2019-cu ildə Gürcüstanın əsas siyasi qalmaqalı haqda qısaca" />

Gürcüstanda QHT-lər hesab edirlər ki, ədalət mühakiməsini təcili xilas etmək lazımdır

2019-cu ildə Gürcüstanın əsas siyasi qalmaqalı haqda qısaca

Məhkəmə tələbi ilə “onluq siyahısı”na qarşı aksiya. Foto: Transparency International Georgia

Bütün yanvar boyu Gürcüstan siyasətini çalxalayan on hakim ətrafındakı hadisələr son zamanların ən səs-küylü qalmaqalı olub və iqtidar komandası arasında parçalanma yaradıb.

Söhbət Ədliyyə Şurasının təklifi ilə parlamentin Ali Məhkəməyə ömürlük hakim təyin etməli olduğu on hakimdən gedir.

Amma onların namizədlikləri yalnız bir sıra QHT-də yox, həm də müxalifətdə, hətta iqtidar partiyasının özündə də mübahisələrə səbəb olub.

Adətən “yuxarının” əmrlərinə loyal olan parlament çoxluğu hələ Saakaşvili dövründən siyayiləşmiş kimi ad çıxaran bu hakimlərin namizədliklərinə qarşı çıxıb.

Yanvarın 21-də QHT-lər “Ədalət mühakiməsini xilas etmək lazımdır!” şüarı altında aksiya keçiriblər.

Cəmi bir neçə saat sonra hakimlərin özləri müştərək bəyanat yayaraq, namizədliklərini geri götürdüklərini bildiriblər.

Qeyri-hökumət sektoru bunu cəmiyyətin qələbəsi hesab edir.

JAMnews 2019-cu ildə Gürcüstanın əsas siyasi qalmaqalını qısaca təqdim edir.

On hakimin işi. Onlar nə ilə yadda qalıblar?

Hər şey ötən il dekabrın 24-də Ədliyyə Şurasının on hakimin siyahısını parlamentə təqdim etməsi ilə başlayıb. Parlament şuranın tövsiyəsi ilə onları Ali Məhkəməyə müddətsiz hakim təyin etməli idi.

Ədliyyə Şurası bütün ədalət mühakiməsi sisteminin səmərəli işini təmin etməsi üçün yaradılmış müstəqil orqandır. Müvafiq olaraq, bu orqan hakim korpusunun seçiminə görə cavabdehdir. Hərçənd, son nəticədə qanunvericiliyə əsasən hakimləri parlament təsdiqləyir.

Mixail Saakaşvili haqda gürcülərdən soruşmaq istədiyiniz altı şey 

Gürcüstan prezidenti ölkənin məhkəmə sistemindəki vəziyyəti “böhran” adlandırıb

Təqdim olunmuş siyahı qeyri-hökumət sektoru və müxalifət, ombudsmen, hətta iqtidar komandasının bir qismi üçün qəbuledilməz olub.

Namizədlərin şəxsiyyətləri parlament çoxluğu arasında ilk dəfədir ki, ciddi parçalanma yaradıb. Ən nüfuzlu deputatlardan biri Eka Beseliya hüquq komitəsinin sədri vəzifəsini tərk edib. Digər deputatlar da onu dəstəkləyib və xəbərdarlıq ediblər ki, əgər parlament Ali Məhkəmənin tərkibini təsdiqləsə, onlar parlament çoxluğunun sıralarını tərk edəcəklər.

Belə kəskin reaksiya doğuran “onluğun siyahısında”, məsələn, “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının hesabatında məhkəmə sistenmində öz klanını yaratmış və bununla da “korrupsiya riskinin yüksəlməsinə” səbəb olmuş nüfuzlu hüquqşünas kimi adı hallanan Mixail Çinçaladze yer alıb.

Müxalifət öz növbəsində əmindir ki, bu siyahının arxasında keçmiş baş nazir və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili durur, çünki 2020-ci il parlament seçkilərinə qədər bütün məhkəmə sistemini özünə tabe etmək istəyir.

Qeyri-hökumət sektoru “onluq siyahısına” qarşı fəal mübarizəyə başlayıb. Bu mövzu ölkənin aparıcı telekanallarının tok-şou və informasiya-analitik proqramlarında dominant olub.

