“Yaşa Azərbaycan – yaşa Azərbaycan polisi” Bakı Polisi qurama flaşmob təşkil edib?
Bakıda konservatoriya tələbələri fleşmob hazırlayıb, balkonlardan xorla “Yaşa, Azərbaycan” mahnısını oxuyublar. Amma bu aksiya sosial mediada geniş və mənfi müzakirəyə səbəb olub.
Sosial şəbəkələrdə yazıblar ki, polis bunu iyunun əvvəlində baş verən hadisədən sonra zədələnmiş imicini xilas etmək üçün təşkil edib. O zaman koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin qaydalarının yerinə yetirilməsinə nəzarət edən polis Bakıdakı binalardan birinin sakinlərinə qarşı zorakılıq törətmişdi.
Fleşmobdan belə görünürdü ki, guya bina sakinləri öz balkonlarında dayanıb polislər üçün mahnı oxuyur, sonra da onlara gül atırlar. Bütün bunlar şəhər sakinləri tərəfindən polisə dəstək kimi görünürdü.
Amma tezliklə bəlli olub ki, əslində balkonlarda oxuyanlar Milli Konservatoriyanın tələbələri və muğam müsabiqələrinin qalibləridir.
Karantinə görə polislə münaqişə
İyunun 8-də Bakının Yasamal rayonunda polis koronavirus pandemiyası ilə bağlı karantini pozmaları ittihamı ilə 11 nəfəri saxlayıb.
Həftəsonu hər kəsə evdən çıxmaq qadağan edilib. Qaydanı pozanlara qarşı zorakılıq tətbiq edilməsinə etiraz edən bir bina sakinləri balkonlarından polisin üstünə zibil atıblar.
Həmin şəxslərin həbsi daha böyük polis zorakılığı ilə müşayiət olunub. Saxlanılanlar 10, 15 və 30 sutka həbs cəzası alıb.
Son iki həftədə Azərbaycanda yoluxma sayı kəskin artır. Son sutka ərzində 547 virusa yeni yoluxma halı qeydə alınıb, 180 nəfər ölüb, 291 nəfər sağalıb, 6 613 nəfərin müalicəsi davam edir.
İyunun 21-dən sərt karantin rejimi yenidən qüvvəyə minib. Ticarət mərkəzləri, kafelər və mağazalar bağlanıb.
Bakı və bir neçə şəhərin sakinləri ancaq vacib və tibbi zərurət olduqda evdən sms vasitəsilə 2 saat ərazində çıxa bilərlər.
Çoxları evdən çıxma icazəsinin 2 saat olmasına narazıdılar, onlar verilən vaxtın az olduğunun və bu vaxt ərzində işlərini bitirə bilmədiklərini deyirlər.
Bəzi vətəndaşlar hələ də hökumətin təqdim etdiyi yoluxma rəqəmlərinə inanmırlar və pandemiyanın mövcudluğunu inkar edirlər.
Hər iki hadisə Bakının yasamal rayonunda baş verdiyi üçün, vətəndaşların daha əvvəl polisə zibil, indi isə gül atması hadisənin qurama olduğu barədə insanlarda fikir yaradıb.
Sosial şəbəkələrdə bəzi şərhlər:
“Bu saxtakarlıqla hara qədər gedəcəksiniz?”
“Karantin qaydalarını pozduğunuza görə hər biriniz yüz manat cərimə olacaqsınız“
“Uğursuz teatr tamaşası“
“Mənim çox xoşuma gəldi. Gözəl təşəbbüsdür. Arada gəlin döyün sonra mahnı oxutdurun, hələ çaldırada bilərsiniz“.
“Biri bu şounun məgsədinin nə oldugunu bilirmi?Və məgsədlərinə çatdılarmı zavallılar? Mən artıg heç nəyə təəccüblənmirəm bu məmləkətdə“
“Ora dolurur axı, dediyim kimi: Gəlin sevinək ki, belə gözəl səsləri var. Nə olsun, xahiş ediblər, onlar da oxuyublar. Səsim olsaydı mən də oxuyardım“.