Tbilisinin nəzarətində olan ərazilərdən Abxaziyaya yanacaq tədarükü: humanitar yardım, yoxsa Rusiyanın maraqlarına xidmət edən addım?
Abxaziyaya yanacaq tədarükü
Abxaziyada kəskin yanacaq qıtlığı fonunda Tbilisinin nəzarətində olan ərazidən yanacağın gətirilməsi siyasi mübahisələrə səbəb olub. Hökumət bildirir ki, yük özəl şirkət tərəfindən Gürcüstan qanunvericiliyinə tam uyğun şəkildə çatdırılıb. Müxalifət və tənqidçilər isə əlavə izahat tələb edir və bir sıra suallara cavab istəyirlər: yanacaq hara yoxa çıxıb, onu Abxaziyaya kim və hansı məqsədlə gətirib?
2026-cı il avqustun 12-də keçirilən brifinqdə baş nazir İrakli Kobaxidze Gürcüstanın nəzarətində olan ərazidən Abxaziyaya yanacaq çatdırıldığını təsdiqləyib. O bildirib ki, bu, hökumətin həyata keçirdiyi əməliyyat olmayıb və yanacaq özəl şirkətlər tərəfindən qanunvericiliyə uyğun şəkildə gətirilib.
Hakim partiyanın deputatı Rati İonatamişvilinin sözlərinə görə, söhbət bir neçə tankerlə Abxaziyaya çatdırılan 3000 tonluq yanacaq partiyasından gedir. O iddia edir ki, yük Gürcüstanın suverenliyinə və qanunvericiliyinə tam riayət olunmaqla çatdırılıb.
İonatamişvili bu tədarüklərlə bağlı müzakirələrə görə müxalifəti tənqid edir və əməliyyatın məqsədinin Rusiyanı bir neçə min ton yanacaqla təmin etmək olduğuna dair ehtimalları absurd adlandırır. Onun sözlərinə görə, Abxaziyaya çatdırılan 3000 ton yanacaq Rusiyanın illik yanacaq istehlakının cüzi bir hissəsini təşkil edir, məlumatın bu şəkildə təqdim edilməsi isə gürcü-abxaz münasibətlərinin bərpasına qarşı yönəlmiş kampaniyanın məqsədlərinə xidmət edir.
İlk növbədə, müxalifət hökumətin indiki mərhələdə konkret məlumat vermədiyi məsələlərin təfərrüatlarının açıqlanmasını tələb edir.
“Güclü Gürcüstan – Lelo” birliyinin liderlərindən biri Levan Samuşianın sözlərinə görə, baş nazirin yanacağın “İşğal olunmuş ərazilər haqqında” qanuna uyğun şəkildə gətirildiyinə dair cavabı kifayət deyil:
“Yanacağın tədarükçüsü kimdir, yəni yanacaq haradan gətirilib və onu kim qəbul edib? Gürcüstanın qanunlarına və milli maraqlarına riayət olunubmu?”
Onun sözlərinə görə, bu prosesdə konkret olaraq hansı kommersiya strukturlarının iştirak etdiyini və yanacağın Abxaziyaya hansı marşrutla çatdırıldığını bilmək lazımdır.

Oxşar sualları “Qaxaria – Gürcüstan naminə” partiyasının liderlərindən biri Berdia Siçinava da səsləndirir. Bununla yanaşı, o qeyd edir ki, əgər yanacaq tədarükü həqiqətən humanitar xarakter daşıyıbsa və qanun pozulmayıbsa, belə yardımın göstərilməsi özlüyündə problem deyil.
“Gürcüstan bu cür bir sıra humanitar layihələrdə iştirak edir. Məsələn, Abxaziyadan olan həmvətənlərimizin müalicəsini maliyyələşdiririk, İnquri SES-dən elektrik enerjisi alırıq və işğal olunmuş ərazidə yaşayan əhali də həmin elektrik enerjisindən istifadə edir”, – Siçinava qeyd edir.
Onun fikrincə, əsas problem prosesin şəffaf olmamasıdır. Siçinava bir sıra məsələlərə aydınlıq gətirilməsini tələb edir: yanacağı konkret olaraq kim gətirib, tədarükün həcmi nə qədər olub, yük hansı prosedurlardan keçib və son təyinat məntəqəsi harada olub?
Siçinava yanacağın konkret olaraq necə istifadə edildiyini xüsusilə vacib məsələ hesab edir: yanacaq Abxaziya əhalisinin və kritik infrastruktur obyektlərinin ehtiyaclarına sərf olunub, yoxsa sonda Rusiyanın nəzarətində olan cənub rayonlarında, o cümlədən hərbi əməliyyatlarla əlaqəli infrastruktur obyektlərində istifadə edilib?
“Əgər yanacaq işğal olunmuş Abxaziyaya humanitar yardım kimi deyil, kommersiya yükü kimi daxil olubsa, əgər o, əslində işğal xətti olan qondarma sərhəddə qondarma gömrük prosedurlarından keçibsə, bu, ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyi üçün narahatedici siqnal ola bilər”, – Siçinava deyir.
“Vahid Milli Hərəkat” partiyasının üzvü Laşa Parulava hökuməti Rusiyanın maraqlarına xidmət etməkdə və milli maraqlara xəyanətdə ittiham edir.
Onun fikrincə, Kobaxidzenin yanacaq tədarükünün “İşğal olunmuş ərazilər haqqında” qanuna uyğun həyata keçirildiyinə dair bəyanatı riyakardır. Parulava hökumətin Rusiya ilə bağlı siyasətini də tənqid edir və Abxaziyaya yanacaq tədarükünün Rusiyanın özündə yanacaq qıtlığının yaşandığı bir vaxtda həyata keçirildiyini vurğulayır.
“Bu, sadəcə düşmənə yardım etmək deyil, milli maraqlara birbaşa xəyanətdir”, – Parulava hesab edir.

