. Amma nəticədə Şevardnadze nümayişçilərin təzyiqi altında parlament binasını tərk etdi, sonra isə istefa verdi. İnqilabın əsas liderinə çevrilən Saakaşvili 2004-cü ilin yanvar ayında Gürcüstan prezidenti seçildi.

2. Gürcüstanda islahatlar – əslində hansı işlər görülüb?

Kiçik Gürcüstanda bir günün içində 13 min nəfəri işdən çıxarmaq hətta 97 faiz səslə seçilmiş prezident üçün belə böyük çağırışıydı. Saakaşvili hakimiyyətinin birinci ili xəbər buraxılışları keçmiş hakimiyyətin rüşvətxor məmurlarının, keçmiş hakimiyyətlə bağlı iş adamlarının və ya kriminal avtoritetlərin növbəti həbsi ilə başlayırdı. 2004-cü ilin yayında bütün DYP işçiləri bir anda işdən azad olundu. Onların yerinə azsaylı, amma yüksək maaşlı, rüşvət almayan və həqiqətən də pozuntular və cinayətkarlıqla mübarizə aparan patrul polisi yaradıldı.

Universitetlərdə çox sayda yaşlı müəllimlər işdən çıxarıldı, milli imtahanın tətbiqi sayəsində isə ali məktəblərə qəbul zamanı korrupsiyanın kökünü kəsmək mümkün oldu.

2004-cü ildən iqtisadiyyat nazirliyinə məşhur rusiyalı iş adamı, Gürcüstanda iqtisadi islahatların müəllifinə çevrilən Kaxa Bendukidze rəhbərlik etməyə başladı. Onun tövsiyələriylə o cümlədən vergilərin sayı kəskin azaldıldı, korrupsiya mənbəyi olan bir çox tənzimləyici orqan sadəcə ləğv olundu. Nəticədə 2003-cü ildən 2012-ci ilə qədər faktiki dövlət büdcəsi gəlirləri demək olar ki, 10 dəfə artdı. Pensiya da təxminən o qədər artdı – 2003-cü ildə 14 laridən (o vaxtkı məzənnəylə təxminən yeddi dollar) 2012-ci ildə 150 lariyədək (təxminən 90 dollar).

Həmin dövrdə Gürcüstanda vətəndaşlara xidmət edən xüsusi idarələr -Ədliyyə Evləri yaradıldı, burada qısa zamanda pasport və ya başqa sənəd almaq, daşınmaz əmlakı və ya biznesi qeydiyyatdan keçirilmək mümkünüydü.

Dünya bankının “Dövlət xidmətləri sahəsində korrupsiya ilə mübarizə. Gürcüstanda islahatların xronikası” araşdırmasında deyilir: “2003-cü ildən başlayaraq, Gürcüstan dövlət xidməti sahəsində korrupsiya ilə mübarizə işində unikal uğurlar nümayiş etdirir… Gürcüstan möhkəm siyasi iradə və ölkə rəhbərliyinin uyğunlaşdırılmış fəaliyyətiylə qısa müddət ərzində uğur əldə etməyin mümkün olduğunu öz nümunəsində göstərdi”.

Amma bu proseslərin o biri tərəfi də varıydı – inqilabdan sonrakı hakimiyyət cinayətkarlıq və korrupsiyaya qarşı mübarizədə “sıfır tolerantlıq” elan etdi. Həm yerli hüquq müdafiəçiləri, həm də Gürcüstanın qərb tərəfdaşları dəfələrlə hökuməti məhkəmə sisteminin tam azad olmaması ilə bağlı tənqid ediblər. Nəticədə tez bir zamanda həbsxanalar doldu, penitensiar xidmətdə ağır vəziyyət yarandı, məhbusların haqları sistematik şəkildə pozulurdu. Nəticədə bunların hamısı da 2012-ci il seçkilərində Saakaşvilinin məğlub olmasında böyük rol oynadı.

3. 2007-ci ildə mitinqinin dağıdılması – nə baş verdi?

7 noyabr 2007-ci ildə polis Rustaveli prospektində prezidentin istefasını tələb edən nümayişçiləri gözyaşardıcı qaz və rezin dəyənəklərlə dağıtdı. Elə həmin gün xüsusi təyinatlılar müxalifətçi iş adamı Badri Patarkatsişviliyə məxsus “İmedi” televiziya şirkətinə daxil olaraq, zorla yayımı dayandırdılar.

