WHO IS Mr. Saakaşvili Odessada
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gözlənilmədən Odessa vilayətinin qubernatoru postundan istefasını elan etdi. Onun bu addımı hər iki ölkədə – həm Ukrayna, həm də Gürcüstanda böyük qalmaqal və qızğın diskussiyalara səbəb oldu.
Bu, Ukraynada “gürcü istefaları siyahısında ən qalmaqallısıdır. Noyabrın 7-si səhər Saakaşvilinin yaxın məsləkdaşı Giya Lortkipanidze Odessa vilayətinin Daxili İşlər İdarəsinin rəisi vəzifəsini tərk etdi. Saakaşvilinin bu istefa ilə bağlı şərhi aşağıdakı kimi oldu: “İndi bütün növ rüşvətxorlar və əclaflar qələbələrini qeyd edəcək.
Noyabrda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Odessa vilayətinə rəhbər təyin edilməsindən düz il yarım ötdü.
Deyəsən, artıq məşhur “gürcü islahatları təcrübəsinin təkrar olunması üzrə eksperiment sona çatdı. Bununla belə, ola bilər ki, Saakaşvilinin istefası əksinə, Ukraynada yeni siyasi mərhələnin başlanmasından xəbər verir.
Saakaşvili Odessanın “əsas siması kimi
Saakaşvili dəfələrlə özü haqqında belə deyib – “mən Odessanın yeni əsas simasıyam.
Onun il yarımlıq rəhbərliyi böyük qalmaqallarla müşayiət olunub. O cümlədən:
· O, yerli oliqarxların villalarını ekskavatorlarla uçurdu.
· Odessa regionunun güc qurumlarının demək olar ki, bütün əsas fiqurlarını dəyişdi (bu da çox böyük qalmaqala səbəb oldu).
· Odessaya ABŞ-ın birinci şəxslərini gətirdi.
· Regionların limanlarına qəfil hücum çəkərək, direktorları dəyişdi.
· Kiyevdəki rəhbərliklə sərt konfrontasiyaya girdi.
· Odessa administrasiyasında qalmaqallı təyinatlar etdi.
· Yol kənarında iş otağı qurdu.
· Çaxır haqqında hazırladığı qanunun qəbul edilməsinə nail oldu.
· Yerli seçkilərdə Saakaşvilinin komandasının məğlubiyyətini müşahidə etdi.
Saakaşvilinin Odessa qubernatoru olduğu bütün dövr ərzində Odessada debatlar gedirdi: problemin kökü nədədir – Ukraynadakı vəziyyətdə, yoxsa Saakaşvilinin özündə?
Bu suala cavab vermək daha asan olsun deyə, JAMnews Saakaşvilinin Odessa qubernatoru kimi il yarım ərzində keçirdiyi islahatların icmalını təqdim edir.
Aparatın islahatı
Odessadakı fəaliyyətinin elə ilk günündəcə – 29 may 2015-ci ildə Saakaşvili Odessa vilayət administrasiyasının işçi heyətini 800 nəfərdən 500-ə qədər ixtisar etdi. Bu zaman o, administrasiyanı daha 100 nəfərdən azad edəcəyinə dair söz verdi.
Polisdə islahat
Bir il əvvəl Odessada yeni patrul polisi fəaliyyətə başladı ki, bir müddət sonra bu qurum regionun bütün milisini əvəz etməlidir. Quruma rəhbər Saakaşvilinin məsləkdaşı, Gürcüstanın keçmiş Daxili İşlər nazirinin müavini Giorgi Lortkipanidze təyin edildi. DİN-in region üzrə Təhlükəsizlik İradəsinin rəhbərliyinə də “gürcü komandasının üzvü, əvvəllər Ukrayna paytaxtının meri Vitali Kliçkonun müşaviri olmuş Konstantin Mçedlişvili təyin edildi.
Polislərin ilk buraxılışının andiçmə mərasimində şəxsən prezident Pyotr Poroşenko iştirak edib.
