Koronavirusa yoluxduğu ehtimal olunan Çeçenistan prezidenti publika qarşısına çıxıb
Rusiyanın tərkibində olan Çeçenistan rəhbəri Ramzan Kadırov 11 günlük fasilədən sonra yenidən yerli teleşirkətlərin efirinə çıxıb.
O, mayın 26-da koronavirusa qarşı operativ qərargahın iclasını keçirib. Müstəqil Rusiya mediası ehtimal edir ki, Çeçenistan rəhbəri evə bu yaxınlarda qayıdıb – Kadırovun adətən uçduğu təyyarə mayın 25-də Moskvadan Qroznıya uçub.
- Ramzan Kadırov “Novaya Qazeta”ya qarşı
- Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub, İnquşetiyanın müftisi vəfat edib
Kadırovun koronavirusa yoluxması ilə bağlı şayiələr mayın 21-də yayıldı, onda tibbi dairələrdəki mənbə bildirdi ki, respublika rəhbəri koronavirus şübhəsinə görə həkim nəzarəti altındadır. Amma rəsmi olaraq bunu təsdiq edən olmadı. Yerli hökumət gah Kadırovun sağlam olduğunu, gah da onun sağalması üçün dua etdiklərini deyirdi.
Yerli sakinlər mayın 23-də axşam yayılan videoçarxda kadrarxası Ramzan Kadırovun səsinə bənzəyən xırıltılı səsin inanclıları Ramazan bayramı münasibəti ilə təbrik edəndən sonra nə isə problem olduğunu anladılar, Kadırovun özü həmin videoda görsənmir.
Facebook onun bir neçə hesabını blokladıqdan sonra yeni Instagram hesabında Çeçenistan rəhbərinin Qroznıdakı iqamətgahında yaxınları ilə birlikdə videosu yayılıb. Bu videoda Kadırovun sağ əlində tibbi katetri sezmək olur. Onu daha aydın yerli “Qroznıy” teleşirkətinin iclasın yekunlarına dair süjetində görmək olur.
Rusiyanın “Novaya qazeta” nəşrinin məlumatına görə, kanal bu süjeti öz saytında yerləşdirib, amma bir neçə saat sonra silib. Amma “Novaya qazeta” videonu kopyalamağı bacarıb.
Kadırovun əlindəki katetri sosial şəbəkə istifadəçiləri də görüb.
«Respublika rəhbəri süjetdə, xəstəliyi ayaq üstə keçirən adam kimi, solğun, arıqlamış, üzü şişmiş görünür, onun təngənəfəsliyi və açıq-aşkar fiziki zəifliyi var», – «Novaya qazeta» yazır və xatırladır ki, Rusiyada karantinə əməl etməyən istənilən Covid-19 daşıyıcısı “davranışı digər insanların yoluxmasına səbəb olduğu halda inzibati, hətta cinayət məsuliyyətinə” cəlb olun bilər.
Bütün iştirakçıların, həmçinin görüşü çəkən telekanal operatorlarının maskada olması diqqəti cəlb edir. Bu yaxınlarda özünün respublikada ciddi maska rejimi tətbiq etməsinə, karantini pozanları ictimai şəkildə terrorçulara bərabər tutmasına baxmayaraq, yalnız Kadırovun üzündə maska olmayıb.
Kadırov koronavirusa yoluxduğunu gizlədən yeganə çeçen məmuru deyil. Bu yaxınlarda Çeçenistanın səhiyyə naziri Elxan Süleymanov da belə müəmmalı şəkildə media məkanından itdi. Çeçenlər artıq inadlı şəkildə onun hara itməsi barədə suallar verməyə başlayanda, Süleymanov qoyurucu kostyum və eynəkdə selfi-video yaydı, həmin videoda o, deyir:
«İşim çoxdur, ona görə də görünmürəm. Özüm “qırmızı zona”dayam. Mən koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində şəxsən iştirak etmək qərarını verdim. Bu ümumi bəla ilə mübarizədə kənarda qalmayaraq, öz həkimlik borcümü yerinə yetirirəm».