Gürcüstanın keçmiş baş naziri təbiəti necə idarə edir " />

Əsrlik ağaclar – milyardçının son marağı

Gürcüstanın keçmiş baş naziri təbiəti necə idarə edir

Bu məqalə keçmiş baş nazir və Gürcüstanın qeyri-formal hakimi Bidzina İvanişvilinin Qara dəniz sahilindəki iqamətgahında dendroloji park tikməsi haqdadır. Bunun üçün Qərbi Gürcüstanın müxtəlif yerlərindən nəhəng çoxəsrlik ağaclar kökündən çıxartdırılaraq, dəniz yolu ilə milyarderin evinə gətirilir. Bu prosesə yüzlərlə insan cəlb olunub, bütün dövlət maşınlarından istifadə edilir.

Məqalə bir il əvvəl dərc edilib, amma bu gün, Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində yenidən aktualdır.

__________________________

Gürcüstanın keçmiş baş naziri və qeyri-formal rəhbəri Bidzina İvanişvili Qara dəniz sahilində, öz iqamətgahında dendroloji park tikir. Bunun üçün Qərbi Gürcüstanın müxtəlif yerlərində nəhəng ağaclar kökündən qopardılıb, dənizlə milyardçının evinə üzüb gəlir. Bu mənzərə artıq bir ildən çoxdur ki,  Gürcüstan KİV-nin əsas mövzularından birinə çevrilib. Bu prosesdə yüzlərlə adam məşğuldur.

Günəş batanda və dəniz narıncı rəngə boyananda bu loliodendron xüsusiylə cazibədar görünür. Onun qara damarlı nəhəng budaqları çəhrayı çalarlı səmanın fonunda görünür.

Hava istidir. Nə külək, nə də dalğa var, buna görə də gözlərimin qarşısında açılan mənzərə reallıqdan daha çox, rəsm əsərinə bənzəyir.  

Bu loliodendron Qara dəniz sahilində dendroloji parka köçürülmək üçün hazırlanan o altı ağacdan ən gözəliydi. Onu kökləri ilə birlikdə torpaqdan çıxardılar. İndi də sahildə gözləyir. Tezliklə onu barjaya yükləyib, 35 kilometr buradan uzağa, İvanişvilinin iqamətgahına aparacaqlar.

Gürcüstanda prezident seçkiləri. Niyə hakimiyyət vətəndaş müharibəsi haqda danışır?

 milyarderin yaşadığı kənd

• Mixail Saakaşvili haqqında gürcülərə vermək istədiyiniz 6 sual

• Azərbaycan-Gürcüstan sərhədindəki minalar

Batumidə dörd gün oldum və hər axşam Maxincauriyə, dəniz sahilinə gəlirdim ki, konteynerə yerləşdirilən bu nəhəng ağacın necə dənizdən üzüb keçdiyini görüm, boyum həmin ağacın köklərinə belə çatmırdı, ətrafında dövrə vurmaq üçünsə 12 addım atmalıydım. Bunun axşam, gün batan zaman baş verəcəyini təsəvvürümə gətirirdim.

– Onu nə vaxt aparacaqlar? – gün ərzində ağacla məşğul olan fəhlələrdən xəbər alırdım – onlar xüsusi texnika ilə çınqıl gətirir, torpaq qazır, sahili böyük daşlardan təmizləyir, beton plitələrdən yol tikir və metal borulardan hansısa böyük konstruksiya düzəldirdilər.

Amma arzum çin olmamış Acariyanı tərk etməli oldum. Artıq Tbilisidə olanda Rezo mənə zəng edib dedi ki, bu axşam ağacı aparacaqlar.

– Barjanı gətiriblər. O da qəbirə oxşayır. Barja gələn kimi, bil ki, iş bitib, – o dedi.

Bu ağacı sahilə daşımaq üçün elektrik xətlərini sökməli oldular  

Rezo nəhəng ağacları daşınmaya hazırlayan fəhlələrdən biridir. Əslində adı başqadır, amma işdə başına problem yaratmaq istəmir, buna görə də ona söz verməli oldum ki, məqalədə adını Rezo kimi verəcəm.

