Mixail Saakaşvili Tbilisidə saxlanılıb
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili okyabrın 1-də axşam Tbilisidə saxlanılıb. Bu haqda xüsusi brifinqdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
Qaribaşvilinin sözlərinə görə, hüquq-mühafizə orqanları əvvəlcədən onun yerdəyişməsi haqda məlumatlı olub və proses tam nəzarət altında olub.
Mixail Saakaşvili oktyabrın 1-də səhər Facebook səhifəsində artıq Gürcüstana gəldiyini və Batumidə olduğunu bilidirib. Gürcüstan DİN cavabında təcili bəyanatla çıxış edib və bildirib ki, bir neçə cinayət işi üzrə axtarışda olan eks-prezident rəsmi olaraq dövlət sərhədini keçməyib. Əgər bu təsdiq olunarsa, o, həbs ediləcək – DİN-dən bildirilmişdi.
Oktyabrın 1-də gündüz Gürcüstan prezidenti Salome Zurabişvili eks-prezident ətrafındakı ajiotajı şərh edib. O bildirib ki, “dinc və azad seçki mühitinin dəstəklənməsinə görə məsuliyyət hökumətin əlindədir”.
“Saakaşvilinin Gürcüstana gəlişi ilə bağlı hökumətin kinayə və istehzası yolverilməzdir […] Bu mövzunu kim tirajlayır və spekulyasiyaya çevirirsə, o, ölkə və ya ədalətli seçki haqda düşünmür, stabilliyin pozulmasına ümid edir.
Saakaşvili vətəndaşları dinc seçkilərə gəlməyə çağırır, amma oktyabrın 3-də aksiyaya çıxmaq çağırışı və digər əməlləri ilə o, faktiki olaraq seçki əvəzinə başqa hərəkətlərə hazırlıq aparıldığı ehtimalını yaradır.
Digər tərəfdən, hakimiyyətin reaksiyası – onun etməli olduğu deyil, ondan cəmiyyətin gözlədiyi və onu sakitləşdirəcək və seçkiqabağı əhvala qaytaracaq şeydir. Bu gün şərhlər partiyadan yox, faktları təqdim etməyə və vəziyyəti sakitləşdirməyə borclu olan dövlət orqanlarından gəlməlidir. İstehza cavab deyil, bu cür vəziyyətlərdə insanlar ölkədə dövlət strukturlarının səmərəliliyini şıübhə altına alırlar.
Qarşıdurma zamanı keçib və heç kim bu odla oynamamalıdır. Söhbət ölkədən və onun gələcəyindən gedir. Mən inanmıram ki, bu zaman geri qayıdacaq, çünki bizim vətəndaşlar siyasətçilərdən çox daha ağıllıdır”, – Gürcüstan prezidenti bildirib.