Rusiya mediasında "qarayaxma kampaniyası" və Xarici işlər nazirinin Moskva səfəri - nə dəyişir?
Rusiya Azərbaycan qarayaxma kampaniyası
Rusiya informasiya məkanında Azərbaycana qarşı yeni dalğa müşahidə olunur. Dövlət televiziyaları, onlayn nəşrlər və “Telegram” kanallarında eyni istiqamətli materiallar yayılır. Hökümət yönlü “Report”da bu proses “mərkəzləşdirilmiş qarayaxma kampaniyası” kimi qiymətləndirir və səbəb kimi Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışları göstərilir.
Mənbənin dili diqqət çəkir. “Müharibə qırğıları”, “irqçi, şovinist və faşizmə meylli ideologiya”, “Raşizm”, “millətçi, faşist dairələr” kimi ifadələr istifadə olunur. Bu leksika emosional yüklüdür və Rusiya daxilindəki müəyyən qrupları – Ukrayna müharibəsini dəstəkləyən, digər xalqlara münasibətdə üstünlük iddiası daşıyan dairələri birbaşa hədəf alır.
“Raşizm” termini son illərdə Qərb və Ukrayna diskursunda rus faşizminin sinonimi kimi işlədilir. Mənbə bu terminləri seçməklə kampaniyanı sadəcə diplomatik narazılıq yox, ideoloji qarşıdurma kimi təqdim edir.
Eyni zamanda “əvvəlki metodologiyalar tamamilə köhnəlib” ifadəsi regionda dəyişmiş reallığın qəbul edilməməsi kimi şərh olunur. Bu cür kəskin dil Rusiya tərəfində eyni dərəcədə sərt cavablar doğurmaq potensialına malikdir və ikitərəfli münasibətlərdə gərginliyi artırır.
Xarici işlər nazirinin Moskvaya səfəri
Kampaniyanın fonunda Xarici işlər naziri Ceyhun Bayramovun 16-17 iyul tarixlərində Moskvaya səfəri xüsusi əhəmiyyət daşıyır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın 15 iyuldakı açıqlamasına görə, nazir Sergey Lavrovla görüşüb.
Bakının bu addımı dialoqun davam etdirilməsi siqnalı kimi təqdim edilir. Yəni, tənqidə baxmayaraq, rəsmi kanallar açıq saxlanılır.
Bayramov iyulun 17-də Moskvada “Naməlum əsgər” məzarını ziyarət edib. Daha sonra Rusiya Xarici işlər naziri Sergey Lavrovla təkbətək görüş keçirilib. Rusiya XİN mətbuat katibinin Telegram kanalında yayılan məlumata görə, görüş qapalı formatda təşkil olunub.
Azərbayan mediasının yazdığına görə, nazirlər ikitərəfli münasibətlərin geniş spektrini – siyasi, iqtisadi, ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Azərbaycan-Rusiya Biznes Şurasının rolu, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı və Xəzər dənizində ekoloji vəziyyət kimi məsələlərə diqqət yetirilib. Humanitar, mədəniyyət, təhsil və gənclər mübadilələri sahəsində əlaqələrin genişləndirilməsi də müzakirə olunub.
Cənubi Qafqazdakı vəziyyətə toxunan Bayramov vurğulayıb ki, regionda formalaşmış yeni reallıqlar beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və tanınmış sərhədlərin toxunulmazlığına əsaslanır. Görüşün yekununda iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2026-2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
Şuşa Forumunda deyilənlər
Əsas diqqət isə 13-14 iyulda Şuşada keçirilən media forumuna yönəlir. Ukraynalı jurnalistin sualına cavabında Prezident Əliyev Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini, işğalın qəbul edilməməli olduğunu və müharibənin dərhal dayandırılmasının zəruri olduğunu bildirib. Bu mövqe Azərbaycanın əvvəlki bəyanatları ilə uyğundur, lakin Rusiya üçün həssas bir dövrdə səsləndirilib.
Eyni forumda rusiyalı jurnalistin sualına isə tamamilə fərqli tonla cavab verilib: münasibətlərin normallaşdığı, müsbət dinamikanın mövcud olduğu, hökumət, nazirliklər və prezident administrasiyaları səviyyəsində təmasların bərpa olunduğu vurğulanıb. Əliyev “çətinliklər geridə qalıb” deməklə keçmiş gərginlikləri bağlamaq istədiyini dilə gətirib.
Forumda səslənən “Cənubi Qafqazı qavramaq və anlamaq üçün əvvəlki metodologiyalar tamamilə köhnəlib” ifadəsinin isə daha geniş mesaj daşıdığı düşünülür. Bu, 2020-ci ildən sonra regionda yaranmış yeni güc balansına – Azərbaycanın suverenliyini tam bərpa etməsinə, nəqliyyat və enerji dəhlizlərindəki rolunun artmasına, Ermənistanla münasibətlərdə dəyişən dinamikaya istinad edir. Mesajın bu cür oxunması istənilir: köhnə “arxa bağça” yanaşması artıq işləmir.