Limanda islahat
Ukraynanın ən iri, Odessa ətrafındakı İlyiçevsk şəhərində yerləşən dəniz limanının direktorunun istefası ətrafında da böyük qalmaqal yaşandı.
23 iyul 2015-ci ildə Saakaşvili şəxsən limana istefa haqqında əmri gətirdi və eyni zamanda korrupsiya ilə bağlı şübhələrin olması səbəbindən limanın fəaliyyətinin auditinə start verdi.
Saakaşvilinin versiyası aşağıdakı kimi səslənirdi: liman Ukraynanın əsas oliqarxı olan İqor Kolomoyskinin adamlarının nəzarətində olub və onlar da ona “razılığa gəlməyi təklif ediblər. “Razılığa gəlmək alınmayanda isə onlar limanın iki əsas körpüsünü offşor zonalarına aparmaqla, Ukraynanı illik on milyonlarla dollar həcmində gəlirdən məhrum ediblər.
O, Odessa gömrüyünün rəisi vəzifəsinə Maydanın fəallarından biri olan Yuliya Maruşevskayanı təyin etdi. Buna qədər Maruşevskaya Saakaşvilinin müavini vəzifəsində 4 ay çalışıb və gömrüklə heç bir əlaqəsi olmayıb.
Yuliya Maruşevskayanın Maydan günlərində Kiyevdə məşhur video müraciəti
BÜTÜN rayon rəhbərlərinin dəyişdirilməsi
Demək olar ki, hakimiyyətə gələndən dərhal sonra (2015-ci il iyun ayının əvvəlində) Saakaşvili Odessa vilayətinin bütün rəhbərlərinin dəyişdirilməsi üçün müsabiqə elan etdi. 26 yerə 6,452 nəfər ərizə verdi. Onlardan bəzilərinin təyinatları sözün əsl mənasında qalmaqallı hadisələrə çevrildi. Həm də ona görə ki, yeni rəhbərlərin bir hissəsinin Odessaya heç bir dəxli yoxuydu.
İnzibati Xidmətlər Mərkəzi
Odessada Ukraynada birinci “İnzibati xidmətlərin təqdim olunması mərkəzi açıldı, bu mərkəz Gürcüstanda uğurla işləyən “Ədliyyə Evlərinın analoqu kimi yaradıldı.
Mərkəzin ideyası ondan ibarətdir ki, Odessanın istənilən sakini istənilən arayışı (doğum haqqında şəhadətnamə, pasport, nikah haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə və s.) çox tez və süründürməçilik, korrupsiya olmadan ala bilsin. Mərkəz əvvəllər bir banka məxsus olmuş böyük və gözəl binada yerləşdi.
Açılışa 16 oktyabr 2015-ci ildə yenə də prezident Poroşenko gəlmişdi.
Hasarlara qarşı müharibə
Saakaşvili dəniz çimərliklərində oliqarxların villalarının ətrafındakı hasarlara qaşı “səlib yürüşünə başladı. Onun göstərişi ilə ekskavatorlar digər oliqarxlarla yanaşı Ukrayna milyarderi Vasili Xmelnitskinin də hasarını sökəndən sonra Odessa Sərhəd Xidmətinin və Ukrayna Təhlükəsizlik Xidməti İdarəsinin rəhbərlikləri öz əlləriylə “özlərinin illərlə adi vətəndaşlar üçün bağlı olan çimərliklərinin darvazalarını sökdülər.
Musiqidə qadağalar
Mixail Saakaşvili bəzi rusiyalı ifaçıların Odessada konsertlərinə qadağa qoydu. O cümlədən də Rusiya prezidenti Putinin müvəkkili olan Stas Pyexanın da konserti baş tutmadı. Sonra da yeni Ukrayna hakimiyyətini sərt tənqid edən və Ukraynanı “nəşəyə qurşanan kiçik qardaş adlandıran rusiyalı reper Timotinin də konserti təxirə salındı.
