"Müharibə təhlükəsinin idarə olunması": Ermənistan baş nazirindən Qriqoryan-Hacıyev görüşünün təfərrüatları
Paşinya Qriqoryan-Hacıyev görüşü haqqında
İyunun 14-də Dilicanda baş tutan Qriqoryan-Hacıyev görüşü maraq doğurmaqda davam edir. Bir gün əvvəl parlamentdə deputatlar baş nazir Nikol Paşinyandan Ermənistan Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin köməkçisi arasında keçirilən görüşün təfərrüatlarını açıqlamağı istəyiblər. Görüşə maraq sadəcə bu səviyyədə ilk ikitərəfli görüşün Ermənistan ərazisində keçirilməsi ilə bağlı deyildi. Bir çoxları səfərin seçkilərin nəticələrinin elan olunduğu gün baş tutmasına da diqqət çəkib. Bu seçkilər Ermənistanın qarşıdakı beş il üçün siyasi kursunun müəyyənləşdirilməsi baxımından kritik əhəmiyyət daşıyırdı. Nəticələrə əsasən, Paşinyanın partiyası çoxluq əldə edib və hökuməti təkbaşına formalaşdıracaq.
Deputatların suallarını cavablandıran baş nazir bildirib ki, görüş “müharibə təhlükəsinin idarə olunması” məqsədilə təşkil edilib.
Paşinyan uzun müddətdir ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu bəyan edir. Lakin onun sözlərinə görə, bu günlərdə müharibə təhlükəsini seçki kampaniyası zamanı rüşvət paylayan siyasi qüvvələr yaradıb. O, bununla “Ermənistan”, “Güclü Ermənistan” bloklarını və “Çiçəklənən Ermənistan” partiyasını nəzərdə tutub. Hakim çoxluq onları “üçbaşlı müharibə partiyası” adlandırır. Bunun səbəbi kimi isə həmin üç siyasi qüvvənin liderlərinin “sülhün yenidən nəzərdən keçirilməsi” mövqeyini müdafiə etməsi göstərilir. Hakimiyyət hesab edir ki, bu, yeni eskalasiyaya gətirib çıxara bilər.
Baş nazir parlament tribunasından çıxışı zamanı bildirib ki, Ermənistan hüdudlarından kənarda bir çoxlarında seçkilərin nəticələri ilə bağlı belə bir sual yarana bilər: “Ermənistanda 500 min vətəndaş (bu üç siyasi qüvvəyə səs verənlər) hesab edir ki, sülh sazişi yenidən nəzərdən keçirilməli və Qarabağ hərəkatı davam etdirilməlidir”. Paşinyanın fikrincə, belə bir təsəvvür hərbi-siyasi vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb ola bilər.
“Amma biz həqiqəti bilirik. Biz bilirik ki, belə insanlar yoxdur. Seçki rüşvətləri isə bölgədə münaqişənin alovlanmasında maraqlı olan xarici qüvvələrin köməyi ilə paylanıb. Bəli, onlar seçicilərin satın alınması yolu ilə konkret müharibə təhlükəsi yaradıblar”, — deyə baş nazir bildirib.
Bu gün Paşinyanın ənənəvi həftəlik brifinqi də keçirilib. O, burada da Qriqoryan-Hacıyev görüşü ilə bağlı sualları cavablandırıb. Bu dəfə jurnalistlərə izah edib ki, eskalasiya ehtimalını müxalif siyasətçilərin seçki kampaniyası boyunca səsləndirdiyi “300 min azərbaycanlının geri qayıdışı” ilə bağlı siyasi gündəm yaradıb.
“Bu mövzunu gündəmə gətirənlər regional vəziyyətin gərginləşməsinə çalışırlar. Məsələ ondadır ki, onlar vəziyyəti gərginləşdirmək istəyənlərin əlində marionetdirlər. Biz isə vəziyyətin gərginləşməməsi üçün çalışdıq və o, gərginləşmədi”, — deyə Paşinyan vurğulayıb.
Sonda Paşinyan daha əvvəl səsləndirdiyi fikri bir daha təkrarlayıb: “Müharibə olmayacaq, sülh olacaq”.
Qriqoryan-Hacıyev görüşünün detalları: baş nazirin şərhi və Ermənistan Təhlükəsizlik Şurasının rəsmi məlumatı.
