Ölkədə iş yerləri yaradılmır; məhkəmə böhran içindədir; əksər siyasi qüvvələr opponentləri arasında düşmən axtarışındadır" />

Gürcüstan prezidenti parlamentdə, əsas vurğular

Ölkədə iş yerləri yaradılmır; məhkəmə böhran içindədir; əksər siyasi qüvvələr opponentləri arasında düşmən axtarışındadır

Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlamentə illik hesabat təqdim edib.

Prezidentin illik çıxışında hökumət üzvlərinin bir hissəsi, konstitusiya orqanlarının, diplomatik korpusun və dini konfessiya nümayəndələri iştirak edib.

Qısa hesabat:

Prezident özünüidarəetmə orqanlarına seçkilər haqda

Marqvelaşvili siyasi qüvvələri yerli özünüidarə orqanlarına seçki öncəsi birləşməyə və güclü aktor formalaşdırmağa çağırıb.

“Siyasi partiyaları dəvət edirəm – yerli özünüidarə orqanlarına seçkilər yaxınlaşır. Bizə real özünüidarə lazımdır; seçki sisteminin islahatına ehtiyacımız var və mən bu məsələdə sizin konsolidasiyanızı dəstəkləyirəm. Amma ən vacibi cəmiyyətimizə seçim imkanını güclü siyasi aktorların təqdim etməsidir. Gürcü demokratiyası üçün güclü siyasi oyunçuların formalaşması həyati həmiyyət kəsb edir. Birləşdirici ideyalar tapın, bir-birinə aparan yolları tapın və dəfələrlə ümidləri boşa çıxmış seçiciyə dəyərli seçim imkanı təklif edin”, – Marqvelaşvili bildirib.

 Hakimiyyət komandası haqda

“Gözləyirəm, görüm qalib gəlmiş qüvvə nə zaman düşmən deyil, tərəfdaş axtarışına başlayacaq, buna görə də dəfələrlə təklif etmişəm, bu gün də təklif edirəm ki, dialoq aparılsın, institusional əməkdaşlıq aparılsın”.

Prezident seçkiləri haqda qanun barədə

“Prezident seçmək haqqını xalqın əlindən almaq olmaz”, – Marqvelaşvili hesab edir. Üstəlik, onun fikrincə, ölkədə həllini gözləyən kifayət qədər mürəkkəb problemlər var və əhalini narahat edən əsas problem bu deyil. Prezident hesab edir ki, hakimiyyət hələ ki, çox sayda sosial problemin öhdəsindən gələ bilməyib.

“Prezident seçkiləri haqda qanun bugünkü və ya sabahkı prezidentin, bugünkü və ya keçmiş baş nazirin arzusundan asılı olmamalıdır, xalqın tələbatına cavab verməlidir və Konstitusiya ilə real balanslaşdırılmış olmalıdır. Xalqa qulaq versən və onu eşitsək aydın olacaq ki, real və kəskin problemlər həll edilməmiş qalıb, biz hələ də bircə nəfər də olsun evsizin olmayacağı, heç kimin küçədə yaşamayacağı, yetkinlik yaşına çatmayan uşaqların işləməyəcəyi, on minlərlə uşağın dəhşətli yoxsuluq içində yaşamayacağı, acların, soyuqdan əziyyət çəkənlərin olmayacağı, qocaların çarəsizlik içində qıvrılmayacağı bir dövlət qura bilməmişik”.

İqtisadi çağırışlar haqda

Prezidentin fikrincə, iş yerləri yoxsulluq, bahalaşma, cüzi pensiyalar və larinin qeyri-stabilliyi dövlət qarşısında duran əsas çağırışlardır.

Maqvelaşvilinin sözlərinə görə, iş yerləri yaradılmadığı haqlda hakimiyyətin qürur duyduğu iqtisadi artım göstəriciləri, investisiyanın yüksəlişi adi statistik rəqəmlər olaraq qalacaq.

“Təəssüf ki, reallıqda Gürcüstanda sərmayə artımı proporsional olaraq iş yerlərinin artımı ilə nəticələnmir”, – prezident deyib.

O, vurğulayıb ki, Gürcüstan hökumətinin gücü ilə reallaşan “Gürcüstanda istehsal et”, “Start up Gürcüstan”, “Gələcəyi yarat” və s. layihələri uzatmaq və dərinləşdirmək lazımdır.