Torpağı xalqa vermək
Yerli sakinlərin şikayətləri əsasında Saakaşvili rayon hakimiyyətlərinin sahil torpaqlarının paylanması üzrə işlərini yoxlamağa başladı. Məlum oldu ki, Odessa yaxınlığında yerləşən Krıjanovka qəsəbəsində bütün dəniz sahili yerli qəsəbə hakimiyyətinin qohumları və dostlarına məxsusdur. Yerli sakinlər isə hakimiyyətdən bir metr torpaq belə ala bilməyib. Saakaşvili ictimaiyyət qarşısında bütün günahkarları cəzalandıracağını vəd etdi.
Avropaya aparan yol
Odessa vilayətində Avropa istiqamətinin əsas (Rumıniyaya aparan) Odessa-Reni yolu 35 il idi ki, təmir edilmirdi. “Avropaya açılan qapı (261 kilometr uzunluğunda olan bu trası belə adlandırırlar) elə bir vəziyyətdə idi ki, yolun bəzi hissələrində sürücülər yoldan çıxmalı olurdu.
Saakaşvili 2015-ci ildə aksiyaya başladı və oktyabrın 7-də təmirə start verildi. Yenə də Ukrayna prezidenti Pyotr Poroşenko Odessa qubernatoru Saakaşvili ilə təmir aparılan yerə gələrək, şəxsən yolların təmirinin gedişatını izləyib.
Ukrayna şərabçılarının ən yaxşı dostu
Bir neçə ay əvvəl Saakaşvili bildirdi ki, ona kömək üçün Odessa şərabçıları müraciət edir. Odessada çaxır məmulatlarının satışına lisenziyanın illik qiyməti 500,000 qrivendir [təxminən $20,000] və bir çox özəl şərabçılar üçün bu, olduqca böyük məbləğdir.
2016-cı ilin sentyabr ayında Saakaşvili üç dəfə jurnalistləri şərabçılıqla bağlı bayramlara çağırıb, oktyabrın 7-də isə prezident Poroşenkonu Odessa vilayətinin Belyayevka kəndinə, yerli şərabçının evinə gətirdi. Burada da Poroşenko kameralar qarşısında “xırda şərabçıları lisenziyanın qiymətinin ödənilməsindən azad edən qanun imzaladı.
Bu gündən etibarən Saakaşvilini “şərabçıların ən yaxın dostu adlandırmağa başladılar.
İslahatların o biri üzü
İslahatların o biri üzü də var. Elan edilən layihələrdən bir neçəsi sözdə və kağızda qaldı, bəziləri də yeni Odessa qubernatorunun vəd etdiyi kimi olmadı.
Aparatda elə də böyük ixtisarlar olmadı
Saakaşvili Vilayət administrasiyası aparatında ştat cədvəlində işçilərinin sayını 500-dən az etməyi bacarmadı.
Polis milis olaraq qaldı
Odessada polis islahatı yarımçıq qaldı – bir neçə səbəb üzündən.
· Yeni polisə paralel olaraq köhnə milis də işləyir, səbəbi də onları əvəz edəcək insanların olmamasıdır. Mütəxəssislər yoxdur.
· Təzə patrul polisi çətinliklə köhnə milislə birgə işləyir, amma təkbaşına işləyə bilmir.
· Təzə polis post-patrul xidməti kimi fəaliyyət göstərir. İstintaq, cinayət işlərinin açılması, işlərin məhkəmə və ya prokurorluğa təqdim edilməsi – bütün bunları köhnə milis həyata keçirir.
· Milis polis əməkdaşlarını sevmir. Misal üçün ona görə ki, uzun illər boyu milisdə işləyən və əsas funksiyanı yerinə yetirməkdə davam edənlər cəmi bir neçə ay əvvəl forma geyinən gənc polis işçilərindən xeyli az maaş alır.