Ondan işlərin necə həyata keçirildiyini öyrəndik: əvvəlcə ağacın ətrafında torpağı elə kəsirlər ki, köklər zədələnməsin. Sonra ağacın altına şinə oxşayan rezin kamera yerləşdirirlər, onu da xüsusi nasosla doldurub, ağacı yuxarı qaldırırlar. Sonra da ağacın ətrafını taxtalarla hörürlər və metal borulardan ibarət konstruksiyaya yerləşdirirlər.

Sonda da təkərli nəhəng qoşquya qoyub, sahilə aparırlar. Buradan ağac artıq barja ilə İvanişvilinin iqamətgahına üzür.

Bu texnologiyanın köməyiylə Gürcüstanın keçmiş baş naziri və ölkənin ən varlı adamı özünün Qara dəniz sahilində, Şekvetilidəki  malikanəsinə artıq 20-yə yaxın ağac daşıyıb. İvanişvili deyir ki, böyük ağaclar onun hobbisi və sevimli əyləncəsidir, onlar ona unikal dendroloji park yaratmaq üçün lazımdır.

Bir ağacın daşınması bir neçə həftə çəkir. Prosesə yüzlərlə adam cəlb olunub – botaniklər, geoloqlar, mühəndislər, yol mühəndisləri, dəmir yol işçiləri, elektriklər və mühafizəçilər, aşpazlar və sürücülər.

Texnika və nəqliyyat – traktorlar, kranlar, buldozerlər, yük maşınları, elektrovozlar, barja və  yedək işləyir.

“Demə, dünyada bunu bir dəfə ediblər, Çində. Bu gün isə biz bunu Acariyada edirik”, – Rezo gülümsəyərək deyir.

Sonradan Acariya və Quriyanın kəndlərini gəzib, insanlarla milyardçının qeyri-adi hobbisi barədə danışarkən, onların sifətində bu ehtiyatlı və ikimənalı təbəssümün yarandığını çox gördüm.

Şekvetili – milyardçının iqamətgahı

Bidzina İvanişvilinin Şekvetilidəki iqamətgahı 260 497 metr ərazidə, dəniz sahili boyu yerləşir və dəmir hasarla çəpərlənib.

Deyirlər ki, nə vaxtsa bu əraziyə girişi açacaqlar və dendroloji park kütləvi yer olacaq. Bu gün isə ora siçan da keçə bilməz.

Deyəsən, İvanişvili vaxtının böyük hissəsini burada keçirir. Yerlilər tez-tez göydə vertolyot görürlər.

İqamətgahı hər tərəfdən qoruyurlar və onu ancaq uzaqdan nəzərdən keçirmək olar, onda da doğru-dürüst heç nə görmürsən, o cümlədən yad gözlərdən hündür şamlıq arxasında gizlənən evi də.

Hasar boyunca sahilə doğru gedirəm. Traktor və buldozerlərin səsi gəlir. Fəhlələr dənizdə üzən kiçik “yarımada”nın ətrafında vurnuxurlar. Bu, ağacları daşıyan barjadır. Ölçüləri müəyyən etmək çətindir, amma mənim 11 mərtəbəli binamın bu boyda parkinqi olsaydı, qonşuların hamısına yer olardı.

Yaxınlıqda üzərində Gürcüstanın bayrağı dalğalanan pas atmış qoşqu dənizdə yırğalanır. Ağacların üzdüyü barjanı daşıyan da bu qoşqudur.

Bu barja ilə ağaclar daşınır

– Natanebidən

– Senakidən

– Zuqdididən

– Lixaurdan

– Ozurqetidən (Qərbi Gürcüstanın şəhər və kəndləri) – fəhlələrə onların haradan olması barədə suala bu cavabı alıram. İndi onların iş fasilələridir və yerli çimərliyin boz qumunda may günəşinin altında qızınırlar. Maaşlarından da razıdırlar. Yemək və yatmağa pul xərcləmirlər – bu şeylərlə ayrıca təmin olunurlar.

Hamısı da işlə təmin olunduqları üçün İvanişviliyə minnətdardırlar.