Prezident əmək təhlükəsizliyi tədbirlərini sərtləşdirməyi tələb edir

Prezident Marqvelaşvili parlamentdəki çıxışında əmək təhlükəsizliyinə dair minimal standartlar işləyib hazırlamağa çağırıb: “Yerli kadrların aşağı peşəkarlıq səviyyəsi səbəbilə sərmayəçilər tərəfindən xarici işçi qüvvənin istifadəsi halları çoxalıb. Buna görə də bazarın tələblərinə uyğun olaraq peşəkar tədris prioritet olmalıdır. Həmçinin əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsilə də məşğul olmaq lazımdır”.

Məhkəmə sistemi haqda

Giorgi Marqvelaşvili məhkəmə sistemində yaranmış vəziyyəti “böhran” adlandırıb. O, çıxışının məhkəmə sistemi haqda bəhs edən müvafiq hissəsində bu sözü bir neçə dəfə istifadə edib.

Prezident hesab edir ki, Gürcüstanın məhkəmə sisteminə beynəlxalq mütəxəssislərin yardımı lazımdır.

“Yüksək nüfuza sahib Avropa ekspertlərindən ibarət missiyaya ehtiyac var ki, məhkəmə böhranının dəqiq səbəblərini ortaya çıxarsın və ölkəmizə bu vəziyyətdən çıxış yollarının axtarışında kömək etsin”.

Onun fikrincə, hakimlərin böyük müdafiəyə və müstəqilliyə ehtiyacları var.

Marqvelaşvili hesab edir ki, məhkəmə sisteminin düşdüyü mürəkkəb vəziyyət ölkədə çox sayda başqa ciddi problemlərə səbəb olur.

“Vətəndaşlar ədalətli mühakiməyə haqları olmadıqları zaman zəif olur. Etnik zəmində haqları pozulduğu zaman vətəndaşlar zəif olur. Xüsusi fərqli əlamətlərinə görə təqib olunduqları zaman, seksual oriyentasiyalarına görə alçaldıldıqları zaman vətəndaşlar zəif olur. Hüquq-mühafizə orqanları tərəfindən lazımınca qorunmadıqları, siyasi və ya digər əlamətinə görə təqib olunduqları, zorakılıq müdafiə etməli olanlar tərəfindən törədildiyi, qanunsuz dinlənildikləri zaman vətəndaşlar zəif olurlar. Hər bir vətəndaşın təhlükəsizliyi təmin edilmədiyi zaman dövlət təhlükəsizliyi zəifdir”.

İşğal olunmuş ərazilərdəki vəziyyət haqda

Prezident Marqvelaşvili hakimiyyəti tanımamaq siyasəti ilə yanaşı böyük aktivliyə və “Antianneksiya siyasətinə” başlamağa çağırıb.

“Rusiya Federasiyası işğal altına olan ərazilərin faktiki ərazi anneksiyası istiqamətində addımlar atır. Buna görə də tanımamaq siyasətində olduğu kimi tərəfdaş ölkələrin fəal iştirakı ilə Gürcüstanın işğal edilmiş ərazilərinin antianneksiyası siyasəti işləyib hazırlamaq və anneksiyanın qarşısını almaq üçün razılaşdırılımış addımlar atmaq lazımdır”, – Marqvelaşvili hesab edir.

Eyni zamanda, onun fikrincə, “yeni sərhəd xəttinin yaranmasına və tikanlı maneələrin çəkilməsinə, Qal rayonunun məktəblərində gürcü dilinin tədrisinin məhdudlaşdırılmasına, insanların oğurlanmasına və işğal edilmiş ərazilərdəki mədəniyyət abidələrinin məhv edilməsi faktlarına kəskin reaksiyanı gecikdirmək olmaz”.

Prezident işğal olunmuş ərazilərdə yaşayan Gürcüstan vətəndaşlarına da müraciət edib.

“Heç kim təsəvvür edə bilməzdi ki, Berlin divarı söküləcək və Şərqi Almaniyadan çıxmış şəxs birləşmiş Almaniyanın lideri olacaq. Ümid edirəm ki, elə bir vaxt yetişəcək ki, Gürcüstan süni ucaldılmış divarları yıxacaq və Gürcüstan lideri divarın o tayında yaşayan Gürcüstan vətəndaşı olacaq”.

Foto: Prezidentin mətbuat xidməti

 


More on JAMnews