Xüsusi təyinatlılar Rustaveli prospektində nümayişçiləri dağıdır, 7 noyabr 2007-ci il REUTERS/David Mdzinarishvili narishvili 

O vaxt hakimiyyət öz hərəkətlərinə Rusiyadan idarə olunan çevriliş cəhdinin qarşısının alındığını deyərək bəraət qazandırmağa çalışdı. Amma bu da onu Gürcüstanın qərb tərəfdaşlarının sərt tənqidindən xilas etmədi.

Həmin gün o vaxtlar Saakaşvili hakimiyyətinin son günü kimi görünürdü. Amma prezident konfrontasiyanı öz xeyrinə çevirdi – həmin gün etdiyi çıxışında istefa verdiyini və növbədənkənar seçkilər təyin etdiyini elan edərək, birləşmiş müxalifətin namizədini kiçik faizlə arxada qoyaraq, qalib gəldi.

4. Avqust müharibəsi – Saakaşvili müharibəni uduzaraq, hakimiyyətdə necə qala bildi?

Saakaşvilinin bütün prezidentliyi dövründə ən ağır böhran 2008-ci ilin avqustunda, Gürcüstan ərazisində özünü respublika elan etmiş Cənubi Osetiya tərəfindən münaqişəyə müdaxilə edən Rusiya qoşunlarının Gürcüstana daxil olduğu zaman baş verdi.

BBC-nin Saakaşvilinin əsəbi halda qalstuk çeynəməsini çəkdiyi məşhur kadrlar məhz bu dövrə təsadüf edir. O, xarici diplomatlar və qərb liderlərinin ona ölkəni tərk etməyi məsləhət gördüyündən danışır.

Amma artıq Tbilisinin qarşısında Rusiya qoşunları tərəfindən real təhlükə duranda Saakaşvili Tbilisinin mərkəzində çox minlik mitinq təşkil etdi, tribunada onun yanında Ukrayna, Polşa, Estoniya, Litva prezidentləri və Latviyanın baş naziri dururdu.

Saakaşvilinin iqamətgahındakı brifinqdə Gürcüstan, Estoniya, Polşa və Litva prezidentləri, 2008-ci ilin avqustu REUTERS/Irakli Gedenidze

Bu qızmar avqust günlərində Saakaşvili ilə görüşə Tbilisiyə Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və ABŞ dövlət katibi Kondoliza Rays səfər etdi. Danışıqlar nəticəsində Saakaşvili Rusiya qoşunlarının müharibədən əvvəlki mövqelərə, Gürcüstan qoşunlarının isə daimi dislokasiya yerlərinə qaytarılmasını nəzərdə tutan atəşkəsin elan edilməsi haqqında müqavilə imzaladı. Bununla münaqişənin qaynar mərhələsi başa çatdı.

Saakaşvili və Fransa XİN rəhbəri Bernar Kuşner, Qori, 2008-ci ilin avqust ayı REUTERS

Müharibədən iki il sonra, Qafqaz üzrə mütəxəssis Tomas de Vaal özünün “Sehrbaz Mişa” adlı məqaləsində yazırdı: “Saakaşvilinin müharibəni uduzmasından iki il keçir. O vaxt hamı onun istefaya gedəcəyini gözləyirdi. Amma o hələ də Gürcüstanın şübhəsiz lideridir. İctimai rəy sorğularına əsasən, populyarlıqda onunla heç bir müxalifətçi müqayisə oluna bilməz”.

5. İvanişvilinin gəlişi – Saakaşvili hakimiyyəti necə itirdi?

Gürcü milyarder Bidzina İvanişvili siyasətə gəldiyini ilk dəfə 2011-ci ilin oktyabr ayında açıqlayıb. Ona qədər o, çox gizli fiqur idi – müsahibə vermir və demək olar ki, heç vaxt cəmiyyətdə görünmürdü. Hətta onun fotolarına belə o vaxtadək az-az rast gəlinirdi.

Həmin vaxt artıq qəbul olunan yeni konstitusiyaya görə, Saakaşvili istədiyi halda istədiyi qədər baş nazir kimi hakimiyyətdə qala bilərdi, prezidentin səlahiyyətləri isə məhdudlaşdırılırdı. Müxalifət zəif, dağınıq və maliyyə imkanları məhdud idi. Parlament seçkilərinə bir il qalmış elə təəssürat varıydı ki, heç nə “Milli hərəkat”a daha on il hakimiyyətdə qalmağa mane ola bilməz.