– Adamın imkanı var, istədiyini də edir, – gənc adam meqrel aksenti ilə deyir, halbuki ondan heç nə xəbər almadım da.

Şekvetili, İvanişvilinin iqamətgahına birləşən ərazi

O, landşaftı dəyişir

Artıq üçüncü ildir ki, Bidzina İvanişvili Gürcüstanın baş naziri deyil. 2012-ci ildə o, çoxları üçün gözlənilməz şəkildə seçkilər yoluyla Mixail Saakaşvilinin hakimiyyətinə qalib gəldi. Saakaşvilinin “Milli Hərəkatı” ölkəyə doqquz il ərzində rəhbərlik edib, zəif və parçalanmış müxalifətin fonunda yenilməz kimi görünürdü.

Bu gün isə İvanişvili dendroloji parkın tikintisi prosesindən başqa heç yerdə görünmür. Sanki bütün bu siyasi çəkişmələr ona ancaq ağacları daşımaq hüququ almaq üçün lazımıydı ki, heç kim ona bu işdə mane olmasın.

O, yüksək vəzifəli şəxs deyil və artıq siyasətə gəlməzdən əvvəl olduğu kimi müəmmalı oliqarx da deyil. Özü özünü sıravi vətəndaş adlandırsa da, İvalişvilinin özü də bunun belə olmadığını hamıdan yaxşı bilir. KİV-də ancaq seçkilər öncəsi, hakim “Gürcü arzusu” partiyasının seçkiqabağı kampaniyasından iştirak etmək üçün görünür. Sonra da yenidən ortalıqdan itir. İzləri isə hər yerdə var – həm burada, Qara dəniz sahilində, həm də Tbilisidə, hökumət kabinetlərində və parlament dəhlizlərində.

2015-ci ilin axırlarında Gürcüstanda baş nazir postunda birini başqası əvəz edəndə, bu haqda qərar İvanişvilinin otağında qəbul edilib. Hakim komandanın prezident Marqvelaşvili ilə mübarizəsi məhz İvanişvili prezidenti “özünün ən böyük səhvi” adlandırandan sonra başladı.

İvanişvilinin bu gün yeni bir rolu var – o, məhdudiyyətsiz hakimiyyətdən istifadə edir, amma heç bir məsuliyyət daşımır.

Gürcüstanda heç kim şübhə etmir ki, çoxtonlu ağacları kökündən qoparan və onları öz evinə aparan adam Gürcüstanın qeyri-formal hakimidir. Ölkənin taleyini həll edən adamdır.

“Bunun miqyası o qədər böyükdür ki, regionun landşaftını dəyişir”, – ətraf mühitin müdafiəçisi Nata Peradze mənə dedi.

Sekvoyya və qinkqo

Valentina Slobodenyukun Acariyada, Tsixisdziri kəndindəki evi təpəcikdə yerləşir və yaşıllığın içində itib-batır. Evin arxasında dənizə gözəl mənzərə açılır. Sol tərəfdə isə, cəmi 50 metr aralıda böyük dərə var. Evin yerləşdiyi təpənin bir yamacını kəsiblər. Bu yaxınlarda burada iki böyük ağac bitirdi – sekvoyya və qinkqo. Hər ikisi də İvanişvilinin iqamətgahına köçürülmək üçün çıxarılıb.

“Sekvoyyanı aparanda bütün gecəni ağlamışam. Bu, mənim ailəmin tarixiydi”, – burada anadan olan və ömür boyu burada yaşayan xoş üzlü ukraynalı xanım Valentina danışır.

– Bəs niyə bu qədər sevdiyiniz ağacı aparmağa imkan verdiz? – deyə xəbər alıram.

– O, məni məcbur etmədi, əksinə, o çox mehriban və diqqətcildir. Pula ehtiyacım varıydı, rədd cavabı da verə bilməzdim. Bacım deyir ki, ağılsızam, amma peşman deyiləm. Orada ağaclarıma daha yaxşı qulluq edəcəklər, burada isə yenilərini əkəcəklər, – Valentina deyir.

Evin yanındakı böyük quyunu göstərib soruşuram – qorxmursuz ki, güclü yağış evinizi yuyub aparsın?