“Dəyişiklik naminə Koalisiya”nın lideri Nika Qvaramia hesab edir ki, hökumət ictimaiyyətə əsasları, müddəti və səbəbləri məlum olmayan əməliyyatın həyata keçirilməsinə əvvəlcədən icazə vermiş ola bilər.
Qvaramia diqqətə çatdırır ki, Abxaziya ərazisində Rusiyanın hərbi bazaları yerləşir və Rusiya hərbi texnikası yanacaq çatışmazlığı ilə üzləşir.
Onun fikrincə, bu şərait nəzərə alınmaqla, yanacaq tədarükünün həqiqətən humanitar və ya sosial məqsədlərlə həyata keçirildiyini, yoxsa yükün son nəticədə Rusiyanın hərbi ehtiyacları üçün istifadə olunduğunu müəyyənləşdirmək lazımdır.
Qvaramianın sözlərinə görə, belə olduğu halda söhbət artıq yalnız Gürcüstanın işğal olunmuş ərazisində iqtisadi fəaliyyətin qanuniliyindən getmir. Məsələ Rusiya üçün strateji əhəmiyyət daşıyan məhsulun tədarükü ilə bağlı ola bilər.

Ekspert Giya Xuxaşvili yanacağın həcmini və onun çatdırılma logistikasını hakimiyyət nümayəndələrindən fərqli qiymətləndirir. Onun fikrincə, hakimiyyət nümayəndələrinin qeyd etdiyi “bir neçə tanker” əslində daha böyük həcmdən xəbər verir.
“3000 ton ən azı 100 yanacaqdaşıyan avtomobildən ibarət karvan deməkdir”, – Xuxaşvili yazır.
Onun sözlərinə görə, Abxaziyaya yanacaq tədarükü nəzəri baxımdan reinteqrasiya prosesinin başlanğıcı kimi qiymətləndirilə bilərdi, lakin indiki hakimiyyət dövründə bu qərar “kollaborasionizmin və adi tamahkarlığın təzahürüdür”.

Sosial Ədalət Mərkəzinin direktoru Tamta Mikeladze yazır: “Rusiyanın iqtisadi cəhətdən zəiflədiyi bir şəraitdə Abxaziyanın Tbilisinin dəstəyinə ehtiyacı yarana bilər və bu böhrandan münaqişənin transformasiyası üçün istifadə etmək mümkündür.
Abxaziya əhalisi üçün potensial əhəmiyyət daşıyan hər hansı addımı avtomatik olaraq Rusiyanın maraqlarına uyğun hesab etmək olmaz. Məhz buna görə tam şəffaflıq zəruridir: qərarı kim qəbul edir, məqsəd nədir, prosesə nəzarət üçün hansı mexanizmlərdən istifadə olunur (onun Rusiyanın hərbi və iqtisadi maraqlarının güclənməsinə xidmət etməməsi üçün) və bu addım hansı siyasi strategiya ilə müşayiət olunur.
Humanitar və ya mülki ehtiyacların ödənilməsi ilə Rusiyanın maraqlarının gücləndirilməsi eyni şey deyil, lakin qeyri-şəffaf siyasət bu anlayışları bir-birinə qarışdıra və onları Rusiyanın oyununun bir hissəsinə çevirə bilər.
Abxaziya məsələsində xüsusi problem ondan ibarətdir ki, böhran yalnız siyasi baxış olduğu halda fürsətə çevrilə bilər. “Gürcü Arzusu”nun isə belə bir baxışı yoxdur. Partiya indiyədək nə deokkupasiya planını, nə də etimadın bərpasına dair strateji sənədləri təsdiqləyib.
İrakli Kobaxidze yuxarıda qeyd olunan suallara cavab verməyə belə cəhd göstərməyib.
“Gürcü Arzusu”na dərin etimadsızlıq və siyasətin tamamilə qeyri-şəffaf olması şəraitində milli maraqlarımıza fundamental şəkildə və uzun müddət zidd olacaq hansısa addımın atıla biləcəyi ilə bağlı narahatlıqlar tam başadüşüləndir. Lakin tənqidi ifadə edərkən dəqiqlik və nüansların nəzərə alınması son dərəcə vacibdir”.
Abxaziyaya yanacaq tədarükü