"Türkiyə ilə ikitərəfli ticarətə qoyulan qadağa aradan qaldırılıb": Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı alqışlayır
Türkiyə Ermənistanla ticarətə qadağanı ləğv edib
Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıq işlərinin başa çatdığını rəsmi şəkildə elan edib. Yerevan Ankaranın ikitərəfli ticarətə qoyulan qadağanı aradan qaldırmaq qərarını alqışlayıb.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı müsbət xəbərlərin gözlənildiyi dünən günorta saatlarında məlum olub. Jurnalistlər müşahidə ediblər ki, xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın qulağına “Türklər bu gün açır” deyə pıçıldayıb.
Daha sonra Paşinyan izah edib ki, Türkiyə qaydaları malların göndərildiyi ölkə kimi Ermənistanın göstərilməsinə imkan vermirdi. Buna görə də əvvəllər mallar üçüncü ölkələr vasitəsilə çatdırılırdı. Xarici işlər naziri isə ona birbaşa ticarətə qoyulan qadağanın aradan qaldırıldığını bildirib.
- “Ermənistan Türkiyədən konkret addımlar gözləyir”: tərəflər nəyə nail olub və daha nə mümkündür
- Ankara-Yerevan münasibətlərinin normallaşmasında gecikmənin günahkarı kimdir? Bakı nə dərəcədə təsir edir?
- “Yeni Cənubi Qafqaz: əsas məsələ ərazilər üzərində deyil, dəhlizlər üzərində nəzarətdir”. Rəy
“Mayın 11-nə olan məlumata görə hazırlıq işləri başa çatıb”: Ankaradan açıqlama
“Ermənistanla münasibətlərin normallaşması ilə bağlı 2022-ci ildə başlanmış proses və etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işləri 2026-cı il mayın 11-nə olan vəziyyətə görə başa çatıb”, – Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli X platformasında yazıb.
O bildirib ki, yeni tənzimləmə sayəsində artıq malların son təyinat nöqtəsi və ya mənşə yeri kimi üçüncü ölkələrin deyil, Ermənistanın göstərilməsi mümkün olacaq.
Keçeli vurğulayıb ki, iki ölkə arasında sərhədin açılması üçün zəruri olan “texniki və bürokratik işlər” davam edir:
“Cənubi Qafqazda uzunmüddətli sülh və rifahın möhkəmləndirilməsi üçün yaranmış tarixi imkan fonunda Türkiyə regionda iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün ölkələr və xalqların rifahı naminə irəlilədilməsinə töhfə verməyə davam edəcək”.
“Bu, nizamlanma prosesinin daha bir nəticəsidir”: Yerevandan reaksiya
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyənin ikitərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayıb. Nazirliyin mətbuat katibi Ani Badalyan bunu normallaşma prosesinin növbəti nəticəsi kimi qiymətləndirib:
“Bu qərar iki ölkənin işgüzar dairələri arasında ticarət əlaqələrinin genişlənməsi, iqtisadi qarşılıqlı bağlılığın təşviqi və regionda sülh və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.
O vurğulayıb ki, bu addım iki ölkə arasında tamhüquqlu münasibətlərin inkişafı üçün vacibdir. Onun “məntiqi davamı” isə Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması ola bilər.
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan öz Facebook səhifəsində iş adamlarına müraciət edərək bildirib:
“Ermənistan və Türkiyə arasında gömrük baxımından təkrar rəsmiləşdirmə olmadan birbaşa ticarət mümkün olub”.
O əlavə edib ki, sərhədin, eləcə də Gümrü-Qars dəmir yolunun açılması istiqamətində işlər davam edir.
Jurnalistlər Türkiyədən gözlənilən xəbərləri rəsmi açıqlamadan əvvəl öyrəniblər
Bir gün əvvəl, hakim partiyanın Yerevanda keçirdiyi seçkiqabağı təşviqat zamanı xarici işlər naziri Ararat Mirzoyan baş nazir Paşinyanın qulağına pıçıldayıb:
“Türklər bu gün açır. Kodları xatırlayırsınız? Gəlin XİN-in mətbuat katibinin şərhi ilə birgə salamlama mətni hazırlayaq”.
Buna cavab olaraq Paşinyan üzərinə bərkidilmiş canlı yayım mikrofonunu göstərib.
“Pıçıldamaq üçün məqam keçmiş olsaydı, pıçıldamazdıq, birbaşa kamera qarşısında açıq şəkildə deyərdik. Əgər nəsə hələ açıqlanmırsa, deməli proses davam edir”, – Mirzoyan şərh istəyən jurnalistlərə bildirib.
Daha sonra baş nazir Paşinyan Türkiyədən hansı irəliləyişin gözlənildiyini izah edib:
“Hər hansı ölkədə mal alınıb başqa bir yerə ixrac edilərkən alıcını, çatdırılma ölkəsini göstərmək lazımdır. Əvvəllər qanunvericiliyə görə, onların [Türkiyənin] qaydalarına əsasən Ermənistan belə ölkələrin siyahısına daxil deyildi. Buna görə də bütün rəsmiləşdirmə üçüncü ölkə üzərindən aparılırdı. Mallar Ermənistana yalnız üçüncü ölkədən daxil olurdu. İndi isə onlar bu qaydanı dəyişərək Ermənistanın da çatdırılma ölkəsi kimi həmin siyahıda göstərilməsinə imkan yaradırlar”.
Kontekst
Türkiyə 1991-ci ildə Ermənistan Respublikasını rəsmi şəkildə tanıyıb, lakin ölkələr arasında bu günə qədər diplomatik münasibətlər qurulmayıb. 1993-cü ildə Türkiyə birtərəfli qaydada Ermənistanla hava və quru sərhədlərini bağlayıb. Hava sərhədi 1995-ci ildə açılıb. Ermənistan Xarici İşlər Nazirliyinin saytında qeyd olunduğu kimi, bu, “beynəlxalq ictimaiyyətin təzyiqi ilə” baş verib.
Münasibətlərin normallaşdırılması üzrə danışıqlar ikinci Qarabağ müharibəsindən sonra fəallaşıb. Nizamlanma prosesi ikitərəfli formatda aparılsa da, Türkiyə tərəfi danışıqlar gündəliyini Azərbaycanla koordinasiya etdiyini gizlətmir.
2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılmasına hazır olduqlarını bəyan ediblər. Ölkələr xüsusi nümayəndələr təyin ediblər: Ruben Rubinyan və Serdar Kılıç.
2026-cı ilin əvvəlində bəzi erməni nəşrləri fevralın 1-dən Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacağını yazıblar. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri bu razılaşmaya hələ 2022-ci ilin iyulunda nail olmuşdular.
Ermənistan tərəfdə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsi 2023-cü ilin dekabrından etibarən fəaliyyətə hazırdır. Lakin əldə olunmuş razılaşmalara baxmayaraq, sərhəd hələ də bağlı qalır.
Müsbət dəyişikliklərdən biri kimi 2025-ci ilin sonunda yayılan məlumatı qeyd etmək olar. Həmin vaxt Ermənistan və Türkiyə hakimiyyətləri diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza verilməsi prosedurunu sadələşdirmək barədə qərar qəbul ediblər. 2026-cı il yanvarın 1-dən etibarən onlar elektron vizanı (e-visa) ödənişsiz əldə edə bilirlər.
Türkiyə Ermənistanla ticarətə qadağanı ləğv edib