“Qarayaxma kampaniyası”nın konteksti
Analitik baxımdan qarayaxma kampaniyasının səbəbi təkcə Ukrayna mövzusu deyil. Rusiya tərəfində bəzi dairələr Cənubi Qafqazda təsirinin zəifləməsindən narahatdır. Mediada yayılan şərhlərdə qeyd edilir ki, Azərbaycanın çoxvektorlu siyasəti – Qərb, Türkiyə, Orta Asiya və eyni zamanda Rusiya ilə əlaqələri saxlamaq cəhdi Moskvanın monopoliyaya meylli baxışları ilə toqquşur. Mərkəzləşdirilmiş informasiya hücumları isə çox vaxt diplomatik təzyiq aləti kimi istifadə olunur.
Bakının eyni vaxtda prinsipial (Ukrayna) və pragmatist (Bayramovun səfəri, Rusiya ilə münasibətlərin “normallaşması” bəyanatı) mövqe nümayiş etdirməsi isə klassik balans siyasətinin nümunəsidir. Bu, həm daxili auditoriyaya (suverenlik və beynəlxalq hüququn müdafiəsi), həm də xarici tərəfdaşlara (Rusiya ilə əlaqələrin qorunması) mesajdır. Lakin bu ikilik risk də daşıyır: hər iki tərəf Bakını “etibarsız” hesab edə bilər.
Əliyevin Şuşada verdiyi mesaj post-sovet məkanında yeni reallığın qəbulu tələbi kimi oxuna bilər – regionda artıq 1990-cı illərin və ya hətta 2010-cu illərin sxemləri işləmir. Azərbaycan özünü orta güc kimi təqdim edir və bu statusun tanınmasını gözləyir. Rusiya bu dəyişikliyi qəbul etməsə, münasibətlərdə dövri böhranlar davam edəcək.
İkitərəfli gələcək üçün siqnallar qarışıqdır. Bir tərəfdən rəsmi dialoq davam edir, digər tərəfdən informasiya müharibəsi güclənir. Bayramovun səfəri qısa müddətdə gərginliyi azaltmaq potensialına malikdir, lakin struktur problemlər – təsir uğrunda rəqabət, ideoloji fərqlər və regiondakı güc yerdəyişməsi yerində qalır. Bu şəraitdə hər iki tərəfin emosional dildən uzaqlaşıb konkret maraqlar üzərində dialoqa üstünlük verməsinin daha real nəticələr verə biləcəyi düşünülür.
Balans siyasətinin sərhədləri
Bu hadisələrin fonunda daha bir detal diqqət çəkir. Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışından bir neçə gün əvvəl – iyulun 6-da Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans keçirilmişdi.
Tədbirdə Rusiya ərazisində yaşayan etnik azlıqların (o cümlədən azərbaycanlıların) ayrı-seçkiliyə məruz qalması, onların Ukrayna cəbhəsinə məcburi göndərilməsi və şovinist təzahürlər tənqid olunmuş, Çərkəz soyqırımının tanınması tələb edilmişdi. Bu konfransın mesajları ilə Əliyevin bir neçə gün sonra həm Ukraynanın ərazi bütövlüyünü qəti dəstəkləməsi, həm də Rusiya ilə münasibətlərin “normallaşdığını” vurğulaması arasında müəyyən paralel yaranır.
Eyni zamanda Ukrayna mediasında Azərbaycanın mövqeyinə dair tənqidi materiallar və araşdırmalar da dövriyyədədir. Bu iki istiqamət – Şuşadakı ayrı-seçkilik konfransı və Ukrayna tərəfinin tənqidi baxışları Bakının üçüncü hərəkətini daha aydın göstərir. Prezidentin çıxışında Azərbaycan həm Rusiya ilə münasibətləri, həm də Ukrayna ərazi bütövlüyü məsələsini eyni çərçivədə saxlamağa çalışıb: heç bir tərəfi tamamilə itirmədən, hər ikisi ilə münasibətləri idarə olunan sərhədlər daxilində saxlamaq.
Lakin balans siyasəti heç vaxt tam tarazlıq yaratmır. Bir tərəfin digərinə nisbətən üstünlüyü qaçılmazdır. Azərbaycan üzdə Rusiya ilə gərginliyə baxmayaraq münasibətləri davam etdirir, eyni zamanda Ukrayna ilə əlaqələrin yaxşı olduğunu nümayiş etdirir. Bu isə praktiki olaraq iki tərəfin Azərbaycan üzərindən dolayısı ilə qarşıdurmasını izləməyə imkan verir.
Bakı hər iki tərəflə münasibətləri müəyyən çərçivədə saxlamaq istəyir və bu çərçivədən kənara çıxmamağa çalışır. Həm Ukrayna, həm də Rusiya bu yanaşmanı görür və öz üsulları ilə xəbərdarlıq siqnalları göndərir. Son günlərdəki informasiya kampaniyası və əks-reaksiyalar məhz bu kontekstin nəticəsi ola bilər.
Rusiya Azərbaycan qarayaxma kampaniyası