"300 min azərbaycanlının Ermənistana qayıdışını nə müzakirə etmişik, nə də müzakirə edirik" - Nikol Paşinyan
Paşinyan Mustafayevin səfəri barədə
Baş nazir Nikol Paşinyan iki ölkənin baş nazir müavinlərinin danışıqlar gündəliyinə bu mövzunun daxil edilib-edilməməsi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib: “Biz heç vaxt Azərbaycanla 300 min azərbaycanlının Ermənistana qayıdışını müzakirə etməmişik və etmirik”. Bir gün əvvəl Ermənistanın Ağveran şəhərciyində Azərbaycanın baş nazir müavini Şahin Mustafayevin erməni həmkarı Mqer Qriqoryanla görüşü keçirilib.
Son günlər Ermənistanın müxalif siyasətçiləri jurnalistlərlə görüşlərdə və sosial şəbəkələrdəki açıqlamalarında belə bir razılaşmanın mövcud olduğunu iddia edirdilər. Bu baxımdan baş nazirin həftəlik brifinqində səslənən sual gözlənilən idi.
Paşinyan bu iddiaları təkzib edib. O, həmçinin vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqları zamanı əks proses də müzakirə olunmur. Yəni münasibətlərin tənzimlənməsi gündəliyində ermənilərin Dağlıq Qarabağa, Bakıya və əvvəllər yaşadıqları digər yaşayış məntəqələrinə qayıdışı məsələsi də yoxdur.
“Şübhəsiz ki, hər iki istiqamətdə aparılan müzakirələr mövcud siyasi vəziyyətə təxribatçı təsir göstərir”, – deyə baş nazir bildirib.
O, yerli siyasətçilərin bəyanatlarını “ucuz daxili siyasi spekulyasiya” adlandırıb.
Paşinyanın fikrincə, həm Qarabağ ermənilərinin, həm də azərbaycanlıların qayıdışı mövzusu daxili siyasi gərginlik yaratmaq üçün şişirdilir. Onun sözlərinə görə, bu təşəbbüslərin arxasında ölkələr arasında qarşıdurmanı yenidən alovlandırmağa çalışan qüvvələr dayanır. Nümunə kimi o, “Güclü Ermənistan” partiyasını göstərib.
“Məsələn, mən 100 faiz əminəm ki, Kaluqa oliqarxı nə dediyini və niyə dediyini anlamır. Ona tapşırırlar, o da danışır”, – deyə Nikol Paşinyan vurğulayıb. O, bununla partiyanın lideri, rusiyalı biznesmen və dollar milyarderi Samvel Karapetyanı nəzərdə tutub.
Adətən olduğu kimi, brifinq zamanı baş nazir daxili və xarici siyasətlə bağlı çoxsaylı sualları cavablandırıb. O cümlədən, Azərbaycanın baş nazir müavininin Ermənistana səfərinin əhəmiyyətindən, bu çərçivədə erməni və azərbaycanlı biznesmenlər arasında aparılan müzakirələrdən, eləcə də Bakıdan erməni məhbusların qaytarılması məsələsindən danışıb.
- Yerevanda Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi potensialı müzakirə olunur
- “Hərbi eskalasiya ehtimalı azdır, lakin risklər mövcuddur”: Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatı
- Azərbaycan həbsxanalarında saxlanılan dörd etnik erməni Ermənistana təhvil verilib
“Baş nazir müavinlərinin görüşləri tarixi əhəmiyyət daşıyır”
Baş nazir Nikol Paşinyan Ermənistan və Azərbaycanın baş nazir müavinləri arasında keçirilən danışıqlara böyük əhəmiyyət verir. Baş nazirlərin müavinləri eyni zamanda sərhədlərin delimitasiyası üzrə komissiyalara da rəhbərlik edirlər. O, Mqer Qriqoryan və Şahin Mustafayevin görüşlərini tarixi hadisələr hesab edir.
“Bu görüşlər Ermənistan və Azərbaycan arasında sülhün institusionallaşması və möhkəmləndirilməsi baxımından yeni və mühüm mərhələni ifadə edir”, – deyə baş nazir bildirib.
Onun fikrincə, iki ölkə arasındakı münasibətlər tədricən yaxşılaşmalı, sülh isə möhkəmlənməlidir:
“Normal münasibətlər qurulmalıdır və uzunmüddətli perspektivdə, strateji baxımdan bu münasibətlər qonşuluq prinsiplərinə əsaslanmalıdır”.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların ilk görüşü 2022-ci ildə keçirilib. Son dövrlərdə tərəflər əvvəlki kimi üçüncü ölkələrdə və ya dövlət sərhədində deyil, birbaşa Azərbaycan və Ermənistan ərazisində görüşməyə başlayıblar. 28 noyabr 2025-ci ildə erməni nümayəndə heyəti Azərbaycana səfər edib və komissiyaların iclası Qəbələdə keçirilib. Aprelin 29-da isə Azərbaycan nümayəndə heyəti Ermənistana, Ağverana gəlib.
“Ermənistandan Azərbaycana ixrac üçün heç bir maneə yoxdur”
Jurnalistlər iki ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində azərbaycanlı sahibkarlarla biznes layihələrinin müzakirəsində Ermənistan tərəfdən kimlərin iştirak etdiyini soruşublar.
Baş nazir Nikol Paşinyan cavab verib ki, bu görüşdə hansı erməni iş adamlarının iştirak etdiyini bilir. Lakin o, adları açıqlamayıb:
“Onlar lazım bilsələr, özləri məlumat verəcəklər. Mən ad çəkməyəcəyəm, o cümlədən sizə məlum səbəblərə görə. Müəyyən marjinal qrupların onlara qarşı bullinq etməsinin qarşısını almaq üçün”.
İki ölkə arasında ticarət-iqtisadi münasibətləri şərh edən baş nazir xatırladıb ki, 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana təxminən 26 min ton yük daxil olub.
“Ermənistandan Azərbaycana malların ixracı üçün heç bir siyasi və ya texniki baryer, heç bir maneə yoxdur”, – deyə o vurğulayıb.
Bundan əlavə, tərəflər artıq malların siyahılarını mübadilə ediblər. Baş nazir ümid edir ki, Ermənistan məhsullarının Azərbaycana ixracı yaxın vaxtlarda baş tutacaq.
“Məhbusların qaytarılması məsələsini Bakı ilə ikitərəfli formatda müzakirə edirik”
Baş nazir Nikol Paşinyan bir daha vurğulayıb ki, Bakıda saxlanılan erməni məhbusların azad edilməsi istiqamətində gündəlik iş aparılır.
“Nəticələr olanda hamımız görəcəyik. Mən bunu ona görə demirəm ki, bölüşmək istəmədiyim hansısa məlumatım var. Sadəcə təcrübəm göstərir ki, kimsə Ermənistan sərhədini keçməyincə, belə bir imkan barədə danışmaq ciddi deyil”, – deyə o izah edib.
Baş nazirin sözlərinə görə, Yerevan məhbusların qaytarılması məsələsini Bakı ilə ikitərəfli formatda müzakirə edir. O, digər formatları effektiv hesab etmir:
“Təcrübəmiz göstərib ki, digər formatlarda müzakirələr ciddi fayda vermir və böyük potensiala malik deyil. Əgər başqa formatda effektiv müzakirə üçün potensial görsək, bu imkandan imtina etməyəcəyik”.
Paşinyan Mustafayevin səfəri barədə