“O, hər şeyi həll edəcək. Söz verib ki, burada divar tikib, hər yeri bərkidəcəklər”.

İzlər hər yerdədir

“Burada izlər hər yerdədir. Beton plitələrin arxasınca get və mütləq axtardığın yerə gəlib çıxacaqsan”, – səfərdən əvvəl tanış jurnalist mənə məsləhət görürdü.

Beton plitələr mərkəzi yol boyunca və Natanebi, Bobokvati, Çakvi, Tsixidziri, Buknari, Mçvane Kontsxi və Maxindjauri kəndlərində həqiqətən də çoxuydu. Onları texnikanın nəhəng ağaclara çatması və onların oradan çıxarılması üçün salırlar. Yollar çox yaxşı, elə bil tanklar üçün salınıb. Onların salınmasına mane olan ağaclar  kökündən kəsilib. Bəziləri isə çılpaq kökləriylə durub, çünki ətrafda böyük sahədə torpaq dərindən qazılıb.

Mənzərə foto və videokadrlardan daha təsirli görünür. Buradan sanki div keçərək, izlərini qoyub.

Özünün unikal subtropik florası ilə məşhur olan Kobuleti-Batumi yolunda yerləşən ekzotik ağaclar nəhəng ağacların nəqlinə mane olduqları üçün budaqlarını kəsib, elə buradaca atıblar. Quriyada, Natanebi kəndinə aparan yolda da eyni mənzərə açılır.

Tsixidziridə budaqları kəsilmiş ağac. Deyirlər ki, bunu ağaclara qulluq üçün ediblər. Diqqətlə baxanda isə ancaq yola baxan budaqların kəsildiyini görürsən

Çakvi qəsəbəsində xüsusi texnikanın rahat hərəkəti üçün yolu genişləndirib, səkini daraldıblar. Burada əsas liman yerləşir, ağacları barjaya burada yükləyirlər. Limanı tikmək üçün yaxınlıqda yerləşən evlərin sakinlərinin dənizə çıxışını bağlayıblar.

Ağaclar quru yolla daşınanda prosesdə polis maşınları da iştirak edir, ağacı  mənzil başına bir neçə patrul ekipajı müşayiət edir. Bir neçə ay əvvəl ağac, ölkənin əsas nəqliyyat arteriyası olan, Türkiyədən mal yüklənmiş treylerlərin hərəkət etdiyi Batumi-Kobuleti trasında bir neçə saatlıq tıxacın yaranmasına səbəb oldu. Natanebi kəndində danışırlar ki, ağacları daşıyanda, işığı kəsirlər, çünki nəql zamanı ağac naqillərə ilişə və yanğına səbəb ola bilər. Həmin kənddə bir neçə ailə sudan məhrum olub, çünki növbəti ağacı çıxaranda su kəmərini zədələyiblər.

Kobuleti yaxınlığında yerləşən Bobokvati kəndində əlliyə yaxın uniformalı adam görürəm. Elektrik ötürücü xətlərinə teplovoz gəlir. Onlar dəmir yolunun əlaqə naqillərini sökürlər. Nəhəng iynəyarpaqlı ağacı dəmir yolu ilə daşımaq lazımdır, buna görə də elektrik xətlər sökülməlidir.

– Buradan qatar keçməyəcək? – xəbər alıram.

– Saat yarım sonra bərpa edəcəyik. Heç kimə mane olmayacaq. Bu vaxt cədvəl üzrə qatarlar hərəkət etmir, – bir nəfər cavab verir.

– İstəsəz, sizə elektrik xətlərini sökmək icazəsi verərlər?

– Əvvəlcə o qədər pul qazanım, sonra hər şeyə icazə verəcəklər.

Dəmir yolu işçiləri nəhəng ağacın daşınması üçün elektrik telləri sökürlər

Fəhlələr deyir ki, bəzən relsləri sökmək lazım olur.

Fəhlələr danışır ki, bəzən onlar relsləri sökməli olurlar. Biri Samtrediyadandır [Kutaisi yaxınlığında şəhər, Qərbi Gürcüstan] və onları xüsusi olaraq bunun üçün dəvət ediblər.

