Hakimiyyətin təqib etdiyi rusiyalı jurnalist polis idarəsinin qarşısında özünü yandırıb
Rusiyanın Nijniy Novqorod şəhərində Daxili İşlər Nazirliyinin yerli idarəsinin binası qarşısında yerli jurnalist özünü yandırıb, onu xilas etmək mümkün olmayıb.
«Новая газета» nəşrinin yazdığına görə, Koza. Press müstəqil yerli saytının baş redaktoru İrina Slavina intihar edib. Bundan əvvəl o Facebook-da “Ölümümdə Rusiya Federasiyasını günahlandırnamızı xahiş edirəm” sözlərini yazıb.
Faktla bağlı istintaq başlayıb. Hadisə yerinə Slavinanın yaxınları gəlib, insanlar çiçək dəstələri gətiriblər. DİN binası və metronun çıxışları polis tərəfindən çevrəyə alınıb.
“Novaya qazeta” bildirir ki, Slavina hüquq-mühafizə orqanları tərəfindən təqib olunurdu. Ötən gün “arzuolunmaz təşkilatın fəaliyyətinin həyata keçirilməsi” işi çərçivəsində onun evində və ofisində axtarış aparılıb.
Slavinanın bildirdiyinə görə, səhər saat 6-da onun mənzilinin qapısını dəmir kəsən alətlərlə kəsərək 12 nəfər içəri girib.
“Mən çılpaq idim, paltarımı artıq tanımadığım qadının nəzarəti altında geyindim. Axtarış apardılar. Vəkilə zəng vurmağa qoymadılar”, – o yazmışdı və əlavə etmişdi ki, onun və doğmalarının şəxsi texnikasını götürüblər. – “Mən istehsal vasitələrindən məhrum qalmışam”.
Jurnalist bir neçə dəfə “hakimiyyətə qarşı hörmətsizlik” maddəsi ilə, etiraz aksiyalarında iştirakına, Facebook paylaşımlarına və qətlə yetirilmiş müxalifətçi Boris Nemtsovun anım aksiyasını təşkil etdiyinə görə cərimələnib.