Keçmiş iqtidar partiyası Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək
Ermənistan Respublika Partiyası baş tutacaq növbədənkənar seçkilərə qatılacaq. Bu ana qədər partiyanın seçkilərdə iştirakına dair tam əminlik “respublikaçıların” özlərində də yox idi. Yalnız onlardan bəziləri seçkidə iştirakdan imtinanın məqsədəuyğun və mümkün olduğu haqda fikir səsləndirmişdi.
Respublika Partiyası Ermənistanda bu ilin yazında baş verən inqilabdan sonra öz mövqelərini təslim edib. Müxalifətin lideri Nikol Paşinyanı on minlərlə ölkə sakini dəstəkləyib və o, baş nazir seçilib. Amma parlamentdə çoxluğa sahib olan iqtidar partiyası inqilabçı hökumətin qərarlarını tez-tez bloklamaq imkanına sahib idi və bloklayırdı da.
Müvafiq olaraq, yeni hökumət növbədənkənar seçkilərə hazırlıq prosesinə başladı, həm də iqtidar partiyası və tərəfdarlarının ciddi müqavimətinə rəğmən. İndi artıq bütün müqavimətlər kənarlaşdırılıb, seçkilər dekabrın 9-da baş tutacaq.
Seçkilərdə keçmiş iqtidar partiyasını kim təmsil edəcək?
Partiya siyahısına Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarqsyan öncüllük edəcək. “Respublikaçıların” siyahısının son variantı necə olacaq, hələlik bəlli deyil, amma bəzi adlar artıq hallandırılır. Məsələn, məlumdur ki, seçkiqabağı qərargaha keçmiş ədliyyə naziri David Harutunyan rəhbərlik edəcək. Reytinq siyahılarına görə seçkilərdə keçmiş elm və təhsil naziri Armen Aşotyan da iştirak edəcək.
• Ermənistan parlementi baş nazirin namizədliyinin əleyhinə, buraxılmasının isə lehinə səs verib
• Ermənistan növbədənkənar seçkilərin keçirilməsinə 6 milyon dollar xərcləyəcək
Artıq məlumdur ki, eks-prezident və Ermənistan Respublika Partiyasının rəhbəri Serj Sarqsyan seçkiqabağı kampaniyada iştirak etməyəcək. 2018—ci ilin aprelində istefaya gedəndən sonra o, ictimai-siyasi fəaliyyətdən uzaqlaşıb, amma partiyanın rəhbəri olaraq qalır.
Gözlənilən seçkilərdə Respublika Partiyasında təmsil olunan və 2017-ci il seçkilərində pariyanı əhəmiyyətli səs faizi və mandatlarla təmin etmiş bəzi oliqarxlar da iştirak etməyəcək.
“Respublikaçıların” planı
Siyahıdakı bir nömrəli namizəd Vigen Sarqsyan artıq bildirib ki, onlarn partiyası ölkənin əsas müxalif qüvvəsi olmaq niyyətindədir. Keçmiş hakimiyyət hazırkı iqtidarın bir çox addımları ilə razı deyil:
“Hesab edirik ki, bizim əsas müxalif qüvvə olmaq imkanımız var. Bizim resursumuz, biliklərimiz və təcrübəmiz buna şərait yaradır. Üstəlik hazırkı hakimiyyətlə bizim aramızda prinsipial ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər bizə imkan verəcək ki, müxalif qüvvə statusundan tam şəkildə istifadə edək və bizin daha səmərəli idarəçiliyimiz olsun”.
Vigen Sarqsyan növbəti dəfə hazırkı hakimiyyətin dekabrda “tələsik” seçki keçirmək qərarını növbəti dəfə tənqid edib:
“Bu, siyasi proseslərə mane olur. Bu, bir çox siyasi qüvvələrə yeni şəraitə uyğunlaşmağa və seçkidə iştiraklarını daha məntiqli və ağıllı formada planlaşdırmağa imkan verməyib. Bizim üçün bunu etmək daha asandır. Bizim təcrübəmiz və yetərincə strukturumuz var ki, qısa müddətdə seçkiyə hazırlaşaq. Biz bu seçkiyə tələskənliyin əsas səbəblərindən birinin Yerevanda keçirilən seçkilərdən sonra iqtidar qüvvəsində yaranan ruh yüksəkliyi olduğunu çox yaxşı anlayaraq qatılırıq. Onların siyasi hesabları da elə buna əsaslanıb”.
Sentyabrda Yerevanda Ağsaqqallar Şurasına, yəni paytaxt parlamentinə seçki keçirilib. Bu seçkidə inqilabçı lider Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku qalan siyasi qüvvələr üzərində böyük qələbə qazanıb. Blok yerevanlıların 80 faizindən çoxunun səsini əldə edib. Ölkə əhalisinin demək olar ki, yarısı Yerevanda yaşayır. Odur ki, seçkilərin nəticələri yeni hakimiyyətin yüksək reytinqini və parlament seçkilərində mandatların çoxunu qazanmaq ehtimalını təsdiqləyib.
[/notification]
Başqa hansı qüvvələr seçkidə iştirak edəcək?
Artıq seçkidə iştirak edəcək siyasi qüvvələrin əhəmiyyətli hissəsi məlumdur. Qələbəyə əsas iddialı Nikol Paşinyanın “Mənim addımım” bloku hesab edilir. Rəsmi informasiya yoxdur, amma partiya siyahısında ilk sırada çox güman ki, baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın adı olacaq.
Seçkidə həmçinin Ermənistanın ən varlı adamlarından biri Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası da iştirak edəcək. Oliqarxın özü siyahıda birinci olacaq.
Nikol Paşinyanın inqilabdan əvvəl rəhbərlik etdiyi “Yelk” fraksiyası üzrə keçmiş müttəfiqləri “Respublika” və “Müqəddəs Ermənistan” partiyaları seçkiyə ayrı-ayrılıqda qatılacaq. “Respublika” partiyası artıq “Azad demokratlarla” koalisiya sazişi bağlayıb.
Parlament seçkilərinin müəmmalı qüvvəsi “Sasna tsver” hesab olunur. Bu siyasi təşkilat 2016-cı ildə polisin post-patrul xidməti alayını ələ keçirən “Sasna tsver” silahlı qruplaşması əsasında formalaşıb.