Ətraf mühitin müdafiəçiləri isə deyir ki, bizim gözlərimizlə gördüklərimiz dənizdə bir damladır. Onların sözlərinə görə, əsas ziyan torpaq və landşafta vurulur. Batumi və Kobuletidə torpaq əsasən gillidir, yer sürüşməsi təhlükəsi var və kənardan istənilən müdaxilə təhlükəlidir. Nəhəng ağacların kökündən qoparılması prosesi zamanı torpaq məhsuldar qatından məhrum olur ki, bu da eroziya prosesinin yaranmasına gətirib çıxara bilər.

Bu evkalipt ağacını Urekidən aparırlar

“Burada təbii mühit artıq heç vaxt bərpa olunmayacaq, nə etsələr də”, – ətraf mühitin müdafiəçisi İrakli Maçaraşvili deyir.

Geoloq və botaniklərin bir hissəsi ümumiyyətlə jurnalistlərlə bu mövzuda söhbətlərdən qaçır. Çoxları İvanişvilinin layihələrində işləyir və özlərinin dediyinə görə, “maraqların konflikti” yaranır.

İvanişvilinin ağaclarının daşınmasında dörd özəl şirkət işləyir. Milyardçı bir dəfə açıq şəkildə onlardan qanuna riayət etməyi və işi planlaşdırmazdan əvvəl bütün icazələri almağı tələb edib. Bu, Kobuletidə, ağaclardan birinin torpaqdan çıxarılması zamanı bütün qaydalara riayət olunmadığı üzə çıxandan sonra baş verdi. Onda o, müxalifət nümayəndələri və fəal ekoloqların yanında işləri müvəqqəti dayandırmaqla bağlı tapşırıq verdi.

İşlər tezliklə bərpa olundu. Məlum oldu ki, yerli hakimiyyətdən kağız almaq heç də çətin deyil, amma ölkənin qeyri-formal hakimi üçün ağacların daşınması ilə məşğul olan şirkət formal qaydaya riayət etməyə ehtiyac belə duymayıb.

İvanişvili əsrlik ağacları həm fərdi şəxslərdən, həm də dövlətdən alır. Büdcənin bundan ümumilikdə nə qədər qazandığı məlum deyil. Halbuki bəzi ağaclara görə verilən pulun məbləği məlumdur. “Batumelebi” jurnalı ağacların daşınması prosesinə ətraflı araşdırma həsr edib. Məlum olub ki, hərraca çıxarılan Tsixidziridəki üç ağac hərracın yeganə iştirakçısı olan, İvanişviliyə məxsus şirkətə 13 min 500 lariyə (təxminən 5,5 min dollara) başa gəlib. Birinci daşınan ağacı – nəhəng liliodendronu milyarder iki başqa ağacla birlikdə 6200 lariyə alıb (təxminən 2500 dollar).

“Bütün bu proses onu göstərir ki, Gürcüstanda ictimaiyyətə məxsus olan hər şey birdən həm rəsmi, həm də qeyri-rəsmi şəkildə İvanişvilinin şəxsi əmlakına çevrilə bilər”, – Acariyaya səfərimdən sonra təəssüratlarımı bölüşdüyüm publisist Zaal Andronikaşvili dedi.

Sadə adam

“Səkkiz dəfə gəlib, bir dəfə hasardan tullanıb. Uzun müddət diqqətlə ağacı nəzərdən keçirib. Çox sadə adamdır”, – oliqarxa həyətindəki fıstıq ağacını 5 mil dollara sata Natanebi kənd sakini Lado Sarmava deyir. Bu pulla da o, banka kreditlərini ödəyib. İvanişviliyə ağac satan hər kəs eyni sözləri deyir – oliqarx şəxsən, özü də dəfələrlə ağaca baxmağa gəlib. Heç kimi məcbur etmir, amma rədd cavabı da demək olar ki, heç vaxt almır.

Bu yerdə Surmava ailəsinin daşınma zamanı iki yerə bölünən fıstıq ağacı dururdu 

Qonşu kənddə bir ailə İvanişiliyə ağacı uşaq üçün kompüter əvəzində verib. Hamısı deyir ki, alver etməyə cəhd göstərmədilər və təklifini qəbul etdilər.

