Azərbaycanda karantin qaydalarının pozulmasına görə cərimələr ikiqat artırılacaq. İndi maskanın olmaması və digər pozuntulara görə vətəndaşlar 200 manat (117 dollara yaxın) cərimə ediləcək. Əvvəllər bu məbləğ 100 manat (59 dollara yaxın) təşkil edirdi. Cərimə məbləğinin artması haqda qərar parlament tərəfindən iyunun 29-da qəbul edilib. Güman edilir ki, bu, yeni yoluxma hallarının azalmasına kömək edəcək.
Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda koronavirusayoluxanların ümumi sayı 16424 nəfərdir. Onlardan 198 nəfər ölüb, 9026 nəfər sağalıb. Hər gün 500 civarında yeni yoluxma halı təsdiqlənir, xəstəxanalarda yer, avadanlıq və personal çatmır.
İyunun 21-dən iyulun 5-ə qədər ölkənin bir neçə şəhər və regionunda yenidən sərt karantin rejimi tətbiq edilib – praktiki olaraq bütün kommersiya obyektləri bağlanıb, sakinlərə gün ərzində yalnız iki saat evdən çıxmağa icazə verilir. Bununla belə ictimai nəqliyyat işinə davam edir.
Qaydalara əməl olunmasına polis və daxili qoşunlar nəzarət edir, amma bu tədbirlər hələlik hiss olunacaq nəticələr vermir.
“Hadisələr göstərir ki, mövcud tədbirlər effekt vermir, tədbirlər sərtləşdirilməli, cərimələr artırılmalıdır. Prezident Gəncədə bəyan etdi ki, koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Biz hər birimiz koronavirusdan özümüzü qorumağı öyrənməliyik. Karantin qaydalarını pozanlara güzəşt olmamalıdır” – parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Parlamentdə hesab edirlər ki, hökumət hər şeyi doğru edir, yoluxanların sayının artması isə tamamilə vətəndaşların karantin qaydalarına əməl etməməsi ilə bağlıdır. Əsasən də əksəriyyətin maska taxmaması ilə.
Qapalı məkanlarda və nəqliyyatda, o cümlədən də küçələrdə insanların kütləvi şəkildə toplaşdığı yerlərdə (məsələn, bankomatlar qarşısındakı növbələrdə) maska taxmaq mütləqdir.
İyunun 21-dən iyulun 5-ə qədər tətbiq olunan karantin qaydaları sırasına evdən çıxmaq üçün sms-icazənin alınması da daxildir.
Cərimənin həcminin qaldırılması ilə bağlı düzəliş İnzibati Xətalar Məcəlləsinə daxil edilib.
Amma sosial şəbəkələrdəki paylaşımlardan belə anlamaq olar ki, vətəndaşlar bu tədbirlərin uğurlu olacağına inanmırlar.
Bəzi şərhlər:
“Allah onlara bir az ağıl və vicdan versin, ki, onlar belə sürətlə yalnız cərimələrin yox, həm də maaşların, pensiyaların və sosial müavinətlərin həcmini artırsınlar!”
“Bütün bu maskalar, cərimələr, spirt – hamısı maska fabrikinin inşasına gedən pulu çıxarmaq üçündür”.
“Ondansa qara qəpiksiz qalan işsizlərə verdikləri müavinəti ikiqat artıraydılar”.
Hakimiyyətin işsizlərə iyulda ödəməyə hazırlaşdığı “karantin müavinətinin” həcmi 190 manatdır [112 dollara yaxın]. Üstəlik bu müavinəti heç də bütün işsizlər ala bilməyəcək.
Bununla belə cərimələrin artırılmasını doğru hesab edənlər də var:
“Cərimələri daha da artırmaq lazımdır. Bəlkə başlayarlar maska taxmağa və növbələrdə bir-birinin belinə minməzlər”.
“Hər şey doğrudur! Ancaq belə biz normal həyata qayıda biləcəyik. Yoxsa dayanacaqlarda gənclər maskaları əllərində tutur, qəsəbələrdə uşaqlar top qovur, analar saatlarla skamyalarda otururlar, mağazalar adamlarla doludur, hamısı da maskasız. İrad bildirəndə isə gülürlər”.