Bununla belə, ən varlı gürcü, Gürcüstanda uzun illər ərzində mesenat və filantrop reputasiyası olan adam elə etdi ki, Saakaşvili hakimiyyəti itirdi. İvanişvili öz ətrafında siyasi qüvvələrin rəngarəng bir ittifaqını yaratdı və Saakaşvilini çox sayda səhvə yol verməyə məcbur etdi – məsələn, hakimiyyət onun kabel operatorlarının yayımlamağa imtina etdiyi yeni TV9 teleşirkətinə problemlər yaradırdı. “Qəflətən” Fransa pasportu olduğu üzə çıxan İvanişvili Gürcüstan vətəndaşlığından məhrum edilir, onun bankına, şirkətlərinə və tərəfdarlarına problemlər yaradılır, İvanişvili tərəfdarlarının onun haqqında mənfi fikir səsləndirdiyi audioyazılar yayımlanır, hakimiyyətə yaxın teleşirkətlərdə İvanişvilinin Putinin layihəsi olması haqqında güclü təbliğat gedirdi.

Bunlar hamısı da əks reaksiya yaratdı. Son akkord İvanişvilinin teleşirkətində düz seçkilərdən əvvəl məhbusların işgəncələrinin gizli çəkilişlərinin açıqlanması oldu. Bütün bunlar 2012-ci ilin oktyabr seçkilərinin nəticələrinə təsir etdi – Saakaşvilinin partiyası doqquz illik hakimiyyətdən sonra uduzdu. Hakimiyyətə indi də İvanişvilinin hakim “Gürcü arzusu” koalisiyası gəldi.

İvanişvilinin gəlişi Saakaşvilinin öhdəsindən gələ bilmədiyi ilk böhran oldu.

Gürcüstan prezidenti Mixail Saakaşvili və seçkilərdə qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının rəhbəri Bidzina İvanişvili, oktyabr 2012-ci il REUTERS/David Mdzinarishvili 

6. Cinayət işləri – Saakaşvili vətənində nəyə görə təqib olunur?

Saakaşviliyə qarşı, onun üçün istefadan sonra növbəti böhrana çevrilmiş, Gürcüstana qayıtmağına mane olan cinayət işləri 4 epizod üzrə açılıb:

  1. 2005-ci ilin yanvar ayında bank işçisi Sandro Qirqvlianinin (restoranda DİN-in yüksək vəzifəli məmurları ilə mübahisədən sonra Tbilisi yaxınlığında onun cəsədi tapıldı) qətli ilə bağlı hakimiyyətdən sui-istifadə. Bu iş üzrə dörd DİN əməkdaşı həbs olundu, tezliklə də əfvlə azadlığa buraxıldı. İstintaq hesab edir ki, nəhz Saakaşvili real cinayətkarlara himayədarlıq edib.
  2. Yeddi noyabr mitinqinin və “İmedi” teleşirkətinin dağıdılması ilə bağlı vəzifə səlahiyyətlərini aşma.
  3. Müxalifətçi deputat Valeri Qelaşvilinin döyülməsiylə bağlı vəzifə səlahiyyətlərini aşma. Hücum edənlər maskalı idilər, istintaq Saakaşvilinin hakimiyyəti dövründə günahkarları tapmadı.
  4. Büdcə vəsaitinin israfı. İctimaiyyətə agah olan bu maddə üzrə birinci iş dövlət hesabına prezident üçün altı pencəyin alınması, həm də suşi-barda nahar etməklə bağlıydı. Daha sonra bu işə dövlət hesabına lüks otellərdə istirahət, kosmetika klinikalarına müraciət, masaj və paltarın alınması da əlavə olundu. Xərclərin ümumi məbləği 8,8 milyon lari (təxminən 3,3 milyon dollar) oldu. Bu işlə bağlı Saakaşvili ailəsinin Gürcüstandakı əmlakına – Kaxetiyadakı bağ evinə, Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsa məxsus mənzil, həm də nənəsinin 12 illik Hondasına həbs qoyuldu.  

Saakaşvilinin özü ona qarşı irəli sürülən ittihamları rədd edir. Bu cinayət işlərinin heç biri üzrə hələlik məhkəmə qərarı yoxdur. Saakaşvili Gürcüstanda axtarışdadır, prokurorluq vaxtaşırı olaraq Ukraynadan onun ekstradisiyasını tələb edir.


More on JAMnews