Ən faciəvi hadisə Surmava ailəsinin fıstıq ağacının başına gəlib. Ağac daşınmağa dözməyib, parçalanıb. Deyirlər ki, həmin gün böyükdən balacaya bütün ailə ağlayırdı.

Fıstıq ağacının əvvəllər durduğu yerdə indi qırmızı gil rəngində, çoxmərtəbəli evin bünövrəsi böyüklüyündə bir quyu yaranıb. Quyuda budaqları kəsilən nəhəng ağac atılıb. İki nəfər əllərində balta ilə ağacın qalıqlarını kəsir. Surmava ailəsinin fıstıq ağacı odunlara kəsilib, kənddə istifadə ediləcək.

Bu fıstıq ağacı itaətsizlik simvoluna çevrilib – o, oliqarxın planlarına gözlənilməz dəyişikliklər edən yeganə varlıq oldu.

Quriya rayonunun Natanebi və Ureki kəndlərində insanlar İvanişviliyə xüsusiylə minnətdardır. Burada mənə dedilər ki, hər bir ailədən ən azı bir nəfər ya İvanişvilinin iqamətgahında abadlaşdırma işlərində, ya ağacların daşınmasında, ya da onun başqa layihələrində məşğuldur.

Natanebidə uşaqlar. Hakim “Gürcü arzusu” partiyasının simvolikası

“Bu adam hər şey edə bilir, buna neynəyəsən? Ehtiyacı olanlara bir az pul verir, bundan kim imtina edər ki? Adam Acariya ilə Quriyanın yerlərini dəyişib, Natanebini də Şekvetiliyə köçürüb”, – mərkəzi trasa qədər maşınla apardığım orta yaşlı yerli sakin mənə dedi.

Qəribə hobbi

Gürcüstanda ən varlı adam deyir ki, çoxillik ağaclar onun hobbisi və əsas marağıdır, bununla da o heç kimə mane olmur.

“Mən dəbdəbəli həyat sürmürəm. Mənim cavahiratım, ya da başqa komfortum yoxdur ki, özümü buna görə narahat hiss edim. Mənim bu hobbim var… Amma mən bu məsələylə bağlı razıyam ki, yəqin ağacların yenidən əkilməsi və çatdırılmasına görə bu qədər pul xərcləmək həddən artıq çoxdur”, – İvanişvili ona məxsus “GDS” televiziya şirkətinin çəkdiyi və oliqarxın qeyri-adi hobbisinə həsr olunan filmdə dedi.

Bir ağacın daşınmasının neçəyə başa gəldiyini bütün prosesin miqyasından çıxış edərək, təsəvvür etmək mümkündür.

“Forbs” jurnalının bu ilki reytinqinə əsasən, İvanişvili milyardçılar siyahısında 367-ci yeri tutur. Mülkünün 4,5 milyard dollara qiymətləndirildiyi təxmin edilir. Var-dövlətinin bir hissəsini sənət əsərlərinə xərcləyir. Onun kolleksiyasında 95 milyon dollara aldığı Pikassonun “Dora Maar pişiklə” əsəri və Frida Kalonun rəsm əsərləri var. Evində ekzotik heyvanlar – zebrlər, pinqvinlər, hətta akula yaşayır.

İvanişvili gürcülər üçün qeydi-adi bir vaxtda – saat 10-da yatır, televiziya verilişlərində psixoanaliz, Nitsşe və Freyd haqqında danışmağı sevir. Deyir ki, özü də insanın mahiyyəti haqqında kitab üzərində işləyir. 2011-ci ildə İvanişvili hakimiyyətə gələnə qədər, Tbilisi aeroportunda oliqarxa Moskvadan üxrəvi minerallar və ədəbiyyat gətirən dostunu saxlayırlar.

Bu nəhəng ağaclar İvanişvilinin nəyinə gərəkdir? Bu sualı sahildə çoxlarına verdim.

