Abxaziyada bir nəfərin koronavirusdan öldüyü kəndin sakinləri karantinə etiraz edir
Abxaziyada bir neçə gün öncə bir nəfərin koronavirusdan öldüyü Labra kəndinin sakinləri karantinin ləğv edilməsini tələb edirlər. Qeydə alınan ölüm halından sonra kənd bütünlüklə bağlanıb. Sakinlər bildirirlər ki, ərzaqsız və həyati vacib vasitələrsiz qalıblar.
Hər şey avqustun 22-də 52 yaşlı Labra kənd (Abxaziyanın Oçamçır rayonunun kəndi – red.) sakininin koronavirusdan ölməsi ilə başlayıb. Kişi iki həftə özünü müalicə ilə məşğul olub, rayon xəstəxanasına müraciət etdikdə isə onda koronavirus aşkarlanıb.
Amma xəstəni xəstəxanaya yerləşdirə bilməyiblər – o, təcili yardım maşınında keçinib. O zaman Pandemiya ilə Mübarizə Operativ Qərargahı bildirib ki, kənddə daha bir neçə yoluxma ocağı var və bununla əlaqədar olaraq Səhiyyə Nazirliyi kəndi karantinə bağlamaq qərarı alıb.
• Azərbaycanda karantin daha bir ay uzadılıb: muzeylər və sərgi salonları açılır
• Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət artıq uzadılmayacaq
• Rusiya prezidenti koronavirusa qarşı peyvəndin yaradıldığını elan edib: inanmağa dəyərmi?
Tezliklə bu qərarla razı olmayan onlarla insan kənd administrasiyasının rəhbəri Harutyun Melkonyanın evinin qarşısında mitinq təşkil edib.
Sakinlər kəndin blokadadan çıxarılmasını tələb ediblər, bildiriblər ki, onları heç kim dərmanla, fərdi müdafiə vasitələrilə və ərzaqla təmin etmir. Kəndlilərin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur və öz məhsulunu bazarda satır.
Bu imkandan məhrum olan insanlar çətin sual qarşısında qalıblar – karantin müddətində onlara görə məsulliyyəti kim üzərinə götürür? Çoxları bildirir ki, ümumiyyətlə xəstəliyin mövcud olduğuna şübhə edirlər.
Jurnalistlərin və Telegram kanallarının yaydığı videoda etirazçılar maskasız və bir-birinə çox yaxın toplaşıblar. Mitinqçilərdən biri deyir: “Biz nə edək? Evdə uşaqlarımız var. Biz kənddən çıxmayacağıq, bazara getməyəcəyik – bizim uşaqlarımızı kim doyuracaq? Deyin, görək, uşaqlarımızı dolandıraq deyə kim bizə yaşayış minimumunu ödəyəcək? Kənd camaatını boğmaq istəyirlər, vəssalam”.
Daha sonra Labra sakinləri ilə səhiyyə naziri Tamaz Tsaxnakiya görüşüb. Onun daha sonra jurnalistlərə bildirdiyinə görə, kəndlilər dərmanla təmin olunacaq, Labrada təcili yardım növbə çəkəcək və insanlar heç bir maneəsiz xəstəxanaya və aptekə gedə biləcəklər. Kənd sakinlərindən götürülən testlər mənfi nəticə versə, karantin aradan qaldırılacaq.
Avqustun 25-də Labra kəndi ikihəftəlik karantinə bağlanıb.
Avqustun 27-də sutka ərzində Abxaziyada 197 nəfər koronavirus infeksiyasına qarşı testdən keçirilib, onlardan 21 nəfərdə COVID-19 diaqnozu təsdiqlənib. Hazırda Qudautda koronavirus xəstəxanasında 19 nəfər həkim nəzarətindədir. Onlardan 3 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta ağırdır. Abxaziyada aşkarlanan koronavirus xəstələrinin ümumi sayı bu gün 295 nəfərdir. Onlardan 117 nəfər sağalıb, 4 nəfər ölüb.
Məqalədə təklif edilən terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düçməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən qeyri-etik sayılan şərhləri silmək haqqını özündə saxlayır.