“Gürcü komandasının regionu yaxşı bilməməsi də öz sözünü dedi. Misal üçün, region milisinin yeni rəisi Giorgi Lortkipanidze 2015-ci il yayın əvvəlində şəhər milisinin yeni rəhbəri vəzifəsinə Oleq Makuxanı təyin etdi. Artıq avqustun 27-də isə onu 20 min dollar həcmində rüşvət aldığına görə həbs etməli oldu. Axtarış zamanı Makuxanın iş otağında Rusiya bayraqları aşkarlandı.
Bundan başqa, hələ ötən ildən Odessada yeni patrul polisinin nümayəndələrinin rüşvət aldıqları üzə çıxıb.
Liman olduğu kimi qaldı
Yuxarıda təsvir olunan İlyiçevskidə qalmaqalın bir yekunu olmadı. Saakaşvilinin vədinə rəğmən limanda aparılanın yoxlamanın nəticələri ortaya qoyulmadı, müəssisəyə rəhbərliyi isə keçmiş direktorun keçmiş müavini həyata keçirir.
Yuliya Maruşevskaya indi nadir hallarda hardasa görünür, Odessada isə onun vilayət gömrüyünün rəhbəri vəzifəsinə təyinatının korrupsiya ilə əlaqəli olmasının mümkünlüyü müzakirə edilir.
Ukrayna mediası belə bir versiya haqda yazır:
· Maruşevskaya Ukraynanın ən iri telekanallarından biri olan “24 kanalının direktoru Protsiv Markiyanın xanımıdır;
· Protsiv Ukraynanın “Özünə yardım partiyasının lideri, eyni zamanda Lvov şəhərinin meri Andrey Sadovoyun dostudur.
· Filoloji təhsili olan gənc fəal xanımın çox sürətli karyera yüksəlişi ola bilsin, Ukrayna prezidentinin partiyası ilə “Özünə yardım partiyası arasında olan razılaşmanın nəticəsidir.
İnzibati yarım-xidmətlər mərkəzi
Ötən il oktyabrın 16-da Odessada açılan İnzibatı Xidmətlərin Təqdim Olunması Mərkəzi sonucda hüquqi status ala bilmədi. Əvvəlcə qanunvericiliyə dəyişikliklərin edilməsi gözlənilirdi. Sonra Mərkəzin maliyyələşdirilməsi ilə bağlı qarışıqlıq başladı.
Hazırda Mərkəz ancaq vətəndaşların sənədlərini qəbul edir, onları profil idarələrinə daşıyır, bundan sonra da onları götürüb, vətəndaşlara təqdim edir – bu zaman da ayda “Platinum bankın binasında icarə haqqına görə bir neçə milyon qriven “yeyir. Beynəlxalq jurnalist Ralf Leonqard “Xvilya nəşri üçün yazdığı məqaləsində bununla bağlı qeyd edir: “Deyirlər ki, oliqarxlar Boris Kaufman və Adnan Kivan Saakaşvilinin köməyilə bizneslərini inkişaf elətdirir, əvəzində də ona lüks mənzillərdə yaşamaq və özəl təyyarədə uçmaq imkanı yaradırlar.
Hasarların qaytarılması
Artıq ötən payızın əvvəlində Saakaşvili bildirdi ki, ona çimərliklərdə ekskavatorların işini dayandırmağı və hər şeyi qanuni yolla, məhkəməyə müraciət etməklə həll etməyi məsləhət gördülər. Vilayətin rayonlarından birinin sakinləri ilə görüşü zamanı Odessa qubernatoru dedi ki, bütün qanunsuz ələ keçirilən sahil ərazilərinin siyahısını prokurorluğa təqdim edir və pozuntuların aradan qaldırılmasına 2 həftə vaxt verir, bundan sonra da yenidən tikinti texnikası ilə gəlir. Bu sözlər bir il əvvəl deyilib. Həmin vaxtdan da hasarların sökülməsi dayandırıldı, artıq sökülmüş hasarların yerində isə yeniləri tikildi.
