“Seçki bahalı əyləncədir”, hökumətdən deyirlər" />

Ermənistan növbədənkənar parlament seçkilərinin keçirilməsinə 6 milyon dollara qədər vəsait xərcləyəcək

“Seçki bahalı əyləncədir”, hökumətdən deyirlər

Ermənistanda növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsi üçün hökumətin ehtiyat fondundan Mərkəzi Seçki Komissiyasına 2,7 milyard dram (təxminən 6 milyon dollar) ayrılacaq.

Ədliyyə Nazirliyinə də Seçki Məcəlləsinin 10 min nüsxədə çapı üçün əlavə 10 milyon dram (20 min dollar) ödəniləcək.

Polis əlavə 224 milyon dram (təxminən 460 min dollar) əldə edəcək. Bu məbləğin böyük hissəsi seçici siyahılarının dəqiqləşdirilməsi üçün nəzərdə tutulub.

Ermənistan baş nazirinin birinci müavininin səlahiyyətlərini yerinə yetirən Ararat Mirzoyan qeyd edib ki, seçkilər “bahalı əyləncədir, xüsusən də növbədənkənar olanda”.

Seçkilərin keçirilməsi üçün ölkə eyni zamanda beynəlxalq təşkilatlardan da dəstək alacaq.

“Seçkilərin təşkili və keçirilməsi üçün nəzərdə tutulan məbləğdən başqa Ermənistan BMT-nin himayəsi altında beynəlxalq və donor təşkilatlarından da dəstək alacaq, o cümlədən də video-nəzarət avadanlıqlarının quraşdırılması, maarifləndirici materialların çapı üçün”, – Mirzoyan bildirib.

Ermənistanda seçkilər – böhrandan mümkün çıxış yolu

Yerevan seçkilərdə inqilabçı hökuməti dəstəkləyib

Nikol Paşinyan haqda: müxalifətçi necə Ermənistanın baş naziri oldu?

Növbədənkənar seçki ehtiyacı haradan yaranıb?

Yazdan etibarən Ermənistan parlament idarə üsuluna keçib. Amma bundan dərhal sonra ölkədə “məxməri inqilab baş verib”. Parlamentdə çoxluğa sahib olmayan siyasi qüvvə hakimiyyətə gəlib. Bu siyasi qüvvənin lideri Nikol Paşinyan baş nazir olub, amma parlament dəfələrlə onun qərarlarını bloklayıb.

Ümumilikdə ekspertlər ölkədəki vəziyyəti belə dəyərləndirirlər: “parlament xalqın iradəsini əks etdirmir”. İş orasındadır ki, 2017-ci il parlament seçkilərində Ermənistan Respublika Partiyası qələbə qazanıb. Amma 2018-ci ilin yazında “məxməri inqilab” gedişatında on minlərlə insan müxalifətlə birlikdə küçələrə axışaraq hakimiyyətə qarşı çıxıb və onun devrilməsinə nail olub.

Növbədənkənar parlament seçkiləri “inqilabçı hakimiyyət” üçün Milli Məclisdə çoxluğa nail olmaq şansıdır.

Seçkilərdə hansı qüvvələr iştirak edəcək?  

Növbədənkənar parlament seçkilərinin favoriti Nikol Paşinyanın “Mənim addımım” bloku hesab edilir. Siyasi qüvvə artıq rəsmən seçkilərdə iştirak etmək niyyətini açıqlayıb.

Seçkidə həmçinin “Çiçəklənən Ermənistan”, “Maariflənmiş Ermənistan”, “Respublika”, “Ermənistan Demokratik” partiyaları iştirak edəcək.

Hələlik aydın deyil ki, keçmiş iqtidar partiyası – hələ də liderinin eks-prezident Serj Sarqsyanın olduğu Ermənistan Respublika Partiyası seçkilərə qatılacaq, ya yox.


More on JAMnews