Gürcüstanda koronavirusa rekord sayda yoluxma qeydə alınıb – 38 nəfər
Gürcüstanda son 24 saat ərzində koronavirusa 38 yeni yoluxma halı qeydə alınıb. Bu, Gürcüstan üçün rekord göstəricidir. Buna qədər sutka ərzində ən çox yoluxma halı aprelin 16-da qeydə alınmışdı, o zaman 24 saat ərzində 34 nəfərin COVID-19 virusuna yoluxduğu təsdiqlənmişdi.
Epidemioloqların dəyərləndirməsinə görə, vəziyyət narahatverici deyil və koronavirusa yoluxma hallarının çoxalması ölkədə sərt karantin rejiminin tətbiqi üçün əsas təşkil etmir.
Baş nazirin sözlərinə görə, tədris ilinin başlanması təxirə salınmayacaq, ali və orta məktəblərdə dərslər əvvəlcədən planlaşdırıldığı kimi sentyabrın 15-dən başlayacaq.
Batumidə “Dona” klasteri
38 koronavirusa yoluxma halından 26-ı Batumidə aşkarlanıb. Onlardan 23-ü “Dona” şirniyyat kafesi ilə əlaqədardır. COVID-19 “Dona” kafesinin hər iki filialında aşkarlanıb. 23 yoluxan şəxsin hamısı kafenin əməkdaşlarıdır. İnfeksiyanın “Dona”nın hüdudlarını aşıb-aşmadığı hələlik məlum deyil.
Avqustun 10-dan Lanceri kəndində 16 yoluxma halı qeydə alınan və buna görə də Lanceri və Mestiada karantin elan olunan Svanetidən fərqli olaraq Batuminin bağlanması planlaşdırılmır – bu gün baş nazir Giorgi Qaxariya açıq bildirib ki, Batumidə karantin məhdudiyyətləri tətbiq edilməyəcək.
“Bu gün istirahət edən vətəndaşlarımızın böyük hissəsi Batumidə cəmləşib və burada diqqəti cəmləmək, bulvarda və digər nöqtələrdə testdən keçirməni gücləndirmək lazımdır”, – Qaxariya bildirib.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin qərarına əsasən, Batumidə genişləndirilmiş testdən keçirmə başlayıb.
Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyi son iki həftə ərzində “Dona” şirniyyat kafesinə gedən və ya oraya gedən insanlarla təmasda olan bütün vətəndaşlara testdən keçməyi tövsiyə edib.
Batumidə bulvar ərazisində yerləşən üç çadırda koronavirusa qarşı pulsuz test eləmək mümkündür.
“Batumidə üç laboratoriya işləyir və hər gün 1600-1800 test həyata keçirmək mümkündür. Əgər ehtiyac olsa, İmereti və Sameqrelonun müvafiq xidmətləri də bura cəlb oluna bilərlər”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Vəziyyət idarə olunandır və nəzarət altındadır – Amiran Qamkrelidze
Qamkrelidzenin sözlərinə görə, koronavirusa yoluxanların sayının artması gözlənilən idi, çünki yayda daxili turizm artıb.
Onun sözlərinə görə, yeni yoluxma sayının bu qədər olması səhiyyə sistemi üçün böyük yük təşkil etmir.
“Prinsipcə, bu, ölkədə səfərbərliyin yüksəlməsi nöqteyi-nəzərindən gözlənilən idi. Yayda daxili turizm ciddi şəkildə artıb. Bu, 38 hal, 25, 30 və ya 50 hal olsa da, səhiyyə sistemi üçün böyük yük deyil. Vəziyyət idarə olunandır və nəzarət altındadır”, – Qamkrelidze deyib.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına əsasən, indiyə qədər Gürcüstanda 386 min nəfər PCR testdən keçirilib.
Baş nazirin sözlərinə görə, əsas odur ki, Batumidən virus istirahət edən insanların qayıdacaqları şəhərlərə yayılmasın. Buna görə də, Qaxariya şəhər merlərini ictimai nəqliyyatda, ticarət və iaşə obyektlərində maska taxılmasına ciddi nəzarət etməyə çağırıb.
Sentyabrın 2-ə olan məlumata əsasən, Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 1548 nəfərə yüksəlib, 1270 nəfər sağalıb, 19 nəfər ölüb. 6059 nəfər karantin rejimində, 239 nəfər isə stasionar nəzarət altındadır.