Gürcüstan son illərdə Mətbuat Azadlığı İndeksində 75 pillə geriləyib — "Sərhədsiz Reportyorlar"
Gürcüstanda mətbuat azadlığı reytinqi
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatının məlumatına görə, Gürcüstanda media mühiti 2026-cı ildə daxili siyasi böhran, repressiv qanunvericilik və jurnalistlərə artan təzyiqlər səbəbindən daha da pisləşəcək.
RSF-nin məlumatına əsasən, Gürcüstan 2026-cı il üzrə qlobal Mətbuat Azadlığı İndeksində əvvəlki illə müqayisədə 21 pillə geriləyib. Ötən il Gürcüstan 50,53 göstərici ilə 180 ölkə arasında 114-cü yerdə idi, hazırda isə 135-ci yerdə qərarlaşıb. Honq Konq və Salvadorla yanaşı, Gürcüstan da son illərdə siyasi dəyişikliklər və repressiv rejimlərin güclənməsi fonunda mətbuat azadlığının kəskin şəkildə pisləşdiyi ölkələr sırasına daxildir.
Gürcüstan reytinqdə ən yaxşı nəticəni 2019-2021-ci illərdə göstərərək 60-cı yeri tutmuşdu. Həmin vaxtdan bəri ölkə 75 pillə geriləyib.

Təşkilatın dərc etdiyi “Dünya üzrə Mətbuat Azadlığı İndeksi” hesabatında bildirilir ki, Gürcüstan 2024-cü ilin oktyabrında keçirilmiş mübahisəli parlament seçkilərindən sonra dərin siyasi böhran yaşayır. Hesabata görə, yaranmış vəziyyət media üzərində siyasi nəzarətin qurulması riskini artırır.
“Hazırkı qanunvericilik siyasi partiyalara kütləvi informasiya vasitələrinə sahib olmağı qadağan etsə də, iri media şirkətləri tez-tez siyasətlə əlaqəli olan sahiblərinin maraqlarına xidmət edir. Eyni zamanda, hökumətin dövlət mediasına təsiri artır, tənqidi mövqedə olan nəşrlərlə qarşılıqlı əlaqə isə getdikcə azalır və senzura, böhtan kampaniyaları və təhdidlərlə müşayiət olunur”, — hesabatda deyilir.
Hesabatda həmçinin qeyd olunur ki, Gürcüstan hökuməti indiyədək mətbuat azadlığı ilə bağlı Aİ-nin tövsiyələrini yerinə yetirməyib və bu, Aİ-yə üzvlüklə bağlı danışıqların başlanması üçün zəruri şərtdir.
Sənədə görə, son qanunvericilik dəyişiklikləri mətbuat azadlığı sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdirib. Bunlara “xarici agentlər” haqqında qanun daxildir və onun pozulması media rəhbərləri üçün cinayət məsuliyyəti nəzərdə tutur. Bundan əlavə, “Yayım haqqında” qanuna edilən dəyişikliklər televiziya və radio şirkətlərinin xarici maliyyələşməsini məhdudlaşdırır və tənzimləyici qurumun səlahiyyətlərini genişləndirir.
Hesabatda medianın maliyyə vəziyyətinə də diqqət yetirilir. Qeyd olunur ki, çap və onlayn nəşrlərdə reklam bazarı daralır və bu vəziyyət xüsusilə beynəlxalq donorların maliyyəsindən böyük ölçüdə asılı olan müstəqil media üçün ağır nəticələr doğurur.
“Xarici maliyyələşməyə qoyulan məhdudiyyətlərin tətbiqi medianın maliyyə dayanıqlığını daha da zəiflədib”, — hesabatda bildirilir.
Sənəddə həmçinin, təşkilatın fikrincə, jurnalistlərə əlavə təzyiq göstərən sosial-mədəni mühit təsvir olunur. Din, LGBTQ+ hüquqları və Rusiyanın təsiri kimi məsələlər üzrə cəmiyyətdəki qütbləşmə mediaya da təsir edir.
Təşkilatın məlumatına görə, bu mövzuları işıqlandıran jurnalistlər xüsusilə həssas vəziyyətdədir və tez-tez şifahi təhqirlərin, fiziki hücumların və hədə-qorxuların hədəfinə çevrilirlər.
Hesabata əsasən, jurnalistlərə qarşı zorakılıq halları artıb, onların araşdırılması isə qeyri-effektiv olaraq qalır və bu, cəzasızlıq mühitini möhkəmləndirir.
Gürcüstanda mətbuat azadlığı reytinqi