O cümlədən də Odessanın “İnfoks su kanalı şirkəti tərəfindən zəbt edilən sahildə hasar bərpa olunub. Şəhərin evlərinə su təchizatı ilə məşğul olan müəssisə dəniz sahilində “suyun keyfiyyətinə nəzarət laboratoriyası düzəldib, onun ərazisində isə hovuz, mərmər çardaqlar, qədim yunan heykəllərinin surətləri, yapon “qızıl balıqlı hovuz, həm də dəniz gəmilərinin yan alması üçün körpüləri olan bir-iki villa var. “Laboratoriyanın ərazisi 4 metr hündürlüyündə divarla hasarlanıb.
Putinin dostları
Rusiyalı ifaçıların Odessada konsertləri ləğv olunandan sonra onlar “Rusiya uğrunda əzab çəkən qurbanlara çevrildilər, bu da onların vətənlərində populyarlıqlarını bir az da artırdı.
Timatiyə məxsus “Blek star (paltar) mağazası isə indiyə qədər də Odessanın mərkəzində rahatca fəaliyyət göstərir. Girişini də reperin böyük şəkli bəzəyir.
Torpaq xalqın olmadı
Sahil torpaqlarının yerli administrasiya rəhbərlərinin qohumları və dostları arasında böyüşdürülməsinə qarşı yürüşün nəticəsi olmadı. Saakaşvilinin qalmaqal yaratdığı və yerli rəhbər Natalya Krupitsanın tərəfdaşları ilə sözləşərkən səsi batana qədər qışqırdığı Krıjanovkada isə vəziyyət bu cür oldu – Saakaşvilinin vəd etdiyi kimi administrasiyasının rəhbərini onun səfərinin səhəri 2,7 milyon qrivenin [təxminən $119,000] israf edilməsində şübhəli şəxs kimi həbs etdilər. Amma elə həmin gün də Natalya Krupitsanı buraxdılar. Sonradan Krupitsa bildirdi ki, ona qarşı cinayət işinin açılmasına baxmayaraq, uğurla yenidən rayon rəhbəri vəzifəsinə təyin edilib.
Vilayətin başqa bir rayonunda daha ekzotik bir vəziyyət yarandı. Odessa hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, orada da torpaqları qohumlara paylayıblar. Rayon administrasiyası binasının yanına gələn region milisinin rəhbəri Georgi Lortkipanidze Saakaşvilinin moskvalı müşaviri Mariya Qaydarla birlikdə rayon rəhbəri tapılana qədər 3 saat soyuqda gözləyib. Sonra rəhbər gəlib və bildirib ki, ötən gecə administrasiya qarət olunub, o cümlədən içində milisi maraqlandıran məlumatlar olan seyf yoxa çıxıb. Bununla da hər şey qurtarıb.
Vətənpərvərlik mövzusunda fikir ayrılığı
2015-ci il iyunun əvvəlində Saakaşvili Odessanın “Avromaydan, “Özünümüdafiə, “Avtomaydan vətənpərvərlər təşkilatları və Rusiyada qadağan edilmiş “Sağ sektorun nümayəndələri ilə görüşdü. O, hamının əlini sıxıb dedi ki, onlara etibar edə bildiyi üçün şaddır. Onlar da öz növbəsində ona separatçı və Rusiya hakimiyyətinə simpatiyada şübhəli bildikləri insanların siyahısını təqdim etdilər.
Avqustun sonunda “Avtomaydan hərəkatından olan Odessa vətənpərvərləri Saakaşvilinin qanunsuz hasarların sökülməsi ilə bağlı nümunəsindən ilhamlanaraq, buldozerlə sahildə tikilən, hasarı vətəndaşların dənizə çıxışını bağlayan, el arasında “Harri Potterin evi kimi tanınan dəbdəbəli binaya yaxınlaşdılar.