“Pulu var, istədiyini də edir”, – ən populyar cavab məhz bu cür səslənirdi. Hər gün nəvələri ilə konteynerə yüklənən ağaclara baxmaq üçün sahildə gəzişən Maxindjauri kənd sakini Kemal Saruxanişvili deyir.

Daha orijinal versiyalar da varıydı. Misal üçün, bəziləri əmindir ki, İvanilşvili bu qədər pulu boş yerə xərcləməzdi, əslində nəhəng ağacların arxasında hansısa vacib sirr saxlanılır: “Deyirlər ki, o bu ağacları qucaqlayıb, onlardan enerji alır”.

Bəziləri isə hesab edir ki, o, tarixə unikal parkın yaradıcısı kimi düşmək istəyir.

Belə bir versiya da eşitmişəm: “İqamətgahının yerləşdiyi Quriyada oksigen çatışmazlığı var. Buna görə də Acariyadan ağaclar gətirir ki, təmiz hava alsın”.

Bu qız mühafizə xidmətində işləyir. O, Maxindjauridə liliodendronun ətrafındakı ərazini mühafizə edir  

“Unikal ağaclar nə üçün daşınır? – Sonradan ictimaiyyət üçün açıq olan dendroparkın yaradılması üçün”, – bu artıq İvanişvilinin “Kartu” fondunun nümayəndəsi Georgi Udzilaurinin cavabıdır.

Amma eyni zamanda onu da deyir ki, İvanişvili parkı dövlətə verməyə borclu deyil və bu, onun istəyindən asılıdır.

“Özüm park sala bilərəmsə, maliyyə imkanlarım varsa, bunu edəcəm. Parka girişin ödənişli olmalı olduğunu düşünsəm, qiymət təyin edəcəm. Ya da elə belə açacam, çünki bu, mənim şəxsi əmlakımdır”, – Udzilauri izah edir.

Mayın axırına qədər sahildə gördüyüm əksər ağaclar mənzil başına çatdırılmalıdır.  Deyirlər ki, ağacların torpaqdan çıxarılması prosesi ən azı sentyabra qədər dayandırılacaq, çünki yayda ağacların yerini dəyişmək məsləhət görülmür. Həm də Acariyada indi kurort mövsümü başlayır.

“Sentyabrdan yenidən işə başlayacağıq”, – Rezo deyir. Ona bu iş çox lazımdır, üç azyaşlı övladı var.

Şekvetilidə, milyarderin iqamətgahının hasarının dibində dayanmışam və içəridə baş verənləri görməyə çalışıram. Çınqıl yolla dayanmadan hərəkət edən yük maşınları toz qaldırırlar. Sanki qəsdən heç nə görmək mümkün olmasın deyə.

Amma bəzən fasilə uzananda və toz yatmağa imkan tapanda, şam ağacları arasında çox hündür, skeletə oxşayan, demək olar ki, budaqsız ağac görünür. Bu, əsrlik zanbaq ağacı, Gürcüstanda artıq əfsanəyə çevrilən liliodendron – ötən ilin yazında dənizlə bura gətirilən birinci ağacdır. Bu vaxt da yenidən Surmava ailəsinin fıstıq ağacını,  İvanişvilinin planlarını pozan yeganə “dikbaş” ağacı xatırlayıram.

Bu hasarın arxasında İvanişvilinin iqamətgahı yerləşir. Bu ağac ötən ilin aprel ayında bura köçürülən ilk liliodendrondur

Acariyadan qayıdarkən, Ureki kəndinin yaxınlığında çınqılla yüklənmiş  böyük yük maşını görürəm

– Ağac daşıyırsız? – avtomatik olaraq fotoaparatımı hazırlayıb, xəbər alıram.

– Nə ağac, qenatsvale? Mehmanxana tikirik, – sürücü artıq mənə yaxşı tanış olan ehtiyatlı və ikimənalı təbəssümlə deyir, bu tərəflərdə milyardçının hobbisi barədə danışarkən  tez-tez rast gəldiyim həmin o təbəssümlə.

* Məqalənin müəllifi – Sofo Bukiya, JAMnews-un Tbilisidəki redaktoru

Facebook Comments

More on JAMnews