“Gürcüstandan işlə” – Gürcüstan hökuməti əcnəbiləri cəlb etmək üçün yeni layihə işə salıb
“Gürcüstandan işlə” (Remotely from Georgia) layihəsi çərçivəsində Gürcüstan hökuməti 95 ölkənin, o cümlədən də ABŞ, Avropa İttifaqı və Fars körfəzi ölkələrinin vətəndaşlarına məsafədən işləmək üçün Gürcüstana gəlməyi və burada 180 gündən artıq qalmağı təklif edir.
Bu təklifdən özünüməşğul və ya məsafədən işləyən əməkdaşlar, o cümlədən də öz biznesini dünyanın istənilən nöqtəsindən idarə edə bilmən sahibkarlar yararlana bilərlər.

“Bu, bizim turizm industriyamız üçün innovativ layihədir. Bu layihə bələdçilər, turistik nəqliyyat, mənzil kirayələri, turizm şirkətləri və otellər üçün əhəmiyyətli gəlir mənbəyi olacaq. Yeni layihə Gürcüstana daha zəngin turistləri cəlb edəcək və ən vacib odur ki, səyyahlar ötən illərə nisbətən burada daha uzun müddətə qalacaqlar”, – Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvirivişvili deyib.
• Gürcüstanda əcnəbi biznesmenlər üçün öz hesabına iki həftəlik karantin, yoxsa PCR-test
Gürcüstana gəlmək və burada işləmək istəyən istənilən şəxs stopcov.ge saytında xüsusi müraciət doldurmalı və ölkədə yaşamaq üçün vəsaitinin olduğunu, Gürcüstanda olduğu müddətdə bütün vergiləri və ödənişləri ödəyə biləcəyini təsdiqləməlidir.
Bundan başqa, Gürcüstana gəldiyi zaman hər kəs öz hesabına 12 günlük məcburi karantin müddətini keçməlidir. Sağlamlığının sığortalanması da məcburi olacaq.
Kvirivişvilinin sözlərinə görə, bu layihə özəl sektora satışları artırmaq və iş yerlərini saxlamaq, o cümlədən də Gürcüstanın “təhlükəsiz ölkə” imicini qorumağa kömək edəcək.
Yeni platformanın linki stopcov.ge səhifəsində yerləşdiriləcək.
Hələlik məlum deyil ki, Gürcüstan hökuməti bu layihədən konkret hansı gəliri əldə etmək ümidindədir.