Rəsmi olaraq bu “saray “Odessa Milli Hüquq Akademiyasının beynəlxalq humanitar universitetinin tədris-sağlamlıq kompleksi adlanır. Qeyri-rəsmi olaraq isə o universitetin prezidenti, oliqarx kimi tanınan Sergey Kivalovun şəxsi mülkü hesab olunur. Deyilənə görə, Kivalovun Odessada üç telekanalı və regionda iri tikinti biznesi var. Kivalov həm də qeyri-rəsmi rəyə görə, Odessanın mövcud hakimiyyətə qarşı olan “Antimaydan hərəkatının əsas ideoloqu sayılır.
Ukrayna Baş Prokurorluğu Kivalova qarşı “Odesşina üçün Konstitusiya hazırlamaq vaxtıdır məqaləsinə görə istintaqın başlanması barədə məlumat verdi, bəziləri bu məqalədə Ukraynanın ərazi bütövlüyünə qəsdə çağırış gördülər.
Fəallar buldozerlə Kivalovun “sarayının darvazasını eynən Saakaşvili kimi sökdülər. Bundan sonra polis onları saxladı, buldozer sürücüsünə qarşı isə əmlakın korlanması ittihamı ilə cinayət işi açdılar.
Hasarı dərhal bərpa etdilər. Növbəti gün “sarayın qarşısına Saakaşvili gəldi, Odessa vətənpərvərləri ondan hansısa hərəkət gözləyirdilər. Odessa qubernatoru isə Kivalovun evinin yanında yerləşən kortda tennis oynadı.
Sonra da Odessa “Avtomaydanı və “Sağ sektorun liderləri həbs olundu. Vətənpərvərlər xəyanət barədə danışmağa başladılar və Odessada keçirdikləri yürüşdə Saakaşvili və Kiyevin ünvanına radikal fikirlər səsləndirdilər.
Həbs olunmuş liderlərin işi ilə bağlı prosesin getdiyi Odessa məhkəməsinin önündə mitinqlər keçirildi. Maydandakı kimi avtomobil təkərləri yandırıldı.
“Gənclərin indi Poroşenko və Saakaşvili haqqında danışdıqları kimi məncə heç Yanukoviç haqqında danışılmayıb. Satqınlara düşməndən daha çox nifrət edirlər. Buna görə də əvvəlkindən daha ciddi inqilab baş verə bilər, – Odessa “Avromaydanının fəalı Alina Podolyanka deyir.
Gələcək
Saakaşvili hələ ötən ildən öz çıxışlarında həm Ali Radanı, həm də ölkə hökumətini tənqid edərək, onları islahatların keçirilməsinə mane olmaqda və oliqarxların əməllərinə göz yummaqda ittiham etdi.
2016-cı ildə Ukrayna hökumətinin dəyişməsi və Saakaşvilinin münaqişədə olduğu baş nazir Yatsenyukun istefaya getməsi Odessa qubernatorunun siyasi çəkisini artırdı.
Odessa vilayətinin keçmiş prokuroru, Saakaşvilinin məsləkdaşı David Sakvarelidze bildirirdi ki, Ukraynada yeni siyasi partiya yaradılır və onun əsas xadimlərindən biri Saakaşvili olacaq.
Bu il mayın 24-nə qədər analitiklər hesab edirdi ki, Saakaşvili ya Nazirlər Kabinetinə, ya da Ali Radaya daxil olmaq istəyir (buna görə də partiya yaradılır). Amma mayın sonlarında Saakaşvilinin Gürcüstanın “Rustavi-2 telekanalına müsahibəsində dediyi sözlər hamının heyrətinə səbəb oldu: “Heç kim şübhə etməsin ki… mən Gürcüstana qayıtmaq və fəal olaraq proseslərə qoşulmaq niyyətindəyəm.
Onun qubernator postunu tərk etməsindən sonra gələcək bir az da qeyri-müəyyən görünür.