Homofob cəmiyyətə uyğunlaşmağa çalışan üç qızın hekayəsi " />

Azərbaycandakı lesbilər

Homofob cəmiyyətə uyğunlaşmağa çalışan üç qızın hekayəsi

Foto: Vladimir Valişvili

Nigar

N igarla ticarət mərkəzinin tünlük kafesində görüşdük. Bəstəboydur, qıvraqdır, hərəkətləri köntöydür, yeniyetmə oğlana oxşayır. Amma baxımlı saçları və səliqəli makiyajı qızın xarici görünüşünə önəm verdiyini göstərir. Utanır və söhbət zamanı gözlərimin içinə baxmaqdan çəkinir. Cavabları qısa və təmkinlidir, bununla belə əsl adını və təhsil aldığı yeri dilə gətirməkdən imtina etmir – “Problem yoxdur!”. “Facebook” şəbəkəsində əsl adı və soyadı ilə açıq profil işlədir.

Qıza baxanda bir neçə il əvvəl yerli telekanalda gördüyüm süjeti xatırlayıram. Jurnalistlər lesbi qızdan müsahibə alırdılar. Sualları və cavabları unutsam da, mənzərə xatirəmdə ilişib qalıb: yöndəmsiz şəkildə üzünə tökdüyü saçların arxasında üzünü gizlətməyə çalışması, qaşqabaqla baxması, qısa cavablar verməsi.

Həmsöhbətim Nigar ümumiyyətlə nəyisə gizlətmək fikrindən uzaqdır. Cavablarının qısa olması isə ehtiyatdan deyil, çox şeylərə xeyli daha rahat yanaşmasından irəli gəlir.

Nigarın 19 yaşı var. Odlar Yurdu Universitetinin ikinci kurs tələbəsidir, tərcüməçilik oxuyur. Yaxınları – bir neçə qız qohumu və bəzi qrup yoldaşları oriyentasiyasından xəbərdardırlar.

“Hamısı da normal qarşıladı”, – qız əminliklə cavab verir.

Marağının qızlara olduğunu Nigar çox erkən – 8 yaşında anlayıb.

“Filmlərdə öpüş səhnələrinə baxanda fikir verdim ki, qızlardan daha çox xoşum gəlir”. İlk rəfiqəsi də 12 yaşında olub: “İnternetdə, çatda tanış olduq, onun 18 yaşı vardı. Tez-tez telefonla danışırdıq, yanıma gəlirdi. Yeddinci sinfi demək olar ki, oxumadım, çünki onunla görüşürdüm, demək olar ki, bütün günü birlikdə keçirirdik. Aramızda xüsusi sevgi yoxuydu, yəqin adi cazibə idi bu. Anam nədənsə şübhələndi, dava saldı. Nəticədə də bütün məktəb bildi. Aydın məsələdir ki, bunu heç kim qəbul etmədi, bütün dostlarımı itirdim”.

Məhz o zaman Nigar ilk “coming out” cəhdini etdi – anasına başa salmağa çalışdı ki, qızlardan daha çox xoşu gəlir. “Görünür, anam bunu doğru-dürüst anlaya bilmədi də, – qız deyir, – Sonradan bu söhbət unudulub getdi”.

Öz təbiətini dərk etməsi Nigarı əsla qorxutmayıb: “12 yaşımdan internetdə homoseksual münasibətlər barədə oxumağa başladım, bu haqda hər şeyi öyrəndim. Heç bir narahatlıq və ya qorxu keçirmədim”.

“Düşünürəm ki, insanın özünü “qeyri-adi” birisi kimi qəbul etməsi daha çox ailəsindən irəli gəlir, mənim ailəmdə isə məni sıxışdırmırlar, çünki heç nə bilmirlər”. Nigarın sözlərinə görə, bu ona mane olur: “Gizlənmək istəməzdim. Bəli, institutdan sonra burdan köçməyi planlaşdırıram, amma anam lesbi olduğumu bilsəydi, özümü daha rahat hiss edərdim”.

Nigarın sözlərinə görə, anası homoseksuallıqla bağlı olan hər şeyə aqressiv reaksiya verir:

“Televizorda hansısa homoseksualın döyülməsi və ya öldürülməsi xəbərini eşidəndə, həvəslə bunu təqdir edir. “Mən də öldürərdim”, – deyir. Məncə, oriyentasiyamdan xəbər tutsa, məni övladlıqdan rədd edər”.

