Gürcüstanın Saçxere şəhər xəstəxanasının 100 nəfər işçisi özünütəcrid rejiminə keçib
Qərbi Gürcüstanda Saçxere xəstəxanasının infeksionist həkiminin COVID-19 virusuna yoluxduğu təsdiqlənib. Qoyulan diaqnoza görə xəstəliyin yüngül forması olsa da, həkim boksa yerləşdirilib. Xəstəxana direktoru Mixail Kamuşadzenin sözlərinə görə, yoluxma pasiyent vasisilə baş vermiş ola bilər.
Aprelin 10-u saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda 188 koronavirusa yoluxma halı qeydə alınıb. 5056 nəfər karantində, 386 nəfər isə stasionarda nəzarət altındadır. 36 xəstə sağalıb, 2 nəfər vəfat edib.
Xəstələnmiş həkim Saçxere merinin həyat yoldaşıdır. Mer virusa yoluxmayıb. Saçxere Tibb Mərkəzinin xəstələnən infeksionisti ilə bilavasitə təmasda olan 10 əməkdaşında da virus aşkarlanmayıb. Bununla belə, klinikanın 100 əməkdaşı özünütəcrid rejiminə keçib.
Saçxere xəstəxanası Gürcüstanda COVID-19 virusunun yayıldığı ilk günlərdən yoluxmuş xəstələri qəbul edir. Hazırda bu xəstəxanada koronavirusa yoluxmuş 3 pasiyent müalicə alır.
Saçxeredə baş verən hadisə həkimlərin yoluxması ilə bağlı beşinci hal olub. Buna qədər xəstələnənlər: Batumidə infeksion xəstəxananın tibb bacısı, Tbilisi dəniz hospitalının iki tibb bacısı, Tbilisidəki təcili yardım xidmətinin həkimi. Sonuncu digər həmkarlarından fərqli olaraq virusa işdə yox, evdə həyat yoldaşından yoluxub.
- Gürcüstanda yoluxanlar arasında “təcili yardım” həkimi də var
- Marneuli və Bolnisi bağlanıb
- Bütün Gürcüstan ərazisində karantin tətbiq olunub
Gürcüstanda pandemiyanın qarşısını almaq üçün martın 21-dən fövqəladə vəziyyət elan olunub. Martın 23-dən infeksiyanın daxili yayılma təhlükəsi üzündən Kvemo Kartli regionunda iki şəhər – Marneuli və Bolnisi bağlanıb. Martın 31-dən Gürcüstanda komendant saatı tətbiq olunub – 21:00-dan 6:00-a qədər.