- Ermənistanda seçkilərin nəticələri Cənubi Qafqaza necə təsir edəcək? Tbilisidən baxış
- “Rusiyanın B planı işə düşdü”: Ermənistanda seçkilərin ilkin nəticələrinin təhlili
- “300 min azərbaycanlının Ermənistana qayıdışını nə müzakirə etmişik, nə də müzakirə edirik” – Nikol Paşinyan
“Biz heç kimə hesabat verməmişik” — Paşinyan Bakı ilə daxili siyasi məsələlərin müzakirəsi barədə
Jurnalistlər soruşublar: “Ermənistanın daxili siyasi həyatının Bakı ilə müzakirə edilməsi alçaldıcı deyilmi?” Bu sual baş nazirin bir gün əvvəl parlamentdə səsləndirdiyi açıqlama ilə əlaqədar yaranıb. O, deputatlara bildirmişdi ki, Qriqoryan görüş zamanı Hacıyevə seçkilərin nəticələrini təqdim edib.
Jurnalistlərin suallarını cavablandıran Paşinyan görüşün yeni təfərrüatlarını açıqlayıb. İlk növbədə o, vurğulayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinə şəxsən azərbaycanlı həmkarı ilə əlaqə saxlamağı və görüşə ehtiyac olub-olmadığını aydınlaşdırmağı tapşırıb. Baş nazir bu təşəbbüsünü hər iki ölkədəki ekspert dairələrinin qiymətləndirmələrində vəziyyətin gərginləşməsi ilə bağlı “müəyyən tendensiyaların” müşahidə olunması ilə izah edib:
“Biz isə öz vəzifəmizi yerinə yetirərək vəziyyətin idarə olunması ilə məşğuluq. Biz heç kimə hesabat verməmişik. Dünyanın bütün ölkələri ilə diplomatik işin mahiyyəti ondan ibarətdir ki, tərəflər öz mövqelərini izah edirlər”.
Paşinyanın sözlərinə görə, bu mövqelərin iki ölkənin nümayəndələri tərəfindən səsləndirilməsi, üçüncü şəxslər, mətbuat və ya digər vasitələrlə tərəflərə çatdırılmasından daha vacibdir.
O, Ermənistanın heç kimlə öz daxili siyasi məsələlərini müzakirə etmədiyini vurğulayıb:
“Digər tərəfdən, biz seçkilərlə bağlı siyasi nəticələrimizi və seçkidən sonrakı strategiyamızı istisnasız olaraq bütün beynəlxalq tərəfdaşlarımızla bölüşmüşük. Bu, normal təcrübədir. Siz soruşursunuz ki, bu alçaldıcıdırmı? İndi mən sizin sözlərinizi tərcümə edəndə bu belə səslənə bilər: ‘Dövlət olmaq alçaldıcıdırmı?’”
Baş nazir jurnalistlərə izah edib ki, bütün ölkələr daim qonşuları və beynəlxalq tərəfdaşları ilə əlaqədə olur, planlarını və onları narahat edən məsələləri müzakirə edirlər.
Qriqoryan-Hacıyev görüşünə qayıdan Paşinyan əlavə edib ki, görüşdə onlarla məsələ, o cümlədən sərhəddə vəziyyətin idarə olunması müzakirə edilib. O bildirib ki, Bakıda saxlanılan erməni məhbusların məsələsinə də toxunulub.
Rəsmi məlumat
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və onu müşayiət edən nümayəndə heyəti Ermənistana quru sərhədin delimitasiya və demarkasiya olunmuş hissəsindən keçərək gəlib.
Məlumata görə, iyunun 14-də Dilican şəhərində tərəflərin işçi görüşü keçirilib. Görüş zamanı
- həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı məsələləri müzakirə edib,
- regionda uzunmüddətli sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylər kontekstində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb,
- iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri barədə fikir mübadiləsi aparıblar.
“Armen Qriqoryan və Hikmət Hacıyev işçi təmasları davam etdirmək barədə razılığa gəliblər. Növbəti görüşün Azərbaycanda keçiriləcəyi qeyd olunub”, — deyə press-relizdə bildirilir.
Paşinya Qriqoryan-Hacıyev görüşü haqqında