“Ədalət mühakiməsini xilas edək”

Yanvarın 21-də hakimlər namizədliklərini geri götürdükləri haqda ümumi bəyanat hazırlayıb, parlamentdən onların namizədliklərinin müzakirə olunmamasını xahiş ediblər.

Buna səbəb olaraq hakimlər onların şəxsləri ətrafında “qeyri-sağlam spekulyasiyanı” göstəriblər.

Bu bəyanat QHT nümayəndələri Ədliyyə Şurası qarşısında məhkəmə sistemində islahat tələbi ilə etiraz aksiyası keçirəndən cəmi bir neçə saat sonra ərsəyə gəlib.

Aksiya iştirakçıları manifest qəbul edib. Orada deyilir ki, müxtəlif səbəblərdən dolayı Gürcüstan 1991-ci ildə müstəqillik əldə edəndən bəri ədalət mühakiməsi sistemində islahatlar həyata keçirilməyib.

Nəticədə ölkədə indiyə qədər “müstəqil məhkəmə formalaşdırmaq mümkün olmayıb”.

Manifest son illərin qısa icmalını əks etdirir.

Sənəddə deyilir ki, 2003-cü ildə “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələn Saakaşvili hökuməti məhkəmə sistemini Gürcüstanın ikinci prezidenti Eduard Şevarnadze dövründə çiçəklənən korrupsiyadan təmizləyib, amma bununla belə bütün bu sistemi inqilab hakimiyyətinə tabe edib.

2012-ci ildə hakimiyyətə gələnə qədər “Gürcü arzusu” partiyası öz prioritetlərindən biri kimi məhz məhkəmə sisteminin siyasi təsirdən azad edilməsini və ədalətin bərpa olunmasını göstərmişdi. Amma manifestdə deyilir ki, bu gün məhkəmələri daha nüfuzlu və möhkəmlənmiş klanlar idarə edir:

“Ədalət mühakiməsi sisteminə nəzarət əvvəlki hakimiyyətin total şəkildə məhkəmələri nəzarətdə saxlamaq üçün yararlandıdığı eyni qrup, klan tərəfindən ələ keçirilib…”.

“Klan Ali Məhkəməni – son instansiya məhkəməsini – daimi olaraq öz kadrları ilə komplektləşdirmək imkanı əldə edib. Real olaraq cəmiyyətin müstəqil məhkəmənin formalaşması ilə bağlı ümidini tamamilə itirməsi, məhkəmə sisteminin isə on illiklər boyu klan maraqlarına tabe edilməsi təhlükəsi yaranıb”.

Gürcüstanda məhkəmə siyasiləşib və bütün dövlət sisteminin “zəif həlqəsidir” – beynəlxalq təşkilatlar öz hesabatlarında mütəmadi olaraq yazırlar.

Keçmiş Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlament tribunasından dəfələrlə bu haqda bildirib və ölkənin məhkəmə sistemində yaranmış vəziyyəti  “böhranlı” adlandırıb. Onun sözlərinə görə, başlıca problem ondadır ki, hakimiyyət nümayəndələri hakimlərə çox güclü təzyiq göstərir, buna görə də məhkəmələr müstəqil qərar qəbul edə bilmir.

Qeyri-hökumət sektorunun təmsilçiləri hesab edirlər ki, indi hazırda məhkəmə islahatları uğrunda mübarizəyə köklənməyin əsl zamanıdır.

Hakimlərin öz namizədliklərini geri çəkməsi vətəndaş cəmiyyətinin fəallığının nəticəsidir və bu, yaxşı əlamətdir, QHT-lər deyir:

“Həmişə mübarizə aparmağa dəyər və biz öz mübarizəmizi sona qədər, Mursidze [“onluq siyahısındakı” ən mənfur hakimlərdən biri — JAMnews] kimi hakimlər məhkəmə sistemindən yox olana qədər davam etdirəcəyik”, – “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının icraçı direktoru Eka Qiqauri deyib.

Müxalifət də eyni fikirdədir:

“Səfərbər olmuş qeyri-hökumət sektorunun, vətəndaş cəmiyyətinin və bütün sağlam düşüncəli insanların etirazı nəticəsində hakimiyyət bütün məhkəmə sisteminin qanunsuz şəkildə tam ələ keçirilməsi ilə bağlı yeni il əməliyyatını həyata keçirə bilmədi”, – müxalif “Avropa Gürcüstanı” partiyasının lideri Elene Xoştariya belə hesab edir.


More on JAMnews