Ola bilsin, anası qızının bu sirrindən xəbərdardır: “O, məni izləyir ki, heç bir qızla ünsiyyətdə olmayım, eyni zamanda oğlanlarla münasibətlərimə heç nə demir”.

Nigar doğrudan da oğlanlarla münasibət qurmağa cəhd göstərib: “İngiltərədə yaşayan qonşumuz bu yaxınlarda qardaşının nişanına gəlmişdi. Onunla yazışmağa başladıq, danışırdıq, hardasa ayda bir dəfə görüşürdük, amma axırda heç nə alınmadı. Onunla görüşə çıxanda, yanımızdan ötüb keçən qızlara baxırdım. O, axıra qədər də hər şeydən xəbərsiz qaldı”.

“Qızlarla harada tanış olursan?” – Nigardan xəbər alıram. “Əsasən internetdə, – qayğısızca cavab verir. – Amma heç də həmişə münasibətlərim dərinləşmir. Bəzən ancaq öpüşürük. İndi təkəm. Axırıncı, ən uzun münasibətim 7 ay çəkdi, iki il əvvəl də bitdi. İndiyə qədər də o qızı sevirəm. Amma o, barışmaq istəmir”.

“Facebook” cəmiyyəti Nigarın o qədər də xoşuna gəlmir:

“Qızlar orada kiminlə gəldi yatırlar, preparat qəbul edirlər, bundan iyrənirəm”.

Qalan məsələlərdə isə Nigar adi qızdır. Ali məktəbdə təhsil alır, dostları ilə görüşür, kinoya gedir.

Nərminə

N igardan fərqli olaraq, Nərminə cəmiyyətdə diskriminasiya və ədalətsiz münasibətlə üz-üzə gəlməli olub: “Kollecdə Gənc Tələbələr Təşkilatının üzvüydüm. Rəfiqələrimdən biri də orada idi. Şayiə yayıldı ki, o qız mənimlə münasibətdə olub. Qız təşkilat sədrliyinə namizədliyini irəli sürmək istəyirdi, amma şayiələr müəllimlərin qulağına çatdı. Ona sədr olmağa imkan vermədilər, bunu da aşağıdakı kimi izah etdilər: “İmkan verə bilmərik ki, hansısa lesbi burada sədr olsun”. Halbuki o heç lesbi də deyildi”.

«Mən də təşkilatdan qovulmağımı gözləmədən özüm çıxdım. Onlara izah etmək istəyəndə ki, tanışım lesbi deyil, mənə qulaq asan belə olmadı.

Kollecdə oriyentasiyamdan xəbər tutdular. Hamı ilə münasibətlərim kəsildi, arxamca məni müzakirə edir, üzümə gülürdülər.

Bundan sonra kollecdə bir çox oğlanlar sevgililərinə mənimlə ünsiyyətdə olmağı qadağan edirdilər. İndi işləyirəm, burada da bilsələr, qovacaqlar, burada işləyənlərin 90 faizi homofobdur”.

İşçiləri işdən çıxaranda əmək kitabçasında nadir hallarda əsl səbəb yazılır. Bunu qanunla tələb etmək mümkün olsa da, Nərminə artıq problem istəmir. “İşdə bilsələr, özüm gedəcəm, mübarizə aparmayacam”.

İndi isə direktor vaxtaşırı Nərminəni iş otağına çağırıb, xəbər alır:

“Sənin gey dostların var?”. “O, “Facebook”da mənim dostluğumdadır, LGBT cəmiyyətini müdafiə edən statuslarımı və şərhlərimi görür. Açıq-aşkar lesbi olmaqda ittiham etməsə də, görünür, hesab edir ki, mən sadəcə humanistəm və homoseksuallara qarşı loyalam. Otağına çağırıb, saatlarla danışır, təhlükəli fikirlərdən çəkindirməyə çalışır”.

Nərminənin ailəsində də onun lesbi olduğunu bilmirlər:

“Valideynlərim dindardır, heç vaxt bunu qəbul etməyəcəklər. Yadımdadır, anam bir dəfə demişdi: “Övladlarından birinin gey olduğunu bilməkdənsə, ölmək yaxşıdır”. Buna görə də susuram, gələcək barədə düşünmürəm, bu günümü sağ-salamat başa vurum, yetər”.

Nərminə anasına çox bağlıdır,  buna görə də daha “tolerant” ölkəyə gedə bilmir, halbuki maddi chətdən tam müstəqildir:

“Dəfələrlə ona demək istəmişəm: “Anacan, sənin sevimli qızın sən düşündüyün kimi deyil”. Amma mənə elə gəlir ki, bu sözlərdən sonra ölməliyəm. İntihar cəhdinə yaxınlaşmışam da”.

Nərminə bir dəfə təriflənən bir psixoloqa da müraciət edib:

«guya pasientləri arasında xeyli tanınmış adam var, özü də Moskva Dövlət Universitetini bitirib. Konsultasiya vaxtı “psixoloq” qıza təcavüz etməyə cəhd göstərib. “Məni əmin etməyə çalışırdı ki, məndə kişilərə qarşı maraq oyadacaq. Deyirdi ki, bakirəliyimə də toxunmayacaq.  Konsultasiyaya görə qonorarını “natura” ilə almaq istəyirdi”.

Dinarə

D inarə (17 yaş) əsl “dayk”dır. Özü haqda belə deyir. Yerli terminologiyaya görə, “dayklar” kişi mövqeli və kişi davranışlı lesbi qızlardır. Saçları qısadır, geyimində də daha çox idman üslubuna üstünlük verir. Yəni oriyentasiyası “sifətində yazılanlardandır”.

Ailəsində qıza atası dəstək olub ki, bu da azərbaycanlı kişilərə xas olan bir şey deyil. “Anam əksinə, çox aqressivdir, çox ağır sözlər deyir. Deyir ki, qızları bədbəxt edəcəm”.

Anası onu sevgilisi ilə ayrılmağa məcbur edib.

“Onunla telefonla danışanda üstünə çıxdı, dəstəyi əlimdən aldı, söydü və döydü məni. Sonra da həmin qızı evimizə söhbətə çağırdı. Nəticədə də qız mənə qarşı soyudu, günlərin bir günü də ondan toy dəvətnaməsi aldım”.

“Bəli, “dayk” olsam da, burada yaşayıram, müsəlmanam, oruc tuturam. Çoxları mənə deyir: “Niyə oruc tutursan, sayılmayacaq, çünki allaha xoş olmayan həyat sürürsən. Bəlkə də günah işlədirəm, amma oruc tutmağa, xeyirxah əməllər etməyə çalışıram ki, Allah günahımı bağışlasın. Bu yaxınlarda biri mənə şeytan olduğumu dedi, inanmazsız bu mənə necə toxundu”.

Dinarə hesab edir ki, LGBT cəmiyyətinə “hədsiz çılğınlıq” çox mane olur. Lesbi qızlar bu qədər temperamentli olmasaydılar, adam arasında hisslərini büruzə verməsəydilər, saf sevgi daha çox olardı, onlara qarşı münasibət də daha yaxşı olardı, Dinarə belə düşünür.

İndi onun sevgilisi var, həmin qızla münasibətləri artıq dörd ildir sürür. “Bizə görüşməyə, ünsiyyətdə olmağa imkan vermirlər, hər şəkildə mane olurlar. Amma biz bir-birimizi çox sevirik. Buradan çıxıb getmək üçün 18 yaşımızın tamam olmasını gözləyirəm. Onun on altı yaşı var. Onun xatirinə susuram”.

ILGA-Europe-un illik reytinqinin göstəricilərinə görə, Azərbaycan Avropada ən dözümsüz ölkədir. Buna gətirib çıxaran bir neçə səbəb var:
1. LGBT-ni müdafiə edən qanunların olmaması.
2. Ailədaxili zorakılıq qurbanları üçün sığınacaqların olmaması.
3. LGBT-yə nifrət zəminində cinayətlərin törədilməsi.
4. Hakimiyyət nümayəndələrinin karyeraları üçün heç bir problem olmadan LGBT-yə qarşı nifrətlərini sərgiləyə bilməsi.
Azərbaycanda LGBT ilə bağlı hər hansı bir statistika tapmaq çətindir. Rəsmi statistika aparılmır. Polis LGBT-yə qarşı cinayətləri hansısa konkret qrupa ayırmır. Az-çox iri tədqiqatların aparılması üçün yeganə mənbə sosial şəbəkələrdəki gey-qruplar (bir qayda olaraq, 3000 iştirakçısı olur) və Azərbaycanda yeganə, 1414 istifadəçisi olan gay.az saytıdır.
Facebook Comments

More on JAMnews